Gəncədə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsi”nin təqdimatı keçirilmişdir

 

Gəncədə Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsi”nin ictimai təqdimatı keçirilmişdir.Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin aparatı, regional idarələri və tabeli qurumları, Gəncə Şəhər İcra Hakimiyyəti, bələdiyyələr, yerli təşkilatların nümayəndələri və daşınmaz əmlakla bağlı maraqlı tərəflər iştirak etmişlər.

Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin direktoru Ramiz Quliyev təqdimat mərasimində bildirmişdir ki, layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlak haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Layihənin əsas hədəfi daşınmaz əmlakın kadastrı işlərinin inkişafının təmin edilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsidir. Məlumata görə, “Kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsi” Azərbaycan və Almaniya hökumətləri arasında imzalanmış maliyyə əməkdaşlığı sazişinə əsasən, Almaniyanın KFW Bankının maliyyə dəstəyi ilə həyata keçirilir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev yeni layihənin Gəncə uçun çox əhəmiyyətli olduğunu vurğulamışdır. O, Almaniya hökuməti ilə birgə şəhərdə bir neçə layihənin reallaşdırıldığını diqqətə çatdırmışdır.

Tədbirdə həmçinin Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsini əhatə edən hazırkı layihənin başlıca məqsədləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verilmişdir. İctimai təqdimatda KFW Bankı və icraçı şirkətlərin nümayəndələrinin təqdimatları da keçirilmişdir. Qeyd olunmuşdur ki,  layihə çərçivəsində Gəncə və Şəki şəhərlərinin bütün ərazisinin mükəmməl rəqəmsal kadastr xəritələri və elektron kadastr məlumat bazası yaradılacaqdır. Bu isə Gəncə və Şəki əhalisi üçün özəlləşdirilmiş torpaq sahələri və daşınmaz əmlakdan səmərəli istifadə etmək imkanı yaradacaq, daşınmaz əmlak bazarının inkişafını stimullaşdıracaqdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 22 oktyabr.- S. 7.