Bakıda “Tibb təhsilində islahatlar:
problemlər və nailiyyətlər” mövzusunda
beynəlxalq elmi konfrans
işə başlamışdır
Oktyabrın 21-də Azərbaycan Tibb Universitetində (ATU) “Tibb təhsilində islahatlar: problemlər və nailiyyətlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır.
Azərbaycan, Ukrayna, Niderland, İtaliya, İspaniya, Gürcüstan və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri konfransda ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov tibb təhsili və onun inkişafı ilə bağlı fikirlərini söyləmiş, TEMPUS proqramı çərçivəsində reallaşdırılan layihələrin əhəmiyyətindən danışmışdır.
Akademik Ə.Əmiraslanov respublikamızda tibb təhsilinin iki ali təhsil müəssisəsində Azərbaycan Tibb Universitetində və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində həyata keçirildiyini diqqətə çatdırmışdır.
Dünya ölkələrinin tibb təhsili üzrə təcrübələrinin bu sahənin inkişafında mühüm rolunu vurğulayan rektor, eyni zamanda, Azərbaycan Tibb Universitetində təhsil üzrə səmərəli islahatlar aparıldığını bildirmişdir.
Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Tamilla Əliyeva çıxışında ölkəmizdə təhsil üzrə proqram və layihələrdən bəhs etmişdir.
O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin dünya ölkələrinin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar, o cümlədən tibb ixtisasları üzrə təhsil aldıqlarını diqqətə çatdırmışdır.
TEMPUS layihəsinin Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov reallaşdırılan müvafiq layihələr və onların əhəmiyyətindən bəhs etmişdir.
Azərbaycan Tibb Universiteti tədris hissə müdiri Nəsimi Qasımov ATU-nun inkişaf mərhələləri, fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat vermişdir. Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu xatırladan N.Qasımov ATU-da bu prosesin tələblərinə uyğun həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışmışdır. O, universitetin maddi-texniki bazasının daha da möhkəmləndiyini, təhsildə müasir texnologiyaların tətbiq edildiyini, dünya ölkələri ilə tələbə-təcrübə mübadiləsinin genişləndiyini xatırlatmışdır.
Böyük Britaniyanın Lids Universiteti Tibb Təhsili İnstitutunun direktoru, professor Trudie Roberts müasir dünyada tibb təhsilinin mühüm rolundan bəhs etmiş, fikirlərini bildirmişdir.
Sonra məruzələr dinlənilmiş, seminarlar keçirilmiş, müzakirələr aparılmışdır.
Beynəlxalq konfrans
oktyabrın 23-də başa
çatacaqdır.
Xalq qəzeti.- 2013.- 22 oktyabr.- S. 7.