Azərbaycan Beynəlxalq
“Təhsil və karyera” sərgisinin
açılış mərasimi olmuşdur
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisinin iştirakçılarını salamlamışdır. Nazir Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən sərginin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır.
Təhsil naziri qeyd etmişdir ki, müasir texnoloji yeniliklərlə əhatə olunduğumuz dünyada hər bir cəmiyyətin inkişafı ilk növbədə müasir tələblərə uyğun yüksək bilik və bacarıqlara malik kadrlardan asılıdır. Bu səbəbdən də Azərbaycan hökuməti vətəndaşlar üçün dünya standartlarına cavab verən yüksək səviyyəli təhsil imkanları yaratmaq istiqamətində ciddi addımlar atmaqdadır.
Azərbaycanın ali təhsil müəssisələrinin bu kimi sərgilərdə daha fəal şəkildə iştirakının vacibliyinə toxunan nazir onların həm xarici tərəfdaşları ilə birbaşa əlaqələr qurması, həm də ali təhsil müəssisələrinin effektiv idarəolunması üzrə - iqtisadi aspektlər daxil olmaqla -uğurlu xarici təcrübələrin öyrənilməsi baxımdan sərginin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Bununla yanaşı ali təhsil müəssisələrimizin bu kimi tədbirlərdən istifadə edərək şagird və tələbələr, həmçinin, əmək bazarında öz təbliğatlarını həyata keçirmək təcrübəsindən geniş şəkildə istifadə etməlidirlər.
Təhsil naziri ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı üçün yüksək hazırlıq səviyyəsinə malik müasir peşəkarların tələb olunduğunu vurğulamış və Təhsil Nazirliyinin ölkəmizdə və xaricdə fəaliyyət göstərən müxtəlif şirkətlərlə əməkdaşlıq çərçivəsində peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini nəzərə çatdırmışdır. Bu sahədə görülən işlər barədə ətraflı məlumat verən nazir ilk peşə-ixtisas təhsilinin əhəmiyyətini gənclərimizə və ümumilikdə, vətəndaşlarımıza çatdırmaq məqsədilə sərgi çərçivəsində “Müasir Azərbaycan Peşəkarları Layihəsi”nin təqdimatının keçirildiyini bildirmişdir.
Nazir qeyd etmişdir ki, təhsil prosesi yalnız tələbələrə formal təlim verməklə məhdudlaşmamalı, əmək bazarının hazırkı və gələcək ehtiyaclarını ciddi şəkildə nəzərə alaraq, tələb olunan sahələr üzrə mütəxəssislər yetişdirməlidir. İşəgötürənlər isə öz növbəsində yaxın və orta perspektivdə müxtəlif sahələr üzrə mütəxəssis tələbatını daim təhsil müəssisələri ilə paylaşaraq təhsil prosesinin məhz ölkənin iqtisadi inkişafına töhfə verəcək istiqamətdə yönləndirilməsinə dəstək verməlidirlər. Bu məsələlərin aidiyyəti dövlət qurumları, ali təhsil müəssisələri, dövlət və özəl şirkətlər tərəfindən daha dərindən təhlil olunması məqsədilə günün ikinci yarısı Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycanda əmək bazarının inkişafı naminə yeni təşəbbüslər” mövzusunda “dəyirmi masa” təşkil olunacaqdır.
Şagird, tələbə və məzunların sərginin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə edəcəyinə ümidvar olduğunu vurğulayan nazir sərgi iştirakçılarının təhsil və karyera perspektivlərini layiqincə dəyərləndirə biləcəyinə əminliyini diqqətə çatdırmışdır. O, sərginin bütün iştirakçılarına uğurlar arzulamış və sərgi zamanı səmərəli tərəfdaşlıq əlaqələri qurmağı tövsiyə etmişdir.
Sərginin təşkilatçısı olan “İteca Caspian” MMC şirkətinin direktoru
Fərid Məmmədov sərgi haqqında ətraflı məlumat
vermişdir. F.Məmmədov “Təhsil və
karyera” sərgisinin təşkilinə
göstərdiyi fəal dəstəyə görə təhsil
naziri Mikayıl Cabbarova
minnətdarlığını bildirmiş
və sertifikat təqdim etmişdir.
Xalq qəzeti.- 2013.- 6 oktyabr.- S. 3.