Xətai rayonu: İnkişaf strategiyası davam edir

 

Paytaxtın Xətai rayonunda 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar  keçirilmiş iclas rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun hesabat məruzəsi ilə başladı.

Natiq əvvəlcə ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan prezident seçkilərinin uğurla başa çatmasından danışaraq qeyd etdi ki, seçkinin nəticələri Azərbaycanın 20 illik strateji inkişaf xəttinin müstəqilliyimizin əbədiləşdirilməsi və dövlətçiliyimizin inkişafında ən doğru yol olduğunu, xalqın bu siyasətə böyük inam bəslədiyini  bir daha təsdiqlədi. Cənab İlham Əliyevin seçkilərdə böyük səs çoxluğu ilə qalib gəlməsinin əsas səbəbi möhtərəm dövlət başçımızın uzun illərin sınağından çıxmış ümummilli lider Heydər Əliyev siyasətinə sadiqliyində və bu siyasəti yaradıcı şəkildə, qətiyyətlə davam etdirərək  saya gəlməyən qələbələrə imza atmasında idi.

Natiq strateji inkişaf xəttinin 2013-cü ilin doqquz ayında da davam edərək, ölkədə sosial- iqtisadi sahədə bir çox  uğurların əldə olunmasına şərait yaratdığını qeyd etdi. Bildirdi ki,  bu il oktyabrın 6-da keçirilən Nazirlər Kabinetinin geniş iclasında Prezident İlham Əliyevin xatırlatdığı kimi, ölkə  iqtisadiyyatı uğurla inkişaf  etmiş, qeyri-neft sektorunda inkişaf yeni templə davam etmiş, sənayeləşmə proqramının layihələrinin icrasına daha çox üstünlük verilmiş, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün sosial proqramların  həyata keçirilməsi, həmişə olduğu kimi,  diqqətdə saxlanılmışdır.

Razim Məmmədov  bildirdi ki, 2013-cü ilin doqquz ayında Xətai rayonunun da iqtisadi göstəriciləri yüksək olmuşdur. Ötən müddətdə rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər təhlil edilərkən müəyyən olunmuşdur ki, rayonda məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafı təmin olunmuş, onlara mütənasib olaraq sosial məsələlər uğurla həll edilmişdir.

Natiq qeyd etdi ki, 2003-cü il oktyabrın 1-dən 2013-cü il oktyabrın 1-nə olan dövr ərzində rayonda 32094, o cümlədən 31888 daimi iş yeri açılmışdır. Hesabat dövründə isə 3402  yeni  iş yeri yaradılmışdır ki, bunun 929 nəfəri yeni yaradılmış müəssisələrin, 696 nəfəri mövcud müəssisələrin, 61 nəfəri, fəaliyyətini bərpa etmiş müəssisələrin, 1716 nəfəri isə fiziki şəxslərin payına düşmüşdür. Bu sadəcə, əhalinin işlə təmin olunması yox, həm də rifah halının durmadan yaxşılaşmasını göstərən arqumentlərdəndir.

R.Məmmədov onu da vurğuladı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün, uzaqgörən, uğurlu sosial-iqtisadi siyasət və müvəffəqiyyətlə  icra olunan layihələr Bakı şəhərinin, eləcə də respublikamızın regionlarının son  illərdə sürətlə müasirləşməsi, inkişaf edərək öz simasını tam dəyişməsi ilə nəticələnmişdir. Bu dəyişiklik Xətai rayonunun da simasına  əhəmiyyətli yeniliklər gətirmişdir. Tikinti və yenidənqurma  işləri bu ilin doqquz ayında çox böyük sürətlə və  uğurla davam etdirilmişdir. Bu müddətdə rayonda xüsusilə “Bakı Ağ şəhər” layihəsinin inşası sürətlə aparılmış, Xocalı prospektindəki İş Mərkəzində, Nobel prospektindəki “Yeni həyat ” yaşayış kompleksində işlər başa çatdırılmışdır.

Ekoloji vəziyyətin yaxşılaşdırılması qarşıda duran mühüm məsələlərdən olduğundan rayonda yaşıllıq sahələrinin genişləndirilməsi üçün ayrıca proqram hazırlanaraq həyata keçirilməyə başlanmışdır.

Hesabat dövründə Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodunun və 1 saylı çörək zavodunun  inşası başa çatdırılmış, müasir üslubda tikilən və ən son avadanlıqlarla təchiz olunan hər iki zavodun, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzinın açılışında  dövlət başçısı şəxsən iştirak etmişdir. Bu gün rayon sakinləri “ASAN xidmət” Mərkəzində 25 hüquqi xidmətdən  istifadə edə bilir,  digər iki qonşu rayonun sakinləri də bütün növ elektron xidmətlərdən yararlanırlar.

Son vaxtlar rayonda yeni böyük bir layihənin - Xocalı prospektində “Xocalı soyqırımı” memorial kompleksinin inşasına da start verilmiş və hazırda inşaat meydançası müvəqqəti olaraq tikinti müddətinə hasara alınmış, tikintiyə başlanması üçün hazırlıq görülür.

 

Növbəti istilik mövsümündə “Azəristiliktəchizat” ASC-nin rayon üzrə fəaliyyət göstərən sahələri tərəfindən binaların məhəllədaxili və zirzəmilərdə aşağı paylama istilik xətlərində əsaslı və cari təmir işləri aparılmış, yeni nasoslar quraşdırılmışdır. 2013-2014-cü illərin payız-qış mövsümündə 500-dən çox yaşayış binasının istiliklə təmin olunması nəzərdə tutulmuşdur.

Hesabat yığıncağında iştirak edən Milli Məclisin deputatları Hüseynbala Mirələmov və Səməd Seyidov da bu ilin doqquz ayında rayonda görülən işlərə münasibət bildirmiş, rayon icra hakimiyyətinin hesabatını qənaətbəxş hesab etmişlər. Natiqlər qeyd etmişlər ki, dünyada davam edən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda sosial iqtisadi inkişaf yüksələn templə inkişaf etmişdir. Bu uğurun kökündə, ilk növbədə, Heydər Əliyev siyasi xətti durur.  Lakin bu strateji xəttə müasir qloballaşma nöqteyi-nəzərindən öz korrektələrini etmiş Prezident cənab İlham Əliyevin 10 illik misilsiz xidmətlərini də xalqımız yetərincə dəyərləndirir. Bu ümumxalq dəyərinin bariz nümunəsini 9 oktyabr prezident seçkilərinin nəticələri bütün çalarları ilə dünyaya nümayiş etdirdi. Xalqımız bu siyasətə davam dedi və cənab İlham Əliyevi yenidən özünə lider seçdi.

Sonra natiqlər Xətai rayonunda görülən işlərdə, eləcə də Prezident seçkisi kimi mühüm siyasi kampaniyada yüksək fəallıq göstərmiş zəhmətkeşlərə öz minnətdarlıqlarını bildirdilər.

Hesabat iclasına yekun vuran icra hakimiyyətinin başçısı R.Məmmədov bütün qüvvələrin qarşıda duran vəzifələrin həyata keçirilməsinə səfərbər edilməsi üçün rayonun müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2013.- 23 oktyabr.- S. 5.