Yasamal rayonunda abadlıq – quruculuq işləri geniş vüsət alıb

 

Dünən Yasamal Rayon İcra Hakimiyyətində 2013-cü ilin  doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edildi. Doqquz ay ərzində görülmüş işlər barəsində rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev ətraflı məlumat verdi.

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin geniş iclasının keçirildiyini xatırladan məruzəçi  dedi ki, həmin iclasda qazanılan uğurlar barəsində ətraflı məlumat verildi. Sevindirici haldır ki, əldə olunan nailiyyətlərdə Yasamal rayon sakinlərinin də zəhməti var.

Cari ilin doqquz ayı ərzində əldə olunan nailiyyətlərdən söhbət açmazdan əvvəl oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində  cənab İlham Əliyevin  parlaq qələbə qazanması münasibətilə yığıncaq iştirakçılarını təbrik edən İ.Mehdiyev bildirdi ki, xalq öz seçimi ilə bir daha ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu seçkilər təsdiqlədi ki, Azərbaycanda Heydər Əliyev siyasi kursunun alternativi yoxdur.  Hesab edirəm ki, biz doqquz ayın hesabatını oktyabrın 9-da verdik. Məruzəçi qeyd etdi ki, bu qələbə istər respublikamızda, istərsə də rayonumuzda həyata keçirilən dövlət proqramlarının, infrastruktursosial layihələrin, geniş abadlıq-quruculuq işlərinin məntiqi nəticəsidir.

Qeyd  olundu ki, rayonda seckinin mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüşdü. Seçiciləri narahat edən problemlərin öyrənilməsində, onların aradan qaldırılmasında,  eləcə də abadlıq-quruculuq işlərində, seçici fəallığının təmin olunması üçün təbliğat işlərinin aparılmasında çox böyük əmək sərf  olunmuşdu. İctimaiyyət, xüsusən də gənclər arasında məqsədyönlü aparılmış, bu zəruri siyasi kampaniyada iştirak etməyin əhəmiyyəti barədə ətraflı məlumat verilmişdi. Heydər Əliyev Mərkəzinin, ziyalıların, ictimai birliklərin, nüfuzlu şəxslərin və gənclər təşkilatlarının bu işdə rolu xüsusi qeyd olundu.

İ.Mehdiyev diqqətə çatdırdı ki,  seçkilərin nəticələri rayonumuz üçün ürəkaçan oldu. Yasamal rayonunun 136.658 nəfər seçicisindən 91.535 nəfəri, yəni 66,98 faizi səsvermədə iştirak etdi. Seçicilərin 84,73 faizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səs verdi. Xaricdə yaşayan 22.343 nəfər vətəndaşla birlikdə - cəmi 159.001 nəfər seçici olmaqla bu göstəricilər daha yüksəkdir: müvafiq olaraq 68,23 və 85,63 faiz.

Məruzəçi qeyd etdi ki, ölkəmizin digər regionları kimi, Yasamal rayonu da bu ilin 9 ayı ərzində xeyli inkişaf etmiş, abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Bu müddət ərzində  sənaye məhsulunun, rabitə xidmətlərinin və ümumi investisiyadan tikinti-quraşdırma işlərinin həcmi  ötən ilin müvafiq dövrü ilə müqayisədə 106,2 , 119,2 və 132,4 faiz olmuşdur. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 8,9 faiz artaraq 521,5 manata çatmışdır.

Yeni yerlərinin yaradılması da qarşıya qoyulan prioritet məsələlərdən biri olmuşdur. Bu ilin  doqquz ayı ərzində 2655 yeni yeri açılmışdır ki, onlardan 67-si yeni yaradılmış müəssisələrdə, 608-i mövcud və fəaliyyəti bərpa olunmuş müəssisələrdə, 1980-i isə fiziki şəxslərdən ibarət olmuşdur. İşsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə 61 nəfər qadın olmaqla 116 nəfərə işsizlik statusu və müavinət təyin edilmişdir. Aztəminatlı ailələrin sosial müdafiəsinin  gücləndirilməsi istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Əvvəlki illərdə olduğu kimi, geniş miqyaslı abadlıq və yenidənqurma  işləri bu ildavam etdirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün ərazisində quruculuq işləri aparılmış, nümunəvi həyət kampaniyası davam etdirilmişdi.  Əhalinin sosial problemlərinin həlli istiqamətində ölkə Prezidenti tərəfindən verilmiş tapşırıqlar və bu sahədə yaranmış problemlərin həlli daim rayon icra hakimiyyətinin nəzarətində olmuşdur. Bu gün rayonun enerji daşıyıcıları ilə təmin olunmasında heç bir problem yoxdur.

İ.Mehdiyev dedi ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərdən 36-sı icra olunmuş, 17-si icra olunmaqdadır. Rayonun ərazisindəki tam orta məktəblərin hamısı demək olar ki, əsaslı şəkildə təmir olunmuşdur. Bu da ölkə başçısı və Heydər Əliyev Fondunun təhsilin inkişafına xüsusi diqqət ayırmasının bariz nümunəsidir.

Yığıncaqda qeyd edildi ki, vətəndaşların ərizə və şikayətlərinə, müraciətlərinə baxılması  daim diqqət mərkəzində olmuşdur. 2013-cü ilin 9 ayı ərzində rayon icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan 2730 müraciət daxil olmuşdur. Onlardan 1359-u yuxarı dövlət orqanlarından, o cümlədən, 97-si nəzarətlə göndərilmişdir. Daxil olmuş 2530 müraciətə baxılmış, 200 müraciətin isə  baxılma müddəti vardır. 10600 nəfər rayon sakininin iştirakı ilə 15 səyyar qəbul-görüş keçirilmiş, müxtəlif sosial-məişət problemləri  ilə bağlı 188 müraciət bütünlüklə müsbət həll edilmişdir.

İ.Mehdiyev bidirdi ki, həmişə olduğu kimi, rayonumuzun fəalları, ziyalıları və rəhbər işçiləri ictimaiyyətin bütün sağlam qüvvələrini bundan sonra da öz ətrafına səfərbər edəcək, xalqımızın zəfər dolu yürüşündə öz iradəsini ortaya qoyacaqbu müqəddəs işdə üzərilərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

Məruzə ətrafında çıxış edənlər cari ilin doqquz ayında rayonda görülən işləri, xüsusilə oktyabrın 9 - da keçirilmiş prezident seçkilərinin qanun pozuntusu olmadan, mütəşəkkilliklə başa çatmasını yüksək qiymətləndirdilər. Qeyd olundu ki, seçicilər öz layiqli seçimlərini edərək qarşıdakı beş il ərzində də Azərbaycanın gələcək inkişafını, dünya birliyinə sürətli inteqrasiyasını təmin etmişlər.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2013.- 23 oktyabr.- S. 6.