Xalqın böyük iradəsinin işığında

 

Ölkəmizdə azad və demokratik şəkildə yüksək səviyyədə prezident seçkilərinin keçirilməsi Azərbaycanın  ictimai-siyasi həyatının böyük uğurla başa çatan nailiyyətidir. Seçki xalqımızın Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə ürəkdən etimad göstərməsinin, ötən on il ərzində ölkədə cəmiyyət həyatının  bütün sahələrində aparılmış məqsədyönlü islahatların qanunauyğun nəticəsi olan möhtəşəm dəyişikliklərə, nəhəng quruculuq proseslərinə verdiyi yüksək qiymətin real ifadəsidir.

Bu seçki birmənalı şəkildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş möhkəm sabitliyə və gələcək inkişafa inamı dolğun şəkildə  ifadə edir. 9 oktyabr 2013-cü il seçkisi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bəslənilən böyük ümumxalq etimadının və etibarının da təntənəsidir. Prezident İlham Əliyev Azərbaycan xalqının sarsılmaz iradəsinin, inamının  işığında növbəti beşillik üçün  genişmiqyaslı fəaliyyətə başlamışdır.

Ölkəmizin rəhbəri İlham Əliyevin  zəngin təcrübəsi, böyük bacarığı və yorulmaz fəaliyyəti bundan sonrakı möhtəşəm inkişafı aydın şəkildə təsəvvür etməyə imkan verir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi yeni epoxanın yüksək tələbləri səviyyəsində, hərtərəfli  şəkildə irəliyə doğru inkişaf etdirməyin nümunəsini göstərir. Artıq hər kəsə yaxşı bəllidir ki, dövlət başçısı İlham Əliyev dünyada XXI əsrin meydana çıxardığı yeni siyasi liderlərdən və dövlət başçılarından biridir ən görkəmlisidir. Prezident İlham Əliyev, sözün həqiqi mənasında, görkəmli dövlət xadimi kimi ölkəsinə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün gündəlik əməli fəaliyyətində uğurla nümayiş etdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir.

Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanılması şərtilə dövlət strukturu böyük sürətlə inkişaf etdirilərək Avropa standartlarına uyğunlaşdırılır, dövlətin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin, bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin bərqərar olması proseslərinə ciddi fikir verilir. Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft gəlirlərinin məqsədyönlü şəkildə idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin siyasətinin əsasında dayanır.  Ötən beş ildə aqrar sahədə  yüksək inkişafın müşahidə olunması qarşıdakı dövrdə hər il, ən azı, on faiz inkişaf tempinin proqnozlaşdırılması  bu sahənin dinamik inkişaf edəcəyi barədə düşünməyə əsas verir.

Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni texnologiyaların meydanının genişləndirilməsi də möhtərəm Prezidentimizin önə çəkdiyi zəruri sahələrdəndir. Ölkə başçısının səyləri ilə Bakı şəhəri möhtəşəm körpülər, abad yollar və çoxsaylı göydələnlər şəhərinə çevrilmişdir. Azərbaycanın regionlarında aşkar görünən hərtərəfli intibahın, sürətli canlanmanın, müasir həyatın bərqərar olması ideyasının memarı və müəllifi respublikamızın Prezidenti İlham Əliyevdir. Bir sözlə, qısa müddətdə, sözün əsl mənasında, möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin prezidentlik fəaliyyətinin xüsusi rolu vardır.

İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir.

Dünya təcrübəsindən görünür ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar. Onların bir çoxunun ampluası praktik rəhbərlikdən başqa, daha heç nəyi əhatə edə, yaxud əks etdirə bilmir. Prezident İlham Əliyev isə bacarıqlı, mükəmməl, qurucu dövlət xadımi olmaqla bir sırada, həm də geniş, qlobal dünyagörüşünə, hərtərəfli analitik təhlil bacarığına, praqmatik baxışlara malik mükəmməl siyasi xadimdir. O, mövcud siyasi reallıqları inkişafda olan ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır. Siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da o, nikbin və realist görünür. Gerçəklik, müdriklik, dərin analitik düşüncə, nikbin, aydın və yetkin məntiqi təfəkkür onun siyasi portretinin əsas cizgiləridir.

Boş vədlərdən, süni populizmdən, keçici görüntüdən uzaq olmaq İlham Əliyevin xarakteridir. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da artıq çoxdandır ki, Prezident İlham Əliyevi böyük siyasətçi, yaxud siyasi idarəetməni həyati proseslərlə bütün incəliklərinə qədər uzlaşdırmaq vəzifələrini məharətlə gerçəkləşdirən kamil siyasi xadim kimi qəbul edir. Ona bir siyasətçi kimi Cənubi Qafqaz və ya ümumiyyətlə, Qafqaz müstəvisində yanaşma mövcud siyasi reallığı qətiyyən ifadə etmir. Fikrimcə, görkəmli yeni siyasi lider kimi İlham Əliyev səviyyə etibarilə possovet məkanının sədlərini və miqyasını  çoxdan aşmışdır.

Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bəyanatlar verdiyi illərdə o, Avropa evi səviyyəsində düşünmək, mesajlar vermək potensialına malik bir siyasətçi kimi dərk olunmuşdu. Prezident kimi İlham Əliyevin siyasi-ideoloji postulatı artıq böyük dövlətlərin rəhbərlərınin, yaxud çoxillik  təcrübəyə malik  siyasi xadimlərin səviyyəsi ilə bir sırada dayanır. O, böyük siyasətdə milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, real gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderdir. Buna görədir ki, İlham Əliyevin siyasi baxışları dərin nəzəri səviyyəsi, aydın məntiqi, fəlsəfi çəkisi və praqmatik xarakteri ilə səciyyələnir.

Möhtərəm Prezidentimizin müxtəlif məqamlardakı nitqləri zamanı müdrikliklə ifadə etdiyi yetkin siyasi tezislər dərin mənalı aforizmlər kimi səslənir.

Böyük siyasətdə aforizm səviyyəsində düşünmək və özünü ifadə etmək yalnız ən təcrübəli, uzun yol keçmiş, çox səviyyəli, böyük məktəb yaratmış siyasətçilərə nəsib ola bilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl siyasətçiyə məxsus olan belə uca məqamı fəth etmək vəzifəsinin öhdəsindən cavan yaşlarında ikən bacarıqla gəlmişdir. İlham Əliyevin siyasi aforizmlərinin böyük siyasətin ibrətamiz dərsləri səviyyəsində ümumiləşməsi onun yetkin, kamil siyasətçi obrazını dolğun şəkildə müəyyən edir.

 Seçki marafonu boyunca dəfələrlə ifadə  edildiyi kimi, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xətlərini azərbaycançılıq, millətlərarası münaqişələrin həlli, neft siyasəti, enerji təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, tolerantlıq fəlsəfəsi, iqtisadiyyatın şaxələndirilmiş inkişafı, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və s. aktual, xüsusi çəkiyə malik məsələlər təşkil edir. Bu məsələlərin hər birinin şərhində və təqdimində İlham Əliyev ustad, müəllim olaraq yüksək professionallıq nümayiş etdirir. Milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir.

Prezident İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın inkişafı naminə aparılan qlobal siyasətdə tamamlanır. Azərbaycançılıq bu böyük və müdrik siyasətin cövhərini, ana xəttini təşkil edir. İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini, irəliyə doğru inkişafın elmi üfüqlərini aydın görən, siyasi müstəvidə yeni istiqamətlər açan, yol göstərən görkəmli dövlət xadimidir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi düşüncəsinin və mühüm idarəetmə məharətinin olması dövlətin normal inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır.

Yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi və vətənpərvərliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

Burada ciddi və mühüm bir nüans da vardır. Böyük və professional bir siyasətçinin dövlət başçısı kimi uğurlu fəaliyyəti təkcə ölkənin və xalqın deyil, geniş mənada elə siyasətin də xeyrinədir. Çünki kamil, yetkin, lokal mənada da, qlobal səviyyədə də faydalı, gərəkli olan böyük siyasət özünüifadə, yaxud özünütəsdiq baxımından real platsdarm, münasib meydan tapa bilməyəndə bəzən mücərrəd, utopik, yaxud havadan asılı olan nəzəri-ideoloji təlim olaraq qalır. Ancaq böyük siyasətçi üçün siyasi fəaliyyət dövlətçilik işinin üzvü tərkib hissəsinə, əsasına, daşıyıcısına çevriləndə daim yeniləşir, təkmilləşir, aşkarlanır, zənginləşir və inkişaf edir. Prezident İlham Əliyevin siyasəti də həm  Azərbaycan məkanında, həm də beynəlxalq müstəvidə konkret məsələlərin, aktual problemlərin həllinə istiqamətləndirilmiş aşkar siyasi fəaliyyət kimi mütəmadi olaraq yeniləşir və zənginləşir. Dövlət başçımızın qəti  siyasi mövqeyi onun ölkəni irəli aparmaq, cəmiyyəti inkişaf etdirmək yollarındakı siyasi iradəsinin real təzahürüdür. Bu mənada inkişafda olan müstəqil Azərbaycanda əldə olunan möhtəşəm nailiyyətlər və beynəlxalq miqyasda ölkə ilə əlaqədar aparılan gündəlik düşünülmüş, məqsədyönlü və ardıcıl iş, əldə olunan zəngin təcrübə tükənməz ideya mənbəyi kimi İlham Əliyev siyasətinin aktuallığını və müasirliyini təmin edir. Beləliklə, dövlət də, Prezidentin siyasəti də ölkəmizlə birlikdə, xalqımızla həmahəng şəkildə daimi inkişafdadır və məmləkətimizə daim böyük uğurlar gətirir.

Dövlət başçısı İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik təliminin, sınaqlardan çıxmış siyasi kursunun layiqli davamçısıdır.

Heydər Əliyev siyasi kursu Azərbaycan dövlətinin ümummilli inkişaf strategiyasının nəzəri-ideoloyi əsasını təşkil edir. Heydər Əliyev təlimi ölkəmizin və xalqımızın dirçəliş və tərəqqi yolunun kompasıdır. Heydər Əliyev fəlsəfəsi Azərbaycan idealının özünütəsdiqinin dialektikasından ibarətdir. Heydər Əliyev yolu-Azərbaycan dövlətinin və xalqının əbədiyyət yoludur. Heydər Əliyev siyasi  kursunu bütün fəlsəfəsi ilə, görünən, bilinən və görünməyən cəhətləri ilə birlikdə mənimsəyib özündə cəmləşdirən, yaradıcı şəkildə inkişaf etdirib həyata keçirməkdə Prezidentimiz İlham Əliyevlə müqayisə edilə biləcək ikinci bir siyasi şəxsiyyət göstərmək çətindir, bəlkə də mümkün deyildir.

Həyatının, mövqeyinin ən müxtəlif məqamlarında Heydər Əliyevin çoxcəhətli fəaliyyətini yaxından izləmək, yaşantılarını dərindən duymaq, siyasi gedişlərinin, necə deyərlər, alt yapısının mahiyyətini öyrənmək baxımından bu böyük şöhrətə malik olan mötəbər ailənin üzvü kimi İlham Əliyevin imkanları hamıdan-hətta ulu öndərin ən yaxın məsləkdaşlarından da təbii surətdə çox olmuşdur. Həm keçmiş sovet rejimi mərhələsində, həm də müstəqillik dövründə İlham Əliyev həmişə görkəmli dövlət xadimi Heydər Əliyevin böyük siyasətinin yaxın əhatəsində olan bir şəxsiyyət kimi mühüm dövlətçilik məktəbi keçmişdir. Böyük siyasi xadim Heydər Əliyevin zamanında İlham Əliyevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl təhsil alması, Kreml mühitində cərəyan edən daxili proseslərdən xəbərdar olması, sonralar Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika Olimpiya Komitəsinin prezidenti, deputat, Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinin rəhbəri, nəyahət, baş nazir kimi məsul vəzifələrdə şərəfli və məsuliyyətli yol keçməsi, mükəmməl həyat təcrübəsi və zəngin siyasi təcrübə qazanması, Avropa dillərində sərbəst və sərrast danışmaq imkanlarına malik olması əvəzedilməz üstünlüklər və nailiyyətlərdir.

Müşahidələr göstərir ki, İlham Əliyev görkəmli dövlət xadimi Heydər  Əliyevin müstəqil dövlətçilik və böyük siyasət akademiyasını, necə deyərlər, fərqlənmə diplomu ilə bitirmişdir. Həyat təsdiqlədi ki, İlham Əliyev ümumilli liderimiz Heydər Əliyevdən aldığı mükəmməl dövlətçilik  təlimini gerçəkləşdirməkdə də hamıdan fərqlənir. Əvvəla, o, Heydər Əliyev siyasi kursuna dərin, birmənalı sədaqətində, ikincisi isə həmin sınaqlardan çıxmış siyasi kursu qətiyyətlə, dönmədən, yaradıcılıqla, ardıcıllıqla, müasirlik işığında həyata keçirməkdə fərqli, üstün imkanlara və böyük potensiala, qeyri-adi enerjiyə və yaxşı mənada qibtə olunacaq istedada malikdir.

Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında, ilk növbədə, dönməz geniş dünyagörüşə, sağlam və aydın məntiqi təfəkkürə malik siyasi lideri görür və yüksək dəyərləndirir.

Qazanılmış ümumxalq rəğbəti seçilmiş və isbat olunmuş siyasi kursun ardıcıllıqla, qətiyyətlə davam etdirilməsi əvvəlki on il ərzində əldə olunmuş nailiyyətlərin, müəyyən olunmuş istiqamətlərin, başlanmış mühüm işlərin, hazırlanmış layihələrin uğurla inkişaf etdirilməsi deməkdir.

Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templə dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr-Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP layihələri, hər gün gözəlləşən və müasirləşən Azərbaycan cəmiyyəti  Heydər Əliyev siyasi kursunun uğurla, yaradıcılıqla davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir. Məhz bütün bunlar Prezident İlham Əliyevin timsalında çətin, sınaqlardan çıxmış inanılmış siyasi kursun ardıcıllıqla və qətiyyətlə davam etdirilməsinin nələrə qadir olduğunun, ölkəmizi hansı səviyyəyə gətirib çatdıra biləcəyinin gerçək təzahürləridir.

Azərbaycan naminə əqidə əsasında formalaşmış İlham Əliyev siyasəti ölkəmizə  beynəlxalq aləmdə də böyük şöhrət qazandırmışdır. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü seçilməsi və dünyanın ən böyük və mötəbər təşkilatının ciddi bir  qurumuna  müəyyən olunmuş müddətdə rəhbərlik  etməsi Prezident İlham Əliyevin apardığı xarici siyasətin əhəmiyyətini, təsir imkanlarını, beynəlxalq aləmdə  tutduğu böyük mövqeyini əyani şəkildə nümayiş etdirir.  Azərbaycan Respublikasının Avropa Şurası, Avropa Birliyi məkanında, o cümlədən YUNESKO səviyyəsində nümayiş etdirdiyi mövqe ölkəmizin böyük Avropa evində normal yer tuta  bildiyini nümayiş etdirir.

Azərbaycanda neft-qaz siyasətinin Avropa siyasətinə uzlaşdırılması və bu prosesdə ölkəmizin maraqlarının əsas kimi  qəbul edilməsi qərbyönlü uğurlu siyasi gedişlərin düzgün məntiqi nəticəsidir. Müasir Azərbaycanda Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya kimi inkişaf etmiş Asiya ölkələri ilə də  əməkdaşlığın  sürətləndirilməsi, Şərq tərəfdaşlığına dair böyük və etibarlı addımların atılması ölkəmizin tam müstəqil siyasət yeritməsini göstərir. Nəticə etibarilə Azərbaycan Şərq üçün də, Qərb üçün də cəlbedici və əhəmiyyətli ölkə olmaq statusu qazanmışdır.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə yeniləşdirən və daha da zənginləşdirən siyasi xadimdir.

Ümummilli liderimiz Heydər Əliyevdən sonrakı tarixi mərhələnin meydana çıxardığı siyasi-ictimai reallıqlar, iqtisadi-hərbi proseslər, ideoloji-etnik problemlər mövcud siyasi kursun işığında hadisələrin və gedişatların yenidən dəyərləndirilməsini tələb etdiyi məqamlarda Prezident İlham Əliyev istənilən məsələyə yaradıcı münasibət bəsləməyi, yeni müstəvidən yanaşmağı müvəffəqiyyətlə həyata keçirir. Bu mənada İlham Əliyev daim inkişafda olan Heydər Əliyevçi siyasi təlimin yaradıcısıdır. İlham Əliyev mövcud siyasi kursun yeni epoxa ilə şərtlənən yeni dövrünün lider səviyyəsində görkəmli təmsilçisidir. İlham Əliyev Azərbaycanın sınanılmış yolu olan Heydər Əliyev yolunun yeni magistrallardakı qüdrətli sükançısıdır. Bütün bunlara görə o, görkəmli dövlət xadimi və böyük siyasi  xadim səviyyəsinə yüksəlmiş, geniş şöhrət və nüfuz qazanmış Prezident məqamına çatmağı bacarmışdır.

 Müasir Azərbaycanın yeni tarixi mərhələdəki yeni həyatı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin konkret əməli  nəticəsidir. Respublikamızda paytaxtımız Bakı ilə yanaşı, regionların böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi hərəkatının başında möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. Bu mənada o, yeni Azərbaycan adlı möhtəşəm əsərin qüdrətli yaradıcısıdır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası və qədim diyarda dövlət başçısının rəhbərliyi ilə Ali Məclisin sədri Vasif Talıbovun həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri ölkənin yüksək inkişaf göstəricilərinin salnaməsində önəmli yer almış pozulmaz naxışlar, parlaq səhifələrdir. Blokada şəraitində yaşamasına baxmayaraq, sürətlə qurulub-tikilən, müasirləşən Naxçıvanın düşmən sərhədində alınmaz qalaya çevrilməsi ölkəmızin ərazi bütövlüyünün qorunub saxlanılması və daha da möhkəmləndirilməsi siyasətinin uğurla gerçəkləşdirilməsindən ibarətdir.

 Beləliklə, İlham Əliyev -  ilk növbədə ümummilli liderimiz Heydər Əliyevin  dövlətçilik təlimi əsasında yetişib formalaşan, meydana çıxan, yetkin, təcrübəli, görkəmli dövlət xadimidir.

İlham Əliyev - analitik düşüncə sahibi kimi dərin məntiqə və aydın təfəkkürə malik olan, siyasi reallıqları nəzəriyyə ilə vəhdətdə ifadə edən mükəmməl siyasi xadimdir. O, XXI əsrin yeni tipli siyasi lideridir. Müstəqil Azərbaycanın yeni həyatının, təzə çağının müəllifi olan  Prezident İlham Əliyev dünyanın yeni reallıqları, beynəlxalq aləmdə gedən müasir proseslər zəminində yeni Azərbaycanın maraqlarının və mənafeyinin müdafiəsi istiqamətində zəngin təcrübəyə, dönməz siyasi iradəyə malikdir.

Xalq amilini, ölkə maraqlarını daim əsas götürən İlham Əliyev yeni mərhələdə Azərbaycan ölkəsinin və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarıdır.

İlham Əliyev yeni siyasi təfəkkürə və yeni, yaradıcı yanaşmalara malik novator dövlət xadimidir.

İlham Əliyev yaxın və uzaq gələcəyi bütün reallıqlarına, incəliklərinə qədər görən və məharətlə proqnozlaşdırmağı bacaran böyük dövlət xadimidir.

Dövlətimizin və xalqımızın bundan sonrakı mərhələlərdə də İlham Əliyev kimi geniş formatda, böyük miqyasda düşünən, xalqına və dövlətinə ürəkdən bağlı olan, yüksək səviyyəli və enerjili dövlət xadiminə ciddi ehtiyacı vardır. Bütövlükdə Qərb və Şərq müstəvisində, xüsusən də Qafqazda gedən  mürəkkəb ictimai-siyasi proseslərdə İlham Əliyevin tutduğu tarazlaşdırılmış mövqe və həyata keçirdiyi müstəqil siyasət dövlətimizi dünya üçün də, regionlar üçün də əhəmiyyətli ölkəyə çevirmişdir. Prezidentimizin müdrik siyasəti Azərbaycanın dünyada və Qafqazdakı hadisələrin həlli baxımından söz sahibi olan dövlətə çevrilməsi ilə nəticələnmişdir. İndi Azərbaycanın yaxından iştirakı, razılığı təmin olunmadan, nəzərə alınmadan Qafqaz regionunda heç bir problemin həllindən danışmaq olmaz. Eyni sözləri Azərbaycanı əhatə edən digər Şərq tipli dövlətlərə, bir çox Avropa ölkələrinə də şamil etmək olar. Belə yüksək imici ölkəmizə Prezident İlham Əliyev qazandırmışdır.

Ölkəmiz və xalqımız prezident seçkilərində yeniləşmiş möhtəşəm Azərbaycan haqqında alınaçıqlığı ilə hesabat vermişdir. Görkəmli dövlət xadimi İlham Əliyevi yenidən ölkə Prezidenti seçmək müstəqil Azərbaycanın xoşbəxt sabahına inamla baxmağın real təminatı deməkdir. Bu, Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, işıqlı, xöşbəxt gələcəyə, möhkəm sabitliyə, daha böyük inkişafa, geniş üfüqlərə hesablanmış seçimdir. Bu seçim hər bir azərbaycanlının reallıqlardan doğan  yekun qənaətidir.

Bəli, SON ON İLDƏ Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində, dünyanın gözü qarşısında, baş vermiş böyük dəyişikliklərin fonunda bundan sonrakı dövrün böyük reallıqları, yeni çağırışları da hər  kəs tərəfindən rahatlıqla qəbul edilir.  Azərbaycanda azad və demokratik şəkildə, xalqın böyük mütəşəkkilliyi şəraitində keçirilmiş prezident seçkilərinə qara yaxmaq istəyən bəzi  xarici qurumların, məkrli  dairələrin  fikirləri  heç bir reallığı ifadə  etmir. Böhtan xarakteri daşıyan, reallıqla heç bir əlaqəsi  olmayan həmin iddiaların daşıyıcıları Azərbaycanda gedən  böyük inkişafdan  şoka düşənlər, nailiyyətlərimizi gözü götürməyənlərdir. Azərbaycan xalqı belələrini çox yaxşı tanıdığı üçün məsuliyyətsiz mülahizələr reaksiya doğura bilmir. Əksinə, prezident seçkiləri xalqla dövlətin birliyini bir daha nümayiş etdirmişdir.

Aydındır ki, müdrik, uzaqgörən xalqımız bu dəfə də bu mühüm, məsuliyyətli  qəti seçiminin böyük bəhrəsini görəcəkdir. Fikrimizcə, indiki seçimin ən  əsas nəticəsi daha güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövləti və daha xoşbəxt həyat şəraiti qazanmaq imkanları əldə edəcək, birlik və bərabərlik nümayiş etdirən Azərbaycan xalqı olacaqdır. Xalqın böyük iradəsinin işığında qələbə ilə başa çatan bu böyük seçimdən dünyada tarazlığın, böyük layihələrin həyata keçirilməsi, tolerantlığın, qarşılıqlı dialoqun qorunub saxlanılması və daha da inkişaf etdirilməsi mənasında Azərbaycanla əməkdaşlıq edən dünyanın hər bir xalqına və ölkəsinə də  böyük pay düşür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni dövrü daha aydın və parlaq görünür.

 

 

İsa HƏBİBBƏYLİ,

 

 Azərbaycan Milli Elmlər Akademiyasının

 

 vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

 

Xalq qəzeti.- 2013.- 25 oktyabr.- S. 5.