Astara: inamı gücləndirən
amillər çoxdur
Ölkəmizin “cənub qapısı” sayılan Astaraya qədəm qoyan hər bir qonaq bu diyarın təbii gözəlliklərinə, eləcə də insan əlləri ilə yaradılan əsrarəngiz aləmə heyran qalır. Azərbaycan haqqında ilkin müsbət təsəvvürün yaradılması baxımından bu, xüsusilə vacibdir.
Cari ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş şura iclası Astara rayonunda qazanılan uğurlara baxış kimi səciyyələndirilə bilər. Tədbirdə qeyd edilmişdir ki, regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər uğurla icra olunmuş, Prezidenti İlham Əliyevin respublikanın bütün rayonlarına, o cümlədən Astara rayonuna ardıcıl səfərləri, mühüm əhəmiyyətli sosial obyektlərin açılışında şəxsən iştirak etməsi, ictimaiyyət nümayəndələri ilə görüşləri sakinlərin hədsiz sevincinə və qurub-yaratmaq əzminin xeyli artmasına səbəb olmuşdur.
Astaraya səfərindən sonra Prezident İlham Əliyev müvafiq sərəncamlarla rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 2 milyon manat və 12 min əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə də ilkin olaraq 2 milyon manat ayırmışdır. Ümumiyyətlə, dövlət başçısı qısa müddətdə imzaladığı sərəncamlarla rayona 20 milyon manata yaxın vəsait ayırmışdır. Bu vəsaitlə şəhər, qəsəbə və kəndlərimiz abadlaşdırılmış, kəndləri birləşdirən yollar asfaltlaşdırılmış, yaşayış məntəqələrinin qazlaşdırılması təmin edilmiş, mühüm sosial obyektlər tikilib əhalinin istifadəsinə verilmişdir. Görülən işlər əhalinin sosial-məişət, maddi-rifah halının, ümumilikdə onların güzəranının daha da yaxşılaşmasında mühüm rol oynamışdır.
Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, prezident seçkilərində seçicilər daha yüksək siyasi fəallıq göstərərək xalqımızı xoşbəxt gələcəyə, inkişafa, tərəqqiyə aparan ən layiqli namizədə – cənab İlham Əliyevə bir daha ümumxalq məhəbbətini ifadə etmiş, yekdilliklə ona səs vermişlər.
Şura iclasında qeyd olunmuşdur ki, rayonda 2013-cü ilin doqquz ayında sosial-iqtisadi sahədə də nəticələr uğurlu olmuşdur. Xüsusilə, tikinti-quruculuq və yol-abadlıq işlərinin aparılması diqqətdə saxlanılmışdır.
2013-cü ilin astaralılar üçün ən əlamətdar və uğurlu olmasına möhtərəm Prezidentimiz İlham Əliyevin “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” imzaladığı 15 iyul 2013-cü il tarixli sərəncamı xüsusilə böyük təkan vermişdir. Bu sərəncamla 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının asfaltlaşdırılması üçün 3,3 milyon manat vəsait ayrılmışdır. Qısa müddət ərzində həmin yaşayış məntəqələrini əhatə edən 17,5 kilometr yolun asfaltlaşdırılması başa çatdırılmışdır.
Möhtərəm Prezidentimizin sentyabrın 4-də həmin yolun açılışında şəxsən iştirak etməsi rayon ictimaiyyətini hədsiz fərəhləndirmişdir. Dövlət başçısı rayona səfəri zamanı ümummilli lider Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda aparılmış abadlıq quruculuq işləri ilə tanış olmuşdur. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun, rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin, Sərhədçilər üçün tikilən 6 mərtəbəli yaşayış evinin və Ərçivan qəsəbəsində “Astara Boks Kompleksi”nin açılışlarında iştirak etmiş, son dövrdə rayonda görülən işlərdən razılığını bildirmişdir.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirmişdir ki, doqquz ay ərzində rayonda abadlıq və quruculuq işləri daha geniş vüsət almışdır. Qəsəbə və kəndlərdə də yeniləşmə meylləri güclənmişdir.
Telman, Sağlazüzə, Motlayataq Şuvi, Vaqo, Siyaku, Hamoşam, Rudəkənar və Asxanakəran, kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Suparibağ, Əzərud və Anboba kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.
Lovayın su anbarının əsaslı təmiri, və Ərçivan qəsəbəsində boks idman kompleksinin tikintisi və yeni parkın salınması başa çatdırılmışdır.
2013-cü ilin 9 ayında əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə 1539 evin qazlaşdırılması həyata keçirilmişdir. Ümumi sayı 680 ev olmaqla Şuvi, Sərək, Vəznəş kəndləri qazlaşdırılmışdır. 800 nəfərdən çox abonenti olan Şahağacı kəndinin qaz təchizatı başa çatmışdır. Digər yaşayış məntəqələrində qazlaşdırma davam edir. Astara şəhərinin və Ərçivan qəsəbəsinin qaz şəbəkəsi yenidən qurulur. Siyaku kəndindən Pensər kəndinə qədər 4,5 kilometr uzunluğunda xətt polietilen boru ilə əvəz olunmuşdur.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində də uğurlar qazanılmışdır. Çay plantasiyalarından, tərəvəz, taxıl, kartof sahələrindən bol məhsul yığılmışdır. Bu il 379 ton buğda, 42 min 634 ton tərəvəz, 10 min 664 ton kartof, 343 ton yaşıl çay yarpağı, 674 ton çəltik istehsal edilmişdir.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində müsbət tendensiya duyulur. Şəhər, qəsəbə və kəndlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük maraq doğurmuş və razılıqla qarşılanmışdır. Dağlıq ərazidə yerləşən yaşayış məntəqələrində keçirilən səyyar qəbul və görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlər qısa müddətdə həllini tapmışdır.
2013-cü ilin 9 ayında rayon icra hakimiyyətində 1103 ərizə və şikayət qeydə alınmış, keçən ilin müvafiq dövrü ilə müqayisədə 64 müraciət azalmışdır. Bu müddətdə 32 səyyar qəbul keçirilmiş, müraciətlər əsasında qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll edilmişdir.
Şura iclasında DSMF-nun Astara rayon şöbəsinin müdir əvəzi Elbrus Abbasov, rayon Telekommunikasiya Qovşağının müdiri Ələkbər Həmzəyev, Ərçivan qəsəbə ərazi nümayəndəsi Azad Əzizov, Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Azad Hüseynov, Hamoşam ərazi nümayəndəsi Səlahəddin Əliyev çıxış etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev şura iclasına yekun vuraraq qeyd etmişdir ki, görülən işlərlə yanaşı, qarşıda həlli vacib olan bir çox məsələlər də durur. Elektrik xətt təsərrüfatının yenidən qurulması, qazlaşdırılmamış dağətəyi və dağlıq yaşayış məntəqələrinin qazlaşdırılması, şəhər, qəsəbə və kəndlərinin içməli su ilə təminatı, Astara şəhərinin kanalizasiya sisteminin qurulması, şəhər, qəsəbə və kəndlərdə ara yolların asfaltlaşdırılması, təhsil, səhiyyə və mədəniyyət, istirahət parkı, idman obyektlərin tikintisi və əsaslı təmiri, eləcə də digər məsələlərin icrası ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Tədbirin ümumi ruhundan doğan əsas nəticə budur ki, bütün ölkədə olduğu kimi, Astarada da adamların daha gözəl güzərana, daha firavan həyata inamını gücləndirən amillər yetərli qədərdir və rayon sakinləri qazanılan uğurları fədakar əməkləri ilə daha da möhkəmləndirmək əzmindədirlər.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 24 oktyabr.- S. 6.