Naxçıvanda xalq şairi Məmməd Arazın 80 illik yubileyi qeyd edilmişdir

 

Oktyabrın 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq şairi Məmməd Arazın 80 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, muxtar respublikanın yaradıcı ziyalılarını, xalqımızı təbrik edərək demişdir: “Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın müstəsna xidmətləri vardır. Onun təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarmış, Azərbaycan fəlsəfi və siyasi lirikası Məmməd Araz dühası hesabına daha da zənginləşmişdir. Görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Məmməd Arazın 80 illik yubileyi haqqında” sərəncam imzalamışdır. Bu sərəncam Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir”.

Ali Məclisin sədri daha sonra demişdir: “Azərbaycan poeziyasının milli iftixarı olan Məmməd Arazın 80 illik yubileyinə onun vətənində də böyük hazırlıq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 8 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən muxtar respublikamızın rayonlarında, elm, təhsil və mədəniyyət müəssisələrində, yaradıcılıq təşkilatlarında tədbirlər keçirilmiş, şairin əsərlərindən ibarət sərgilər təşkil edilmiş, Naxçıvan şəhərindəki küçələrdən birinə xalq şairi Məmməd Arazın adı verilmişdir. Bundan əlavə, Məmməd Arazın 80 illiyi ilə bağlı poçt markası buraxılmış, “Naxçıvan” jurnalının bir nömrəsi böyük şairin 80 illik yubileyinə həsr olunmuşdur. Məmməd Arazın yaradıcılığının öyrənilməsi və təbliği məqsədi ilə şairin doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində ev-muzeyinin yaradılması qərara alınmışdır”.

“Məmməd Araz poeziyası misilsiz istedadın və təkrarolunmaz yaradıcı ruhun məhsuludur. O, müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosofsözün həqiqi mənasında layiqli vətəndaşdır”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.

Bir çox istedadlı şairlər kimi Məmməd Arazın da əsərləri onun ibrətamiz həyat dastanıdır. Bu dastanın ilk sətirləri 80 il bundan əvvəl yazılmışdır. 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd İnfil oğlu İbrahimov - Məmməd Araz ilk təhsilini həmin kənddə almışdır. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləmişdir. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olmuşdur.

Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq Məmməd Araz əslində bütün ömrü boyu bir vəzifəni icra etmişdir. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir. Vətəndaşlıq borcu duyğusu Məmməd Arazda çox erkən baş qaldırmışdır. Məmməd Araz bu tələbi ilk başa düşənlərdən, ədəbiyyat tariximizdə “60-cı illər nəsli” adlandırılan yaradıcı elitanın öndə gedənlərindən biri oldu.

Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyübildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu etmiş, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoymuşdur. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair - vətəndaş xidməti nümunəsidir. Onun şeirinin əvvəli də, axırı da vətəndir. Məmməd Araza məxsus “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məşhur misraları müasir dövrdə poeziyadaictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri Vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəri olmuşdur.

Ali Məclisin sədri sözünə davam edərək demişdir: “Azərbaycan poeziya sənətinin zəngin ənənələrini müstəqillik dövründə də yaşadaraq davam etdirən Məmməd Arazın adı bu gün böyük ehtiramla anılır. Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən Məmməd Araz poeziyasını Azərbaycan torpağından, tariximizdən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan dilinə dərindən bələdlik, doğma vətənə bağlılıq, istiqlalçılıq, vətəndaş hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək yaradıcılıq keyfiyyətləri Məmməd Araz irsinə uzunömürlülük vermiş, onun geniş oxucu kütləsinin dərin rəğbətini qazanan əsərlərinə mahnılar bəstələnmişdir”. Ali Məclisin sədri sonda bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlamışdır. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmiş, 1995-ci ildə isə ümummilli liderimiz Heydər Əliyev xalq şairi Məmməd Arazı “İstiqlalordeni ilə təltif etmişdir. Ulu öndərimiz Məmməd Araz sənətini yüksək dəyərləndirərək demişdir: “Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilkİstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.

Sonra Məmməd Arazın 80 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, ədibin şeirləri bədii qiraət olunmuş, müxtəlif dövrlərdə yazdığı publisistik məqalələr oxunmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının solistləri Məmməd Araz şeirlərinə yazılmış mahnıları ifa etmişlər.

 

Xalq qəzeti.- 2013.- 18 oktyabr.- S. 8.