SOCAR-AQŞ Beynəlxalq
Təhsil və Karyera sərgisində iştirak etmişdir
“JW Marriott Absheron” mehmanxanasında Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən VII Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisinsdə 18 ölkədən 108 iştirakçı, müxtəlif universitetlər və şirkətlər iştirak etmişdir.
Sərginin məqsədi ölkəmizin ali təhsil müəssisələri ilə xarici tərəfdaşlar və işə götürən təşkilatlar arasında əməkdaşlığın inkişafına nail olmaq, insan resursları bazarında mövcud problemləri müzakirə etmək, iş sektoru ilə ali təhsil müəssisələri arasında əlaqələri genişləndirməkdən ibarətdir.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov qeyd etmişdir ki, təhsil prosesi yalnız tələbələrə formal təlim verməklə məhdudlaşmamalı, əmək bazarının hazırkı və gələcək ehtiyaclarını ciddi şəkildə nəzərə alaraq, tələb olunan sahələr üzrə mütəxəssislər yetişdirməlidir. İşəgötürənlər isə öz növbəsində yaxın və orta perspektivdə müxtəlif sahələr üzrə mütəxəssis tələbatını daim təhsil müəssisələri ilə paylaşaraq təhsil prosesinin məhz ölkənin iqtisadi inkişafına töhfə verəcək istiqamətdə yönləndirilməsinə dəstək verməlidirlər.Təhsil naziri sərginin bütün iştirakçılarına uğurlar arzulamış və sərgi zamanı səmərəli tərəfdaşlıq əlaqələri qurmağı tövsiyə etmişdir.
Sərgidə hər bir müəssisənin pavilyonuna yaxınlaşan nazir, o cümlədən Azərbaycanın qazma sənayesində özünəməxsus yeri olan SOCAR-AQŞ MMC-nin stendinə də baş çəkmişdir. Kadrlar və peşə təlimləri şöbəsinin müdiri Şəlalə İbrahimova müəssisəmizin fəaliyyəti haqqında nazirə ətraflı məlumat vermiş, gənc milli kadrların yetişdirilməsində önəmli rol oynayan, tələbələr üçün Yay İstehsalat Proqramının əhəmiyyətindən danışmışdır. SOCAR-AQŞ-nin elan etdiyi İstehsalat Proqramı çərçivəsində tələbələr müəssisənin müxtəlif struktur bölmələrində təcrübə qazanmaq imkanı əldə edərək növbəti mərhələlərdə ixtisasları üzrə elan olunan işlərə daha inamla müraciət edə bilirlər.
Qeyd edək ki, sərginin ilk günündə “Azərbaycanda əmək bazarının inkişafı naminə yeni təşəbbüslər” mövzusunda dəyirmi masa təşkil olunmuş və SOCAR-AQŞ əməkdaşları adıçəkilən tədbirə də qatılaraq əmək bazarına aid işçi qüvvəsinin tələblərə uyğunluğu, kadrların peşəkarlıq səviyyəsinin artırılmasında istifadə olunan yeni yanaşmalar, təhsillə əmək bazarı arasında uyğunluğun təmin edilməsi sahəsində təcrübələr, təhsildə rəqabət, yeni tədris metodlarından istifadənin əhəmiyyəti kimi mövzular ətrafında müzakirələrdə fəal iştirak etmişlər. Dəyirmi masada Azərbaycanın dövlət və özəl sektorundan iri şirkət və holdinqlərin insan resursları departamentlərinin rəhbərləri, ali təhsil müəssisələrinin tədris üzrə prorektorları və karyera mərkəzləri rəhbərlərinin iştirakı konstruktiv və effektiv dialoq mühiti yaratmışdır.
Bununla yanaşı, 3 gün ərzində davam edən sərgidə xeyli tələbə və gənc məzun SOCAR-AQŞ-yə məxsus stendə yaxınlaşaraq əməkdaşlarımıza müəssisənin fəaliyyəti, yeni layihələrin əldə edilməsi və iş yerlərinin açılmasına dair çoxsaylı suallar ünvanlamışlar. Sərgidə təmsil olunan ali təhsil müəssisələrinin nümayəndələri SOCAR-AQŞ ilə gələcəkdə ikitərəfli əməkdaşlığın qurulması istiqamətində əməkdaşlarımızla konstruktiv fikir mübadiləsi aparmışlar.
Sənubər
NƏZƏROVA,
SOCAR-AQŞ-nin ictimaiyyətlə əlaqələr
üzrə mütəxəssisi
Xalq qəzeti.- 2013.- 18 oktyabr.- S. 9.