Dəmiryolçuların sosial problemlərinə diqqət ilbəil artır

 

Azərbaycan dəmiryolçuları bütün dövrlərdə üzərilərinə düşən vəzifələrin yerinə yetirilməsində əzmkarlıq göstərmişlər. Dövlət müstəqiliyyinin ilk illərində düçar olduğu çətinliklərdən azad olan ölkə polad magistralı hazırda sürətli inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyev siyasi rəhbərlikdə olduğu  dövrlərdə iqtisadiyyatın əsas sahələrindən biri olan dəmir yolunun fəaliyyətini həmişə diqqətdə saxlamış, bu nəhəng strukturun genişləndirilməsi üçün daim qayğı göstərmişdir. Ulu öndərin dəmir yoluna verdiyi böyük əhəmiyyətin, onun fəaliyyətinə göstərdiyi diqqət və qayğısının, şəxsi himayəsinin nəticəsidir ki, bu gün Azərbaycan Dəmir Yolu MDB məkanında ən inkişaf etmiş dəmir yollarından birinə çevrilib.

İyirminci əsrin sonlarından başlayaraq, dəmir yolu bir sıra çətin sınaqlar dövrü keçdi. O zamankı çətinliklərə baxmayaraq yaşadı, inkişaf etdi. Söhbət bizim yaxın tariximizdən gedir. O tarixdən ki, biz hamımız onun bir zərrəsi, o zamankı mövcud durumun iştirakçıları və şahidləri olmuşuq.

Oktyabrın 13-də dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunacaq. Bu bayram ərəfəsində yaxın tarixə qısa ekskurs etmək istəyirəm.

 Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi rəhbərliyə qayıdışından sonra yenicə dirçəlməyə başlayan müstəqil dövlətin nəqliyyat strukturu, o cümlədən dəmir yolu nəqliyyatı bərbad bir durumda idi. İnfrastrukturtexniki vasitələr sıradan çıxmış, qonşu dövlətlərin müvafiq qurumları ilə əlaqələr tamam kəsilmiş, ən əsası isə şərəfli dəmiryolçu adının daşıyıcıları polad magistralın sabahına olan inamı itirmişdilər. O zaman bu insanları qınamağa da dəyməzdi. Gecəli-gündüzlü hərəkətin ahəngdarlığını qorumağa çalışan insanlara əmək haqqının verilməsində on bir aylıq geriləmə var idi.  

 Belə bir çətin məqamda ulu öndər Heydər Əliyev situasiyanı düzgün qiymətləndirib özünun səriştəli kadr seçmək bacarığından istifadə etdi və peşəkar dəmiryolçu, islahatçı mütəxəssis Ziya Məmmədovu 31 iyul 1996-cı ildə bu nəhəng nəqliyyat qurumuna rəis təyin etdi.

Qısa zaman ərzində dəmir yolunun perspektiv inkişaf planı hazırlandı, lokomotivlərin və müxtəlif təmayüllü vaqonların əsaslı təmiri texnologiyası mənimsənildi, daxili imkanlar səfərbər edildi, əmək haqlarının verilməsində mövcud olan geriləmələr tədricən aradan qaldırıldı. Aparılan  islahatlar dəmir yolunu işlək bir quruma çevirdi.

Ulu öndərin 1998-ci ildə bütün nəqliyyat sektoru üzrə vahid dövlət siyasətini formalaşdırmaq məqsədi ilə Nəqliyyat Nazirliyini yaratması və 2002-ci ildə Ziya Məmmədovu Azərbaycan Respublikasının nəqliyyat naziri vəzifəsinə təyin etməsi  bu sahənin davamlı inkişafını təkan verdi. Bu gün ölkənin nəqliyyat-yol kompleksində həyata keçirilən irihəcmli layihələr, yaradılan nə varsa, zaman-zaman yaddaşlardan silinməyəcək.  Çünki müasir standartlara uyğun olaraq, eyni zamanda, Azərbaycanın memarlıq üslubları qorunmaqla inşa olunan qurğular tarixin bir parçasıdır.

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, əsası  ulu  öndər Heydər Əliyev tərəfindən qoyulan nəqliyyat sektorunun inkişaf strategiyası hazırda  şərəflə davam etdirilir. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat qurumları beynəlxalq və regional layihələrin həyata keçməsi prosesində aparıcı rol oynayırlar.

Bu əziz bayram günündə bir faktın üstündən də sükutla keçmək mümkün deyil. 6 iyul 2010-cu ildə  “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında  sərəncam imzalanmışdır. Sənəddə göstərildiyi kimi, Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.

 

Azərbaycan polad magistralının bütün sahələrinin inkişafını təmin edəcək bu sənədin icrası istiqamətində hazırda gərgin gedir. Dövlət Proqramına uyğun olaraq, Azərbaycanda dəmir yolunun yaradılmasının 132-ci ildönümü ərəfəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometrlik polad magistralın 285 kilometri artıq  yenilənib.  5-i teplovoz, 4-ü elektrovoz olmaqla 9 lokomotiv, 50 sərnişin vaqonu əsaslı təmir edilərək ölkəyə gətirilmişdir.

Ölkə başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi” çərçivəsində elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması prosesi hazırlıq mərhələsindədir.

Nəqliyyat naziri Ziya Məmmədovun dəmir yolunun rəisi olduğu vaxtlarda müəyyən etdiyi dəmir yolunun perspektiv inkişaf proqramı bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov tərəfindən  uğurla  davam etdirilir.

Şübhəsiz ki, ölkə polad magistralında həyata keçirilən islahatlar, reallaşdırılan irihəcmli layihələr bu sahədə çalışan fədakar insanların gücü, gərgin zəhməti sayəsində başa gəlir. Səhmdar cəmiyyətin və MHİRK-in rəhbərliyi  bu insanların sosial müdafiəsinin  gücləndirilməsi, onların  mənalı istirahətlərinin təşkili sahəsində  daim təxirəsalınmaz tədbirlər görür.

Belə ki, 1 avqust 2008-ci ildən etibarən,  Xaçmaz rayonunun Nabran qəsəbəsində “Lokomotiv” İstirahət Mərkəzi dəmiryolçuların istifadəsinə verilmişdir. Bu gözəl istirahət guşəsinin yaradılması ideyası, torpaq sahəsinin ayrılması 2002-ci ilin yazında məhz cənab nazirin təşəbbüsü ilə reallaşmışdır. Müasir standartlara cavab verən istirahət kompleksinə nəqliyyat naziri Ziya Məmmədov tərəfindən bir ədəd avtobus hədiyyə edilmişburada sərinləşdirici sistem quraşdırılaraq dəmiryolçuların istifadəsinə verilmişdir.

2008-2013-cü illərin yay mövsümündə “Lokomotiv” İstirahət Mərkəzində 5000 nəfərdən artıq dəmiryolçu və onların ailə üzvləri istirahət  etmişdir. Təkcə 2013-cü ildə 1600 nəfər həmkarımızın və onların ailə üzvlərinin kompleksdə mənalı istirahəti təmin edilmişdir. İstirahət mərkəzinin xidmətindən istifadə edən dəmiryolçulardan aldığımız məktublar, onların təəssüratları  bizi daha yaxşı işləməyə ruhlandırır. Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərlərinin gündəlik qayğısı, böyük dəstəyi olmadan bu işləri həyata keçirmək çətin olardı.

Bütün bu qayğıdan çıxış edərək, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsində müəyyən edilmiş vəzifə və səlahiyyətlərdən geniş istifadə edir, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının  müdafiəsi, onların maddi rifah halının  yaxşılaşdırılmasını həmişə ön plana çəkir. “Azərbaycan Dəmir Yolları” QSC ilə MHİRK arasında imzalanmış 2011-2013-cü illər üçün Yolun sosial inkişafı üzrə sahə “Sazişi məhz bu ali məqsədlərə xidmət edir. “Sazişin yerinə yetirilməsi həm cəmiyyətin  rəhbərliyi, həm də MHİRK tərəfindən ciddi nəzarətdə saxlanılır.

Bunun müsbət nəticəsi kimi  qeyd etmək olar ki, “Saziş”də nəzərdə tutulan ağır və zərərli işlərdə çalışanlara əlavə  məzuniyyət günlərinin  verilməsi, istehsalatda və Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyarkən həlak olmuş dəmiryolçuların ailələrinə, I və II qrup əlil olmuş (işləməyən) dəmiryolçulara, əmək xəsarətinə və ya peşə xəstəliyinə görə dəmiryolçulara dəymiş zərərə görə, uzun müddətli və qüsursuz işə görə müavinət və maddi yardımların ödənilməsi və digər sosialyönlü müddəaların həyata keçirilməsi təmin edilir. Dövlət bayramları və peşə bayramı  günlərində dəmiryolçular üçün mədəni-kütləvi tədbirlər  keçirilir, istehsalatda  fərqlənmiş işçilərə müxtəlif mükafatlar  verilir, dəmiryolçular tərəfindən sosial- iqtisadi təminat və əmək hüquqlarının müdafiəsi üzrə daxil olan ərizə və şikayətlərə vaxtında baxılır.

Dəmir yolunda çalışan əməkçilərin sosial problemlərinin həlli, əmək kollektivlərində  sosial gərginliyin azalması,  əmək şəraitinin yaxşılaşdırılmasını təmin  etmək məqsədilə Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyində olan departament, xidmət, idarə və müəssisələrdə, mütəmadi olaraq,  təhlillər aparılır və yoxlamalar keçirilir. Bu yoxlamaların nəticələri komitənin rəyasət heyətinin iclaslarında müzakirə olunur. Əmək haqqı və digər müavinətlərin ödənilməsi, məzuniyyətlərin təqdim edilməsi, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət  olunmasında aşkar edilən nöqsanların  aradan qaldırılmasında lazımi tədbirlərin  görülməsi üçün müvafiq  rəhbər işçilərə  tövsiyələr verilir.

Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi hər ilin yekunlarına görə “İlin ən yaxşı müəssisəsi”, “Əla yol işçisi - ilin ən yaxşı mütəxəssisi”, “Firudin Ağayev” adına yol müsabiqələrinin keçirilməsini, AHİK-in müxtəlif təmayüllü baxış-müsabiqələrində dəmir yolu təşkilatlarının iştirakını təmin etmişdir.

Ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Ölkə başçısının dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçular da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar. Hazırda “Lokomotivİdman- Sağlamlıq Mərkəzində 8 idman növü, o cümlədən voleybol, futbol, stolüstü tennis, kamandan oxatma, boks, cüdo, sərbəst güləş, yunan- Roma güləşi üzrə bölmələr fəaliyyət göstərir. Burada 2000 nəfərdən çox dəmiryolçu məşğul olur.

MHİRK-in müvafiq qərarına uyğun olaraq, 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilmiş, qaliblər mükafatlandırılmışdır. Yarışlar 6 sentyabr 2013-cü ildə Nabran qəsəbəsindəki “Lokomotiv”İstirahət Mərkəzində start götürmüşdür.

Zaman göstərdi ki, dəmiryolçular tarixdə olan bütün sınaq dövrlərini əzmlə keçməyə qadirdirlər. Bununla ancaq fəxr etmək,  qürur duymaq olar.

Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı  özünün sürətli inkişaf mərhələsindədir. Müstəqil Azərbaycanın nəqliyyat sahəsində, onun tərkib hissəsi olan dəmir yolunda islahatlar bundan sonra daha da genişləndiriləcəkdir. Bütün dəmiryolçuları  peşə bayramı günü münasibətilə təbrik edir, şərəfli peşələrində yeni-yeni uğurlar arzulayıram.

 

Fəzail BAĞIROV,

 

Azərbaycan Dəmiryolçularının  Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

 

Xalq qəzeti.- 2013.- 12 oktyabr.- S. 7.