Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin Azərbaycanın
bir sıra informasiya
agentliklərinə müsahibəsi dərc ediləndən sonra publisistin
düşüncələri
2013-cü ilin prezident seçkiləri tədricən tarixə çevrilir. Buna müvafiq olaraq həmin tarixin əsas subyektləri, yəni, prezidentliyə namizədlər yerlərini politoloqlara, sosioloqlara, ekspertlərə, bir sözlə, seçki kampaniyasının kəmiyyət və keyfiyyət parametrlərini təhlil etməli və müvafiq nəticələr çıxarmalı olan adamlara verirlər.
Seçkiqabağı təşviqat üçün ayrılmış üç həftə müddətində mən Masallı rayonunun, demək olar ki, bütün kəndlərində oldum, seçicilərlə görüşdüm, camaatla söhbət etdim. Məni ən çox sevindirən bu oldu ki, Prezident İlham Əliyevin fəaliyyətinin nəticələri bu rayonun hətta ən ucqar kəndlərində də görünürdü: burada tikilmiş məktəblər və xəstəxanalar, çəkilmiş yollar, qaz və elektrik xətləri, Masallıda Muğan düzünün kəndlərinə təmiz içməli su xətti çəkilməsi üzrə həyata keçirilən genişmiqyaslı layihə, çayçılığın dirçəldilməsi - bütün bunlar və bir sıra başqa məqamlar yerli əhalidə yüksək təşəbbüskarlıq və səmimi minnətdarlıq hissləri doğurur. Axı xalqımız bu gün artıq təcrübəli, praqmatik xalqdır, onu bəlağətli sözlər və vədlərlə aldada bilməzsən. Ona əməli işlər göstərməlisən. Son on ildə ölkənin abadlaşdırılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə real quruculuq işləri çox olub, lap çox. Buna görə də Yeni Azərbaycan Partiyasının namizədinin qələbəsi tamamilə gözlənilən və proqnozlaşdırılan hadisə oldu. Bu, sağlam düşüncənin qələbəsi, xalqın belə bir əsas suala dəqiq cavabı idi: biz bundan sonra necə və hansı yolla irəliləməliyik?
2013-cü ilin seçkiqabağı kampaniyasında dramatik intriqalar olmadı, çünki fəaliyyətdə olan Prezidentin rəqibləri prinsipcə heç bir yeni fikir ifadə edə bilmədilər, ümumi sözlərlə kifayətləndilər. Birləşmiş müxalifətin nümayəndələri isə bircə nəfər də olsa problemsiz namizəd irəli sürə bilmədilər: məlum oldu ki, onlardan birinin ikili vətəndaşlığı, digərinin əlillik barədə ya saxta, ya da həqiqi arayışı varmış. Müxalifətçilərin bütün səylərinə baxmayaraq, onlar xalqı heç cür inandıra bilmədilər ki, “biz gəlsək, işləriniz yaxşı olacaq”. Nəticədə, 9 oktyabr İlham Əliyevin elə ilk turda inamlı qələbəsi günü oldu.
Həmin gün mən respublika paytaxtında onlarca seçki məntəqəsində oldum. Həmin məntəqələrdə gördüyüm sakit, işgüzar şərait, vurnuxma və əsəbiliyin olmaması, ən başlıcası isə seçicilərin görünməmiş fəallığı məni heyran etdi. Bu cür fəallığı yalnız bir dəfə - 1993-cü ilin avqust ayında Elçibəyə etimadsızlıq məsələsi haqqında referendumda görmüşdüm.
Seçki məntəqələrinin çoxunda adamlar səsvermə bülleteni almaq üçün növbəyə dayanmışdılar. Onlar ötən illər ərzində, həqiqətən xalqın liderinə çevrilə bilmiş insana səs verməyə gəldiklərini gizlətmirdilər.
Bir sözlə, Azərbaycan cəmiyyəti heç bir məcburiyyət, təzyiq olmadan yeganə düzgün seçim etdi, sabitliyə, dövlətin siyasi və iqtisadi kursunun varisliyinə səs verdi. Yerli və xarici müşahidəçilərin böyük əksəriyyətinin fikrincə, 2013-cü il seçkiləri müstəqil Azərbaycanın tarixində ən yaxşı seçkilərdən biri oldu. Buna görə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, habelə ABŞ Dövlət Departamentinin rəyi qanqaraldan və ədalətsiz dissonans kimi səsləndi. Yeri gəlmişkən, bu strukturlar məhz bizim ölkəyə münasibətdə həmişə qərəzli mövqe tutmuş, bizə “qapazaltı uşaqlar” kimi baxaraq, özlərindən müəyyən məsafədə saxlayıblar. Amma hiss etməyiblər ki, Azərbaycan ötən 20 il ərzində böyüyüb güclü, özünə və öz imkanlarına güvənən, daha ona yuxarıdan aşağı baxmağa, onunla amiranə və mentor tonda danışmağa imkan verməyəcək bir ölkəyə çevrilib.
Biz həmin rəylərə rəsmi cavab gözləyirdik və bu cavab Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdən gəldi. Onun cavabı bizim dövlətimizlə, həqiqətən, sivil münasibətlər qurmaq istəyənlər tərəfindən ən böyük diqqətə və müvafiq nəticələr çıxarılmasına layiqdir.
Yəqin ki, əvvəllər seçkilərdən sonra heç vaxt bu cür açıq və sərt bəyanat verilməmişdi. Administrasiya rəhbərinin bəyanatı rəsmi Bakının rəsmi mövqeyidir və bu mövqe özünün açıqlığı, prinsipiallığı ilə məni heyran etdi. Bütün suallara ətraflı cavab verilib, hər şey yerbəyer edilib.
Ramiz Mehdiyev bəyan edib ki, “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi qərəzli xarakter daşıyır və ciddi düşünməyə əsas verir... Biz prezident seçkilərinə ABŞ Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən verilən qiyməti əsla qəbul etmirik və bunu həmin iki rəsmi struktur tərəfindən son dərəcə biabırçı fakt, qərəzli və riyakar münasibət hesab edirik”.
R.Mehdiyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ilkin hesabatına daxil edilmiş qondarma “faktları” təhlil edərək bu nəticəyə gəlir ki, həmin “faktlar” “Milli Şura”nın nümayəndələri tərəfindən canfəşanlıqla yayılan uydurma və yalanların, demək olar ki, sözbəsöz təkrarıdır. Akademik R.Mehdiyevin sözlərinə görə, ən maraqlısı budur ki, həmin struktur Azərbaycanda seçkilər barəsində mənfi rəy verməyə əvvəlcədən hazırlanmışdı.
Seçkilərdə kütləvi pozuntular və saxtalaşdırmalar barədə danışarkən heç bir konkret misal göstərməyən “Milli Şura” üzvlərindən fərqli olaraq Ramiz Mehdiyev öz müsahibəsində ATƏT-in bədnam Bürosundan olan Avropa demokratiya təəssübkeşlərinin “obyektivliyini” tam əks etdirən sensasiyalı faktlar göstərir. Əvvəla, məlum olmuşdur ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatının layihəsi bu qurumun Varşava ofisində əvvəlcədən hazırlanmış və Azərbaycan Prezidenti Administrasiyası seçkilərdən bir neçə gün əvvəl həmin layihə ilə tanış olmaq imkanı əldə etmişdir. İkincisi, Ağ Ev rəsmiləri bizə “dostcasına” məsləhət görmüşdülər ki, seçicilərin 25 faizinin səsini “Milli Şura”nın nümayəndəsinə verək, qalan 74-75 faizini isə özümüzə saxlayaq. Yəni, səslərin nisbəti belə olarsa, ABŞ Dövlət Departamentinin rəyi balanslaşdırılmış olacaqdır.
Akademik R.Mehdiyev istehza ilə deyir: “Məntiqə görə, əgər biz bu məsləhətə əməl etməsək, bütün digər hallarda onların rəyi mənfi olacaqdır... Belə çıxır ki, biz şəffaf, ədalətli seçkilər deyil, saxta seçkilər keçirməli idik. Özü də bu halda bizim tərəfdaşlarımızın arzusu ilə prezidentliyə müəyyən namizədlərə uydurma faizlər yazmalı idik”.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müsahibəsində göstərilən bu və digər inkaredilməz faktlar qlobal internet şəbəkələrini sözün hərfi mənasında partlatdı, nəticədə, bu cür ağlasığmaz məsləhətin səbəbkarı yöndəmsiz şəkildə özünü təmizə çıxarmağa və müdafiə olunmağa məcbur oldu.
Ramiz Mehdiyev deyir: “Son illərdə ölkəmiz daim açıqlıq nümayiş etdirmiş, demokratik islahatlar keçirilməsi sahəsində dialoqdan, əməkdaşlıqdan heç vaxt çəkinməmişdir. Bu istiqamətdə Azərbaycan heyrətamiz dərəcədə böyük irəliləyişə nail olmuşdur”.
Lakin Avropada və okeanın o tayında demokratik dəyərlərin keşiyində dayananlar son illərdə Azərbaycanın siyasi və sosial-iqtisadi həyatının, demək olar ki, bütün sahələrində baş vermiş müsbət dəyişiklikləri nümayişkaranə şəkildə görməzliyə vururlar. Onlar “qibtə doğuracaq” inadkarlıqla yenə deyirlər ki, bizim ölkədə insan hüquqları pozulur. Bu yerdə, istər-istəməz, soruşmalı olursan: bəs hakimlər kimdir?
Gizli deyildir ki, Avropanın özündə demokratik və ümumbəşəri dəyərlər sarıdan heç də hər şey yaxşı deyil - islamofobiya dalğası Qərbi cənginə alıb, tez-tez irqçilik, dini dözümsüzlük halları təzahür edir, tanınmış siyasətçilər multikulturalizmin iflasa uğramasından bəhs edirlər. Son vaxtlar Köhnə Dünya ölkələri okeanın o tayındakı tərəfdaşlarının mövqeyi ilə dinməzcə razılaşırlar, o isə özü-özünə planetin müxtəlif nöqtələrində milyonlarla insanın taleyini həll etmək hüququnu verir. Beləliklə, həmin ölkələr inqilabların ixracını, Yaxın və Orta Şərq ölkələrində zorakılıq və vətəndaş müharibəsi təhdidlərini faktiki olaraq bəyənirlər. ABŞ-da insan hüquqlarına riayət edilməsi sarıdan vəziyyət heç də yaxşı deyil, çünki bu dövlətdə insanın ən fundamental hüququ - yaşamaq hüququ, az qala, hər gün pozulur. Ramiz Mehdiyev öz müsahibəsində media strukturlarının informasiya əldə etmək və yaymaq azadlığı hüquqlarının kütləvi şəkildə pozulmasına dəlalət edən çoxlu inandırıcı faktlar göstərir.
Ümumiyyətlə, həm öz vətəndaşlarının, həm də əcnəbi vətəndaşların, hətta suveren dövlətlərin prezidentlərinin də total izlənməsini təşkil etmiş Mərkəzi Kəşfiyyat İdarəsinin qəribə iş metodları barədə dünyaya məlumat vermiş Edvard Snoudendən və bir sıra başqa cəsarətli adamlardan sonra Yer kürəsində Amerika demokratik azadlıqlar və dəyərlər sisteminə etimad nəzərəçarpacaq dərəcədə azalmışdır. ABŞ Prezidenti Barak Obamanın 2013-cü il sentyabrın 10-da millətə müraciətində öz dövlətinin müstəsna olmasını bəyan edərək “liderlik yükü çox vaxt ağır olur, lakin bizim bu yükü daşımağımız sayəsində dünya daha yaxşı olmuşdur” deməsi isə ən yaxşı halda təbəssüm doğura bilər. Ən pis halda isə Adolf Hitlerin nitqləri ilə assosiasiya oyadır. Ötən əsrin 30-cu illərində o da arilərin müstəsnalığı və dünyanın gələcək nizamında Almaniyanın xüsusi rolu barədə nitqləri ilə öz millətini hipnoz edirdi. Onun nitqlərinin nə ilə nəticələnməsi çox yaxşı məlumdur. Sonradan Almaniya uzun onilliklər boyu öz xalqını “milli əzəmət maniyası” adlandırıla biləcək xəstəlikdən müalicə etməli oldu.
İnsan hüquqlarına riayət edilməsi məsələsinə gəldikdə isə beynəlxalq hüquq müdafiə təşkilatlarının nümayəndələrinin fikrincə, ABŞ-da məhbusların uzun müddət təkadamlıq kameralarda saxlanması, ölüm cəzası, yaxud “terrorizmə qarşı mübarizə” ilə bağlı bir sıra ciddi problemlər yetərincədir.
Akademik R.Mehdiyev belə bir ritorik sual verir: “Yaxşı olmazdımı ki, Amerika hökuməti əvvəlcə öz evində qayda yaratsın, sonra isə başqa dövlətlərin necə yaşamalı olduqlarını onlara öyrətsin”?
Prezident Administrasiyası rəhbərinin müsahibəsi və onun qətiyyətli mövqeyi müxalifət dairələrində qızğın diskussiyalara səbəb olub. Məsələn, politoloq Hikmət Hacızadə demişdir ki, biz özümüzü yeniyetmələr kimi aparırıq və böyük dövlətlərlə bu cür danışmaq olmaz.
Qəribə məntiqdir: belə çıxır ki, onlar faktları cəzasız şəkildə təhrif edə bilərlər, açıq-aşkar uydurma, hətta saxtalaşdırılmış bəyanatlar dərc edə bilərlər, bizi qəbahət etmiş məktəblilər kimi danlaya bilərlər. Onlar tamamilə şüurlu şəkildə seçim etmiş, nadir milli həmrəylik və siyasi yetkinlik nümayiş etdirmiş, oktyabrın 9-da pozucu qüvvələr tərəfindən ən cüzi təhriklərə belə uymamış 3 milyon seçicinin fikrinə məhəl qoymaya bilərlər. Belə çıxır ki, onlar nə istəsələr edə bilərlər, biz isə hətta bu ittihamlara heç cavab da verməməliyik.
Bu nə deməkdir: sizə olar, bizə yox? Sizin tərifli demokratiyanız budurmu? Sizin demokratik dəyərləriniz budurmu?
Əgər belədirsə,
bir qrup gənc jurnalistin prezidentə ünvanlanmış
açıq məktubunda
Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı formatında dialoqun davam etdirilməsinin zəruriliyinə
şübhə bildirilməsini
başa düşmək
olar. Doğrudan da, əgər Avropanın aparıcı dövlətlərinin rəhbərləri
hələ macal tapıb bizim Prezidenti qanuni qələbəsi münasibətilə
təbrik etməyiblərsə
və faktiki olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun simasında bu qələbənin legitimliyinə şübhə
ediblərsə, onda Avropa sammitinə getməyə dəyərmi?
Əgər ölkəmizə münasibətdə əvvəlki
kimi ikili standartlar təzahür edirsə, əgər Qərb Dağlıq Qarabağ problemini həll etməyə cəhd göstərmək
üçün əsla
səy göstərmədən
təcavüzkarı dinməzcə
təşviq edirsə,
dialoqu davam etdirməyə dəyərmi?
Akademik R.Mehdiyev deyir: “Son illərdə ölkəmizdə
demokratik mənəviyyat
nəzərəçarpacaq dərəcədə möhkəmlənmişdir
və bu, bizim gerçəkliyin çox mühüm aspektidir. Fikir verin: Azərbaycan dövlətinin başçısı
ictimai, sosial-iqtisadi sahələrdə şəffaflıq
şəraiti yaradılmasını
nə qədər vacib hesab edir!
Bu şəffaflıq insanlarla rəsmi orqanlar arasında münasibətlərin formatını
dəyişmək, münasibətlərdə
etimadı təmin etmək üçün çox vacibdir.
Beynəlxalq əlaqələr praktikasında etimad insanlar arasında münasibətlərdə olduğu kimi vacib substansiyadır. Buna görə də müəyyən tərəflər etimaddan sui-istifadə etməyə, uzun illər boyu formalaşmış münasibətləri lüzumsuz sınaqlara məruz qoymağa başlayanda tərəfdaşlığı mürəkkəbləşdirən problemlər yaranır”.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müsahibəsi özünə və haqlı olmasına güvənən bir insanın mövqeyidir. Bu, təkcə rəsmi Bakının mövqeyi deyildir. Bu gün Azərbaycan cəmiyyətinin sağlam düşüncəli hissəsinin əksəriyyəti hörmətli Ramiz Mehdiyevin fikrinə şərikdir. Biz çox tolerant millətik, biz qonaqpərvər, xeyirxah və xoşməramlıyıq. Lakin bizim ürəyiaçıqlığımızdan başqalarının sui-istifadə etmələrinə imkan verdiyimiz vaxtlar artıq keçib. Akademik R.Mehdiyevin çox sərrast şəkildə dediyi kimi, amiranə tərzdə bizim nə üçün kiminsə göstərdiyi ssenari üzrə yaşamadığımızı irad tutmaq cəhdlərinin mənası yoxdur.
Mənim fikrimcə, 2013-cü il prezident seçkilərinin başlıca optimist yekunu məhz bundan ibarətdir.
Elmira AXUNDOVA,
Milli Məclisin deputatı,
əməkdar journalist
Xalq qəzeti.- 2013.-
24 oktyabr.- S. 3.