Xalqımızın uğurlu seçimi ölkəmizin davamlı inkişafını təmin edəcək

 

Bu ilin 9 oktyabr prezident seçkiləri ölkəmizi dinamik inkişaf yoluna çıxaran Heydər Əliyev siyasi kursunun  alternativsizliyini bir daha sübuta yetirdi. Azad, demokratik və şəffaf şəraitdə keçirilmiş, seçicilərin yüksək mütəşəkkilliyi ilə müşayiət olunmuş bu seçkilər Azərbaycanın demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açdı.

Cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqı bir daha Heydər Əliyev siyasi kursunun təntənəsinə, sülhə, sabitliyə, tərəqqiyə səs verdi,  ulu öndərin əsasını qoyduğu milli dövlətçilik ənənələrinə sadiqliyini bir daha nümayiş etdirdi.

Hələ 2003-cü ilin 31 oktyabrında Vətənə və xalqa sədaqət andı içərək prezident səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı İlham Əliyev ötən 10 ildə respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirməklə davamlı tərəqqini təmin etmiş, sosialyönümlü inkişaf strategiyasını reallaşdırmışdır. Cənab İlham Əliyev oktyabrın 9-da prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciətində demişdir: “On il bundan əvvəl - 2003-cü ildə xalqa elan etmişdim və bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Son on il ərzində bu siyasətə sadiq qalaraq Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz dönməzdir, sarsılmazdır. Bu illər ərzində müstəqil siyasətimiz istənilən sahədə özünü göstərmişdir. Biz öz milli maraqlarımızı lazımi səviyyədə müdafiə edə bilərik, müdafiə edirik, edəcəyik”.

Ötən illərin reallıqları dövlət başçısının verdiyi vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısı qısa zaman kəsiyində cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə xalqda qəti əminlik yaratmış, əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə əsaslı zəmin formalaşdırmışdır.

Dövlət başçısı 10 il ərzində regionların tarazlı və davamlı inkişafı, infrastrukturun inkişafı, yeni yerlərinin açılması, sosialyönümlü tədbirlərin genişləndirilməsi, bir sözlə, vətəndaşların firavan yaşayışının təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.

Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə son 10 ildə dünyanın lider dövlətləri sırasında yer almış ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkə iqtisadiyyatı 3 dəfədən çox artmış, onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır.

Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan artıq yeni yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın “yuxarı orta gəlirli” ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Dünya İqtisadi Forumunun (Davos Forumu) ənənəvi “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatına görə, Azərbaycanın dünyanın 148 ölkəsi arasında 39-cu yerdə qərarlaşması, ötən ilə nisbətən mövqeyində 7 pillə irəliləməsi respublikamızda biznes mühitinin liberallaşdırılması tədbirlərinin səmərəli nəticələr verdiyini bir daha təsdiqləyir. Davos Forumunun rəqabətqabiliyyətliyi ölkənin və onun institutlarının ortamüddətli perspektivdə iqtisadi artım templərini reallaşdırmaq qabiliyyəti kimi xarakterizə edir. Respublikamızın son 2 ildə bu göstərici üzrə 16 pillə irəliləməsi ölkədə özəl sektorun inkişafına yönəlmiş təşkilati-institusional və qanunverici tədbirlərin nəticəsidir. Xatırladaq ki, forumun hələ 2006-2007-ci illər üzrə hesabatında Azərbaycan 74-cü yerdə qərarlaşmışdı.

Ümumdünya İqtisadi Forumunun (ÜİF) bir müddət əvvəl açıqladığı “İnsan Kapitalı İndeksi” (Human Capital Index) üzrə ilk reytinq cədvəlində respublikamız əksər region ölkələrini qabaqlayaraq 64-cü yerdə qərarlaşmışdır. 122 ölkənin yer aldığı reytinq cədvəlində təhsil, səhiyyə, əlverişli sosial mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluq kimi parametrlər nəzərə alınmaqla ölkələrin uzunmüddətli iqtisadi potensialının maksimal inkişaf imkanları qiymətləndirilmişdir. Azərbaycan təhsil səviyyəsinə görə, 71-ci, əlverişli sosial mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluğa görə 55-ci yeri tutmuşdur.

Prezident İlham Əliyev ötən 10 ildə ulu öndər Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna yönəldilmiş müstəqillik siyasətini qətiyyətlə həyata keçirmişdir. Onun rəhbərliyi altında ölkədə iqtisadi islahatlar sürətləndirilmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Bu da Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsinə xidmət etmişdir. Möhtərəm İlham Əliyevin dərindən düşünülmüş daxili islahatları və ölçülüb-biçilmiş xarici siyasəti sayəsində hazırda Azərbaycan dinamik inkişaf edən ölkədir.

Xalqımız əmindir ki, növbəti beş ildə də Prezident  İlham Əliyevin  rəhbərliyi altında ölkəmiz ictimai-siyasi həyatın bütün sahələrində növbəti uğurlara imza atacaq, daha da güclü Azərbaycan qurulacaqbu dövlətdə hər bir vətəndaş bundan sonra da sülh, əmin-amanlıq və sabitlik şəraitində rahat yaşayacaqdır.

 

Xeyrulla HÜMBƏTOV,

 

Yeni Azərbaycan Partiyası  “Azərbaycan Dəmir Yolları”  QSC ərazi ilk partiya təşkilatının sədri

 

Xalq qəzeti.- 2013.- 24 oktyabr.- S. 5.