Nizami rayonunda cari ilin doqquz
ayının yekunları təhlil olunmuşdur
Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq bir qədər əvvəl bütün ölkənin ictimai-siyasi həyatı üçün son dərəcə mühüm əhəmiyyət daşıyan prezident seçkilərində seçicilərin mütləq səs çoxluğunu qazanaraq yenidən dövlət başçısı vəzifəsinə seçilən cənab İlham Əliyevi tədbir iştirakçıları adından təbrik etdi, Azərbaycanın sürətli inkişafı naminə gələcək fəaliyyətində ona uğurlar arzuladı. Bildirildi ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn vəzifələr hazırda ölkənin bütün şəhər və rayonlarında geniş müzakirə olunur.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2013-cü ilin doqquz ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə etdi. Natiq Nazirlər Kabinetinin oktyabrın 6-da keçirilmiş iclasında dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu. Qeyd olundu ki, Prezident İlham Əliyev cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda Azərbaycanda sosial vəziyyətin, özəl sektorun, qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının və digər bütün sahələr üzrə istehsalın yüksəlməsini və inkişafını təhlil edərək bu sahələrdə nəzərəçarpacaq inkişafın baş verdiyini bildirmişdir. Dövlət başçısı ölkədə sosial proqramların uğurla icra olunduğunu vurğulayaraq cari ilin doqquz ayında makroiqtisadi vəziyyətin də sabit qaldığını diqqətə çatdırmışdır.
Ölkəmizin dinamik inkişafının təmin olunmasında Nizami rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi bildirdi ki, 2013-cü ilin doqquz ayında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 308,2 milyon manat dəyərində məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 5,8 faiz çoxdur. İstehsal olunmuş ümumi məhsulun 35,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Qeyd olundu ki, rayon üzrə ötən ilin eyni dövrü ilə müqayisədə beton, gips və sement məmulatlarının istehsalı iki dəfə, zeytun yağı istehsalı 44,9 faiz, kakao yağı istehsalı 46,2 faiz, sərinləşdirici iski istehsalı 7,7 faiz, süd məmulatlarının istehsalı 2,7 faiz, duz istehsalı isə 26,7 faiz coxdur. Bu artımda rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, “Neftqaztikinti” Tresti, “NJT-2000” firması, “Bakı Yağ Qida Fabriki” MMC, “Körpü Tunel” ASC, “Azərtunelmetrotikinti” SC-nin DBK zavodu, “Şərab-1” ASC” və “Ulduz” fabriki kimi müəssisələrin müstəsna rolu olmuşdur.
Natiq bildirdi ki, bazar münasibətlərinin düzgün qurulması nəticəsində cari ilin yanvar-sentyabr aylarında istehlakçılara 315 milyon manatlıq məhsul göndərilmiş, müəssisələrin anbarlarında qalan hazır məhsulun dəyəri isə 2,4 milyon manat təşkil etmişdir. İlin əvvəlindən rayon üzrə 389,4 milyon manatlıq podrat işlərinin görüldüyünü diqqətə çatdıran G. İsrafilova bildirdi ki, ötən doqquz ayda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 141,9 milyon manat həcmində investisiya yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 57,2 faiz çoxdur. Həmin vəsaitin 134,8 milyon manatı və ya 95 faizi dövlət, 7,1 milyon manatı və ya 5 faizi qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. İlin ötən doqquz ayı ərzində istifadə edilmiş investisiyaların 91,5 milyon manatı (64,5 faizi) tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.
Məruzəçi həmçinin bildirdi ki, ötən doqquz ayda rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 13 faiz artaraq 1 milyard 154,9 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 174,9 milyon manat təşkil etmişdir. Hesabat dövründə rayonun ictimai iaşə müəssisələrində əhaliyə 18,6 milyon manatlıq xidmət göstərilmişdir. İlin əvvəlindən özəl müəssisələrin fəaliyyət dairəsinin xeyli genişləndiyini diqqətə çatdıran G. İsrafilova onu da bildirdi ki, yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin, demək olar ki, 100 faizi, pullu xidmətlərin isə 81,6 faizi məhz bu müəssisələr hesabına əldə edilmişdir. Bu ilin doqquz ayında Nizami rayonu üzrə əhaliyə 79,2 milyon manat dəyərində rabitə və 51,7 milyon manatlıq nəqliyyat xidmətləri göstərilmişdir ki, bu da 2012-ci ilin eyni dövründəkindən müvafiq olaraq 2,2 dəfə və 11,7 faiz çoxdur.
Bildirildi ki, 2013-cü ilin yanvar-sentyabr aylarında rayon üzrə yaradılmış 1483 iş yerinin 307-si yeni açılmış müəssisələrin, 71-i mövcud müəssisə və təşkilatların, 1105-i isə fiziki şəxslərin payına düşmüşdür. Bütövlükdə son on ildə Nizami rayonunda 22947 yeni iş yeri açılmışdır ki, bunun da 22817-si daimidir. Hesabat dövründə rayon üzrə orta aylıq əmək haqqı 436,4 manat təşkil etmişdir. Məruzəçi rayonda həyata keçirilən tədbirlərin sosial sahədə müsbət dəyişikliklərə səbəb olduğunu diqqətə çatdırmaqla yanaşı, qeyd etdi ki, dövlət başçısı tərəfindən imzalanmış “Sosial xidmətlər haqqında” qanunun tətbiqi ilə əlaqədar olaraq Nizami rayonunda mühüm işlər görülmüş, 3352 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, pensiya, müavinət və sosial yardımlar vaxtlı-vaxtında ödənilmişdir. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1 milyon 933,2 min manat vəsait toplanmış, 693 nəfərə pensiya təyinatı aparılmışdır.
2013-cü ilin doqquz ayı ərzində elektrik enerjisi, istilik, qaz və içməli su təchizatı sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verən natiq, həmçinin hesabat dövrünün rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olduğunu qiqqətə çatdırdı, bu sahədə əldə olunmuş uğurları sadaladı.
Məruzə ətrafında çıxış edən digər natiqlər rəhbərlik etdikləri təsərrüfat sahələri üzrə həyata keçirilmiş konkret tədbirlərdən, eləcə də növbəti payız-qış mövsümünə hazırlıq işlərinin mövcud vəziyyətindən və qarşıda duran vəzifələrdən söhbət açdılar.
Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 23 oktyabr.- S. 6.