SALYAN: yüksək dövlət qayğısı sosial-iqtisadi inkişafa güclü təkan verir

 

Azərbaycanda növbəti böyük siyasi hadisə - prezident seçkiləri başa çatdı. Azərbaycan Prezidenti İlham Əliyev xalqın böyük səs çoxluğu ilə yenidən dövlət başçısı seçildi. MSK-nın bununla bağlı qərarı respublikanın Konstitusiya Məhkəməsi tərəfindən də təsdiq edildiPrezident İlham Əliyev növbəti dəfə xalq qarşısında and içdi.

Hazırda bütün ölkədə müzakirə edilən əsas məsələ yenə prezident seçkiləridir. Əslində, seçkinin nəticələri xalqın mövqeyini və gözləntilərini tam əks etdirir və indiyədək dövlət başçısı vəzifəsində gördüyü dəyərli işlərə görə ölkə əhalisinin böyük etimadını qazanmış İlham Əliyevin yenidən dövlət başçısı postuna seçilməsi hamının ürəyindəndir. Təbii ki, İlham Əliyevin 10 illik fəaliyyəti, bu illər ərzində görülmüş nəhəng işlər, ölkədə sosial-iqtisadi sahədə böyük inkişafa nail olunması xalqın dövlət başçısına etimadını şərtləndirən mühüm amillərdir. Biz bu fikirlərlə bu günlərdə Azərbaycanın inkişaf edən rayonlarından biri olan Salyanda olarkən və burada yaşayan sadə, zəhmətkeş insanlarla söhbət edərkən bir daha qarşılaşdıq. Məlum oldu ki, əməksevər, rayonun abadlaşması, inkişafı üçün var gücləri ilə çalışan salyanlılar da, bütün Azərbaycan vətəndaşları kimi, ölkədə keçirilmiş sonuncu prezident seçkilərinin nəticələrindən razı qalıblar. Səbəb də qurucu, yaradıcı, müxtəlif dövlət proqramları və rəngarəng layihələr vasitəsilə ölkədə böyük sıçrayışa imza atmış Prezident İlham Əliyevin haqlı olaraq yenidən xalqın etimadını qazanmasıdır. Salyan camaatı birmənalı əmindir ki, İlham Əliyevdən başqa heç kəs bu miqyasda tərəqqini təmin edə bilməzdi. Onlar inanırlar ki, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişafı davam etdiriləcək, yeni yerləri açılacaq, rayon və kəndlərimiz özlərinin simasını dəyişərək gözəlləşəcək, abadlaşacaq, insanların gün-güzəranı daha da yaxşılaşacaq. Odur ki, söhbətləşdiyimiz salyanlılardan bəzilərinin fikirlərini təqdim edirik.

 

Sabir Əhmədov, Sosialist Əməyi Qəhrəmanı:

 

— Salyanın son illərdə əldə etdiyi nailiyyətləri heç bir dövrlə müqayisə etmək olmaz. Artıq rayonun siması kökündən dəyişib. Mütəşəkkil qaydada aparılan abadlıq-quruculuq işləri nəticəsində rayonun bütün yaşayış massivlərinin sosial- iqtisadi problemləri öz həllini tapır, tarixi nisbətən qədim olan kəndləri özlərinin yar-yaraşığı ilə dünyanın ən müasir kənd və qəsəbələrindən, demək olar ki, seçilmir. Bu gün Salyana yolu düşən hər kəs baş vermiş dəyişikliklər, yeniliklər qarşısında  təəccübünü, heyrətini gizlədə bilməz. Əslində, bu proseslər təkcə Salyanda getmir, bütün ölkə, bütün rayonlar abadlaşır, inkişaf edir. Salyan da o cümlədən.

Özünün memarlıq üslubu ilə ətraf mühitə əzəmət və möhtəşəmlik qatan Heydər Əliyev Mərkəzinin binasını, onun yerləşdiyi parkı, eləcə də bu kimi onlarla təzə binanı seyr edəndə adam cani-dildən, könül rahatlığı ilə dincəlir. Heç şübhəsiz ki, bu cür yaraşıqlı və gözoxşayan sosial obyektlər rayon sakinlərinin də ürəyincədir. Bunu görmək üçün yaxınlaşıb kiminləsə söhbət etməyə, fikir öyrənməyə ehtiyac yoxdur. Sadəcə olaraq, kənardan müşahidə edib böyük maraq və həvəslə bu gözəlliyin tamaşasına dalan salyanlıların üzlərindəki məmnunluğu görmək kifayətdir. Bütün bu gözəlliklər, yeniliklər, xoş gün-güzəran Prezident İlham Əliyevin rayonumuza bəslədiyi böyük məhəbbətin, qayğı və diqqətin, təmənnasız dövlət yardımları ayırmasının nəticəsidir.

Mən qətiyyətlə deyə bilərəm ki, salyanlılar Prezident İlham Əliyevin bütün Azərbaycanın, eləcə də Salyanın sosial-iqtisadi inkişafı üçün göstərdiyi qayğını çox yüksək qiymətləndirirlər və bu qayğıya özlərinin əməli işləri, vətəndaşlıq mövqeləri ilə cavab vermək istəyirlər. Bu gün Salyan insanı ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyi, seçmək və seçilmək hüququndan cəsarətlə bəhrələnməyi özünün vacib borcu hesab edir. Artıq tarixə qovuşmuş prezident seçkiləri də bu cür mühüm əhəmiyyətli tədbirlərdən biridir. Bu seçkilərdə bütövlükdə Azərbaycan xalqı öz iradəsini və qətiyyətini nümayiş etdirərək növbəti beş il üçün inkişaf yolunu müəyyənləşdirdi. Salyanlılar da, təbii ki, bacarıqlı və qətiyyətli Prezidentimiz İlham Əliyevə səs verdi. Çünki İlham Əliyev bu haqqı özünün böyük işləri, xalqa böyük diqqət və qayğısı sayəsində qazanıb.

 

Fərqanə Cəbrayılova, əməkdar müəllim, rayon ziyalısı:

 

Biz də artıq başa çatmış prezident seçkilərində böyük milli təəssübkeşimiz İlham Əliyevə səs verdik. Səsverməyə bütün ailəliklə getdik və hamımız ən layiqli namizədimizin seçilməsi üçün öz hüququmuzdan istifadə etdik. Artıq Prezident İlham Əliyev xalq qarşısında öz müqəddəs andını da içibbiz bundan böyük sevinc duyduq.

İlham Əliyev dövlət başçısı vəzifəsində işlədiyi müddət ərzində Azərbaycanın inkişafı üçün bütün varlığı ilə çalışıb. Bunu görmək lazımdır. Buna layiqli qiymət vermək hər bir vicdanlı vətəndaşın borcudur. Bu gün biz ona səs verməklə Azərbaycanın gələcək inkişafına, sosial-iqtisadi həyatımızın çiçəklənməsinə, dövlətimizin güclənməsinə, ordumuzun qüdrətlənməsinə, insanlarımızın rifah halının yaxşılaşmasına səs vermiş oluruq. Biz Prezidentin qayğı və diqqətini hər gün öz üzərimizdə hiss edirik. Hər dəfə yeni bir istehsal sahəsi işə salınanda, hər bir yeni obyekt istifadəyə veriləndə, müəllimlərin, digər sahələrdə çalışan insanların əmək haqları artırılanda bunu dövlət başçısının birbaşa qayğısı kimi qəbul edirik.

Prezident İlham Əliyev artıq təcrübəli dövlət rəhbəridir. Biz vətəndaşlar əminik ki, qarşıdakı illərdə cənab Prezident daha yaxşı, daha qətiyyətli işlər görəcək, ölkəmizin nailiyyətlərini artıracaq, qalan problemlərimiz də öz həllini tapacaq. Bu böyük və məsuliyyətli işində İlham Əliyevə uğurlar arzulayıram.

 

Həsənağa Əhmədov, əməkdar müəllim, Prezident təqaüdçüsü:

 

– Mən uzun illər təhsil sahəsində işləmiş, gənc nəslin təlim-tərbiyəsinə bacardığım qədər töhfələr vermiş insanam. Bu gün Prezident təqaüdçüsüyəm. Amma vətəndaş olaraq ölkənin ictimai-siyasi həyatından kənarda qalmıram. Keçirilmiş seçkilərdə də fəal iştirak etdim. Öz səsimi ən layiqli namizədə – Prezident İlham Əliyevə verdim. Nə üçün? Çünki İlham Əliyev Azərbaycanın uğurlu rəhbəri kimi öz sözünü demiş, xalqı, dövləti qarşısında öz xidmətlərini göstərmiş layiqli liderdir. Cənab Prezident ölkənin inkişafı üçün, demək olar ki, hər gün nəsə edir, hər gün xalqın bu və digər problemini həll edir. Onu gah bir rayonda hansısa sosial obyektin açılışında, gah başqa rayonda yeni bir yerinin açılışında, gah da hansısa əraziyə çəkilmiş su kəmərinin, yaxud yol infrastrukturunun istifadəyə verilmə mərasimində görürük. İstər paytaxt Bakının, istərsə də regionların sosial-iqtisadi inkişafı ilə bağlı neçə-neçə proqram tərtib olunubicra edilib. Bu və digər sahəyə aid layihələr planlaşdırılıb və həyata keçirilib. Müəllimlərin, tibb işçilərinin əmək haqları dəfələrlə artırılıb. İnanıram ki, cənab Prezident gələcək illərdə bu istiqamətdə addımlarını davam etdirəcək. Ona böyük uğurlar arzulayıram.

 

Rafiq Kərimov, “Tərəqqi” medallı rayon ziyalısı:

 

Bu gün bütün Azərbaycan tikinti-quruculuq meydanına çevrilib. İstənilən bir rayona getsən, neçə-neçə yeni sosial obyektin tikildiyini görərsən. Eyni zamanda, son illərdə abadlıq işlərinə xüsusi diqqət göstərilib. Rayon mərkəzləri tamam yeni sima alıb, gözəlləşib. Bu cür nəcib işlər görən, Vətəni, milləti üçün bu qədər böyük əziyyətlərə qatlaşan bir liderə necə səs verməmək olar?! Yaxud onu da seçməyib kimi seçməliydik?!

 

Nurəddin Nəcəfov, “Salyan Plastik Kütlə Emalı” ASC-nin sədri:

 

Bu gün dünyanın əksər dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərləri, tanınmış ictimai-siyasi xadimləri ölkəmizdə seçkilərin azaddemokratik şəkildə keçirildiyinə görə dövlət başçısının ünvanına təbriklər göndərirlər. Biz, sadə vətəndaşlar hər axşam teleekranlardan bu təbrikləri eşitdikcə ürəklənir, dövlətimizlə, onun layiqli başçısı, Ali Baş Komandanımızla fəxr edirik. Xarici ölkələrin nüfuzlu şəxsləri Azərbaycanla əməkdaşlıqlarının davam etdirilməsində maraqlı olduqlarını aşkar şəkildə söyləyirlər. Bunu eşidən sadə vətəndaşın sabaha ümidləri daha da artır. İnsanlar inanırlar ki, ölkənin sükanı etibarlı əllərdədir.

Mən bir sahibkar, adamı olaraq hörmətli Prezidentimiz İlham Əliyevə gələcək fəaliyyətində uğurlar arzulayıram. Ümid edirəm ki, bütün layihələrini uğurla həyata keçirməyə qadir olan Prezidentimiz bir gün Qarabağ probleminin də həllinə nail olacaq və Azərbaycan layiq olduğu xoşbəxt gələcəyə qovuşacaq.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 22 oktyabr.- S. 6.