Lənkəran
Dövlət Universitetində Almaniyanın DAAD beynəlxalq təşkilatının
nümayəndəsi ilə görüş
Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru Nicola Ullish Lənkəran Dövlət Universitetində olmuşdur. Universitetin mətbuat və informasiya xidmətinin rəhbəri Etibar Əhədovun məlumatına görə, bu ali təhsil ocağında almaniyalı qonaqla keçirilən görüş zamanı geniş fikir mübadiləsi aparılmış, Almaniya-Azərbaycan dostluq əlaqələrindən bəhs olunmuşdur.
Lənkəran Dövlət Universiteti ilə tanışlıq almaniyalı qonaqda xoş təəssürat oyatmışdır. Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov təhsil islahatları ilə əlaqədar bu ali tədris ocağında elm və təhsilin inkişafı istiqamətində əldə edilmiş uğurlardan, beynəlxalq əlaqələrdən danışmış, qonağı maraqlandıran suallara cavab vermişdir. Qeyd olunmuşdur ki, Lənkəran Dövlət Universiteti beş ildən çoxdur beynəlxalq təşkilat olan Almaniyanın DAAD Mərkəzi ilə əməkdaşlıq edir, ötən müddətdə qurumun dəstəyi ilə layihələr həyata keçirilərək qrantlar alınmışdır. Universitetdə alman dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Alman dili mütəxəssisləri tələbələrə uzunmüddətli mühazirə və seminarlar keçmişlər. Universitetin müəllimləri və tələbələri Almaniyanın DAAD təşkilatının maliyyə dəstəyi ilə bu ölkədə təcrübə mübadiləsində olmuşlar.
Almaniyanın DAAD beynəlxalq təşkilatı Bakı Məlumat Mərkəzinin direktoru Nicola Ullish səmimi görüşə görə minnətdarlığını bildirmiş, universitetlə əməkdaşlığın daha da genişləndiriləcəyini diqqətə çatdırmışdır. Sonda almaniyalı qonaq tərəfindən DAAD beynəlxalq təşkilatının tarixi və fəaliyyətini əks etdirən bukletlər təqdim olunmuşdur.
M.YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 6 oktyabr.- S. 10.