Gənclik
dövləti tərəqqiyə aparan
qüvvədir
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətin müxtəlif sahələrlə yanaşı, gənclərlə bağlı siyasəti də tədricən formalaşmağa başladı. Son on ildə ölkədə gənclərlə bağlı Dövlət Proqramı qəbul edildi, buna uyğun olaraq, müxtəlif işlər görülməyə başlandı.
Prezidentin sərəncamı ilə gənclər siyasəti ilə bağlı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib ki, biz də bu proqrama uyğun olaraq fəaliyyət göstərir, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün tədbirlər planına əsasən layihələr, tədbirlər həyata keçirir, kitab bayramları təşkil edirik. Bu yaxınlarda Bakıda Üçüncü Bakı Beynnəlnxalq kitab sərgi-yarmarkası keçirildi. Artıq üçüncü dəfə reallaşan bu sərgi-yarmarka da kitabsevərlər tərəfindən maraqla qarşılandı. Bu da onu göstərir ki, gənclərin mütaliəyə, kitaba marağı var və onların dünyagörüşlü və savadlı olmaları dövlət siyasətinin tərkib hissəsidir.
Azərbaycanın yeritdiyi gənclər siyasəti öz optimallığı və əhatəliyinə görə seçilir, dünyada qəbul edilir. Ölkəmizin gənclər siyasəti ilə bağlı gördüyü işlər artıq dünyada bir model kimi göstərilir, öyrənilir. Azərbaycanda QHT sektorunda gənclər təşkilatlarının fəaliyyəti bu gün göz önündədir. Gənclər təşkilatları bu gün cəmiyyətimizdə öz səmərəli işləri, gənclərin aktivliyinin artırılması istiqamətində uğurla fəaliyyət göstərirlər. Yeni Yazarlar və Sənətçilər Qurumu olaraq, fəaliyyətimizlə gənclərin ədəbiyyata marağını artırmaqla yanaşı, informasiya texnologiyalarının dəstəyi ilə kulturoloji istiqamətdə işimizi qururuq. Bizim kitabxana.net saytında Azərbaycan ədəbiyyatı, xarici ədəbiyyatla bağlı müxtəlif səpgili kitablar elektron variantda oxuculara təqdim edilir, gənclər artıq informasiya texnologiyalarının verdiyi imkanlardan yararlanaraq, mütaliələrini genişləndirirlər. Saytımız 2009-cu ildən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Milli Virtual Kitabxana layihəsi əsasında qurulub. Şəbəkə resursu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin maliyyə-texniki dəstəyi ilə YYSQ tərəfindən həyata keçirilən “Milli Virtual (İnternet) Elektron Kitabxana” Kulturoloji-İnnovativ Layihəsi sayəsində mütəmadi olaraq zənginləşdirilir.
Saytımızda təqdim edilən kitabların əhatə dairəsi genişdir; burada 2000-dən çox bədii, elmi, ictimai-siyasi, publisistik, tərcümə və dərslik kitabları toplanıb. Saytımızda Azərbaycan dili ilə yanaşı, rus, ingilis və Türkiyə türkcəsində də kitablara rast gəlmək olar. Elektron kitabxananın ən üstün cəhətlərindən biri odur ki, dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, internetə çıxışı olan soydaşlarımız kitablarımızla tanış ola bilərlər. Əlbəttə, bu gün öz yaradıcı ideya və təşəbbüslərimizi reallaşdırmaq imkanlarının genişliyi məhz dövlətin yürütdüyü uğurlu gənclər siyasətinin bəhrəsidir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası yanında Gənclər Fondu, Azərbaycan Respublikası yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq edərək gənclərin maraq dünyasına uyğun layihələr həyata keçiririk. Bu qurumların yaradılması və gənclər təşkilatlarının təşəbbüs və fəaliyyətlərinin dəyərləndirilməsi ölkəmizdə gənclər siyasətinin sağlam təməllər üzərində qurulduğunu göstərir.
Aydın XAN
(ƏBİLOV),
yazıçı kulturoloq,
Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri
Xalq qəzeti.- 2013.- 9 oktyabr.- S. 2.