Fransa senatoru Natali QULE: “Prezident İlham Əliyev çevik, qətiyyətli, cəsarətli bir siyasətçidir”

 

Fransa Senatının üzvü, xanım Natali Qulenin adı son vaxtlar Azərbaycan mediasında tez-tez çəkilməkdədir. Qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan Fransa Senatının qərarına əsas etiraz  edənlərdən birincisi də Natali Qule idi. Hətta Natali xanım o vaxtlar çox böyük cəsarətlə söyləmişdi ki, bu qanun layihəsinin qəbulu Fransa diplomatiyası üçün ağır nəticələr verəcək.

Məhz xanım senatorun və onun 70-dən artıq həmkarının müraciəti nəticəsində Fransanın Konstitusiya Şurası ölkə prezidenti Sarkozinin qalmaqallı layihəsini rədd etdi. Bu mühüm addım Azərbaycanın tarixi dostları sırasına xanım Natali Qulenin də  adı yazıldı. Beləliklə, suallarımızı bu günlərdə prezident seçkiləri ilə bağlı ölkəmizdə olmuş Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qule cavablandırır.

– Dost gəlişi bayram olar. Azərbaycanda Sizi salamlamaqdan çox məmnunuq, xoş gəlmisiniz.

– Çox sağ olun. Mən də Azərbaycana gəlişimdən çox məmnunan – bu ölkə mənim üçün ikinci Vətəndir. Artıq bu fikir məndə çoxdan formalaşıb. Bu dəfə Azərbaycana 9 oktyabr prezident seçkilərini müşahidə etmək üçün gəlmişəm. Bəzilərinin düşündüyü və cəhd etdiyi kimi  sizə dərs keçmək üçün deyil, seçkini müşahidə etmək məqsədilə bura gəlmişik. Biz Azərbaycana hakimlər kimi deyil, dostlar kimi gəlməliyik, daha müəllimlik etmək üçün yox... On il bundan əvvəl Prezident İlham Əliyevin qalib gəldiyi ilk seçkidə də missiyanın üzvü kimi iştirak etmişəm və ona görə də ölkənizlə yaxşı tanışam.

– 9 oktyabrda Azərbaycan xalqının daha bir tarixi sınaqdan uğurla çıxmasına şahidlik etdiniz. Azərbaycan bu gün demokratiya yolunda necə irəliləyir?...

– Mən dediyimə görə məsuliyyət daşıyıram, on il ərzində Azərbaycanda seçki sisteminin inkişafında böyük inkişaf gördüm. Azərbaycanda 9 oktyabr prezident seçkiləri çox şəffaf və fəal şəraitdə keçdi. Seçki məntəqələrində səsvermənin məxfiliyi tam təmin olunmuşdu, seçicilər kabinələrdə sərbəst şəkildə istədikləri namizədə səs verə bilirdilər. Mən Fransa və Azərbaycandakı səsvermə prosesi arasında heç bir fərq görmürəm. Ancaq Azərbaycandakı seçkiləri daha çox missiya izləyirdi. Düzdü, mən bütün dairə və məntəqələrdə olmamışam, bu heç mümkün də deyil.

Qubada oldum və apardığımız müşahidələr onu deməyə əsas verir ki, prezident seçkilərində, ölkədə keçirilmiş əvvəlki seçkilərlə müqayisədə bir çox irəliləyişlər var. Mən bu fikirləri söyləyərkən siyasətci həmkarlarımın seçki haqqında verdiyi açıqlamalara da önəm verirəm. Avropa Parlamentinin (AP) üzvü, AP-nin Xarici əlaqələr komitəsinin vitse-prezidenti Fiorello Proveranın fikirlərinə tam şərik oluram.

Doğrudan da, seçki məntəqələrində həm müşahidəçilər, həm də seçicilər üçün çox əlverişli şərait yaradılmışdı. Beynəlxalq müşahidəçilər istədikləri seçki məntəqələrinə tam sərbəst daxil ola və səsvermə prosesini izləyə biliblər, onlara heç bir məhdudiyyət qoyulmayıb.

Bəzi insanlar, qruplar, yaxud da ölkələr var ki, onlar özlərində görmədikləri kamil demokratiyanı başqa ölkələrdə axtarmağa çalışırlar. Düşünürəm ki, Avropa İttifaqına üzv olan ölkələrin vəzifəsi ondan ibarət olmalıdır ki, demokratiya yolunda addımlamaqda gənc müstəqil dövlət olan Azərbaycana kömək etsinlər. Bəlkə də bizim – Avropa Parlamenti müşahidə missiyası üzvlərinin Azərbaycandakı prezident seçkisi ilə bağlı rəylərinin Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəylərindəki fərqlilik də bundan yaranır.

Cənab  Proveranın dediyi kimi, Azərbaycanda, guya, demokratiyanın olmaması ilə bağlı irəli sürülən digər tənqidi fikirlər prezident seçkilərində qadın namizədin olmaması ilə əsaslandırılır. Xatırladım ki, ABŞ-da keçirilən son seçkilərdə də prezidentliyə namizədlər arasında qadın yox idi. Ümumiyyətlə, son illərdə biz bunu heç müşahidə etməmişik. Bu o deməkdir ki, ABŞ demokratik ölkə deyil? Yaxud, digər bir irad — gender məsələsi. İddia olunur ki, guya ölkədə, bu, problemə çevrilib. Bunu iddia edənlər unudurlar ki, Azərbaycan hələ 1918-ci ildə, ilk müstəqillik qazandığı dövrdə qadınlara səsvermə hüququ vermişdi. Halbuki, bu hüquq Avropada qadınlara çox illər sonra verilmişdir. Azərbaycan cəmi 22 ildir müstəqilliyini yaşayır. Burada proseslərin addım-addım irəliləməsi heç də təəccüblü deyil. Ən sivil ölkələrdə belə elə problemlər var ki, hələ də öz həllini tapmayıb. Odur ki, müstəqilliyə yenicə qovuşmuş ölkələrə yardım etmək lazımdır. Onlarla dost olmaq lazımdır, dost kimi məsləhət vermək lazımdır.

Ümumiyyətlə, digər həmkarlarımın da dediyi kimi, Azərbaycanda seçkilər azad, şəffaf, ədalətli keçib. Seçki günündən öncə və əvvəl siyasi mühitdəki proseslər dinc və peşəkar qaydada təşkil olunub. Azərbaycan hökumətinin yaratdığı hər bir şəraiti dəyərləndiririk. Ancaq hesab edirik ki, seçki ilə bağlı bəzi məsələlər də təkmilləşdirilməlidir. Azərbaycan dövləti beynəlxalq qurumların tövsiyyə və təkliflərini qiymətləndirməlidir. Müxalifət bu seçkilərdə fəal iştirak etdi. Gələcəkdə bu daha da inkişaf etməlidir.

– Yekun olaraq seçkilərdən bir gün sonra AŞPA və Avropa Parlamentinin müşahidə missiyası İlham Əliyevin  qalib gəldiyini birmənalı olaraq bəyan etdilər.

– Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkiləri beynəlxalq standartlara uyğun olaraq həyata keçirildi. Bu, Azərbaycanda son illərdə aparılan islahatların nəticəsidir. Seçkiöncəsi müşahidələr də göstərdi ki, seçki təbliğatında heç kimə məhdudiyyət qoyulmadı. Prezidentliyə namizədlər sərbəst olaraq öz fikirlərini bildiriblər. Qanunun aliliyi vətəndaşlara sərbəst olaraq öz seçimini etmək imkanı verdi. Vətəndaşlar seçkilərdə böyük fəalllıq nümayiş etdirdilər. Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik edirəm. Hesab edirəm ki,  bu Azərbaycan tarixində önəmli bir gün oldu. Cənab İlham Əliyevin seçimi labüd idi. Müşahidələr də təsdiq edir ki, İlham Əliyevin üstünlüyünü sübut etməyə ehtiyac yoxdur. İlham Əliyev  prezidentliyi dövründə insanpərvər, humanist bir rəhbər olduğunu nümayiş etdirmişdir. Prezident İlham Əliyev çevik, qətiyyətli və cəsarətli bir siyasətçidir, o, söz və əməl sahibidir.

– Azərbaycan və Fransa əlaqələrinin olduqca böyük tarixi var, amma xanım Natalinin Azərbaycanla dostluğundan danışmağınızı istərdim.

– Bunun uzun bir tarixi var, amma mən qısaca danışmaq istərdim. 1999-cu ildə, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin çıxışından sonra mənim indi mərhum həyat yoldaşım Azərbaycanın AŞPA-ya qəbulunun ilk tərəfdarlarından oldu. Onun çıxışını yaxşı xatırlayıram – İlham Əliyev ölkənizi ailəyə yeni qədəm qoyan uşağa bənzədirdi və bu uşaq üçün yolların açılmasının vacibliyini bildirirdi. Onda hələ Azərbaycan AŞPA-nın üzvü deyildi, mən isə həyat yoldaşımın köməkçisi idim. Azərbaycan Avropa Şurasına üzv olmaq istiqamətində gərgin və səmərəli fəaliyyət göstərdi.

Azərbaycan nümayəndə heyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənizin maraqlarının qorunması, Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində əzmkarlıqla çalışdı. Mən də o vaxt AŞPA-da Səməd Seyidov, Asim Mollazadə kimi dostlar qazandım. Sonralar bu sıraya millət vəkili, dəyərli dostum Cavanşir Feyziyev də əlavə olundu. Məhz bu adamların dünyagörüşü, dünyaya sivil münasibətləri azərbaycanlıları mənə sevdirdi. Mən, sözün həqiqi mənasında, bir az əvvəl dediyim kimi, Azərbaycanı ikinci Vətən bildim. Xalqınızın haqq işinin müdafiəsində bütün imkanlarımı səfərbər etdim. Bu gün də fəxrlə deyə bilərəm ki, mən hər zaman haqqı müdafiə edən bir insanam. Bunu təsdiq edən onlarca faktlar var əlimdə...

– ATƏT-dən söz düşmüşkən, açıq deyək ki, indi bütün içtimaiyyət ATƏT-in Minsk qrupunun fəaliyyətindən çox, onun fəaliyyətsizliyindən danışır. Sizin məsələyə münasibətinizi bilmək olarmı?

– Azərbaycan AŞPA kimi nüfuzlu təşkilatın imkanlarından istifadə edərək Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində ciddi səylər göstərib. Görülən işlərin nəticəsində bu təşkilat Ermənistanın təcavüzünü pisləyən sənəd qəbul edib. Avropa Şurası digər üzv dövlətlər kimi Azərbaycanın da ərazi bütövlüyünə hörmətlə yanaşır. Müşahidə missiyası Minsk qrupunun münaqişəni nizamlamaq fəaliyyətinə münasibət bildirə bilməz.  Ümid edək ki, Minsk qrupunun işi gələcəkdə faydalı olacaq.

 – Ümid edək, 20 il keçir və dünyanın ikili siyasəti isə dəyişmir. Yadıma Türkiyə hökumətinin məsul nümayəndələrindən birinin Avropa Birliyinin içərisində qapalı “xristian klub var” deyimi düşür. Fransa Avropanın ən güclü ölkələrindən biridir. Ona görə də, sizin bu fikrə münasibətinizi bilmək istərdik. Bəlkə, buna görədir ki, Avropa Birliyində müsəlmanların çoxluq təşkil etdiyi ölkələr yoxdur?!

– Avropa tarixən xristian sivilizasiyasının beşiyi olub. İslam haqda kifayət qədər məlumatımızın olmaması, 11 sentyabr faciəsindən sonra yaranan qorxu  xristian dünyasına başqa şeylər diqtə etdi. Olsun ki, bu səbəbdən, müsəlman terrorizmi və ektremizmi ilə bağlı cəmiyyətdəki fikirləri dəyişdirə bilmirik. Mən bu yanaşmaya görə çox təəssüf edirəm və hər gün cəmiyyətlər arasında daha yaxşı dialoq qurmaq üçün çalışıram. Azərbaycanın yaratdığı obraz  bütün dünya üçün tolerantlıq və çoxmədəniyyətli cəmiyyət modeli olmalıdır.

– Əslində, biz də buna çalışırıq. Yəqin ki, bu sahədə birinci xanım, Milli Məclisin Azərbaycan – Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Mehriban Əliyevanın xüsusi xidmətləri haqqında sizin daha çox məlumatınız var?!

– Mən qadın olduğumdan qadınların cəmiyyətdəki yerindən danışmağı xoşlamıram. Amma Mehriban xanımın fəaliyyətindən danışmamaq mümkün deyil. Azərbaycanın mədəni dəyərlərinin qorunub saxlanmasında Mehriban Əliyevanın xüsusi xidmətləri var. Heydər Əliyev Fondunun təhsil, səhiyyə və elm sahələrinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm layihələr bütün dünyanı heyrətə gətirir. Məhz bu xidmətlərinə görə fondun prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüş, məhz onun sayəsində Azərbaycanın ədəbiyyatı və musiqi nümunələri beynəlxalq aləmdə tanınmışdır.

Müxtəlif ölkələrə rəsmi səfərlər etməklə və Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər keçirməklə bu xanım ölkəsini dünyada layiqincə tanıtmağa müvəffəq olmuşdur. Mehriban xanım Azərbaycanın beynəlxalq əlaqələrinə, xüsusən, Fransa ilə sıx əməkdaşlıq yaradılmasına xüsusi töhfələr vermişdir. Fransa ilə ikitərəfli əlaqələrin inkişafındakı xidmətlərinə görə ölkəmizin ən yüksək mükafatı olan “Fəxri Legion” ordeninə layiq görülmüşdür. Fransa və Azərbaycan mədəniyyətlərini bir-birinə tanıtdıran  sevdirən    məhz Mehriban xanımın fəaliyyətidir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Fransanın müxtəlif mədəni abidələrinin bərpasına–Versalda iki abidənin, Strasburqda XV əsrə aid katedranın beş vitrininin bərpasına yardımı, Luvr muzeyində İslam İncəsənət Departamentinin yaradılmasında  yaxından iştirakı tarixi hadisələrdir. Onun həyat yolu və missiyası Pakistanda zəlzələ nəticəsində dağılmış məktəb binasının yenidən qurulması, Haitidə bir neçə mədəni abidənin bərpası, Fransa Terror Qurbanları Assosiasiyasına yardım göstərilməsi kimi faktlarla da zəngindir.

– Bu gün Ermənistan Avropanın sadiq müttəfiqi olan Azərbaycana qarşı ərazi iddiaları edir. Ermənilər ərazilərimizi işğal ediblər. Dağlıq Qarabağın Xocalı şəhərində yüzlərlə azərbaycanlını qətlə yetiriblər. Amma dünya ictimaiyyəti bu həqiqətlərə sanki göz yumur. Hətta yadınızdadırsa, keçmiş prezident Sarkozi Cənubi Qafqaz ölkələrinə səfərində Ermənistanda bir gün qaldı və qondarma “soyqırım qurbanları abidəsinə” əklil qoydu. O, Azərbaycanda cəmi bir-iki saat qaldı   Şəhidlər Xiyabanına belə getmədi. Bu cür ayrı-seçkilik Fransa diplomatiyasına  başucalığı gətirə bilərmi?

– Mən sizin hisslərinizi başa düşürəm və dəyərləndirirəm. Fransa həm də böyük ziddiyyətlərin təmas tapdığı bir ölkədir. Fikir müxtəlifliyi, hadisələrə münasibət bəzən həqiqətin kimin tərəfində olduğunu ciddi mübahisəyə çevirir. Digər tərəfdən, Fransa erməni diasporunun yetərincə güc və imkanlara malik olduğu bir ölkədir. Məhz buna görə də burada siyasi dairələrdə onların geniş fəaliyyəti uğur qazana bilir. Qaldı ki, keçmiş prezident Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfərində Ermənistanda bir gün qalması və “soyqırım qurbanları abidəsinə” əkili qoyması, Azərbaycanda isə cəmi bir-iki saat qalması, Şəhidlər Xiyabanına getməməsi... bunlar keçib getdi və keçmiş prezidentin “uğurları” kimi  arxada qaldı. Mən, əslində, bu barədə danışmaq da istəmirəm. İndi Fransa diplomatiyası bu sahədə də fəaliyyətini genişləndirməkdədir.

– Yaxın gələcəkdə Azərbaycanın Fransadan nə kimi gözləntiləri özünü doğrulda bilər?

– Bu barədə nə isə söyləmək mənim üçün çətindir.İkincisi də adamlar indi bütün dünyada siyasətcilərə çox az inanmaqdadırlar. Amma mən birmənalı olaraq daim Azərbaycanın yanındayam. Yeri gəlmişkən, bir yaxşı xəbər də söyləyim. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan prezidenti Serj Sarkisyanın oktyabrın 2-də assambleyadakı çıxışı və onun Azərbaycana qarşı söylədiyi böhtanlarla bağlı, eləcə də işğal faktını etiraf etməsi haqqında  AŞPA-nın 20 deputatının imzası ilə yazılı bəyanat qəbul edilib və assambleya üzvləri arasında paylanılıb. Bu bəyanatı azərbaycanlı deputatlardan başqa, AŞPA-da təmsil olunan digər ölkələrin deputatları da imzalayıblar.

– Həyata keçiriləsi birgə lahiyələr, hansısa planlar varmı?

– Kənd təsərrüfatı ilə bağlı maraqlı bir layihəmiz var. Fransa təkcə siyasətçilər ölkəsi deyil, həm də böyük kənd təsərrüfatı resursları ilə məşhurdur. Daha bir layihəmiz Xəzər dənizinin çirkabdan təmizlənməsi ilə əlaqədardır. Bu çox mühüm bir məsələdir. Ekoloji təmizlik bu gün dünyanın gündəmindədir. Biz Bakıda bu işi görə bilsək, Azərbaycan Xəzər bölgəsinin ciddi bir mərkəzinə çevrilə bilər.

– Söhbətə vaxt ayırdığınız üçün sağ olun. Sizə gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

 

Namiq ƏHMƏDOV

 

Xalq qəzeti.- 2013.- 13 oktyabr.- S. 3.