Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi layihələr uğurla icra edilir

 

Şahbuz şəhərindəki hərbi hissədə yeni texniki parksursat anbarı inşa olunmuşdur

 

Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər muxtar respublikamızda da uğurla davam etdirilir. Əsgər və zabitlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir. Bu istiqamətdə görülən işlərin davamı olaraq Şahbuz şəhərindəki hərbi hissədə yeni texniki parksursat anbarı inşa olunmuşdur.

Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hərbi hissəyə gəlmiş, texniki parkdasursat anbarında yaradılan şəraitlə tanış olmuşdur.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev aparılan quruculuq işləri barədə Ali Məclisin sədrinə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, ötən ildən başlayaraq hərbi hissədə yeni sursat anbarı və texniki park inşa olunmuşdur. Texniki parkda hərbi texnika və avtomobillərin saxlanılması, təlimata uyğun istifadə və istismarı, eləcə də onlara gündəlik texniki xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılmışdır. Parkda texniki nəzarət məntəqəsi üçün ikimərtəbəli bina inşa olunmuşdur. Binanın birinci mərtəbəsində təlimat sinfi, texniki nəzarət  və istirahət otağı, eləcə də digər xidməti otaqlar vardır. İkinci mərtəbədə isə qarovul xidmətinin təşkili üçün lazımi şərait yaradılmışdır.

Ali Məclisin sədri hərbi hissənin şəxsi heyətinə təlimdə uğurlar arzulamış, hərbi şəhərcikdə yeni əsgəri-məişət kompleksinin, əsgər və zabit ailələri üçün yataqxana binalarının tikilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

 

Muxtar respublikaya yeni kommunal təyinatlı avtomobillər və yol-tikinti texnikaları gətirilmişdir

 

Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikaya gətirilmiş yeni kommunal təyinatlı avtomobillərə və yol tikinti texnikalarına baxmışdır.

Bildirilmişdir ki, Naxçıvan şəhərində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, cari ildə 4 ədəd “JOHNSTON” markalı yersüpürən və 2 ədəd məişət tullantılarını daşıyan maşın alınaraq muxtar respublikamıza gətirilmişdir.

Yüksək texniki göstəricilərə və əmsalına malik olan  “JOHNSTON” markalı yersüpürən maşının bunkerinin həcmi  1,8 kubdur. Məişət tullantıları daşıyan maşının bunkerinin həcmi isə 27 kubdur. Sürücü kabinəsindən asanlıqla idarə olunan avadanlıq məişət tullantılarını doğrayıb presləməyə imkan verir. Silindr formaya malik bunkerin qapağı bağlanır ki, bu da tullantının ətrafa dağılmasının qarşısını alır.

Qeyd olunmuşdur ki, Naxçıvan şəhərində aparılan yol-tikinti işlərinin keyfiyyətini yüksəltmək məqsədilə bu il 4 ədəd yükləyici, 1 ədəd “WOGELE SUPER” markalı asfaltyayan, 3 ədəd “BOMAG” markalı vərdənə, 1 ədəd “CAT” markalı avtoqreyder və 3 ədəd “MERCEDES” markalı yük maşını alınmışdır. Yeni alınan texnikalar dünyanın qabaqcıl ölkələrində ən çox istifadə olunan yol-tikinti texnikalarıdır. Yolların tikintisi və təmiri zamanı istismar  olunan bu texnikalar yüksək funksiyasına malikdir.

Yeni kommunal təyinatlı maşınlardan və yol-tikinti texnikalarından Naxçıvan şəhərində istifadə olunacaqdır.

 

Şahbuz rayonunun Kükü kəndi müasir yaşayış məntəqəsinə çevrilmişdir

 

Hər bir ölkədə düşünülmüş sosial siyasəti güclü iqtisadi islahatları reallaşdırmaqla həyata keçirmək mümkündür. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində Şahbuz rayonunda da yeni infrastruktur sahələri yaradılmış, yaşayış məntəqələri müasirləşmiş və insanların sosial rifahı yüksəlmişdir. Rayonun kəndlərinin müasirliyə, yeniliyə qovuşması ölkəmizdə iqtisadi gücün real təzahürüdür. İndi dağlar qoyununda yerləşən Kükü kəndi də təkcə rəngarəng təbiəti, zəngin turizm potensialı ilə deyil, həm də həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə diqqət çəkir.

Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər kənd yaşayış məntəqələrini də əhatə etmişdir. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar da müasir səviyyədə inşa edilir. Bu il Naxçıvan-Batabat magistralı - Ayrınc-Qızıl Qışlaq-Kükü avtomobil yolunda da yenidənqurma işləri aparılmışdır.

Oktyabrın 12-də avtomobil yolunun açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Ali Məclisin sədri sərhəd və dağ kəndi olan Küküdə yeni yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: Yol mədəniyyət, rahatlıq və abadlıq deməkdir. Bu gün Kükü kəndində müasirrahat yol istifadəyə verilir. Kənd yolunun yenidən qurulması Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilmişdir. 16 kilometr uzunluğundakı avtomobil yolu 4 minə yaxın əhalinin rahatlığına xidmət edəcək, gediş-gəliş xeyli yaxşılaşacaqdır.

Ali Məclisin sədri yolun inşasında əməyi olanlara təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, kənd yolu əsaslı şəkildə yenidən qurulmuş, yol yatağı genişləndirilmiş, yeni asfalt örtük salınmışdır. Tikinti işləri aparılarkən mühəndis texniki tələblərə tam əməl edilmiş, 30 selötrücü, 97 suötürücü və 9 körpü tikilmişdir.

Yolboyu yol-hərəkət nişanları quraşdırılmış, kəndlərdə piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınmışdır. Bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, həm də dağ kəndlərində sərnişinlərin təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Yaşayış məntəqəsində iqtisadiyyatın inkişafı baxımından da müstəsna əhəmiyyəti olan yolun yenidən qurulması əlverişli iqlim şəraitinə, təbii bitki örtüyünə və təmiz havaya malik olan Kükü kəndinin turizm imkanlarını xeyli artıracaqdır.

Həmin gün kənd tam orta məktəbinin yeni binasının da açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kükü kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün ölkəmizdə ümummilli liderimizin siyasi xəttinin uğurla davam etdirilməsi bütün sahələrin inkişafına səbəb olmuşdur. Həyata keçirilən tədbirlər, qəbul olunan dövlət proqramları və onların uğurlu icrası təhsilin inkişafına da şərait yaratmışdır. Hələ ötən əsrin 70-ci illərindən ölkəmizdə təhsilin inkişafını diqqət mərkəzində saxlayan, bu sahəni himayə edən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Cəmiyyətin gələcək tərəqqisi təhsilin vəziyyətindən asılı olacaqdır.”

Ali Məclisin sədri demişdir ki, muxtar respublikamızın ucqar dağ kəndi olan Küküdə müasir məktəb binasının istifadəyə verilməsi ölkəmizdə təhsilin inkişafı sahəsində görülən işlərin bariz nümunəsidir. Məktəbdə elektron lövhəli siniflər, kompyuter otağı, müasir kitabxana, yeni tədris avadanlıqları, sagirdlərin sağlam böyümələri üçün idman zalı vardır. Qeyd olunmuşdur ki, təhsil ocağının nailiyyətləri qənaətləndiricidir. Ötən tədris ilində məzunlardan 11-i ali məktəbə, biri orta ixtisas məktəbinə, biri isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Ali məktəblərə qəbul olan məzunlardan 3-ü 500-700 intervalında bal toplayaraq yüksək nəticə göstərmişdir. Bu, məktəb kollektivinin əməyinin, tədrisin düzgün qurulmasının nəticəsidir. Pedoqoji kollektivin əməyi də dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, bir nəfər Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi”, bir nəfər isə 2012-2013-cü tədris ilində “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür.

Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur. Məlumat verilmişdir ki, 198 şagird yerlik məktəb binası 2 mərtəbəlidir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiyafizika laboratoriyaları, hərbi kabinə, kompyuter otağı, müəllimlər otağı, kitabxana, bufetidman zalı vardır.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin sədri demişdir ki, elm, təhsil cəmiyyətin inkişafında başlıca şərtdir. Ona görə də ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir, ən ucqar dağ kəndlərində belə müasir məktəb binaları tikilir. Bu da təhsilin keyfiyyətinin və qazanılan uğurların artmasına səbəb olmuşdur. Kükü kənd tam orta məktəbi də uğurlu nailiyyətlər qazanmışdır. Kollektiv bundan sonra da təhsil uğurlarının artırılması istiqamətində səylə çalışmalıdır.

Bu il Kükü kəndində aparılan geniş quruculuq tədbirləri çərçivəsində yeni Kənd Mərkəzi də tikilmişdir. Oktyabrın 12-də Kükü Kənd Mərkəzinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Ali Məclisin sədri Kükü kəndində kompleks abadlıq-quruculuq işlərinin aparıldığını bildirərək demişdir: Bu gün Kükü kəndində idarəetmə strukturları üçün yeni kənd mərkəzi, təhsilin səviyyəsini yüksəltmək üçün məktəb binası, insanların sağlamlığının qorunmasına xidmət edən həkim ambulatoriyası, sakinlərin gündəlik tələbatını ödəyən xidmət mərkəzi və müasir yol istifadəyə verilir. Həyata keçirilən bu tədbirlər ölkəmizdə bir kəndin timsalında görülən işlərdir. Ölkəmizin bütün yaşayış məntəqələrində bu cür tədbirlər həyata keçirilir, yeni sosial obyektlər, inzibati binalar istifadəyə verilir, insanların rahat yaşayışı təmin olunur.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. Məlumat verilmişdir ki, binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, mədəniyyət evi və 68 yerlik zal vardır.

Həmin gün Kükü kənd həkim ambulatoriyasının yeni binasının da açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov çıxış edərək demişdir: Dövlətimizin ən qiymətli sərvəti onun insanlardır. Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasını insanların sağlamlığının qorunması, onların lazımi tibbi xidmətlə təmin olunması təşkil edir. Ölkəmizin şəhərlərində, rayon və kəndlərində müasir səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Həyata keçirilən tədbirlər muxtar respublikanın ucqar dağ kəndlərini də əhatə etmiş, səhiyyə işinin yüksək səviyyədə təşkili üçün yeni həkim ambulatoriyaları, feldşer-mama məntəqələri tikilərək istifadəyə verilmişdir. Kükü kəndində həkim ambulatoriyasının istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır. Həkim ambulatoriyası əhali sayı nəzərə alınaraq lazımi ştatlarla təmin edilmiş, tibb ocağında müasir səhiyyə avadanlıqları quraşdırılmışdır.

Ali Məclisin sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

Oktyabrın 12-də Kükü kəndində Xidmət Mərkəzinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin sədri demişdir ki, Kükü kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi Azərbaycan dövlətinin inkişaf modelini özündə əks etdirir. Bu inkişaf və tərəqqi isə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Sakinlər yaradılanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişaf və tərəqqisinə öz töhfələrini verməlidirlər.

 

 

Xalq qəzeti.- 2013.- 13 oktyabr.- S. 6.