Suraxanıda Beynəlxalq
Müəllimlər Günü qeyd edildi
Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir. Rayondakı tədris-tərbiyə müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun qatıldığı tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları da iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında bildirmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilmişdir. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, son illərdə təhsil sahəsində də çox ciddi irəliləyişlər, nəzərə çarpacaq uğurlar əldə edilmişdir. Bu uğurlar hər birimizi sevindirir.
Başçı qeyd etmişdir ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Suraxanı rayonunda da təhsil sahəsində bir çox işlər görülmüşdür. 640 şagird yerlik 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilmiş və keçən tədris ilində şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə daxili simsiz internet xidməti təmin olunmuş, MDB məkanında orta tədris sistemində ilk dəfə olaraq “Smart sinif” açılmışdır. Bundan başqa, rayon üzrə 10 məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” olmuş, 11 müəllim isə “Ən yaxşı müəllim” adını qazanmışdır.
Suraxanı rayonu üzrə 2012-2013-cü tədris ilində abituriyentlərin 60,8 faizi tələbə adını qazanmışdır. 4 məzun orta məktəbi qızıl medalla bitirmişdir. Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamışdır. Yüksək balla ali məktəbə daxil olmuş 5 məzun Prezident təqaüdçüsü adına layiq görülmüşdür.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi Elşad Məmmədli, 275 və 279 nömrəli məktəblərin direktorları Elmira İsmayılova, Oqtay Səmədov, 318 saylı məktəbin müəllimi Ülviyyə Həsənova, Prezident təqaüdçüsü Əlişram Ələkbərov təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildirmişlər.
Beynəlxalq Müəllimlər Günü münasibətilə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar başçının Fəxri Fərmanı ilə təltif edilmiş və onlara qiymətli hədiyyələr verilmişdir.
Sonda şagirdlərin ifasında bədii hissə göstərilmişdir.
V.BAYRAMOV
Xalq qəzeti.- 2013.- 6 oktyabr.- S. 11.