Azərbaycan
yaxın illərdə regionun əsas alternativ enerji
istehsalçısına çevriləcək
Son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsini prioritet elan edən Azərbaycan Respublikası elektrik enerjisi istehsalı sahəsində də son dərəcə ciddi irəliləyişlərə nail olmuşdur. Özünün daxili tələbatını tamamilə yerli istehsal hesabına təmin edən Azərbaycan artıq həm də regionun enerji ixrac edən ölkəsinə çevrilmişdir. Ən əsası isə ölkəmiz artıq dünyanın alternativ və bərpa olunan elektrik enerji istehsal edən ölkələrinin sırasına daxil olmuşdur.
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dünən Qobustan şəhərindəki Qobustan Hibrid Stansiyasında jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bu və digər məsələlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, cari ilin may ayından elektrik enerjisi istehsalına başlayan bu stansiyada ötən günədək 1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək “Azərenerji”yə təhvil verilmişdir. Bundan əlavə, mərkəzin daxili tələbatına 75 min kilovat-saatdan artıq elektrik enerjisi sərf olunmuşdur. Bütövlükdə isə ötən müddətdə poliqonda 689 min 585 kilovat-saat günəş və 489 min 426 kilovat-saat külək enerjisi istehsal olunmuşdur.
Rəhbərlik etdiyi agentliyin yaranma tarixi, məqsəd və vəzifələri barədə danışan A. Bədəlov bildirdi ki, müasir dünyamızın qlobal inkişaf meyillərini, çağırışlarını vaxtında və uzaqgörənliklə dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il oktyabrın 21-də özünün şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Azərbaycanda alternativ enerji strategiyasının dövlət başçısı İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayan natiq Dövlət Proqramının məqsəd və vəzifələri barədə məlumat verdi.
Qeyd olundu ki, proqramdan irəli gələn vəzifələrin ardıcıl və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə dövlət başçımız 2009-cu ildə əvvəlcə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini, 2012-ci ildə Dövlət Şirkətini, cari il fevralın 1-də isə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini yaratmışdır. Agentlik alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
A.Bədəlov bildirdi ki, qısa müddət keçməsinə baxmayaraq, günəş və külək enerjisindən elektrik enerjisi almaq məqsədilə ölkəmizdə böyük işlər görülmüşdür. Belə ki, 2011-ci il sentyabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” istismara verilmişdir. Bunun dünyada ilk hibrid stansiya olduğunu diqqətə çatdıran natiq bildirdi ki, 38 hektar ərazisi olan mərkəzdə 2,7 MVt gücündə külək və 1,8 MVt gücündə günəş elektrik stansiyaları, eləcə də 0.6 MVt gücündə bioqaz stansiyası fəaliyyətə başlamışdır. Alternativ enerjinin külək, günəş və bioqaz vasitəsilə əldə edilməsi ilə poliqon ərazisində hər birinin gücü 0,9 meqavat təşkil edən üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılmışdır.
İdarəetmə mərkəzində yaradılmış laboratoriyada poliqonda istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. Təlim və tədris kurslarının təşkili üçün iki tədris mərkəzi yaradılmışdır. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Həmçinin, ölkədə ilk ölçü-müşahidə stansiyası Qobustandakı mərkəzdə yaradılmışdır. Alternativ və bərpa olunan enerji resurslarının potensialının öyrənilməsi, elektron kadastrların hazırlanması və daimi dəqiqləşdirilməsi məqsədilə ölkə ərazisində 21 ədəd stasionar və səyyar ölçü müşahidə stansiyaları qurulmuşdur.
Ölkəmizdə alternativ enerjisi istehsalı sahəsinin gələcək inkişaf perspektivləri barədə məlumat verən natiq bildirdi ki, yaxın illərdə 10 rayonda hibrid stansiyaların quraşdırılması və enerjinin ötürülməsi üçün daxili şəbəkələrin yaradılması nəzərdə tutulur. Bütövlükdə isə ölkəmizdə alternativ eneji istehsalı sahəsinin inkişafı üçün müvafiq qanun yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə veriləcək. Yaxın vaxtlarda Qobustan şəhərinin, gələcəkdə isə bütün rayon ərazisinin burada istehsal olunan alternativ enerji ilə təmin ediləcəyini diqqətə çatdıran natiq qeyd etdi ki, eksperimental poliqonu və tədris mərkəzində “Ağıllı şəbəkə”nin yaradılması işlərinə başlanılmışdır. Bu sistem ölkənin regionlarında yerləşən ABOEM üzrə enerji stansiyalarının iş rejimlərinin avtomatik idarə edilməsinə imkan yaradacaqdır.
Azərbaycan Respublikasının “İqlim Dəyişmələri haqqında” Çərçivə Konvensiyasını, Kioto protokolunu ratifikasiya etdiyini, Təmiz İnkişaf Mexanizmi çərçivəsində hökumətimizin müvafiq sənədlərə qoşulmasını bildirən A. Bədəlov dedi ki, ölkəmiz bir mənbədən enerji asılılığının azaldılması, enerji təhlükəsizliyi və enerji səmərəliliyi məsələlərinin həll edilməsi, həmçinin vahid enerji siyasətinin hazırlanması və ətraf mühitə vurulan ziyanın aşağı salınması məqsədilə “20-20-20” direktivinə də tərəfdar çıxmışdır. Həmin direktivin tələblərinə əsasən 2020-ci ilə qədər Avropa İttifaqı ölkələrində ABOEM-dən istifadə etməklə enerji istehlakının payının 20 faizə çatdırılması, enerji səmərəliliyinin 20 faiz artırılması və istixana qazlarının emissiyasının 1990-cı il səviyyəsindən 20 faiz azaldılması öhdəlikləri müəyyən olunmuşdur. Bundan əlavə, Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə üzv qəbul edilmiş, beynəlxalq qurumlarla işgüzar əlaqələr qurulmuşdur.
Tədbirdə iştirak edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov alternativ elektrik enerjisi istehsal edən bu poliqonun rayon ərazisində yerləşməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Qeyd olundu ki, stansiya rayon əhalisinin elektrik enerjisinə olan tələbatının ödənilməsinə mühüm töhfə verməklə yanaşı, gələcəkdə kənd təsərrüfatının sürətli inkişafını da təmin edəcəkdir. Aqrar sahənin inkişafı isə öz növbəsində poliqonu lazım olan biokütlə ilə təmin etməyə imkan yaradacaq. İcra hakimiyyətinin başçısı, həmçinin rayonda həyata keçirilən sosial infrastruktur layihələrinə görə ölkə Prezidenti İlham Əliyevə sakinlər adından dərin təşəkkürünü bildirdi.
Sonra kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran suallara cavab verildi. Jurnalistlər poliqonla, burada enerji istehsalı və ötürülməsi prosesi ilə tanış oldular.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 24 oktyabr.- S. 4