Binəqədi rayonunda 9 ayda sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir

 

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov hesabat dövründə əldə olunmuş uğurlardan, həyata keçirilmiş quruculuq və abadlıq işlərindən, qarşıda duran vəzifələrdən danışmış, iclas iştirakçılarını 18 oktyabr - Milli Müstəqillik Günü münasibətilə təbrik etmişdir.

Respublikamızın hər yerində olduğu kimi, Binəqədidə də  abadlıq-quruculuq işlərinin davamlı olaraq aparıldığını qeyd edən X. İsgəndərov əhalinin sosial durumunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırıldığını vurğulamışdır. Bununla belə, rayon ərazisində bir sıra problemlərin mövcud olduğunun diqqətə çatdıran rayon rəhbəri onların həlli istiqamətində məqsədyönlü işlərin görüldüyünü xatırlatmışdır.

Tədbirdə 2013-cü ilin 9 ayının yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini İlqar Süleymanov  bildirmişdir ki,  Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramları, fərman və sərəncamlardan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi Binəqədi rayonunun 2013-cü il ərzində daha böyük uğurlara imza atacağına əsas verir.

Məruzəçi 9 ay ərzində rayon ərazisində görülən işlərə nəzər salaraq demişdir ki, sənaye sahəsində bu ilin yanvar-sentyabr aylarında 124 milyon 655 min  manatlıq və ya keçən ilin müvafiq dövründən 2,9 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Hesabat dövründə sənaye müəssisələrində 5751 nəfər işləmişdir ki, bu da keçən ilin müvafiq dövründən 3,5 faiz çoxdur. Sənaye müəssisələrində orta aylıq əmək haqqı 500,3 manat olmuşdur. Tikinti sektorunda isə bütün maliyyə mənbələri hesabına 9 milyon 89 min manat  əsas fondlar istifadəyə verilmişdir.

2013-cü ilin yanvar-sentyabr aylarında Binəqədi rayonunda iqtisadisosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 97 milyon 786 min manat məbləğində investisiya yönəldilmişdir ki, bundan 64 milyon 26 min manatı tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 279 milyon 78 min manata çatmış və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə artmışdır. Tikintidə işçilərin orta siyahı sayı 5376 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 59,1 faiz çoxdur. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 297,6 manat təşkil etmişdir.

Rayon ərazisinin sanitar normalara uyğun qorunması və ərazilərin təmizliyinə daim nəzarət etmək məqsədilə ümumilikdə rayon üzrə 2207 ədəd konteyner yerləşdirilmiş və məişət tullantılarının daşınmasına  36 ədəd texnika cəlb olunmuşdur.

Yeni yaşıllıq ərazilərinin salınması istiqamətində ümumilikdə 73828 kvadratmetr  çəmən (qazon) salınmış, 94125 ədəd müxtəlif növ gül-çiçək, dekorativ kol və 6656 ədəd müxtəlif növ ağac əkilmişdir.

Mikrorayonların ərazisində 106 binanın zirzəmisində sukanalizasiya xətti əsaslı təmir edilmişdir. Paralel olaraq, binaların zirzəmilərində 95304 poqonometr  su xətti, 19820 poqonometr kanalizasiya xətti dəyişdirilmişdir. Həmçinin ötən dövr ərzində rayon ərazisində müxtəlif yerlərdə uzunluğu 19733 metr olan 118400 kvadratmetr   sahəyə asfalt  örtüyü çəkilmişdir.

Sonra məruzə ətrafında çıxış edən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri  Hüseyn Kərimov və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov rayonda uğurla həyata keçirilən sosial-iqtisadi tədbirlərdən danışmışlar.

Sonda şura iclasının qərar layihəsi oxunmuş və qəbul edilmişdir.

Hesabat iclasında Milli Məclisin deputatları Madər MusayevRafael Cəbrayılov iştirak etmişlər.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 19 oktyabr.- S. 7.