Naxçıvan Muxtar Respublikası: quruculuq işləri geniş vüsət almışdır

 

Bu gün Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsi nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, quruculuq işləri geniş vüsət almışdır. Şərura da bu inkişaf və tərəqqidən pay düşmüş, son illər rayonun kəndlərində kompleks quruculuq işləri aparılmışdır.

Oktyabrın 21-də Şərur rayonunun Xanlıqlar kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Müasirrahat yol sürətli sosial-iqtisadi inkişafın başlıca şərtidir. Muxtar respublikada da yol infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, kəndlərdə yeni avtomobil yolları çəkilir. Bu tədbirlərin davamı kimi oktyabrın 21-də Xanlıqlar kənd avtomobil yolu əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Ali Məclisin sədri muxtar respublikamızın kənd yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılarkən yolların da yenidən qurulmasına xüsusi diqqət göstərildiyini bildirmiş, Xanlıqlar kənd avtomobil yolunun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.

Yolun texniki göstəriciləri barədə Ali Məclisin sədrinə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, ümumi uzunluğu 4 kilometrə yaxın olan yola asfalt örtük verilmiş, 1 körpü tikilmiş, 20 su keçidi salınmış və 600 metr uzunluğunda beton kanal çəkilmişdir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 9 metrdir. Yol hərəkət qaydalarına uyğun olaraq rənglənmiş, kəndin daxilində piyadaların hərəkəti üçün səkilər salınmışdır.

 

* * *

 

Həmin gün Xanlıqlar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Xanlıqlar kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir:

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində əsası qoyulan təhsil strategiyası bu gün ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilin inkişafına xüsusi diqqət yetirir, ölkəmizdə yeni məktəb binaları tikilir, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir. Həyata keçirilən tədbirlər təhsilin keyfiyyətinin yüksəlməsinə, hər il ali məktəblərə qəbul olunan məzunların sayının artmasına səbəb olmuşdur...

Bu gün istifadəyə verilən yeni məktəb binası Xanlıqlar kəndində uşaqların yaxşı təhsil almasına, kənddə təhsilin səviyyəsinin yüksəldilməsinə hesablanmışdırsa, gələcəkdə buranı bitirən məzunlar ölkəmizin inkişafında yaxından iştirak edərək dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasına xidmət edəcəklər.

Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin icrasında məktəbin kollektivinə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 396 şagird yerlikdir. Təhsil ocağında 22 sinif otağı, kimya, biologiyafizika laboratoriyaları, hərbi kabinə, 2 kompyuter otağı, 2 müəllimlər otağı, kitabxana, bufetidman zalı vardır.

Ali Məclisin sədri məktəbin müəllimləri ilə söhbət zamanı qeyd etmişdir ki, normal tədris şəraiti təhsilin keyfiyyətcə yaxşılaşdırılmasında əsas amildir. Pedaqoji kollektiv təhsil ocağında quraşdırılan müasir avadanlıqlardan səmərəli istifadə etməli, öz bilik və bacarıqlarını daim təkmilləşdirməlidirlər. Göstərilən diqqət və qayğıya görə minnətdarlıq edən müəllimlər yaradılan şəraitdən istifadə edərək dərslərin səmərəliliyini və keyfiyyətini artıracaqlarını bildirmişlər.

 

 * * *

 

Oktyabrın 21-də Xanlıqlarda yeni kənd mərkəzinin də açılışı olmuşdur. Ali Məclisin sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək demişdir:

-Bu gün Xanlıqlar kəndi muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulur. Kənddə müasir avtomobil yolu, məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Burada fəaliyyət göstərən təşkilatların işinin günün tələbləri səviyyəsində qurulması, kənddə elektrik, qaz və rabitə xətlərinin yenilənməsi göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Eyni zamanda, görülən bu işlər insanların rahatlığı istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

Ali Məclisin sədri idarəetmə strukturları ilə bərabər, kənd sakinlərinin də tikilənləri, qurulanları lazımi səviyyədə qoruyacaqlarına, kənddə həyata keçiriləcək tədbirlərdə fəal iştirak edəcəklərinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, kənd mərkəzində rabitə evi, polis sahə məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq məntəqəsi, mədəniyyət evi və 65 yerlik zal yerləşir.

 

* * *

 

Həmin gün Xanlıqlar kəndində həkim ambulatoriyasının açılışı da olmuşdur.

Ali Məclisin sədri açılışı bildirən lenti kəsərkən demişdir:

-Xanlıqlar kənd həkim ambulatoriyasında yaradılan şərait, müasir tibbi avadanlıqlarla təminat və səhiyyə ocağı üçün ştatların ayrılması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Bu da kənd əhalisinin lazımi tibbi xidmətlə təmin olunması deməkdir.

Məlumat verilmişdir ki, 2 mərtəbəli, 12 otaqlı ambulatoriya binasında stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, aptek, mamamanipulyasiya otaqları vardır. Ambulatoriyaya lazımi tibbi avadanlıqlar qoyulması kənd əhalisinə göstərilən səhiyyə xidmətinin keyfiyyətini xeyli yüksəldəcəkdir. Hazırda səhiyyə ocağında 11 tibb işçisi çalışır.

 

 * * *

 

Xanlıqlar kəndində həmin gün Xidmət Mərkəzinin də açılışı olmuşdur.

Ali Məclisin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Xidmət Mərkəzi cari ildə kənddə aparılan quruculuq işləri çərçivəsində inşa edilmişdir. İki mərtəbədən ibarət olan binada ərzaq, sənaye və təsərrüfat malları mağazaları, qadın gözəllik salonu, 2 bərbərxana, dərzi sexi, ayaqqabı təmiri sexi və ət satışı yeri vardır. Mərkəzdə 9 nəfər işlə təmin olunmuşdur.

Ali Məclisin sədri tikilənlərin və qurulanların insanların rahatlığının təmin olunmasına xidmət etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikanın kəndlərinin kompleks abadlaşması, yeni sosial obyektlərin istifadəyə verilməsi ümummilli liderimizin siyasi xəttinin təntənəsidir. Bu siyasi xəttin bəhrələri hər bir Azərbaycan vətəndaşının həyatında hiss olunur. Xanlıqlar kəndinə də bu qayğıdan pay düşmüş, sakinlərin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

 

*   *   *

 

Bu il Xanlıqlar kəndində bir sıra abadlıq işləri də aparılmışdır. Belə ki, kənddə 1000 metr fiberoptik kabel və 6500 metr elektrik xətti çəkilmiş, 250 kilovoltamper gücündə yeni transformator quraşdırılmış, 1200 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilmişdir. Kəndin içməli və suvarma su təminatı da diqqət mərkəzində saxlanılmış, 800 metr uzunluğunda arxlara müxtəlif diametrli borular salınmış, 500 metr uzunluğunda içməli su xətti təmir olunmuşdur. Həmçinin kənddə 1941-1945-ci illər müharibəsi və Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə də ucaldılmışdır.

 

 * * *

 

Oktyabrın 21-də Naxçıvan MR Şərur rayonunda “Xanlıqlar” elektrik yarımstansiyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir. O, “Xanlıqlar” elektrik yarımstansiyasının istifadəyə verilməsini muxtar respublikanın energetika təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olduğunu bildirərək demişdir:

- Elektrik enerjisi müasir həyatın qarşıya qoyduğu tələblərin yerinə yetirilməsində mühüm əhəmiyyət daşıyır. Ona görə də muxtar respublikada istifadəçilərin keyfiyyətli elektrik enejisi ilə təmin olunması, yarımstansiyaların, elektrik verilişi xətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Elektrik enerjisinin keyfiyyətli ötürülməsi itkinin qarşısının alınmasına və istifadəçilərin dayanıqlı enerji təminatına imkan verir. Bu gün “Xanlıqlar” elektrik yarımstansiyasının yenidən qurulması da dayanıqlı və keyfiyyətli enerji təminatında mühüm rol oynayacaqdır. Yarımstansiya Şərur rayonunda 21 min 358 nəfərin yaşadığı 15 kəndi elektrik enerjisi ilə tam təmin edəcəkdir.

Ali Məclisin sədri yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkürünü bildirmiş, istifadəçiləri və kollektivi təbrik etmişdir.

Bildirilmişdir ki, yarımstansiyada 4000 kilovoltamper gücündə transformator, eleqaz açarları olan 35 kilovoltluq 1 hücrə və 10 kilovoltluq 10 hücrə quraşdırılmış, ərazidə idarəetmə mərkəzi üçün bina tikilmişdir. Burada energetiklərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Yarımstansiyada elektrik enerjisi itkisinin azaldılmasına imkan verən statik kondensator batereyaları qoyulmuşdur. Yaradılan şərait rayonun elektrik şəbəkəsinin güc qəbul etmə və paylama qabiliyyətini də xeyli artırmışdır.

Yarımstansiyanın avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə qəza hallarını müşahidə etmək, onun harada baş verdiyini müəyyənləşdirmək və tezliklə aradan qaldırılmasına nail olmaq mümkündür. Bu da, ilk növbədə şəbəkədən açılmaların və digər problemlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Xalq qəzeti.- 2013.- 22 oktyabr.- S. 5.