Prezident İLHAM ƏLİYEV: Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm

 

Azərbaycan xalqı bir daha müdrikliyini göstərərək ən düzgün seçimini etdi: bu il oktyabrın 9-da keçirilmiş şəffaf, demokratik seçkilərdə seçicilərin mütləq əksəriyyətinin — 84,54 faizinin iradəsi ilə öz taleyini yenidən Prezident İlham Əliyevə etibar etdi.

Onu da xüsusi olaraq  qeyd etmək  lazımdır ki, 9 oktyabr prezident seçkiləri yüksək seçici fəallığı şəraitində keçdi. Kvorumun 72 faizdən çox olması  bunun  bariz  sübutudur. Seçici auditoriyasının bu qətiyyət və əzmkarlığı nədən  qaynaqlanırdı? Say etibarilə siyasi rəqiblərinin çoxluğuna baxmayaraq, əvvəlki seçkilərdə olduğu kimi,  bu dəfə də möhtərəm İlham Əliyevin namizədliyinin alternativsizliyini təmin edən amillər hansılar idi?

Bu suallar ətrafında mülahizə yürüdərək geniş təhlil vermək, Azərbaycanın  dövlət  başçısı kürsüsündə cənab  İlham Əliyevin son on ildəki çoxşaxəli, titanik fəaliyyətinin bütün  məqamlarına  işıq salmaq bir qəzet yazısı çərçivəsində yerinə yetirilməsi mümkün olan iş deyildir; ona görə də biz yalnız bir məsələdən — müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişaf konsepsiyasının  formalaşdırılması və reallaşdırılması istiqamətində dövlət başçımızın gördüyü geniş miqyaslı tədbirlərdən bəziləri, onların əməli nəticələri barədə  qısaca  bəhs  edəcəyik.

Hər yeni seçki  özlüyündə həm də hesabat  anı -  bəyan edilmiş proqramlar və onların  həyata keçirilməsi  barədə  cəmiyyətin məcmu halında  məlumatlandırılması,  görülmüş işlərə,  onların nəticələrinə qiymət verilməsi məqamı olduğu üçün son 10 ildəki inkişaf prosesinin hansı özgün xüsusiyyətlərə malik olduğunu  bilmək və dəyərləndirmək çox vacibdir.

Azərbaycan  xalqının mütləq səs çoxluğu ilə dövlətimizin başçısı seçilmiş cənab İlham Əliyev hələ 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində ulu öndər Heydər Əliyevə müraciətlə demişdi: “Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Sonrakı illərdə cənab İlham Əliyevin  iqtisadi strategiyasının əsas istiqamətlərini ulu öndərin demokratik dövlət quruculuğuna, Azərbaycanın iqtisadi  inkişafına və ölkəmizin qüdrətinin möhkəmləndirilməsinə yönəlmiş ideyalarının reallaşdırılması təşkil etdiyinə görə, əminliklə söyləmək olar ki, möhtərəm Prezident on il əvvəl verdiyi sözə tam sadiq qalmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən  müəyyən edilmiş sosial-iqtisadi inkişaf siyasəti artıq on ildir ki,  möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında  uğurla davam etdirilir. Bu  siyasət Azərbaycanın bölgədə  iqtisadi cəhətdən  lider dövlətə  çevrilməsi  və dünya iqtisadi sisteminə uğurla  inteqrasiya etməsi, ölkədə sosial problemlərin  həlli  və əhalinin həyat  səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun sürətlə azaldılması,  işsizlik  problemlərinin  həlli  və infrastrukturun yenidən qurulması  istiqamətində mühüm dövlət proqramlarının ardıcıl  həyata  keçirilməsi üçün möhkəm təməl yaratmışdır.Uzunmüddətli dövr üçün nəzərdə tutulan iqtisadi siyasət konsepsiyası, aparılan radikal islahatlar ölkənin qüdrətini və vətəndaşlarımızın rifah halının yüksəlişini təmin etmişdir. Prezident İlham Əliyev bu məqamı nəzərdə tutaraq demişdir: “1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi tarixdə qalır. Bu illər ərzində görülmüş işlər bu gün ölkəmizin uğurlu inkişafına xidmət göstərir. O illərdə başlanmış layihələr bu gün uğurla davam etdirilir. Əlbəttə, Azərbaycanın bugünkü reallıqlarını təsəvvür etmək üçün... biz o illərə qayıtmalıyıq...

Son on il ərzində Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilmişdir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən bu siyasətə sadiq qalacağam və bu siyasəti davam etdirəcəyəm".

Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev özünün sosial-iqtisadi platformasını açıqlayarkən ölkəmizin dinamik inkişafı, iqtisadiyyatımızın dünya iqtisadi sisteminə sıx inteqrasiyası üçün mühüm işlər həyata keçirəcəyini bəyan etmişdi. Yüksək dövləti vəzifəyə başladığı ilk dövrlərdən cənab İlham Əliyevin iqtisadi siyasətinin başlıca istiqamətləri “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli fərmanında öz ifadəsini tapmışdır. Fərmanın ruhuna uyğun olaraq, qəbul edilmiş sərəncam və dövlət proqramlarında respublikanın sosial-iqtisadi inkişafının əsas parametrləri müəyyənləşdirilmiş, iqtisadi islahatların və struktur islahatlarının sürətləndirilməsi, qeyri-neft sektoru sahələrinin, regionların və sahibkarlığın inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığa dövlət yardımının artırılması, strateji baxımdan mühüm obyektlərin və infrastrukturun inşası, biznes mühitinin yaxşılaşdırılması, daxili bazarın haqsız rəqabətdən qorunması, ölkədə məşğulluğun səviyyəsinin yüksəldilməsi və yoxsulluğun azaldılması, Azərbaycan əhalisinin maddi rifahının  yüksəldilməsi, habelə Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyası yolu ilə iqtisadiyyatın sürətli inkişafının təmin edilməsi kimi çox mühüm vəzifələr irəli sürülmüş və uğurla həyata keçirilmişdir.

Çoxsaylı rəqəmlər ümmanına hələlik baş vurmadan, son on ildə Azərbaycan cəmiyyətinin sosial-siyasi və iqtisadi həyatında baş vermiş bütün müsbət dəyişikliklərə bu da cənab Prezidentin özünün qiymətləndirmələri:

“... Bu gün Azərbaycan uğurla, inamla inkişaf edir. Ölkə qarşısında duran bütün əsas vəzifələr müvəffəqiyyətlə icra edilir. Azərbaycan bu gün dünya miqyasında etibarlı tərəfdaş və dost ölkə kimi tanınır...”;

Azərbaycan son on il ərzində iqtisadi sahədə misli görünməmiş nailiyyətlərə çata bilmişdir. Dünyada iqtisadi inkişaf templərinə görə bizim göstəricilərimiz rekord göstəricilərdir. İqtisadiyyatımız üç dəfədən çox artmışdır və digər göstəricilər də yüksək səviyyədədir. İşsizlik aradan götürülür, yoxsulluq 50 faizdən 6 faizə düşmüşdür. Yəni bu onu göstərir ki, bəyan etdiyimiz siyasət reallaşır. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Gəlirlərin ədalətli şəkildə bölünməsi də əsas prioritet kimi elan edilmişdir və bu gün biz bunun nəticələrini əyani şəkildə görürük...;

Çox şadam ki, son on il ərzində Azərbaycan xalqı və dövləti, sözün əsil mənasında, sürətli inkişaf dövrünü yaşamışdır. Bu on ildə problemlərin böyük hissəsi öz həllini tapmışdır. İstənilən istiqamət üzrə konkret proqramlar icra edilir. Onların bir çoxu artıq başa çatmışdır. Azərbaycanda proseslər müsbət istiqamətdə gedir. Daxili vəziyyət çox sabitdir. Xarici əlaqələrimiz genişlənir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan ilə dostluq etmək istəyən ölkələrin sayı artır. Biz də ikitərəfli münasibətlərə eyni mövqedən yanaşırıq: nə qədər çox dostlarımız olsa, mövqeyimiz də dünyada o qədər möhkəm olacaqdır.

 Xarici siyasətlə bağlı bütün vəzifələr icra edilmişdir. İkitərəfli formatda çox gözəl əlaqələr yaradılmışdır. Bölgədə Azərbaycanın rolu böyük dərəcədə möhkəmləndirilmişdir. Hazırda bölgədə gedən bütün proseslərdə Azərbaycanın fəal rolu, öz mövqeyi vardır. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın iştirakı olmadan heç bir layihə, heç bir təşəbbüs uğurla nəticələnə bilməz...;

Azərbaycan bir sabitlik adasıdır. Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət vardır. Azərbaycanda iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır. Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir. Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin təməlində də iqtisadi müstəqillikdir. Əgər iqtisadi müstəqillik olmasaydı, əgər biz xarici kreditlərdən asılı olsaydıq, müstəqil siyasət apara bilməzdik. Müstəqillik ən böyük dəyərdir, ən böyük sərvətdir. Müstəqillik o deməkdir ki, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı nəhayət ki, öz taleyinin sahibidir. Əsrlər boyu xalqımız müstəqillik eşqi ilə yaşamışdır... Bu gün biz müstəqilik. Bizim nəinki atributlarımız, sözün əsl mənasında, müstəqil, qüdrətli dövlətimiz vardır. Biz fəxr edirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq".

Bəs konkret rəqəmlər nə deyir? Əsas iqtisadi göstəricilərə yenə dövlət başçısının “ekspress-şərh”ləri ilə diqqət yetirək.

– On il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, adambaşına düşən ümumi daxili məhsulun həcmi 7 dəfə artmış və pul ifadəsində 5800 dollara çatmışdır. Bu, keçid dövrünü yaşayan ölkələr üçün çox böyük göstəricidir. Bütövlükdə, dünyada o qədər də çox ölkə yoxdur ki, adambaşına düşən ümumi daxili məhsul təxminən 6 min dollara çatsın.

– Azərbaycanda son beş il ərzində sənaye istehsalı 2,7 dəfə artıbdır. Bu onu göstərir ki, bizim ümumi  daxili məhsulun artımının əsas hissəsi sənaye ilə bağlıdır. Bizim  siyasətimiz, Azərbaycanda  çox böyük sənaye potensialının yaradılması, sənayeləşdirmə layihələrinin icra olunması artıq bunun əyani  sübutudur.

– 2003-cü ildən bəri qeyri-neft sektorunda ümumi daxili məhsul 2,4 dəfə artmışdır. Bu, daha çox regional inkişaf üzrə 2004-cü və 2009-cu illərdə qəbul edilmiş iki Dövlət Proqramının uğurla yerinə yetirilməsinin nəticəsidir. Bu proqramlarda qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, təkcə keçən il 117 min yeni iş yeri açılmışdır ki, bunlardan da 93 mini daimi iş yeridir.

Təkcə  bu ilin dörd ayında qeyri-neft sektorumuz 11 faiz artmışdır. Yəni, bu, o deməkdir ki, şaxələndirmə siyasətimiz öz bəhrəsini verir. Bu gün ölkəmiz üçün ənənəvi olmayan sahələr, məsələn,  informasiya-kommunikasiya texnologiyaları sahəsi  inkişaf edir, neft amilindən asılılıq azalır. Ümumi daxili məhsulumuzda neft seqmenti artıq azlıq təşkil edir. Bu da çox müsbət göstəricidir. Ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır. Gələcək illərdə bu proses davam etdiriləcəkdir. 2014-cü ilin əvvəlində regional inkişaf üzrə üçüncü Dövlət Proqramı qəbul olunacaqdır.

– Kənd təsərrüfatı istehsalı 3,3 dəfə artmışdır. Bununla bərabər,  ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir,  bu barədə kifayət qədər çoxlu qərarlar qəbul edilmişdir.

– Ümumiyyətlə, regional inkişafla bağlı proqramların əvvəlindən bəri respublikada 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində, işsizliyin əhəmiyyətli dərəcədə azaldılmasına xidmət etmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər də aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də 6 faizə düşmüşdür. Bu, hətta  inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir.

– Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir.

– Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında ilk 50-liyə daxildir, yəni 46-cı yerdədir, MDB məkanında isə biz neçə illərdir ki, 1-ci  yerdəyik.

– Büdcə gəlirləri on il ərzində 16 dəfə artmışdır. Dövlət büdcəsinin xərcləri 2003-cü ildə 1 milyard 200 milyon dollar idi. 2012-ci ildə isə Azərbaycanın icmal büdcəsinin gəlirləri 22 milyard 338,4 milyon manat, xərcləri 20 milyard 72,7 milyon manat olmuşdur.

– 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 600 milyon dollar təşkil edirdi, hazırda isə 48 milyard dollardan çoxdur: bu, 30 dəfədən çox artım deməkdir. Bu, bizə əlavə güc verir, əlavə arxayınlıq verir. Bizim valyuta ehtiyatlarımız dünya miqyasında artıq ən ciddi rəqəmlərlə ölçülür və növbəti illərdə bu məbləğ daha da artacaqdır. Çünki bizim enerji layihələrindən əldə edilmiş və gələcəkdə gözlənilən gəlirlər daha da çox olacaq və Azərbaycan valyuta ehtiyatları baxımından dünya miqyasında ən qabaqcıl ölkələrdən birinə çevriləcəkdir.

– Bunlarla bərabər, Azərbaycan manatı dünyanın ən dəyərli beş valyutasından birinə çevrilmiş, inflyasiya isə birrəqəmli olmuşdur.

– Son on ildə maaşların orta həcmi 5 dəfə, pensiyaların orta həcmi isə 8 dəfə artmışdır. Başqa sözlə, bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir. Sosial rifah, insanların maddi vəziyyətinin yaxşılaşdırılması, müxtəlif sosial proqramlar dövlət siyasətinin əsas istiqamətidir. Sovet dövründən banklarda qalmış əmanətlərin qaytarılması, həm də MDB məkanında ən yüksək faizlə qaytarılması bu siyasətin təzahürüdür.

– Nəhayət, Azərbaycan o nadir ölkələrdəndir ki, artıq  kosmik sənayesi vardır...

Budur Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi cahanşümul uğurların yığcam mənzərəsi! Möhtərəm İlham Əliyevin qanuni iftixar hissi ilə qeyd etdiyi kimi, bu reallıqları biz özümüz yaratmışıq, Azərbaycan xalqının istedadı, zəhməti, Heydər Əliyev siyasəti hesabına yaratmışıq. Biz bu siyasətə bundan sonra da sadiq olacağıq və sadiq olmalıyıq!..

Sosial-iqtisadi inkişafın unikal Azərbaycan modelinin reallaşması sayəsində Azərbaycan iqtisadiyyatı öz inkişaf tempinə görə dünya liderlərindən birinə çevirilmişdir. Azərbaycan dünyada çox etibarlı ölkə  etibarlı tərəfdaş kimi tanınmış, onun dünya iqtisadi  sisteminə inteqrasiyası güclənmişdir.

Azərbaycan Respublikasının sürətlə inkişaf edərək özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə gəlib çatması və MDB məkanında ilk olaraq bazar iqtisadiyyatına keçid prosesinin başa çatmasını bəyan etməsi də məhz bu inkişaf modelinə əsaslanır.

Mübaliğəsiz demək olar ki, əldə edilən uğurlar ulu öndərimizin iqtisadi strategiyasını uğurla davam etdirən və təlatümlü dünya iqtisadi məkanında Azərbaycanın milli maraqlarının qorunmasına, ölkəmizin təbii sərvətlərindən xalqın rifahı naminə səmərəli istifadə edilməsinə, regionların tərəqqisinə rəvac verən möhtərəm Prezident İlham Əliyevin cəsarətli və uzaqgörən siyasətinin nəticəsidir!

Ölkənin iqtisadi inkişafının davamlı olması İlham Əliyevin iqtisadi siyasətinin  təməl prinsipidir. Həm iqtisadi, həm də sosial istiqamətləri nəzərə alan Prezident strategiyası bu istiqamətlərin hər biri üzrə sinxron və əlaqələndirilmiş proqram həyata keçirməyi nəzərdə tutur.  İnflyasiya tempinin məqbul səviyyədə saxlanması, valyuta  bazarında sabit və  proqnozlaşdırıla bilən vəziyyətin təmin edilməsi, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə  artırılması, dövlət idarəetmə sistemində struktur islahatlarının həyata keçirilməsi ölkəmizdə iqtisadi islahatların mühüm tərkib hissəsini təşkil edir. Prezidentin müdrik siyasəti sayəsində  sürətlə artan  neft və qaz gəlirlərindən həddən artıq asılılıq nəticəsində yarana biləcək iqtisadi  qeyri-sabitlik təhdidinin qarşısının alınması məqsədilə iqtisadi siyasət  iqtisadi  çoxşaxəliliyin təşviqinə yönəldilmişdir. Məhz  bunların nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi sahəsində nailiyyətlər əldə edilmişdir. Eyni zamanda, iqtisadi artım əhalinin rifah səviyyəsinin artması üçün görülən konkret tədbirlər, struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət  üstünlükləri sayəsində təmin edilmişdir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi həm də islahatların  düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində  baş vermişdir.

Azərbaycan xalqı 2003-cü ildə keçirilmiş prezident seçkilərində bu siyasi kursa və onun alternativsiz davamçısı olan cənab İlham Əliyevə etimad göstərməklə, davamlı inkişafa   tərəqqiyə dəstək verdiyini göstərmişdi. Cənab İlham Əliyev isə hər bir azərbaycanlının prezidenti olduğunu real işi ilə sübuta yetirərək, son on il ərzində apardığı kompleks islahatlarla xalqın yüksək rəğbət və məhəbbətini  qazanmışdır.

Prezident İlham Əliyev deyir: “Azərbaycanda icra edilən infrastruktur layihələri tamamilə yeni bir şəraitin yaradılmasına gətirib çıxarmışdır. Biz son illər ərzində xüsusilə qeyri-neft sektorunun inkişafı ilə məşğuluq. Bu sahənin inkişafı nəticəsində cari ilin birinci rübündə qeyri-neft sektorumuz 11 faizdən çox artmışdır. Nə iqtisadi, nə maliyyə böhranı bizə təsir etməmişdir. Biz öz iqtisadi siyasətimizi ardıcıllıqla, düşünülmüş şəkildə, qəbul edilmiş proqramlar üzrə aparırıq. Bizim istər xarici, istər daxili, istərsə də apardığımız iqtisadi siyasət düzgün siyasətdir. Həyat bunu təsdiqləyir. Dünyada müxtəlif yerlərdə proseslər çox təhlükəli məcrada inkişaf edir. Qarşıdurmalar, toqquşmalar yaşanır. Vətəndaş müharibələri bir tərəfdən, digər tərəfdən müxtəlif bölgələrdə maliyyə və iqtisadi böhran hələ ki, bitmir. Onun yeni dalğası başlanır. Biz görürük küçələrə on minlərlə, yüz minlərlə insan axışır ki, öz etirazını bu və ya digər formada ifadə etsin”.

Cənab İlham Əliyevin cəsarətli, düzgün, milli mənafelərimizin qorunmasına və ölkəmizin müstəqilliyinin  gücləndirilməsinə təminat verən  uzaqgörən siyasəti imkan vermişdir ki, hətta bizim  ərazimizin hüdudlarının yaxınlığında yaşanan  böhranlı vəziyyət bizə təsir etməsin. Düşünülmüş siyasətlə və yaradılan güclü iqtisadiyyatla Azərbaycan bu böhranlı vəziyyətdən qorundu. Nə Azərbaycan dövləti,   Azərbaycan iqtisadiyyatı, nə də  Azərbaycan vətəndaşı bu  böhranı hiss etmədi. Bu barədə ölkə Prezidenti belə demişdir: “Bu, böyük  nailiyyətdir və bir daha onu  göstərir ki, bizim düşünülmüş iqtisadi  siyasətimiz, risklərə çox ehtiyatlı yanaşmağımız ən düzgün siyasətdir”.

Bəli, hələ də dünya iqtisadiyyatında maliyyə böhranı və tənəzzül davam etməkdədir. Dünyanın aparıcı dövlətləri qlobal maliyyə böhranından ciddi əziyyət çəkdiyi halda, Azərbaycan Respublikasının iqtisadi göstəricilərində bu, demək olar ki, hiss olunmamışdır. Bütövlükdə, Azərbaycan Respublikası qlobal böhranı kifayət qədər hazırlıqlı qarşılamış, yaradılmış irihəcmli valyuta ehtiyatları iqtisadiyyatın yüksək maliyyə dayanıqlığını təmin etmişdir. Çevik pul və məzənnə siyasəti makroiqtisadi sabitliyin və dayanıqlığın qorunmasını, anti-böhran tədbirlərinin səmərəsini şərtləndirmişdir. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycanın seçdiyi anti-böhran siyasəti inkişaf etmiş iri dövlətlərin, dünya iqtisadi təsisatlarının həyata keçirdiyi çoxsaylı tədbirlərdən qat-qat təsirli, uğurlu və düzgündür, bu siyasət gələcəkdə də Azərbaycana böyük nailiyyətlər bəxş edəcəkdir.

Son illər Azərbaycanın iqtisadi həyatında mühüm hadisələrlə yaddaqalan olmuş, ölkədə irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar ölkənin iqtisadi qüdrətinin artdığını nümayiş etdirmişdir.  Bu, iqtisadi sferada fəaliyyət göstərən beynəlxalq təşkilat və qurumların diqqətindən yayınmamış, onların illik hesabatlarında Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bir sırada müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində sərmayələrin cəlb edilməsi xüsusi rol oynamışdır. Özəl sərmayələrin dəstəyinə nail olmaq əlverişli sərmayə mühitinin yaxşılaşdırılması, şəxsi mülkiyyətin qorunması və  korporativ idarəetmənin  təkmilləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq, bütün sərmayədarlar üçün daha əlverişli rəqabət mühitinin yaradılması, sərmayə fəaliyyətinin  normativ  hüquqi bazasının daha da təkmilləşdirilməsi, sərmayə axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi ölkə Prezidentinin iqtisadi siyasətində  xüsusi  yer tutur. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil etmiş və xarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır. Təkcə bu ilin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulması məhz bu siyasətin nəticəsidir.

Azərbaycan Respublikasının tranzit  ölkə kimi potensialının gücləndirilməsinə, müasir texnologiyaların ölkəmizə gətirilməsinə və informasiya-telekommunikasiya sistemlərinin inkişafına xüsusi önəm verilir. Azərbaycanda daxili təhlükəsizliyin təmin olunması, dövlətin beynəlxalq risk və təhdidlərə cavabvermə qabiliyyətinin gücləndirilməsi, cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə,  hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, milli təhlükəsizlik  amilləri nəzərə alınmaqla, qanunvericilik və institusional islahatların reallaşdırılmasına xüsusi önəm verilmişdir. Məhz belə bir yanaşmanın  nəticəsidir ki, sürətlə artan  neft və qaz gəlirlərindən həddən artıq asılılıq baş verməmiş, makroiqtisadi tarazlıq daha da  möhkəmlənmiş və beləliklə, ölkənin potensial qlobal və  regional iqtisadi böhranların təsirinə qarşı etibarlı müdafiəsi təmin olunmuşdur. Bütün bunlar idarəetmənin gücləndirilməsi, sistemli risklərin iqtisadi həyata  mənfi təsirinin azaldığı bir əsasda  mümkün olmuşdur.

Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında ulu öndər Heydər Əliyevin işləyib hazırladığı Azərbaycanın yeni neft strategiyasının dayanması şəksizdir.  Bu strategiyanın uğurlarının nəticəsi olaraq, ölkəmiz regionun lider dövləti, eləcə də qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmışdır. Neftimiz xalqın milli maraqlarına xidmət edir: Azərbaycanın yeni neft strategiyası çox düşünülmüş siyasətlə qeyri-neft sektorunun inkişafına yönəldilib, neft kapitalı insan kapitalına çevrilir.

Karbohidrogenlərə dünya qiymətlərinin uğurlu konyunkturu sayəsində  və müstəqil ixrac marşrutlarının yaradılması yolu ilə gedərək, innovasiya  sıçrayışı şansı əldə edən Azərbaycanın dövlət başçısı ölkəyə axıb gələn neft kapitalını, sadəcə olaraq, yığmaq və dövlət büdcəsinə  birləşdirmək yolunu tutmamışdır, — bunu neft hasil edən  ölkələrin bir çoxunun liderləri də bacarır, — əksinə, neft kapitalını  ölkənin inkişafına, ümumi sayı  1 milyon 200 min nəfər olan qaçqın və məcburi köçkünlərin sosial inkişaf və məişət problemlərinin həllinə yönəltmiş və bu zaman xarici aləmdəki qeyri-sabitlik şəraitində də  yüksək inkişaf sürətinə nail olmuşdur. Eyni zamanda, Azərbaycanın uğurlu enerji siyasəti çoxdan ölkə hüdudlarından kənara çıxmış və Azərbaycanı dünyanın ən etibarlı tərəfdaş ölkəsinə çevirmişdir. Ölkəmizdə “Əsrin müqaviləsi” çərçivəsində hasil olunan neftin dünya bazarlarına çıxarılması üçün son dərəcə etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə səbəb olur, Avropanın enerji təhlükəsizliyinin təminatında  ölkəmizin yaxından iştirak etməsinə imkan yaradır: elə təkcə  bir ildən az  (2012-ci ilin iyun ayından 2013-cü ilin fevral ayınadək) müddət ərzində Azərbaycanın Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələrində iştiraka imza atması dediklərimizə ciddi sübutdur.

Memarı ulu  öndər Heydər Əliyev olan və ölkəmizdə  uğurla həyata keçirilən dövlət quruculuğu və iqtisadi islahatlar nəticəsində Azərbaycan son illərdə yüksək iqtisadi inkişaf tempinə nail olmuş, bu mühüm göstəriciyə görə dünyada birincilər sırasına  çıxmışdır. Eyni zamanda, ölkə iqtisadiyyatında sahə  ərazi quruluşları üzrə tarazlığın əldə olunması, yoxsulluğun azaldılması, korrupsiyaya qarşı mübarizə, əhalinin bütün təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması üzrə sanballı dövlət proqramları hazırlanmış və uğurla icra edilməkdədir.

Azərbaycanda iqtisadi inkişafı səciyyələndirən xüsusiyyətlərdən biri də dövlət başçısı cənab İlham  Əliyevin  gündəlik  diqqət və qayğısı sayəsində idarəetmə sistemində ardıcıl struktur islahatlarının aparılması və makroiqtisadi sabitliyin əldə olunmasıdır.

Səmərəli  sahibkarlıq fəaliyyəti üçün hüquqi-normativ təminatın verilməsi iqtisadiyyatda dözümlülüyün və sabitliyin möhkəmləndirilməsi yolu ilə iqtisadi təhlükəsizliyə  mühüm zəmin yaradır. Məhz buna görə də son illərdə Azərbaycanda sahibkarlığın inkişafı  istiqamətində  həyata keçirilən məqsədyönlü tədbirləri özündə  ehtiva edən müvafiq Dövlət Proqramının, silsilə qanun, fərman və sərəncamların qəbul edilməsi və onların icrası  ölkəmizdə özəl bölmənin vüsətli tərəqqisinə yol açmış, ÜDM-də onun payının 81faizə qədər yüksəlməsinə səbəb olmuşdur.

İqtisadi təhlükəsizliyin inkişaf və tərəqqi yönümünün gücləndirilməsi yolları, o cümlədən istehsalın müntəzəm olaraq  modernləşdirilməsi, səmərəli  investisiya və innovasiya  siyasətinin  aparılması, intellektual  mülkiyyətin  inkişafı və ölkənin əmək  potensialından səmərəli istifadə edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı  məsələlərdəndir:  “... Həm siyasi, həm də iqtisadi islahatlar keçirilməsi baxımından deməyə sözümüz var. Uğurların rəhni məhz bu islahatların paralel şəkildə  aparılmasındadır. Möhkəm iqtisadi təməl olmadan demokratik  dövlət qurmaq mümkün deyildir. İnkişaf etmiş demokratiyalar deyilən ölkələrin təcrübəsi də məhz bunu sübut edir. Yoxsul ölkədə demokratik dövlət qurmaq çox çətindir və əksinə, möhkəm siyasi sistem və siyasi təsisatlar olmasa, istənilən iqtisadi uğurlar müvəqqəti olacaqdır. Biz Azərbaycanda ölkə daxilində siyasi və iqtisadi təşəbbüsləri  sinxronlaşdırmağa və maksimum uğur qazanmağa  çalışırıq. Bu gün biz deyə bilərik ki, son  illərdə Azərbaycan öz mövqelərini nəzərəçarpacaq dərəcədə möhkəmlətmişdir, həm regionda ölkənin əhəmiyyəti artmışdır, həm də ölkə daxilində ictimai  konsensus mövcuddur”.

Aradan illər keçəndən sonra birmənalı demək olar ki, düzgün müəyyən edilmiş iqtisadi siyasət prioritetləri dinamik inkişafı təmin etməklə, Azərbaycanı dünyanın qabaqcıl ölkələri sırasına, regionun lider ölkəsi mövqeyinə çıxarmışdır. İqtisadi inkişafın sürətləndirilməsinə hesablanan müxtəlif dövlət proqramlarının qəbul edilməsi və ardıcıllıqla  həyata keçirilməsi ötən müddət ərzində iqtisadiyyatımızın bütün sahələrində nəzərəçarpacaq tərəqqinin əldə edilməsi naminə həyata keçirilən siyasi kursun düzgünlüyünü sübuta yetirmişdir.

Bu gün paytaxt Bakıdan başlayaraq, Azərbaycanın bütün bölgələrində geniş tikinti-quruculuq işləri aparılır; elə bir şəhər, rayon və qəsəbə yoxdur ki, ümumi inkişafdan kənarda qalsın. Prezident İlham Əliyevin bölgələrə vaxtaşırı səfərləri, proqram və layihələrin icra vəziyyəti ilə yerlərdə birbaşa tanış olması, ayrı-ayrı sahələrin inkişafını sürətləndirmək üçün sərəncamlar imzalaması, ən nəhayət, bölgələrdə yaşayan insanlarla görüşləri, onların arzu və təkliflərini üzbəüz dinləməsi, mövcud çətinliklərin aradan qaldırılmasının daha optimal yolları barədə icra strukturlarına yerindəcə tapşırıq və tövsiyələrini verməsi böyük əhəmiyyət kəsb edir.

İnformasiya texnologiyaları sferasının neft sənayesindən sonra ikinci prioritet kimi  dəyərləndirilməsi, ölkəmizdə  vətəndaş cəmiyyətinin inkişafına, ordu quruculuğunun möhkəmləndirilməsinə  yönəlmiş ardıcıl tədbirlər, o cümlədən ölkəmizin artan maliyyə imkanlarından bəhrələnərək hərbi büdcəmizin nəzərəçarpacaq dərəcədə artırılması, Azərbaycanın bütün regionlarında  təbiətin  qorunması və ekoloji təhlükəsizliyin təmin olunması, Bakı və Abşeron yarımadasının üzləşdiyi ekoloji problemlərin həllinə yönəlmiş dövlət  proqramlarının və bu tipli digər mühüm tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi, intellektual mülkiyyətin qorunması və insan amilinə  hərtərəfli diqqət yetirilməsi Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi  daxili siyasətin uğurlu  təzahürləridir.

Bunun da nəticəsində Azərbaycanın iqtisadi və sosial həyatında son illər müşahidə olunan sürətli inkişaf  tempi, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uğurlu siyasət inamla davam etdirilərək, həm iqtisadi, həm də sosial sahələrdə yeni nailiyyətlərin qazanılması ilə əlamətdar olur.

Azərbaycanın son on ildəki misilsiz nailiyyətləri fonunda ulu öndərin ali ideyalarına tapınan Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan xalqının milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında və təbliğində, cəmiyyətə sağlam ideyaların aşılanmasında müstəsna xidmətlərini qeyd etməmək mümkün deyildir. Cəmiyyət həyatının  ən müxtəlif sahələrində yüksəliş və tərəqqiyə, mənəvi kamilləşməyə xidmət edən çoxşaxəli fəaliyyətinin əsasında bir başlıca amal durur: insanlara təmənnasız yaxşılıq. Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət və s. prinsiplərin qorunmasına çalışan Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyət gösrtərdiyi  son 9 il ərzində bu məqsədlərə xidmət edən strateji əhəmiyyətli saysız-hesabsız layihələri inamla həyata keçirmişdir.

Qazanılan bütün uğurlarda dövlət və xalqın birliyini cənab İlham Əliyev xüsusi dəyərləndirir: “... İqtisadiyyatın əsas istiqamətlərində müsbət nəticələr var və biz bunu görürük. Əlbəttə,  biz çalışmalıyıq ki, gələcək illərdə də bu yüksək dinamikanı saxlayaq, iqtisadi artım sürətinə görə dünya miqyasında lider dövlət  kimi Azərbaycanın mövqelərini saxlayaq. Elə edək ki, Azərbaycan vətəndaşları, Azərbaycan xalqı ildən-ilə, aydan-aya  daha da yaxşı  yaşasın. Bunu etməyə  bizim imkanlarımız var, siyasi iradə var, xalqla iqtidar arasında birlik var. Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Əks təqdirdə, onların heç biri  həyata keçirilə bilməzdi. Əgər bu dəstək olmasaydı, əgər həmrəylik olmasaydı, bizim təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bunların heç birini edə  bilməzdik”.

 

 Vahid NOVRUZOV,

 

 Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2013.- 19 oktyabr.- S. 4.