Azərbaycan xalqı 9 oktyabrda sabitliyə və dinamik inkişafa səs verdi

 

Ölkəmizdə keçirilən prezident seçkiləri beynəlxalq aləmdə çox yüksək dəyərləndirilir

 

 Müstəqil Azərbaycanın yeni minillikdəki tarixinə daha bir demokratik, ədalətli və şəffaf seçki keçirilməsi həkk olundu. Bu il oktyabrın 9 - da keçirilən prezident  seçkilərində  Azərbaycan xalqı sabitlyə və dinamik inkişafa səs verərək  qarşıdakı beş ildə ölkənin taleyini kimə etibar edəcəyini müəyyənləşdirdi. Yüksək əhval - ruhiyədə keçən prezident  seçkisi geniş Azərbaycan ictimaiyyətinin, həm də beynəlxalq təşkilatların, həmçinin  çox nüfuzlu qurumların müşahidəçilərinin, dünyaca şöhrətli ictimai-siyasi xadimlərin  nəzarəti altında baş tutdu.

Seçicilər   heç bir maneə və təzyiqlə üzləşmədən öz iradələrini sərbəst şəkildə ifadə etdilər və demokratik, şəffaf  keçirilən seçkilərdə Azərbaycanın demokratik proseslərin inkişafına  sadiqliyi bir daha nümayiş olundu. Cənab İlham Əliyev  bu seçkilərdə xalqın böyük etimadını qazanaraq  parlaq qələbə qazandı.

Həm yerli, həm də beynəlxalq müşahidəçilərin rəylərində, habelə keçirilmiş “exit-poll”ların nəticələrində bildirilir ki,  seçkilər insanların yüksək fəallığı, mütəşəkkil şəraitidə keçmişdir.

 Səsvermənin nəticələri də təsdiqləyir ki, budəfəki seçkilərdə seçicilərin mütləq əksəriyyəti öz səsvermə hüququndan istifadə etmişdir. Azərbaycan seçiciləri yüksək fəallıq nümayiş etdirməklə  çox zəruri siyasi kampaniyaya böyük maraq və diqqət göstərdiklərini sübut etdilər. Seçki Məcəlləsinin tələblərinə tam riayət olunmuş, heç bir ciddi qanun pozuntusu  qeydə alınmamışdır.

Onu da qeyd edək ki, builki prezident  seçkilərinə də  beynəlxalq təşkilatlar tərəfindən böyük maraq göstərilmişdir. Ölkəmizdə demokratik seçki keçirilməsi üçün mükəmməl qanunvericilik bazasının olması, seçkilərin demokratik normalara və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün qabaqcadan bütün zəruri  tədbirlərin görülməsi, həmçinin  Azərbaycan vətəndaşlarının seçkilərə göstərdiyi böyük maraq seçkilərin xalqımızın iradəsini ifadə edəcək formada  keçirilməsinə yüksək zəmin yaratmışdır.

Prezident seçkilərini dünyanın 100 ölkəsindən gəlmiş təqribən 1400 beynəlxalq müşahidəçi izləmişdir. Onlar ən  nüfuzlu beynəlxalq təşkilatları təmsil edirdilər. Onların demək olar ki, hamısının yekun rəylərində  seçkilərin şəffaf, mütəşəkkil, seçicilərin öz iradələrini sərbəst ifadə etməsi prinsiplərinə riayət olunması şəraitində keçdiyi bildirirlir.

Təkcə  MDB dövlətlərindən 400-dən çox müşahidəçi və ekspert seçkiləri  izləyirdi. Beynəlxalq Mərkəzçi Demokratlar Təşkilatının Asiya-Sakit okean Konfransını 50-dən çox, Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransını təxminən 20 müşahidəçi, Latın Amerikası və Karib Hövzəsi Dövlətlərinin Siyasi Partiyalarının Daimi Komissiyasını 10 nümayəndə, Türkdilli Dövlətlərin Parlament Assambleyasını 10 müşahidəçi, İslam Əməkdaşlıq Təşkilatını 5 müşahidəçi təmsil edirdi. Seçkiləri müşahidə edənlər arasında Qara dəniz Hövzəsi Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının, Rusiya İctimai Palatasının, onlarca dövlətin mərkəzi seçki komissiyalarının, habelə Asiya  Afrika dövlətlərinin, Bakıda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri var idi. Onların  hamısı prezident seçkilərinin beynəlxalq tələblərə cavab verdiyini bildirirdilər.

Avropa Parlamentinin, Avropa Şurasının nümayəndələri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Parlament Assambleyası missiyalarının əlaqələndiricisi Mişel Vauzen, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Avropa İttifaqının genişlənməsi məsələləri və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, digər səlahiyyətli nümayəndələr Azərbaycanı  demokratik və ədalətli  seçkilər keçirilməsi münasibətilə təbrik etmiş, ölkəmizin demokratik dəyərlərə sadiqliyini xüsusi vurğulamışlar.

Hazırda dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları prezident seçkilərində böyük üstünlüklə qələbə qazanmış ölkə başçısı  İlham Əliyevi təbrik edir, azad və ədalətli seçkilərin nəticəsindən məmnunluqlarını ifadə edirlər. Dövlətimizin başçısını 9 oktyabr seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik edənlər  arasında ABŞ-dan olan konqresmen Çarlz Dent, senator Linda Koleman, Nümayəndələr Partiyasının üzvləri Rodrik Hempton Skott, Lans Quden, Co Dorman, Mark Takai, Hank Zuber, Skott Pelatın və digər nüfuzlu şəxslərin olması seçkilərin  yüksək seçici fəallığı, mütəşəkkil, azad və ədalətli  şəraitdə keçirilməsinin təsdiqi idi. Mən həmin senator  konqresmenlərin bəzilərinin təbriklərini diqqətə çatdırmaq istərdim.

Konqresmen Çarlz Dentin təbrik məktubunda deyilir: “Sizə prezident seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Azərbaycan-ABŞ münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əmin olduğumu bildirir, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Senator Linda Koleman təbrik məktubunda yazır: “Hörmətli Prezident İlham Əliyev, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Sizin rəhbərliyinizlə uğurlu sosial siyasətin aparılmasını, yoxsulluğun aradan qaldırılmasını, 400-dən çox regional səhiyyə müəssisəsinin açılmasını, təhsilin inkişafı sahəsində qazanılan uğurları yüksək qiymətləndirirəm. Cənab Prezident, mənim Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi qəbul edin. Sizə ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram”.

İnamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Nümayəndələr Palatasının üzvü Rodrik Hempton Skott yazır: “Azərbaycan xalqını azad seçimibu demokratik prosesdə qələbəniz münasibətilə Sizi təbrik edirəm. Bu, əlbəttə ki, hər bir siyasi xadimin öz vətəndaşlarından ala biləcəyi ən yüksək qiymətdir. Sizin liderliyiniz altında Azərbaycan ABŞ-ın Avropanın, Asiyanın və Yaxın Şərqin yolayrıcında ən sadiq regional tərəfdaşına çevrilmişdir. Bu məsələdə Sizin böyük xidmətləriniz vardır. ABŞ-Azərbaycan əlaqələri bir sıra istiqamətlər üzrə uğurla inkişaf edirSizin səyləriniz sayəsində bunun davamlı olacağına inanıram. Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram”.

Azərbaycanın ABŞ-ın etibarlı ticarət tərəfdaşı olduğunu bildirən Nümayəndələr Palatasının üzvü Mark Takainin məktubunda deyilir: “Biz amerikalı qanunvericilər Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli roluna görə Sizə təşəkkür edirik. Bu məsələ məhz Sizin Prezidentliyiniz dövründə prioritet xarakter almışdır. “Cənub qaz dəhlizi” üçün əhəmiyyətli olan Trans-AnadoluTrans-Adriatik təbii qaz boru kəmərləri Azərbaycanın təbii ehtiyatlarının strateji əhəmiyyətini təsdiq edir. Bu kəmərlər həm Azərbaycanın rolunu, həm də bizim avropalı müttəfiqlərimizin enerji təhlükəsizliyini gücləndirir. Azərbaycanın inkişafı və yeni təşəbbüslərinizin reallaşması işində Sizə uğurlar arzulayır, seçkilərdəki qələbəniz münasibətilə Sizi bir daha təbrik edirik".

ABŞ kimi qüdrətli bir dövlətin senator və konqresmenlərinin dövlətimizin başçısı İlham Əliyevin siyasi fəaliyyətinə və Azərbaycanda prezident seçkilərinin obyektivdemokratik şəraitdə  keçirilməsinə belə yüksək qiymət vermələri təbii ki, hər bir azərbaycanlı üçün qürurverici haldır.

Prezident seçkilərinin gedişini izləmiş çoxsaylı müşahidəçilərin məlumatları təsdiq edir ki, hazırkı ölkə başçısı İlham Əliyev bu seçkilərdə böyük və inamlı qələbə qazanmışdır. Fakt üçün bir neçə beynəlxalq müşahidəçinin prezident seçkiləri ilə əlaqədar fikirlərini çatdırmaq istərdim.

Bolqarıstan Parlamentinin nümayəndə heyəti adından çıxış edən Hamid Hamid  demişdir ki, Azərbaycanda təşkil olunan prezident seçkiləri şəffaf və demokratik şəraitdə keçmişdir.

Oktyabrın 9-da keçirilən seçkilər onda çox böyük xoş təəssürat yaratmışdır. Bolqarıstanlı deputat demişdir ki, Azərbaycan seçkiləri müşahidə edən beynəlxalq müşahidəçilərə demokratiya dərsi verdi. Müşahidə apardığımız məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlmədik. Həqiqətən də mən bu uğura görə ölkənizi təbrik edirəm.

Fransa Senatının müşahidəçilər missiyasının rəhbəri Natali Qule  bu seçkilərin Azərbaycanın ötən 10 ildə keçdiyi inkişafın göstəricisi və yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir.

Müşahidə missiyalarının beş senatordan ibarət olduğunu qeyd edən  N.Qule deyib  ki, onun rəhbərlik etdiyi müşahidəçilər missiyasında  müxtəlif siyasi partiyalar təmsil olunublar. Onlar apardıqları müşahidələr zamanı hər hansı bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildiriblər.  N.Qule keçirdiyi mətbuat konfransında deyib: “Təxminən 10 il bundan əvvəl mən İlham Əliyevin ilk prezident seçkilərinə qatıldığı vaxt prosesi izləmişdim. Ona görə də deyə bilərəm ki, artıq ölkənizi yaxşı tanıyıram. Bilirəm ki, bəzi müşahidəçilər bu seçkilərlə bağlı mənfi münasibət bildiriblər. Mən bunu onların vicdanına buraxıram”.

Fransalı senatorlar bildiriblər ki, digər müşahidəçilərlə aparılan danışıqlar zamanı onlar da seçkinin normal keçdiyini vurğulayıblar.

N.Qule diqqətə çatdırıb ki, Fransadakı seçkilərlə Azərbaycanda keçirilən seçkilər arasında heç bir fərq hiss edilməyib. Yalnız Fransada keçirilən seçkiləri bu qədər müşahidəçi izləmir. Müşahidə aparılan məntəqələrdə prezidentliyə namizədlərin nümayəndələri də seçki prosesində elə bir qanun pozuntularına rast gəlmədiklərini qeyd ediblər.  Beynəlxalq müşahidəçi deyib ki,hətta ABŞ-dakı seçkilərdə də səslərin sayılmasında və digər  məsələlərdə müəyyən çətinliklər baş verir. Ancaq Azərbaycandakı seçkilərdə ciddi problemlə qarşılaşmadıq.

 GUAM-ın müşahidə missiyası adından qurumun baş katibi Valeri Çeçelaşvili bəyanatla çıxış etmişdir. O demişdir ki, GUAM-ın müşahidəçiləri paytaxt Bakıda və Sumqayıtda 35 məntəqədə səsvermənin gedişini izləmişlər. Missiyanın üzvləri belə bir qənaətə gəlmişlər ki, seçkilər beynəlxalq öhdəliklərə, xüsusən də Avropa Şurasının standartlarına, eləcə də Azərbaycan qanunvericiliyinə uyğun təşkil olunmuşdur. Səsvermə demokratik seçki standartlarına cavab vermişdir. GUAM-ın müşahidə missiyasının seçkilərin nəticələrinə təsir edə biləcək heç bir fakt barədə məlumatı və  ya seçki prosesinə iradı yoxdur.

Müsbət fikir  səsləndilirən faktlar istənilən qədərdir. Beynəlxalq müşahidəçilərin də rəyləri təsdiqləyir ki, seçkilər normal rəqabət mühitində, azad, şəffaf və ədalətli keçmişdir. Məlum olduğu kimi bu mübarizədə ölkə başçısı İlham Əliyev parlaq  qələbə qazanmışdır.

Bu qələbənin kökündə son on ildə Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanın bir sıra informasiya agentliklərinə müsahibəsində Prezident İlham Əliyevin parlaq qələbəsinə münasibət bildirərkən deyib ki, 2013-cü ilin prezident seçkiləri Azərbaycanda demokratiya quruculuğu yolunda irəliyə doğru böyük addım olub.

 Akademik deyib ki, hər şeydən əvvəl xüsusi qeyd etmək istəyirəm ki, prezident seçkiləri yüksək vətəndaşlıq və elektoral fəallıq şəraitində keçmişdir. Kvorumun 72 faizdən çox olması buna birmənalı sübutdur. Praktiki olaraq hər yerdə seçicilərin yüksək iştirakı qeyd edilmişdir:

İnsanlar yerlərdə səs verərkən başa düşürdülər ki, ölkənin gələcəyi, sosial-iqtisadi islahatların sonrakı gedişi, nəhayət bütün dünyada narahatlıq doğuran reallıqlar fonunda Azərbaycan iqtidarının titanik səyləri nəticəsində əldə edilmiş sabitliyin və inkişafın taleyi ilk növbədə onlardan asılıdır. Tam məsuliyyətlə deyə bilərəm ki, 2013-cü ilin prezident seçkiləri demokratiya quruculuğu, Azərbaycanda həqiqətən azad cəmiyyət və hüquqi dövlət yaradılması yolunda irəliyə doğru böyük addım olmuşdur. Səsvermənin gedişini müşahidə edən, seçkilərdə iştirak edən hər kəs ölkənin siyasidemokratik təsisatlarının, Mərkəzi Seçki Komissiyasının, vətəndaş cəmiyyəti strukturlarının seçkilərin ən yüksək standartlara uyğun olması üçün onlardan asılı olan bütün tədbirləri həyata keçirdiklərini yəqin etmək imkanına malik idi. Bu gün fərəhlə qeyd edə bilərik ki, şəffaflıq, demokratiyanın fundamental prinsiplərinə riayət edilməsi seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün lazım olan hər cür şərait yaratmışdır”.

Akademik qeyd etmişdir ki, seçicilərin fəallığı və səsvermənin nəticələri göstərdi ki, respublika vətəndaşlarının böyük əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təklif etdiyi davamlı inkişaf xəttini bütünlüklə dəstəkləyir. Son onillikdə ölkəmizin fundamental sosial-iqtisadi uğurları onun adı ilə ayrılmaz surətdə bağlıdır. Sevindirici haldır ki, Azərbaycanda vətəndaş fəallığı, ictimai, siyasi fəallıq vardır və insanlar optimal seçim etməklə yenilikləri düşünülmüş şəkildə dəstəkləyirlər. Xüsusi qeyd etmək istəyirəm ki, İlham Əliyevə səs verənlərin əksəriyyəti o həmvətənlərimizdir ki, onlar milli dövlətçiliyin ardıcıl surətdə möhkəmlənməsini taleyüklü məsələ hesab edirlər.

 

Xalqın bu seçiminin səbəbinə aydınlıq gətirən akademik Ramiz Mehdiyev demişdir: “Cənubi Qafqazın və postsovet məkanının iqtisadi lideri olan müasir Azərbaycan özünəməxsus sabitlik və firavanlıq adasına çevrilmişdir, müsbət dəyişikliklər həm ölkənin daxili həyatında, həm də regionun sosial-iqtisadi landşaftında müvafiq qaydada əks olunmuşdur. Bütün bunlar sabitliyin qorunub saxlanmasında, məişət şəraitinin və həyat göstəricilərinin yaxşılaşmasında maraqlı olan həmvətənlərimizin əhval-ruhiyyəsinə təsir göstərməyə bilməz.

Son on ildə ölkə əhalisinin real gəlirləri əhəmiyyətli dərəcədə artmış, 1 milyondan çox yeri açılmış, milli iqtisadiyyatın həcmi 3,5 dəfə, ÜDM 10 dəfədən çox artmış, dövlətin qızıl-valyuta ehtiyatları çoxalmış, həyatımızın bütün sahələrində mühüm dəyişikliklər baş vermişdir. Bütün bunlar Azərbaycanın lideri İlham Əliyevin təşəbbüsü ilə başlanmış islahatlar proqramının uğurla həyata keçirilməsi sayəsində mümkün olmuşdur.

Möhtəşəm sosial-iqtisadi dəyişikliklər Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə şərait yaratmışdır. Bu gün ölkəmizi nəinki tanıyırlar, onunla hesablaşırlar, çünki o, beynəlxalq sabitliyin möhkəmlənməsi, tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq koordinatlar sistemində mühüm rol oynayan Cənubi Qafqaz regionunun inteqrasiya potensialının inkişafı üçün az görməmişdir.

Bu reallıqlar fonunda təəccüblü deyildir ki, İlham Əliyev təkcə həmvətənləri arasında deyil, Azərbaycanın hüdudlarından kənarda da böyük nüfuzetimad qazanmışdır. O, Prezident vəzifəsində olduğu on il ərzində dəfələrlə siyasi bəsirət və uzaqgörənlik nümayiş etdirmiş, fəaliyyət qabiliyyətini, kreativliyini, qeyri-standart düşünmək və mürəkkəb məsələləri dəqiq həll etmək bacarığını təsdiqləmişdir. Buna görə də cəsarətlə demək olar ki, ölkə vətəndaşları İlham Əliyevə səs verməklə tərəqqiyə, layiqli həyata, sosial rifaha və aydın gələcəyə səs vermişlər”.

Xalqımız  hər zaman olduğu kimi, bu il oktyabrın 9 - da keçirilən prezident seçkilərində də ümummilli liderin siyasi xəttinə sadiq olduğunubu siyasi kursu layiqincə davam etdirən  Prezident İlham Əliyevə inandığını, güvəndiyini, etimad göstərdiyini, onu hər zaman dəstəklədiyini növbəti dəfə nümayiş etdirdi.

 

 Mirkazım KAZIMOV,

 

Milli Məclisin deputatı,

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

 

Xalq qəzeti.- 2013.- 25 oktyabr.- S. 6.