Ağdaş: inkişaf davamlı və sürətlidir

 

2013-cü ilin ötən ayları ərzində sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri bir daha göstərir ki, Ağdaşda inkişaf və yüksəliş dinamik  xarakter daşıyır, bütün sahələri əhatə edir. Bütün bunlar barədə bu günlərdə rayonda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ətraflı danışılmış, əldə edilmiş nəticələr ümumiləşdirilmişdir.

İstər hesabat məruzəsində, istərsə də çıxışlarda qeyd edildiyi kimi, Ağdaşın daha sürətli inkişafı, daha iri hədəflər hələ qarşıdadır. Yeri gəlmişkən, elə burada bəzi fakt və göstəriciləri bir daha yada salmaq istəyirik. İlin doqquz ayı ərzində həyata keçirilmiş əsaslı tədbirlər nəticəsində rayonda ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı 4,7 faiz, sənaye istehsalı 4,3 faiz, kənd təsərrüfatı məhsulu 9,3 faiz artmışdır. 2013-cü ilin doqquz ayında rayonda 370-i daimi olmaqla 1630 yeni yeri yaradılmışdır.

Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində büdcə gəlirləri artmış, bu da rayon büdcəsindən maliyyələşən tədbirlərə yönəldilmiş vəsaitin çoxalmasına səbəb olmuşdur. Məsələn, 2013-cü il üçün rayon büdcəsi 20 milyon 151,8 min manat, başqa sözlə desək, 2012-ci il büdcəsindən 2 milyon 582,7 min manat çox təsdiq edilmişdir. Hesabat dövründə abadlıq-quruculuq sahəsində aparılan tədbirlər daha da sürətləndirilmiş, əhalinin kommunal xidmətlərlə normal təmin olunması sahəsində məqsədyönlü işlər görülmüşdür.

Ağdaş şəhərində yeni inzibati mərkəzin yaradılması, orada Heydər Əliyev Mərkəzinin, “Bayraq” meydanının, rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Yanğından Mühafizə İdarəsi üçün yeni inzibati binaların tikintisi davam etdirilmişdir. Bundan başqa, yeni yaradılmış inzibati mərkəzin yaxınlığında bütün yardımçı və xidmət sahələri olan yeni məscidin tikintisinə başlanmışdır.

Ölkə Prezidenti İlham Əliyevin 2012-ci ilin dekabr ayında təsdiq etdiyi Ağdaş şəhərinin ərazisinin genişləndirilməsi barədə sənədə uyğun olaraq, şəhər ərazisinə daxil edilən yaşayış məntəqələrinin də normal kommunal xidmətlərlə təmin edilməsi üçün lazımı tədbirlər görülməkdədir. 20 minə yaxın əhalinin və 12 yaşayış məntəqəsinin istifadə etdiyi 34 kilometr uzunluğunda Ləki-Pirəzə-Xınaxlı kənd avtomobil yolunun əsaslı təmirinə başlanmış, 18,1 kilometr hissəsinə asfalt vurulmuş, digər hissəsində isə işlər davam etdirilir.

Hesabat dövründə rayonda digər sosial obyektlərdən – Qolqəti və Ərəbocaq kəndlərində həkim məntəqələri istifadəyə verilmiş, Tofiqi kəndindəki həkim məntəqəsinin tikintisi isə başa çatmışdır. Qəribli, Şordəhnə, Qaradağlı, Çardam, Kotanarx, Eymur kəndlirəndə 180 yerlik, Qaroğlan kəndində 80 yerlik məktəb binaları tikilmişdir. Ağdaş şəhərindəki 11 nömrəli uşaq bağçası əsaslı təmir edilib istifadəyə verilmişdir. 1 saylı uşaq bağçası üçün 55 yerlik yeni bağça binasının tikintisi davam etdirilmiş, TofiqiAralbir kəndlərinin hər birində 220 yerlik Qarağan-Şıxlar, Qülbəndə və Ərəbşəki kəndlərinin hər birində isə 180 yerlik məktəb binalarının tikintisinə başlanmışdır.

Əhalinin elektrik enerjisinə və təbii qaza təminatını yaxşılaşdırmaq məqsədilə təmir işləri davam etdirilmiş, 72,5 kilometr uzunluğunda elektrik xətti əsaslı və cari təmir olunmuşdur. Kükəl kəndi ərazisində tikintisinə 2010-cu ildə başlanmış 220/110 kilovotluq Ağdaş regional elektrik yarımstansiyasında tikinti işləri davam etdirilmişdir. Hesabat dövründə Ağdaş şəhərinin Ləki qəsəbəsinin küçələrində və digər kəndlərdə müxtəlif ölçülü qaz xətləri yenisi ilə əvəz olunmuşdur. Tofiqi, Əmirmahmud, Qarağan-Saat, Bəylik, Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz verilməsi üçün 989 ədəd yeni sayğac quraşdırılmışdır. Ümumiyyətlə, ilin əvvəlindən rayonun Tofiqi, Əmirmahmud, Qarağan-Saat, Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz verilmişdir.

Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üzrə tenderin qalibi omuş Türkiyənin “ALKE” şirkəti ötən il layihənin əsas hissəsinin icrasına başlamışdır. Cari ilin ötən ayları ərzində işlər sürətlə davam etdirilmişdir. Bundan başqa, Ağdaş şəhərinin ərazisinin genişləndirilməsi ilə əlaqədar  olaraq, şəhər ərazisinə qatılmış yaşayış məntəqələrinin də su-kanalizasiya xidmətləri ilə təmin edilməsi üçün yeni layihə işlənilir. “Orelayşirniyyat istehsalı müəssisənin yeni istehsal sexi, beton istehsalı zavodu istifadəyə verilmiş, qarışıq yem istehsalı müəssisəsində tikinti işləri davam etdirilmişdir. Bu  mövsümdə 16274 hektardan 43452,6 ton taxıl istehsal olunmuşdur. Bitkiçilik məhsulları istehsalının artırılması üçün aqrar bölmədə çalışanlara güzəştli qiymətlərlə 302,6 ton gübrə satılmışdır. Kənd təsərrüfatı məhsullarına görə istehsalçılara dövlət yardımının verilməsi təmin edilmişdir.

Rayonun Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin tikintisi  başa çatdırılmışdır. Kompleksə Macarıstandan 400 baş yerli şəraitə nisbətən uyğun ətlik və südlük istiqamətli mal-qara gətirilmişdir. Hesabat dövründə rayon ərazisində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə 1000 hektar sahədə Biyan yetişdirilməsi və istehsalı müəssisəsinin yaradılmasına başlanmışdır.

Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmışdır. Sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, intizam və tələbkarlıq artırılmışdır. Ali məktəblərə sənəd vermiş 512 şagirddən 243-ü tələbə adını qazanmışdır. Bu da əvvəlki ilə nisbətən 16 nəfər çoxdur.

İstər hesabat məruzəsində, istərsə də təhsil şöbəsinin müdiri Lütvi Paşayevin, Mərkəzi Xəstəxananın baş həkimi Nuru Nuriyevin, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Coşqun Qasımovun və başqalarının çıxışlarında belə bir yekdil fikir ifadə olunmuşdur ki, ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində Ağdaş rayonu öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Böyük uğurlar, uca zirvələr hələ qabaqdadır.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 24 oktyabr.- S. 6.