Ölkədə
şəhərsalma geniş vüsət
alıb
Son on ildə Azərbaycanda gedən quruculuq işləri şəhərsalmanın da inkişafında yeni dövrün başlanğıcını qoymuşdur. Şəhərlərimiz simasını dəyişir, yeni parklar, xiyabanlar salınır, milli memarlığımızın zəngin ənənələrinə əsaslanan çox gözəl binalar inşa edilir. Bütün bunlar Azərbaycan gerçəkliyidir, memarlığımızın uğurlarıdır.
Bakı şəhəri ilə yanaşı, respublikamızın digər şəhər və rayon mərkəzlərində inşa edilən yeni mehmanxanalar, gözəl park və xiyabanlar, mədəniyyət evləri, kinoteatr və teatr binaları müasir şəhərsalmanın ən yeni nailiyyətlərinə əsaslanır. Ulu öndər Heydər Əliyev şəhər və kəndlərimizi gözəl görmək istəyirdi. Bu dahi şəxsiyyət memarlıq sənətinin inkişafına xüsusi diqqət yetirirdi. Hakimiyyətdə olduğu illərdə ulu öndər neçə- neçə müasir memarlıq nümunəsi olan kino, teart, mehmanxana binalarının inşasının təşəbbüsçüsü olmuş, həmin binaların bir çoxu bu gün də şəhərlərimizin memarlıq ansamblının ən layiqli nümunələridir.
Ulu öndərin şəhərsalma ilə bağlı nəsihətləri bu gün reallaşmaqda davam edir. Bu gün bütün rayon mərkəzlərində, şəhər və qəsəbələrimizdə ulu öndərin xatirəsini əbədiləşdirən park və xiyabanlar, Heydər Əliyev mərkəzləri şəhərlərimizin ümumi arxitekturasına yeni bir gözəllik bəxş edir.
Azərbaycanda demək olar ki, hər gün müxtəlif təyinatlı yeni bir binanın açılış mərasimi keçirilir. Onlar arasında idman kompleksləri, konsert sarayları, məktəblər, gənclər mərkəzləri, Soyqırım abidə kompleksləri, Bayraq meydanları, inzibati binalar, ən əsası isə bir-birilərindən gözəl parklar və s. vardır. Avropa ölkələrinin şəhərsalma statiskasına nəzər salanda görürük ki, bu gün Azərbaycan regionlarında salınan parkların sayı Avropa ölkələrindəkindən qat- qat çoxdur.
“Böyük Bakının İnkisaf Planı”nın hazırlanması şəhərsalmanın ən yeni nailiyyətlərinə əsaslanacaq. “Qara Şəhər” deyilən yerdə yeni “Ağ Şəhər”in salınmağa başlanması Azərbaycan memarlığının çox böyük uğurları sırasında olacaq.
Bakının tanınmaz dərəcədə dəyişməsi xarici qonaqların da diqqətindən yayınmır.
Son 10 ildə şəhərsalmanın miqyası xeyli genişlənmişdir. Belə ki, Heydər Əliyev Mərkəzi şəhərimizin ümumi ansamblına xüsusi görkəm verir. Bakıda Milli Park, paytaxtın Nərimanov rayonunda Gənclik Parkı, Binəqədi rayonunda salınmış park, regionlarda- Şəmkirdə, Lənkəranda, Qubada və onlarca rayon və şəhərlərdə parklar həm memarlıq dizaynı baxımından, həm də şəhərin baş planına uyğun şəkildə işlənməklə, insanların rahatlığına xidmət göstərir.
Bir fakta da diqqət yönəltmək istərdim. Son zamanlar şəhərlərimizdə və magistral yollar kənarında inşa edilən yanacaqdoldurma məntəqələri ətrafında müasir üslubda xüsusi massivlərin salınması da yeni memarlıq nümunələridir. Bakıda Heydər Əliyev prospektində QSC tərəfindən inşa edilmiş yanacaqdoldurma məntəqəsinin layihəsi olduqca əsrarəngiz alınmışdır.
Bakıda yeni yaradılan Pirallahı rayonunda son 5 ayda şəhərsalma layihəsində mən də bir memar kimi iştirak edirəm. Deyə bilərəm ki, burada yaxın gələcəkdə yeni memarlıq komplekslərinin şahidi olacağıq.
Bizim çox istedadlı, təcrübəli memarlarımız var, onların reallaşdırılan yeni -yeni layihələri şəhər və qəsəbələrimizi daha da gözəlləşdirəcək.
Cahid
HƏSƏNOV,
Beynəlxalq
Reklamçılar Assosiasiyasının üzvü,
Türkdilli Ölkələrin Beynəlxalq Akademiyasının professoru
Xalq qəzeti.- 2013.- 6 oktyabr.- S. 7.