Xalq və onun səsi:
seçkilər nəyi göstərdi?
Seçkilər başa çatdı. Təxminən 2 ay ərzində müxtəlif məzmunlu seçki sloqanlarının təqdim olunması ilə, bütün iddialı qurumlar tərəfindən xalqa ünvanlanan çağırışlarla və get-gedə güclənən siyasi ehtiraslarla müşayiət olunan proses, nəhayət, oktyabrın 9-da özünün kuliminasiya həddinə çatdı və seçkiyə bir gün qalmış sakitləşərək seçicilərin qərarını gözlədi. Bütün olayları səbrlə, təmkinlə izləyən seçicilər qərarlarını Ana Yasamızda nəzərdə tutulduğu kimi, öz səsləri ilə ifadə və təsdiq etdilər. Heç bir möcüzə baş vermədi.
Əslində, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə onsuz da heç bir tərəf artıq möcüzəyə ümid etmirdi və yəqin ki, hər bir namizəd öz nəticələrini əvvəlcədən də aydın təsəvvür edirdi. Buna baxmayaraq möcüzəsiz də ötüşmədi. Eyni masa arxasında oturub seçki prosesinin nəticələrini şərh edən siyasi qonaqlarımız azərbaycanlılardan daha çox, özləri bir-birini təəccübləndirdilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəsmisinin açıqlamasından sonra mətbuat konfransının keçirildiyi zalda yaranan ajiotaj qonaqları şaşırtdı. Elə həmin masa arxasında oturub açıqlamanın hələ davam etməkdə olan tərcüməsini dinləyən ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazənin təəccübdən bir müddət özünə gələ bilməməsi şəraitində davam edən konfrans, nəhayət onun, yanında oturan həmkarının şərhi ilə razılaşmadığını bəyan etməsi ilə öz məcrasına qayıtdı.
Zaldan gələn etirazlı suallara cavab tapa bilməyən DTİHB rəsmiləri mətbuat konfransını yarımçıq tərk etməli oldular. Cənab Vuazən isə özünün rəhbərlik etdiyi müşahidə missiyasının qənaətinə görə, Azərbaycanda demokratik, şəffaf və ədalətli seçkilər keçrildiyini elan etdi və digər beynəlxalq qurumların da prezident seçkilərinə münasibətinin oxşar olduğunu bildirdi.
DTİHB-dən fərqli olaraq, AP, ATƏT Parlament Assambleyası, AŞPA, MDB, GUAM, TÜRKPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq və regional qurumların seçkiləri izləmiş Müşahidə Missiyalarının rəhbərləri, eləcə də Fransa, Pakistan, İtaliya, ABŞ kimi ölkələrin qanunvericilik orqanlarını təmsil edən müşahidəçilər, bir sözlə dünyanın bütün qitələrindən seçkiləri müşahidə etmək üçün gəlmiş minə yaxın siyasətçilər seçkilərin demokratik bir mühitdə,azad və şəffaf şəkildə keçirildiyini və tələb olunan standartlara cavab verdiyini təsdiq etdilər. ATƏT PA müşahidə missiyasının tərkibində seçkiləri müşahidə etmiş Avstriyalı deputat Volfqanq Qrossruk oktyabrın 13-də ATƏT PA-nın payız sessiyasında çıxış edərək, Azərbaycanda seçkilərin azad, şəffaf və deokratik mühitdə keçirildiyini, seçkilərin texniki cəhətdən, seçki komissiyalarının formalaşdırılması və təkmilləşdirilməsi baxımından böyük irəliləyişlərə nail olunduğunu bildirmişdir.
DTİHB-in ilkin hesabatına öz münasibətini bildirən cənab Qrossruk demişdir: “Təəssüflə qeyd etməliyəm ki, bu qurum hər dəfə öz müşahidələrində daha çox Qərb və Avropa mətbuatında dərc edilmiş qərəzli yazılara və fikirlərə əsaslanır.
DTİHB-in məhz bu kimi faktlara və adı açıqlanmayan müəmmalı “etibarlı mənbələrə” əsaslanaraq qərəzli hesabat hazırlamasının səbəbləri isə onsuz da az deyil.
Birincisi, köhnə formatda idarə olunması get-gedə çətinləşən dünyada öz hegemonluq rolunu itirmək istəməyən dövlətlər fürsət düşdükcə dünyanın digər ölkələrində ictimai-siyasi şüurun aşağı səviyyədə olduğunu və buna görə də onları idarə etməyin zəruri olduğunu sübut etməyə və beləliklə, artıq mənəvi cəhətdən çoxdan layiq olmadıqları “hakimlik” rolunu sürdürməkdə davam etməyə çalışırlar.
İkincisi, bütün dünyaya car çəkdikləri bu kimi saxta hesabatlarla onlar xüsusilə gənc dövlətlərin müstəqil siyasətini təftişçilik imtiyazlarına bəraət qazandırmağa, təftiş etdikləri ölkələrin siyasi elitasını özlərindən asılı vəziyyətdə saxlamağa və bu yolla öz ölkələrinin siyasi, milli maraqlarını təmin etməyə nail olurlar.
Üçüncüsü, hegemon dövlətlərin belə hesabatlarla manipulyasiya edərək enerji resurslarına malik olan ölkələrin onlarla iqtisadi əməkdaşlıq siyasətinə təsir və təzyiq etmək istəyi də çoxdan heç kimə sirr deyil.
Dördüncüsü, Qərbdə Azərbaycanın imicini zədələməklə sivil dünya tərəfindən geri itələnməsini və nəticədə Avrasiya İttifaqı kimi absurd regional qurumlara girməyə məcbur edilməsi niyyətini güdən tərəflərin də mənfi “hesabat”ın hazırlanmasında maraqlı olduğunu və seçki ərəfəsində məhz buna çalışdığını istisna etmək olmaz.
Beşincisi, saxta hesabatı səsləndirən DTİHB rəsmilərinin bu manipulyasiyada iştirak marağı da aydın və daha bəsitdir. Əgər bütün ölkələrdə demokratik təsisatlar normal fəaliyyət göstərir və insan haqlarının müdafiəsi heç də Avropadan və Amerikadan pis təmin olunmursa, o zaman bu qurumun fəaliyyətinə də ehtiyac qalmır. Deməli, həm də quruma ayrılan vəsaitlərin həcmi və bu qurumda çalışan siyasətçilərin iş yerləri azalır. Qərbdə işsizliyin artdığı və kütləvi ixtisarların baş verdiyi bir şəraitdə DTİHB rəsmilərinin özləri də işsizlər ordusuna üzv olmaq istəmirlər və ona görə də təftişçilik fəaliyyətində “rəngləri tündləşdirməyə” daha meyillidirlər.
Bütün bunların və sadalamadığımız digər səbəblərin fonunda, əsasən, qlobal güc sahiblərinin donorluq etdiyi DTİHB və buna bənzər bir sıra qurumların müxtəlif ölkələrdəki siyasi hadisələri həmişə obyektiv qiymətləndirməsi mümkün görünmür.
Qayıdaq, öz məmləkətimizə və seçkilərimizə. Əslində, qalib gəlmək üçün yox, sadəcə, “mən də hələ varam” demək istəyən qüvvələrin özünü bir daha siyasi səhnədə göstərmək üçün “Milli Şura” adı altında seçkiyə getməsi və bu yolda başlarına gələnlər həyatda iki dəfə haqqında eşitdiyim toy macəralarını xatırladır. Bu toy macəraları barədə bir az sonra nəql edəcəyəm. Hələlik isə, “Milli Şura”nın seçki prosesindəki gedişlərinə nəzər salaq.
Birincisi, xalqın böyük bir qismini təmsil etdiklərini iddia edən, hakimiyyətə gəlib dövləti idarə edəcəyinə və xalqı xoşbəxt gələcəyə aparacağına inanan (bəlkə də, inanmayan) və özünü xalqa ciddi bir siyasi qurum kimi təlqin edən, “Milli Şura”nın siyasətdən anlayışı olmayan Rüstəm İbrahimbəyovu seçki prosesinin önünə gətirməklə nəyə ümid etdiyini anlamaq, ümumiyyətlə, mümkün deyildi.
İkincisi, bu gün dünyada və xüsusilə yaşadığımız regionda hökm sürən çox mürəkkəb geosiyasi mənzərənin fonunda dövləti idarə etməyə, bütöv bir xalqın taleyini həll etmək kimi çox mürəkkəb bir siyasi və mənəvi yükü öz üzərinə götürməyə iddialı olan “Milli Şura”nın seçki qanunundan xəbərsiz olub, hüquqi cəhətdən namizəd olmağa səlahiyyəti çatmayan bir şəxsi prezidentliyə namizəd göstərməsi çox gülməlidir. Bu addımların siyasi səbatsızlıqdanmı, ya hüquqi savadsızlıqdanmı atıldığını deyə bilmərik. Bəlkə, bunu sadəlövhlük də adlandırmaq olardı, əgər söhbət siyasətdən getməsəydi. Çünki elementar düşüncə səviyyəsində də hamıya məlumdur ki, siyasət və sadəlövhlük bir-birinə yaxın gəlməyən, bir-birinə zidd olan anlayışlardır. Nəticə isə ondan ibarət oldu ki, prosesin lap başlanğıcında hələ də “Milli Şura”ya inanan və ya sadəcə, ona rəğbətlə yanaşan elektorat bu gedişlərdən doğan təəccübdən sonra tərəddüd etmədən “Milli Şura”dan uzaqlaşdı.
Qurum mat vəziyyətində ikən hər hansı bir “üzüyola” namizədin tapılması və irəli sürülməsi bu biabırçılıqdan çıxış yolu kimi qəbul olundu.Tələm-tələsik Rüstəm İbrahimbəyovun əvəzinə Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi məhz şahidi olduğum macəralı toy hadisələrini xatırladır.
Bu toy macəralarının hər ikisi ucqar rayonlardan birində baş vermiş, personajlarını şəxsən tanıdığım real hadisələrdir. Macəraçılıq isə ondan ibarətdir ki, müəyyən bir müddət ərzində nişanlı olmuş gənclərin ailələri toya hazırlıq görüb, dəvətnamələr paylamışdılar. Toy axşamı oğlan evində əl-qol açaraq rəqs edən və səhəri gün maşın karvanı ilə gəlin gətirməyə gedən bəy adamları gəlin evinə gəlib çatdıqda gözlənilməz və ilk baxışdan çıxılmaz görünən bir vəziyyətə düşmüşdülər. Gəlin köçməyə hazırlaşan qız iki ayağını bir başmağa dirəyib getməyəcəyini bildirmişdi.
Bu vəziyyətdə hər iki tərəfdən qohumlar qızı dilə tutmaqda davam edərkən bəyin adamları yaxında, uzaqda tanıdıqları ailələrin qızlarını beyinlərində saf-çürük edərək, ərə getmək heç ağlına belə gəlməyən bir qızın valideynləri və özü ilə telefondaca razılaşaraq təcili çıxış yolu tapmış və maşın karvanını yenicə tapılmış adaxlının qapısına sürmüşdülər. Yeni adaxlı da başına şahlıq quşu qonmuş göyərçin kimi ağ gəlinlik libasına bürünüb gəlin maşınına əyləşmiş və baş verənlərə inanmasa da vağzalı sədalarıı altında bəy evinə gəlin köçmüşdü. Rastlaşdığım bu iki hadisənin çox nadir və əslində, maraqlı bir macəra olduğunu qəbul etsək də, siyasətdə bu kimi vəziyyətlərin xoş sonluqla bitməyinə inanmaq sadəlövhlük olardı.
Seçki prosesinin gedişində “Milli Şura”nın namizədlərinin yerdəyişməsi də yumşaq desək, məhz belə bir sadəlövhlük idi. Cəmil Həsənlinin də Rüstəm İbrahimbəyovun əvəzinə seçki qatarına minib harasa getmək istəməsi və mənzil başına çatacağı nə seçiciyə, nə də yəqin ki, onun özünə inandırıcı görünə bilməzdi. Hər cür məntiqdən uzaq olan bu sadəlövhlük siyasət səhnəsinin formatına qətiyyən uyğun deyildi. Məntiqsizlikdən yoğrulmuş siyasi gedişlərlə bir ölkənin prezidenti olmaq iddiasında bulunmaq nə qədər ciddi görünür və xalqa, seçiciyə nə vəd edirdi? “Milli Şura” və Cəmil Həsənli bunu bilməsələr də seçici bunu asanlıqla başa düşürdü və məhz bu “rokirovka” “Milli Şura”nın yerdə qalan elektoratını da digər iddiaçılar arasında bölüşdürdü.
Lakin Cəmil Həsənlinin seçkidən sonrakı addımları burada sadəlövhlüklə yanaşı, bir macəraçılığın da olduğunu göstərir. Məntiqə və bütün ədəb qaydalarına görə, oktyabrın 12-də onu dəstəkləyən 1500 nəfərin mitinqində iştirak edən professor onu dəstəkləyənlərə təşəkkür etməli, siyasi fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə gələcək planları ilə bağlı qərarını elan etməli, seçilmiş prezidenti təbrik etməli və seçki marafonunda iştirak etmiş digər rəqiblərinə də xoş arzularını izhar etməyi unutmamalı idi. Bütün bunların əvəzinə, Cəmil Həsənlinin Avropaya gedərək, Azərbaycanı sevməyən və onu dalana dirəməkdən ötrü sübutlu-sübutsuz “kompromatlar” axtaranların qarşısında bilərəkdən , düşünülmüş və dərk olunmuş səviyyədə öz xalqına böhtan atması - guya seçkilərin total şəkildə saxtalaşdırılmasını və xalqın böyük əksəriyyətinin guya, onu dəstəkləməsini bəyan etməsi artıq onun macəraçılığından xəbər verir.
Deyəsən, heç kim inanmasa da, Cəmil Həsənli qısa bir zamanda, doğrudan da, dövləti idarə etmək iqtidarında olduğuna inanıbmış və indi onu bu eyforiyadan ayırmaq üçün “Milli Şura” xeyli çalışmalı və ona qarşı kompromatlar axtarmalıdır. Onların başqa çıxış yolu da yoxdur, çünki onlar, nədənsə, həmişə siyasi mübarizənin məhz bu üslubunu üstün tuturlar. Builki seçki debatlarında da Cəmil Həsənlinin dilindən məhz “kompromat” üslubu nümayiş etdirildi və nəticədə, seçicilərin daha bir hissəsini itirdilər.
Amma bu da onların öz işidir, qayıdaq özümüzə, yəni seçkidə səs verənlərin 85 faizini təşkil edən, öz dövlətini və millətini sevən, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə çalışan vətəndaşlara. Bu seçkilər nəyi göstərdi?
Zənnimcə, bu seçkilər Azərbaycan vətəndaşlarının ölkənin və xalqın gələcəyini düşünmək baxımından siyasi yetkinliyə, yüksək məsuliyyət hissinə malik olduğunu göstərən növbəti bir test oldu. Azərbaycan seçicilərinin 85 faizi bu testdən əla qiymətlə keçdi. Nəticə xalqla dövlətin, vətəndaşla Prezidentin millətin taleyi haqqında arzu və düşüncələrində, niyyət və ümidlərində yekdilliyini və vəhdətini nümayiş etdirdi. Məhz bu vəhdət Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etməyə qadirdir.
Bütün millətlərin əldə etməyə can atdığı bu vəhdətin əsasında Heydər Əliyevin 90-cı illərdə Azərbaycanı bir dövlət kimi qoruyub saxlaya bilməsi və son on ildə İlham Əliyevin onu dünyanın inkar edilməsi artıq heç cür mümkün olmayan bir dövlətə çevirməsi durur. Bu möhtəşəm vəhdət İlham Əliyevin dünya siyasətində apardığı çevik, qətiyyətli və cəsarətli siyasətindən, öz xalqına və millətinə sevgisindən, xalq qarşısında təvazökarlığından və xalqın ona sonsuz etimadından doğuldu. On il ərzində dünya siyasətindəki mövcud reallıqları dəqiq qiymətləndirməklə, ölçülüb-biçilmiş, balanslaşdırılmış siyasət aparmaqla öz millətini və dövlətini tərəqqiyə və yüksək rifah cəmiyyətinə doğru inkişaf etdirməkdə İlham Əliyev Azərbaycana digər ölkələrin qibtə edə biləcəyi qədər böyük uğurlar qazandırdı. Azərbaycan vətəndaşı da özünün əsrlər boyu dəyişməz məziyyəti olan haqq və ədalət hisslərinə sadiq qalaraq İlham Əliyevin öz əməyi hesabına qazandığı halal haqqını onun özünə çatdırdı və ölkə Prezidenti seçdi.
Azərbaycan İlham Əliyevin yeni prezidentlik dövrü ilə daha böyük uğurlar əldə etmək üçün inkişafın yeni mərhələsinə qədəm qoydu. Bu seçkilərdə bütün tərəflər öz siyasi varlığını və nəhayət, hər birinin sosial bazasının ölçülərini açıq-aşkar cəmiyyətə tanıtdılar. Ölkənin siyasi ab-havası daha da aydınlaşdı. İqtidarlı-müxalifətli bütün namizədlər (Cəmil Həsənli və Hafiz Hacıyev istisna olmaqla) siyasi proseslərə yeni sivil yanaşma sərgiləməklə ölkədə məsuliyyətli milli siyasi elitanın yetişdiyini göstərdilər. Bu məqamdan başlayaraq sivil siyasi mübarizənin bütün qütbləri öz məqsəd və məramlarını, siyasi kurslarını təkmilləşdirməklə siyasətin son və ən əxlaqlı məqsədi olan xalqa xidmət missiyasını həyata keçirməyə qadir olan qüvvələr kimi görünməkdədirlər.
Tarixin hansı məqamında bu missiyanın hansı qüvvələrin üzərinə düşəcəyini isə məkrli niyyətlərin və müəmmalı məqsədlərin işığında hazırlanan, “hesabatlar” yox, yenə də xalq və onun səsi müəyyən edəcək.
Cavanşir FEYZİYEV,
Milli Məclisin üzvü,
fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 22 oktyabr.- S. 3.