Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimat mərasimi olmuşdur

 

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən uğrunda” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının, 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən gənc istedadlara mükafatların təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək demişdir: “Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində bütün sahələr uğurla inkişaf edir. Bu inkişafın əldə olunmasında fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Müxtəlif sahələrdə çalışan insanların əməyinin qiymətləndirilməsi sabitliksosial-iqtisadi inkişafın təmin olunduğu ölkələrdə mümkündür. Azərbaycanda yüksək sosial-iqtisadi inkişaf, davamlı sabitlik və ölkəsinə sədaqətlə xidmət edən vətəndaşlar vardır. Bütün bunların təməlində isə ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt və bu xəttə sədaqət dayanır.”

Ali Məclisin sədri bildirmişdir ki, bu yol Azərbaycanı hərtərəfli inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Təltif olunanlar bundan sonra da öz fəaliyyətlərində ulu öndərin siyasi xəttinə sədaqət göstərməli, ölkəmizin inkişafında səy və bacarıqlarını əsirgəməməlidirlər. Çünki, bu siyasi xəttin bundan sonra da davam etdirilməsi Azərbaycanda daha böyük uğurların qazanılmasını şərtləndirəcəkdir.

Ali Məclisin sədri təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə bir daha təbrik etmiş, medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini onlara təqdim etmişdir.

Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə etmiş, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi yolunda çalışacaqlarını, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə daim sadiq qalacaqlarını, dahi şəxsiyyətin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak edəcəklərini bildirmişlər.

Sonra Ali Məclisin sədri 2012-2013-cü tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş Naxçıvan şəhəri 10 nömrəli, Şərur şəhəri 1 nömrəli və Ordubad şəhəri 3 nömrəli tam orta məktəblərinə, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 5 müəllimə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən gənc istedadlara mükafatları təqdim etmişdir.

Ordubad şəhəri 3 nömrəli tam orta məktəbinin direktoru Əliağa Rzayev, “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanan Dilruba Məmmədzadə və Yunis Quliyev əməklərinə verilən yüksək qiymətə görə minətdarlıqlarını bildirmiş, bundan sonra da səylə çalışacaqlarını, yüksək intellektli, savadlı və ümummilli liderimizin ideayalarına sadiq vətənpərvər gənclər yetişdirəcəklərini qeyd etmişlər.

 

Xalq qəzeti.- 2013.- 8 oktyabr.- S. 5.