Pirallahı rayonu: sosial-iqtisadi inkişaf diqqət mərkəzindədir

 

Pirallahı rayonunda  2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Vasif İmanov  toplantı iştirakçılarını 9 ayda görülən işləri əks etdirən videoçarxa baxmağa dəvət etmişdir.

Başçı  sonra bildirmişdir ki, rayonun baş planı artıq  sona çatmaq üzrədir. Baş plana əsasən, qəsəbədə İnzibati Mərkəzin yaradılması nəzərdə tutulmuşdur. Hesabat dövründə qəsəbənin ərazisində mövcud torpaq sahələrinin və tikililərin inventarizasiyası aparılmış,  qanunsuz obyektlərin tikinti işləri dayandırılmışdır. Ayrı-ayrı idarələrin inzibati binalarının,  həmçinin yaşayış binalarının tikintisi üçün yer ayrılması məqsədilə sərəncam verilmişdir. Artıq  Pirallahı Rayonu Polis Şöbəsinin inzibati binasının tikintisinə başlanmışdır. Eləcə də məcburi köçkünlərin məskunlaşdırılması üçün hər biri 3 hektar  olmaqla iki tikinti sahəsi ayrılmışdır.

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında  fərman imzalamışdır. Pirallahı qəsəbəsində fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni, ümumi tutumu 10 min kubmetr olan 6 anbar  inşa olunur. Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşası başa çatmaq üzrədir. Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik müasir avtomobil yolunun tikintisi də müvəffəqiyyətlə davam etdirilir. Dövlət Proqramına əsasən, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri başa çatmaq üzrədir. Patalogiya və Təcili Tibbi Yardım Stansiyası üçün yeni binalar inşa olunmuşdur. Rayonun ilk böyük müəssisəsi–gücü saatda 90 kubmetr olan beton zavodu tikilərək istifadəyə verilmişdir. “Pirallahı adası yanalma körpüləri kompleksinin tikintisində hazırda əsas işlər sahil zolağında və dəniz akvatoriyasında aparılır.

Hazırda rayon ərazisində su-kanalizasiya xətlərinin dəyişdirilməsi, yeni istilik və yeraltı elektrik xətlərinin çəkilişi prosesi gedir. 29-cu məhəllədə geniş abadlıq və yenidənqurma işləri görülmüş, su, kanalizasiya, istilik sistemləri, elektrik xətləri dəyişdirilmişdir.

2013-cü ilin 9 ayında Pirallahı rayonu üzrə neft hasilatı 4 milyon 563 min 717 ton, qaz hasilatı isə 4 milyard  443 milyon 618 min kubmetr olmuşdur. Hər üç neftqazçıxarma idarəsinə dəniz nəqliyyatı xidməti göstərən Abşeron Rayon Dəniz Neft Donanma İdarəsi də hesabat dövründə yüksək istehsalat göstəriciləri əldə etmişdir.

2013-cü ilin doqquz ayı ərzində rayon icra hakimiyyəti başçısı tərəfindən keçirilən qəbullarda 370 nəfər sakin iştirak etmiş, 952 nəfər istədiyini bildirmiş, 520 nəfərdən çox sakin isə  idarə, müəssisə və təşkilatlarda daimimövsumi işlə təmin olunmuşdur. Şəhid ailələrinə, aztəminatlı və çoxuşaqlı ailələrə müxtəlif  bayramlarda və əlamətdar günlərdə yardımlar göstərilmişdir.

Hesabat ətrafında çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,  Neft Daşları” NQÇİ-nin rəis müavini Saleh Yarməmmədov, 168 saylı orta məktəbin direktoru Şakir Mikayılov, rayon ictimaiyyətinin nümayəndəsi Qənimə Sioşvili və başqaları cari ilin 9 ayında Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişilər.

Sonda Pirallahı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup fəala rayon icra hakimiyyətinin fəxri fərmanları və pul mükafatları təqdim edilmişdir.

 

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 19 oktyabr.- S. 6.