Gələcəyə
hesablanmış uğurlu seçim
Tarixən hər bir xalq öz müqəddəratını, gələcək taleyini hansısa əlverişli situasiyada yaranmış məsuliyyətli seçim şansı əsasında müəyyənləşdirmiş, nikbin sabahına doğru inamla irəliləmişdir. Müdrik və uzaqgörən Azərbaycan xalqı da hər zaman gələcək taleyi baxımından xeyirli olanı seçmişdir. Azərbaycanın çağdaş tarixinə əlamətdar hadisələrdən biri kimi düşmüş 2013-cü ilin 9 oktyabr seçkiləri də xalqın müdrik və dəyişməz seçiminə əsaslanmış, ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs vermişlər.
Ölkə vətəndaşlarının 9 oktyabr tarixi seçimi obyektiv reallıqla şərtlənmiş, Azərbaycan xalqı onu uğurlu sabaha, təminatlı gələcəyə aparan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən çoxşaxəli siyasətə səs vermişdir. Tamamilə azad, demokratik və şəffaf şəraitdə yekunlaşan, seçicilərin yüksək mütəşəkilliyi ilə müşayiət olunan bu seçkilər, eyni zamanda, ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açmış, siyasi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə imkan yaratmış, bir sözlə, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsində mühüm rol oynamışdır.
Hələ 2003-cü ilin 31 oktyabrında Vətənə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı cənab İlham Əliyev ötən 10 ildə respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirməklə, davamlı tərəqqini təmin etmiş, sosialyönümlü inkişaf strategiyası həyata keçirmişdir. Ötən 10 il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli işə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısı qısa zaman kəsiyində cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə xalqda qəti əminlik yaratmış, əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə əsaslı zəmin formalaşdırmışdır.
Azərbaycanın son illərdəki dinamik inkişafı fonunda ölkənin qarşısında müəyyənləşdirilmiş məqsəd və vəzifələr, ümumilikdə, milli ideyanın xarakteri də statik səciyyə daşımır, zamanla dəyişir, yeniləşir. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 10 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir. Cənab İlham Əliyevin prezidentliyi illərində respublikamız qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.
Bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Ən azı bu baxımdan ki, Azərbaycan özünün çoxminillik dövlətçilik tarixində heç zaman indiki kimi güclü, qüdrətli, özünəinamlı olmamışdır.
Ümumilikdə, yeni mərhələni daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Bu xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanda yaxın 2020-ci ilədək ümumi daxili məhsulun 2 dəfəyədək artımına nail olmaq, 2018-ci ilədək bütün sosial problemləri həll etmək, sistem islahatlarını başa çatdırmaqdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz bu və digər məqsədlərin reallaşdırılması baxımından sosial-iqtisadi, siyasi və hüquqi platform rolunu oynayır. Belə bir mükəmməl sənədin hazırlanması və təsdiqi deməyə əsas verir ki, Prezident İlham Əliyev xalqın gələcəyi ilə bağlı aydın baxışlara malikdir.
Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə bu il iyunun 26-da keçirilən möhtəşəm paradda söylədiyi kimi, son 10 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən 10 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” kimi perspektivli yataqlar kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP layihəsinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 575 milyon dollar kredit vermişdir.
Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İçveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında demişdir: “Biz ilin sonuna qədər və ondan sonrakı dövrdə xarici investisiyalarımızı da artırmalıyıq. Bu gün Azərbaycan dünyada investor ölkə kimi tanınır və biz xarici maliyyə qurumlarına donor kimi vəsait ayırırıq. Eyni zamanda, böyük həcmdə investisiyaların qoyuluşu təmin edilir. İnvestisiya portfelimiz də, investisiyaların coğrafiyası da genişlənir. Azərbaycan investisiyaları bu gün Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Fransa, Böyük Britaniya, Rumıniya, Yunanıstan və digər ölkələrə böyük həcmlərlə qoyulur. Onların içində, əlbəttə ki, ən böyük investisiya Türkiyəyə qoyulacaqdır. On yeddi milyard dollar Azərbaycan sərmayəsi Türkiyənin iqtisadiyyatına qoyulacaqdır və bu göstəriciyə görə Azərbaycan ən böyük investor olacaqdır. İnvestisiya portfelimiz elə bölünməlidir ki, biz özümüzü risklərdən maksimum dərəcədə qoruyaq. Eyni zamanda, investisiya qoyacağımız ölkələrlə də bizim ikitərəfli münasibətlər daha da yüksək pilləyə qalxmalıdır”.
Ötən 10 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi inkişaf dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya materikinin ən cəlbedici məkanlarından birinə çevrilən Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına da uğurla nail olmuşdur.
Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın “hücum diplomatiyası”nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 10 ildə respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Xarici siyasətdə öhdəliklərə sabitlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövrü xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir.
Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının son 10 ildəki uğurları barədə dolğun mənzərə yaradır: Azərbaycan son iki ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının - Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası reallaşdırılmış, türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Çevik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun “diplomatik paytaxtı”na çevrilmişdir.
Müasir dövrdə sivilizasiyalar arasında dialoqun ən mühüm problemlərindən biri də multikulturalizmdir. Bu anlayışın mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək cəhdləri də var. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir.
Multikulturalizmin alternativinin özünütəcrid olduğunu bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: “Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar”.
2011 və 2012-ci illərin oktyabrında paytaxtımızda keçirilən 1-ci və 2-ci Bakı beynəlxalq humanitar forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur.
Prezident İlham Əliyev son seçkilər ərəfəsində Kürdəmir rayonuna səfəri zamanı qarşıdakı illərdə ölkədə sistem islahatlarının aparılması zərurətini xüsusi önə çəkmişdir. Söhbət siyasi və hüquqi liberallaşmaya, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən islahatların sürətləndirilməsi zərurətindən gedir. Şübhəsiz, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Prezident İlham Əliyev ötən 10 ildə hər iki təmayülə vəhdət şəklində yanaşaraq, ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görür. Bu mənada, yüksək sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir.
Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə, yeni sivilizasiyaya yaxınlaşmağa meydan açır. Ancaq demokratikləşmənin özü də milli ideyaya bağlı olmasa, sosiumun milli özəlliyi nəzərə alınmasa, uğursuzluğa məhkumdur. Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. Ümumilikdə isə, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”, 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, 27 dekabr 2011-ci il tarixli, 5 sentyabr 2012-ci il tarixli “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair” 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” insan hüquq və azadlıqlarının təmini, demokratik və açıq cəmiyyətin qurulması baxımından yeni imkanlar açmışdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında siyasi və hüquqi mühitin liberallaşdırılmasına xidmət edən kompleks tədbirlər nəzərdə tutulması isə Azərbaycanı bu sahədə qabaqcıl dövlətə çevirmək niyyətindən irəli gəlir.
Cənab İlham Əliyev ötən 10 ildə milli ənənələri qorumaqla, Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki qabaqcıl təcrübəsinin mənimsənilərək yayılması, ümümtəhsil məktəblərində, ali təhsil müəssisələrində kompyuter və informasiya texnologiyalarının geniş tətbiqi məqsədinə xidmət edən komplekst tədbirlər həyata keçirmişdir. Azərbaycan Prezidentinin elmin inkişafına xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir.
Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir. Üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Ölkənin elm və təhsil ictimaiyyəti əmindir və inanır ki, xalqın böyük etimadını qazanaraq növbəti dəfə Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev respublikamızı davamlı iqtisadi inkişafa, yüksəlişə aparan strateji siyasi kursu bundan sonra da inamla davam etdirəcəkdir.
İlham
MƏMMƏDZADƏ,
Fəlsəfə,
Sosiologiya və Hüquq
İnstitutunun direktoru
Xalq qəzeti.- 2013.- 20 oktyabr.- S. 7.