Seçkidə
Heydər Əliyev siyasi kursunun
qələbə qazanacağı şəksiz idi
Oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələri barədə söz açarkən ilk növbədə seçiləni də, seçəni də təbrik etməliyik. Çünki seçilən namizəd - yəni Azərbaycanın hərtərəfli inkişafını və tərəqqisini arzu edən çoxluğun namizədi kimi qeydə alınmış cənab İlham Əliyev son on ildə öz xalqına, ölkəsinə və dövlətinə göstərdiyi misilsiz xidmətin layiqli qiymətini almış oldu. Seçən - yəni Azərbaycan xalqının böyük əksəriyyəti isə öz qədrşünaslığını, haqqı, ədaləti dəstəklədiyini, obyektiv düşüncə tərzini, milli dövlətçiliyimizin qorunmasına və inkişafına verdiyi önəmi nümayiş etdirdi. Xalq ən layiqli namizədə səs verməklə bir daha sübuit etdi ki, o, ölkəmizdə Heydər Əliyev siyasi kursunun əbədiləşdirilməsi üçün öz üzərinə düşən missiyanı çox yaxşı başa düşür. Xalq milli dövlətçiliyimizin bədxahlarına başa saldı ki, daha bu ölkədə tərəqqini və inkişafı əngəlləmək istəyən heç bir siyasi qüvvə hakimiyyətə gələ bilməyəcək. Xalq cənab İlham Əliyevə ona görə növbəti dəfə etimad göstərdi ki, önun ölkəyə rəhbərlik etdiyi on ilin bircə adını bilir - sosial-iqtisadi quruculuq dövrü.
Cənab Prezidentin oktyabrın 19-da reallaşan andiçmə mərasimində qeyd etdiyi kimi Azərbaycan insanı bu seçkidə tək bir nəfərə deyil, bütövlükdə ölkədə həyata keçirilən dövlət siyasətinə, Heydər Əliyev siyasi kursuna , ulu öndərin siyasi müdrikliyinin bəhrəsi olan Azərbaycançılıq ideologiyasının prinsiplərinə səs vermişdir. Gənc müstəqil dövlətimizin son 20 ildə qazandığı bütün nailiyyətlər məhz bu siyasətin, bu siyasi kursun və ideologiyanın nəticəsində mümkün olmuşdur. Bizim hər birimizin canlı şahidi olduğumuz həmin uğurlara nələr daxildir?
Ən əvvəl onu qeyd edim ki, mən doğulub böyüdüyüm və 80 ildən artıq bir müddətdə yaşadığım Bakının bu səviyyədə inkişafını nəinki heç zaman görməmişdim, heç təsəvvür belə edə bilməzdim. Təkcə mən yox, paytaxtın heç bir sakini bir ildə Bakıda 20-dən çox beynəlxalq tədbirin keçiriləcəyi barədə söylənilən proqnozlara qətiyyən inana bilməzdik. Mən ömrünün 60 ilindən çoxunu musiqi yaradıcılığına, ifasına və tədrisinə həsr etmiş bir adam kimi qətiyyən təsəvvür edə bilməzdim ki, Avropanın bütün ölkələrinin musiqiçilərinin və musiqisevərlərinin iştirakı ilə Bakıda “Avroviziya” adlı tədbir keçiriləcək və dünyanın 100-dən artıq ölkəsinin televiziyası eyni anda Bakıdan canlı yayım verəcək. Biz heç birimiz təsəvvür edə bilməzdik. Ancaq cənab İlham Əliyevin rəhbərlik etdiyi bir ölkədə mümkünsüz heç bir məsələnin olmadığını deyənlər tamamilə haqlıdırlar.
20 il əvvələ qədər biz kosmosdakı rabitə peykləri barədə eşidəndə dərhal bir neçə qüdrətli ölkənin elmi inkişafı barədə düşünürdük. İndi isə həmin peyklər arasında üstündə müstəqil dövlətimizin üçrəngli bayrağının təsviri olan Azərbaycan peyki də var. Bəlkə də cavanlar bu faktın yaratdığı qürur hissinin miqyasını olduğu qədər təsəvvür edə bilmirlər. Yaşlı nəslin nümayəndələri isə kosmosda Azərbaycan bayrağının gəzib-dolaşmasından yaşadıqları iftixar hissini sadəcə ifadə edə bilmirlər. Son üç-dörd ilə qədər BMT Təhlükəsizlik Şurası deyiləndə orada hansı ölkələrin təmsil olunduğu barədə təəssürat yaranırdısa, hamı yaxşı bilir. Bizim prezident seçkisi keçirdiyimiz 2013-cü ilin oktyabr ayında isə həmin şuraya - Azərbaycan Respublikası rəhbərlik edirdi. Nə üçün? Çünki Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatlar, yeridilən müdrik siyasət Azərbaycanı dünyanın 15 ölkəsindən birinə çevirib. Bu faktlar bütün insanların gözünün qabağındadırsa, Azərbaycan xalqı oktyabrın 9-da kimə səs verməli idi?
Ulu öndər Heydər Əliyev gənc müstəqil dövlətimizin yeni neft strategiyasını işləyib hazırlayanda bəzi əcnəbi neft şirkətlərinin nümayəndələri Bakıya gəlmək istəmirdilər ki, burada daxili sabitlik yoxdur. Onları ancaq ümummilli liderimizin dünyada olan siyasi nüfuzu Bakıya gətirmişdi. İndi isə paytaxtımızda mindən artıq xarici çirkətin nümayəndələri çalışırlar. Ölkəmizdə 70-ə yaxın səfirlik və beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. Bizim şirkətlər və səfirliklərimiz də dünyanın əksər ölkələrində Azərbaycanı təmsil edirlər. Bütün bunlar Prezident İlham Əliyevin liderlik və idarəçilik təcrübəsinin nəticəsidir.
Qəzetlərdə oxuyuram ki, son on ildə ölkə iqtisadiyyatının sürətli inkişafı iqtisadi göstəricilərin artmasında, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasında, elm, təhsil, səhiyyə və mədəniyyətin möhtəşəm inkişafında ifadə olunub. Bundan başqa, çoxlu sayda yeni istehsal müəssisələri yaradılıb ki, bütün bunlar da məşğulluq səviyyəsinin artmasına ciddi surətdə təsir göstərib. Yaradılmış yeni iş yerləri - onların sayı bir milyon 200 mindən çoxdur , müəssisələr Azərbaycan iqtisadiyyatının daha da modernləşməsinə xidmət edir. Həm seçki ilində, həm də əvvəlki illərdə keçirilmiş rəy sorğularının nəticələri ilə hamımız tanışıq. Sorğulardan da göründüyü kimi, cənab İlham Əliyev cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənirdi, insanlar qarşıdan gələn seçkilərdə dövlət başçısına səs vermək niyyətində olduqlarını bildirirdilər. Bu isə o mənanı verirdi ki, Azərbaycan vətəndaşları nəinki ölkəmizin, bütövlükdə, hər bir kəsin həyatındakı dəyişiklikləri müsbət qiymətləndirməyi bacarır.
Hər gün gözümüzün qabağında olan daxildəki inkişafa paralel olaraq, ölkənin beynəlxalq nüfuzu da qat-qat artıb, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib, ölkəmizin iqtisadiyyatı bölgə iqtisadiyyatının, demək olar ki, 85 faizinə bərabərdir. Bütün bunlar prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin ictimai reytinqinin formalaşmasına təsir göstərirdi. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı işlənilib hazırlanmış dövlət proqramları da İlham Əliyevin müsbət reytinqini formalaşdıran amillərdən idi. Yadda saxlayaq ki, dünya təcrübəsindən şahidi olduğumuz kimi 10 il dövlət başçısı vəzifəsini yerinə yetirən bir şəxsin növbəti prezident seçkiləri ərəfəsində belə bir yüksək reytinqə sahib olması o qədər də adi hadisə sayılmamalıdır. Çünki məcburən münaqişəyə və müharibəyə cəlb edilmiş bir ölkəyə on il rəhbərlik edən adamdan hamının razı qalması mümkün olmayan bir haldır. Ancaq Heydər Əliyev siyasi müdrikliyinin işığında irəliləyən dövlət başçısı beynəlxalq aləmdə tez- tez rast gəlinməyən bir çox tendensiyalar kimi bu tendensiyanı da asanlıqla formalaşdıra bilib. Bu prosesi asan edən əsas səbəb isə qeyd etdiyimiz kimi, Azərbaycanın son 10 ildəki möhtəşəm inkişafıdır.
Mən bir yaradıcı ziyalı kimi əminəm ki, 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən islahatlar və siyasət böyük uğurlara gətirib çıxarıbsa, deməli, növbəti 5 il ərzində bu siyasət bizə daha böyük, daha müasir uğurlar qazandıracaq. Kütləvi informasiya vasitələrindən oxuyuram ki, növbəti 5 ildə də ölkəmizdə islahatlar davam etdiriləcək. Yəni, bundan sonra da Azərbaycanın müsbət mənada, inkişaf əsasında, tərəqqi zəminində müasirləşdirilməsi prosesi davam etdiriləcəkdir. Deməli, Azərbaycanın həm iqtisadi qüdrəti artırılacaq, həm də iqtisadi inkişaf nəticəsində ölkəmizdə sosial rifah səviyyəsi daha da yüksəldiləcək. Bundan başqa, təbii ki, dövlətin gücünün, qüdrətin artırılması və digər göstəricilər üzrə bütövlükdə Azərbaycanın daha da müasirləşməsi davam etdiriləcəkdir. Cənab Prezidentin oktyabrın 19-da keçirilmiş andiçmıə mərasimində söylədiyi kimi bizim gələcəyə nikbinliklə baxmağımız üçün kifayət qədər amil vardır: “Son on ilin təcrübəsi onu göstərir ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilir. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmləndirilməsinə istiqamətləndirilibdir”.
Ən başlıcası, mən bir mədəniyyət xadimi kimi son on ildə Azərbaycan mədəniyyətinə göstərilən qayğı və diqqətin miqyasını mütləq yada salmaq istəyirdim. Ancaq o miqyası əhatə etmək mənim üçün o qədər də asan deyil. Təkcə onu qeyd edim ki, Azərbaycan mədəniyyətinin və inkişafının daha da inkişaf etdirilməsinin qayğısına qalan cənab İlham Əliyevin ən yaxın köməkçisi ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondu və həmin fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevadır. Mehriban Əliyeva son on ildə mənim özümün, atamın və babalarımın həyatının ayrılmaz hissəsi olan muğam sənətinə elə bir himayədarlıq edib ki, bu himayədarlığı ancaq və ancaq xalqına və ölkəsinə bağlılığı, sədaqəti məhz Heydər Əliyev kimi siyasət dahisindən öyrənmiş insan bacarardı.
Geridə qalan on il sübut etdi ki, növbəti 5 il ötən illər ərzində əldə olunan uğurların davam etdirilməsini təmin edəcəkdir. İnanıram ki, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, ölkəmizin beynəlxalq aləmdə uğurla təmsil olunmasında yeni bir mərhələ qazanacağıq. Andiçmə mərasimində söylənildiyi kimi növbəti 5 illə bağlı cənab İlham Əliyevin proqramı xalqa xidmət etmək, xalqın rifahını daha da yaxşılaşdırmaq, xalqın mənafeyinə cavab verən işləri həyata keçirməkdən ibarət olacaqdır.
Cənab Prezident and içdi, yeni fəaliyyətə başladı, uğurlar olsun! İnanıram ki, Azərbaycanı sevən istənilən insan möhtərəm dövlət başçımızın fəaliyyətini bundan sonra da ürəkdən dəstəkləyəcəkdir. Xalqın mütləq əksəriyyətinin bu mövqedə dayanacağına tamamilə əminəm.
Tofiq BAKIXANOV,
xalq artisti, professor,
“Şöhrət” ordenli
bəstəkar
Xalq qəzeti.- 2013.- 25 oktyabr.- S. 6.