Suraxanı rayonu ilin doqquz ayını uğurla başa vurmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçımızın nitqindən irəli gələn məsələlər Suraxanı Rayon İcra Hakimiyyətində də ətraflı müzakirə olunmuşdur. Rayon icra hakimiyyət yanında Şuranın geniş iclasında rayonun hüquq-mühafizə orqanlarının,  xidmət  sahələrinin, sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə icra hakimiyyətinin inzibati binasının foyesində “Gözəl şəhər-Bakı riqalıların gözü ilə” adlı foto-sərgiyə baxmışlar. Xatırladaq ki, sərgi bu il may ayının 14-də  Suraxanı Rayon İcra Hakimiyyəti ilə Riqa şəhərinin  Şərqi İcra Direksiyası arasında imzalanmış əməkdaşlıq haqqında sazişin yerinə yetirilməsi çərçivəsində reallaşmışdır. Belə ki, cari ilin iyul ayında Riqa şəhərindən iki fotoqraf - ArnisYuris Kalninşlər Bakı şəhərinə səfər edərək ilk dəfə olaraq birgə  “Gözəl şəhər-Bakı riqalıların gözü ilə” adlı foto layihəni reallaşdırmış,  Bakı haqqında foto-sərgi hazırlamışlar. Riqa şəhər Dumasının Şərqi İcra Direksiyası sərgiyə daxil olan 30 foto-şəkli Suraxanı Rayon İcra Hakimiyyətinə hədiyyə olaraq göndərmişdir. Sərgi böyük maraqla qarşılanmışdır.

Rayon icra hakimiyyətinin konfrans zalında davam etdirilən tədbirdə başçı İlqar Abbasov xüsusi vurğulamışdır ki, bu il oktyabr ayının 9-da  Azərbaycanda prezident seçkiləri çox yüksək səviyyədə keçirilmişdir. Seçkilərə hazırlıq dövründə rayonda bütün seçki məntəqələri təmir edilmiş binalarda yerləşdirilmiş, zəruri avadanlıqla təchiz olunmuş, seçicilərin öz iradələrini sərbəst bildirmələri üçün lazım olan hər cür şərait yaradılmışdır.

Suraxanı seçicilərinin mütləq əksəriyyəti ölkədə gedən inkişafın davamını arzuladıqlarını seçki məntəqələrinə gələrək öz seçimlərində ifadə etmişlər. Başçı nitqində  bu böyük qələbə münasibətilə rayon sakinlərini təbrik etmişdir.

İclasda rayon ictimaiyyətinin ölkə başçısı İlham Əliyevə oktyabrın 9-da keçirilən prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə  təbriki səsləndi, dövlət başçısına xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulandı.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, ölkədə 9 ay ərzində qazanılmış nailiyyətlər  Prezident İlham Əliyevin apardığı uğurlu daxilixarici siyasətin nəticəsidir.

Hesabat dövründə Suraxanıda görülən işlərdən danışan rayon rəhbəri bildirmişdir ki, ölkəmizin bütün regionlarında olduğu kimi, burada da ötən dövr ərzində müvafiq proqramların yerinə yetirilməsi işləri uğurla davam etdirilmişdir.

Bu ilin  9 ayında   rayonun   sənaye  müəssisələri  tərəfindən   218,1 milyon, tikintidə 145,3 milyon, nəqliyyatda isə 14,5 milyon manat həcmində görülmüş, əsas kapitala 51,2 milyon manat investisiya yönəldilmiş, pərakəndə ticarət  dövriyyəsi  195,2  milyon  manat  təşkil etmiş,  1580  yeni    yeri yaradılmış, orta aylıq əmək haqqı 582,5 manata çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş 102 tədbirin 44-ü tam icra olunmuş, 48-nin icrasına başlanılmış, başlanılan və başa çatdırılan tədbirlər proqramın 90,20 faizini təşkil etmişdir. Həmin proqramın “Əlavə Tədbirlər Planı”nda nəzərdə tutulmuş 48 tədbirin 4-ü tam icra olunmuş, 7-nin icrasına başlanılmış və onlar proqramın 22,92 faizini təşkil edir.

Rayonun yollarına və məhəllələrə 464,3 min kvadratmetr asfalt örtüyü salınmış, 285 işıq dirəyi, 563 ədəd çilçıraq quraşdırılmış, Bülbülə və Əmircan qəsəbələrində hər biri tutumu 2000 nömrə olan ATS tikilmiş, Hövsan qəsəbəsinin “Bağlar” yaşayış sahəsində tutumu 2000 nömrə olan ATS-in tikintisi davam etdirilmişdir.

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda bərpa və yenidənqurma işləri aparılmış, qoruğunA.Rzayev, S.Bəhlulzadə, Balandin küçələrinin ətrafında geniş miqyaslı abadlıq işləri görülmüşdür. Əmircan qəsəbəsinin S.Bəhlulzadə dairəsindəki park yenidən qurulmuş, Hövsanda istirahət parkının yenidən qurulması və mərkəzi küçədə geniş miqyaslı abadlıq-quruculuq işləri davam etdirilmişdır.

Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda aparılmış rekultivasiya işləri nəticəsində 17 hektardan çox sahə təmizlənmiş, ümumi sahəsi 7,2 hektar olan 86 neft gölməçəsi qurudulmuş, 27 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmişdir.

Zığ və Bülbülə qəsəbələrində, Yeni Günəşli yaşayış sahəsində əvvəllər mövcud olmuş məişət tullantıxanaları təmizlənmiş, “Dədə Qorqud” adlandırılan yaşayış sahəsindəki məişət tullantıxanasının təmizlənməsinə başlanılmışdır.

Rayon təsərrüfatının növbəti payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə reallaşdırmaq məqsədilə başçının sərəncamı ilə rayon qərargahı yaradılmış və həyata keçiriləcək tədbirlər planı təsdiq edilmişdir. Bununla əlaqədar  rayonda bir sira işlər həyata keçirilmişdir.

“Azəristiliktəchizat” ASC tərəfindən qazanxanaistilik məntəqələrində nasos və mühərriklər təmir olunaraq işçi vəziyyətə gətirilmiş, istilik kəmərləri yuyulmuş və təzyiqlə yoxlanmışdır. Məhəllədaxili və aşağıpaylama istilik xətlərinin üzərindəki siyirtmələr təmir edilmiş, müxtəlif diametrli 1546 poqonometr istilik xətti dəyişdirilmişdir.

Dövlət Proqramı çərçivəsində Hövsan qəsəbəsində 3, Qaraçuxur qəsəbəsində 1 istilik qazanxanası tikilmiş, Yeni Günəşli “D” yaşayış sahəsində 2 istilik məntəqəsi modernləşdirilərək qazanxanaya çevrilmiş, müxtəlif diametrli borularla 6879 poqonometr  istilik xətti çəkilmiş, yaşayış binalarının zirzəmisindən keçən istilik xətləri yenidən qurulmuşdur. Tikilən qazanxanaların hesabına bu il istilik alan binaların sayı 40 bina artmışdır.

2013-cü ilin 9 ayı ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 493 ailəyə yeni sosial müavinət,  2166 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən bu dövr ərzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1,08 milyon manat vəsait toplanmış, artım 38 faiz təşkil etmiş, 26728 nəfər təqaüdçüyə xidmət göstərilmiş və 40 milyon manatdan artıq pensiya ödənilmişdir. Hesabat dövründə rayon Məşğulluq Mərkəzinə  735 nəfər müraciət etmiş, 442 nəfər işlə təmin olunmuşdur.

Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında rayon əhalisinə  727 ton məhsul satılmışdır.

Bu ilin 9 ayında rayon icra hakimiyyətinə 3810 vətəndaş müraciəti daxil olmuş, müraciətlərin böyük hissəsi fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması, layihələrin təsdiqi, ilkin hüquqi qeydiyyata alınması, mənzil növbəsinə götürülmə, mənzillə təmin olunma, sukanalizasiya xətlərinin çəkilməsi, yolların asfaltlanması, maddi köməklik göstərilməsi, ünvanlı sosial yardım verilməsi və s. məsələlərlə bağlıdır.

Bu dövr ərzində icra hakimiyyətində 2679 nəfər, o cümlədən RİH başçısı tərəfindən 1107 nəfər vətəndaş qəbul edilmiş, qəsəbələrdə sakinlərlə 34 səyyar görüş-qəbul keçirilmiş, qaldırılan məsələlərin əksəriyyəti müsbət həll olunmuşdur.

Hesabat dövründə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər təşkil olunmuş, görüşlər keçirilmişdir. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 42500 nəfərdən  yuxarı yerlixarici ziyarətçi tanış olmuş, mərkəzin elektron kitabxanasının xidmətindən 10,5 min istifadəçi faydalanmış, burada bu ilin 9 ayında  12 ümumrayon tədbiri keçirilmişdir.

Rayon rəhbəri Prezident İlham Əliyevin 27 iyun 2013-cü il tarixli sərəncamı ilə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Suraxanı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdiri Pənah Səfərova medalı təqdim etdi.

2013-cü ilin 9 ayında rayonda görülmüş işlər barədə film nümayiş etdirildi.

İclasda YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin direktoru Nazim Qafarov,  rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov, 282 saylı tam orta məktəbin direktoru Camal Əlirzayev, rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Səbuhi Zeynalov, 9 sayllı Stomatoloji Poliklinikanın baş həkimi Sənan Əliyev, rayon Su-kanal Departamentinin rəisi Rövşən Kazımov, Suraxanı Qaz İstismar Sahəsinin rəisi Hacı Şahbazov çıxış etmişlər.

Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirmişdir ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq-quruculuq işlərinin aparılması,  kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində də davam etdiriləcək, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 6 oktyabr 2013-cü il tarixli iclasında qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində bütün imkanlar səfərbər olunacaqdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 23 oktyabr.- S. 6.