Gözəl yurdum Naxçıvan
Ailəmiz Zərdabda, yaxınlarımın əksəriyyəti isə Bakıda yaşadığından son illər doğulub boya-başa çatdığım Naxçıvana yolum düşməmişdi.Doğrudur, televiziya və qəzetlərdən Naxçıvan haqqında həmişə ürəkaçan məlumatlar alsam da, bu yaxınlarda doğma yurdumuza gedib, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır,məqsədilə mətləbimə yetişdim. Təyyarədən enib qonaqlarımla birlikdə hava limanının qarşısında maşına əyləşib şəhərə doğru rahat, səliqəli, yüksək standartlara uyğun, yaşıllıqlar, gül-çiçəklər, bəzək ağacları və kolları ilə haşiyələnmiş asfalt yolla irəlilədik. Elimizin adəti üzrə valideynlərimizin, vaxtlı-vaxtsız dünyasını dəyişmiş yaxınlarımızın, Vətənin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin müqəddəs məzarlarını ziyarət edib ruhlarına dualar oxuduq, ehtiramla yad etdik.
Azərbaycan torpağının ayrılmaz hissəsi, çoxəsrlik tarixə, zəngin maddi-mədəniyyət abidələrinə malik Naxçıvan zaman keçdikcə böyüyür, gözəlləşir, inkişaf edir. Gözəl, yaraşıqlı, təmiz prospekt və küçələr, meydanlar, binalar, bağlar, parklar, gülkarlıqlar,qədim və müasir abidələr, reklam lövhələri bir-birinin ardınca sıralanırdı. Hər yanda səliqə-sahmana, insan əllərinin yaratdığı gözəlliklərə baxdıqca qəlbimiz fərəhlənirdi.
Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin vətənidir. Sovetlər Birliyi zamanında Naxçıvanda onun büstü, son illərdə isə şəhərin mərkəzi meydanında ulu öndərimizin əzəmətli abidəsi qoyulmuş, Heydər Əliyev muzeyi və ev muzeyi yaradılmışdır. Biz Heydər Əliyev muzeyinə gələrək ümummilli liderin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxdıq. Məlum oldu ki, Heydər Əliyev muzeyi ulu öndərin həyat və fəaliyyətinin, siyasi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir.
Naxçıvanın görməli yerləri, məqbərə və qalalar, beş min yaşlı Naxçıvanın tarixi abidələri qorunub bu günümüzədək saxlanmışdır: XII əsrin yadigarları Mömünə Xatun, Yusif Küseyiroğlu türbələri, İmamzadə memarlıq kompleksi (XII-XIII əsrlər), “Buzxana” tarixi-memarlıq abidəsi (XII-XIV əsr), Yerizdabad qalası, “Pirqəmiş” məscidi (XVII əsr), “İsmayıl xan hamamı” (XVIII əsr), XIX əsrdə tikilmiş Cümə , “Zəviyyə” məscidləri, Naxçıvan xan sarayı və onlarla tarixi binalar, memarlıq abidələri bərpa olunaraq istifadəyə verilmiş, bəziləri bərpa edilməkdədir.
Uşaqlıq illərimi yaşadığım “Əlixan məhəlləsi”nə, orta təhsil aldığım məktəbə və dahi Hüseyn Cavidin ev muzeyinə getdik. 1996-ci ildə ulu öndərimiz Heydər Əliyevin açılışını etdiyi əzəmətli Hüseyn Cavid məqbərəsini, ətrafda salınmış xiyabanı ziyarət etdik. Muxtar respublika paytaxtının mərkəzi hissəsində, şəhərin gözəl bir guşəsində Hüseyn Cavid məqbərəsində onunla yanaşı həyat yoldaşı Müşkünaz xanım, oğlu Ərtoğrul və qızı Turan Cavidlər uyuyurlar.
Son illər muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri Azərbaycanın mühüm maarif, elm və mədəniyyət mərkəzlərindən birinə çevirilmişdir. Naxçıvan şəhəri baş plana əsasən genişlənmiş, boş sahələrdə yeni yaşayış massivləri salınmış və yenidənqurma işləri aparılmışdır. Şəhərin müxtəlif yerlərində Dədə Qorqud, Babək, Koroğlu, Əcəmi Naxçıvani,Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Heydər Əliyev və digər görkəmli şəxsiyyətlərin heykəllərini, yeni, milli memarlıq üslubunda tikilmiş binaları gördük. Qonaqlar şəhərin abadlığına, gözəlliyinə, küçələrin, park, bağ, meydan və xiyabanların təmizliyinə, yeni tikililərin gözəlliyinə heyran oldular.
“Əcəmi Seyrəngahı” istirahət kompleksi ilə də tanış olub şəhərin cənuba açılan panoramını seyr etdik. Buradan baxdıqda geniş vadidə günəş şəfəqləri ilə bərq vuran, gümüşü rəngə çalan Araz çayı görünür. Bu kompleksin ərazisində açıq səma altında muzeydə qorunub mühafizə edilən daş eksponatların hər biri Naxçıvanın qədim tarixini özündə yaşadır. Biz gözəllikləri seyr edərək “Şəlalə” istirahət yerinə gəldik. Şəlalənin ətrafında yaradılmış meydançaları gəzdik, divarlarda adi daşlardan yaradılan ornamentlər Əcəmi sənətini əks etdirir. Bir az aşağıda adına mahnılar qoşulan “Qızlar bulağı” çağlayıb coşur. Qonaqlarımız füsunkar bulağın əsrarəngiz mənzərəsini seyr edib qayadan süzülüb gələn sərin bulaq suyunu ovuclarına alıb doyunca içdilər, bu məkanda yayın isti günlərində belə suların yaratdığı sərinliyə- bu möcüzəyə alüdə olub, quşların və bulağın nəğməli səsini dinlədilər, gül-çiçəkli, yaşıllıqlara bürünmüş dərə boyu axıb gedən çaya-gözəl mənzərəyə böyük maraqla tamaşa etdilər.
Qədim və müasir Naxçıvan daha əzəmətli görkəm almışdır. Bir neçə gün piyada və nəqliyyatla hər yeri gəzdik. Düşündüm ki, kaş hər yanda, Azərbaycanımızın bütün bölgələrində insanların min bir zəhmətlə tikib qurduğu şəhər və kəndlərdə abadlıq, təmizlik, səliqə-sahmanı naxçıvanlılar kimi qoruyuyb saxlamaq əzmində olsunlar.Qonaqları daha çox cəlb edən şəhərdəki qanun-qayda, əmin-amanlıq, sakitlik və insanların qurub-yaratmaq həvəsi idi.
Ertəsi gün “Əshabi-Kəhf” ziyarətgahına yollandıq.Müqəddəs “Qurani-Kərim”in"Kəhf" surəsində bəhs edilən bu ziyaratgaha hələ uşaqlıq illərində valideynlərimlə dəfələrlə gəlmişdik. O vaxtlar bu müqqədəs məkanı kortəbii, dərk etmədən, anlamadan ziyarət etmişdik. Bu gəlişimdə isə elə bil ziyarətgahı ilk dəfə görürdüm. Bu məkanda bənzərsiz gözəlliklər yaradılmış və böyük abadlıq işləri aparılmışdı.Ziyarətgahın giriş hissəsindəki lövhələrdə yazılanları, “Əshabi- Kəhf”in tarixi haqqında oxuduqca yaddaşıma yeni bilgilər həkk olundu. Ümummilli liderimiz Heydər Əiliyevin xalqımızın dininə,inanclara hörmət bəsləməsi, müqəddəs yerlərə qayğı göstərməsi, 1998-ci ildə “Əshabi-Kəhf”in abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi xalqımızın dininə və tarixinə göstərilən qayğının təzahürü olmuşdur. Heydər Əliyevin tapşırığı və himayəsi ilə “Əshabi-Kəhf”də abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 kilometr məsafədə rahat yol salınmış, məscid tikilmiş, məlumat lövhələri qoyulmuşdur.
İrandan, Türkiyədən, xarici ölkələrdən qonaqlar, iş adamları,turistlər tez-tez bu şəhərə gəlirlər. Hər iki ölkənin Naxçıvanda konsulluğu fəaliyyət göstərir. Hər gün yaraşıqlı, modern, rahat, hər şəraiti olan “Qrand Naxçıvan”, “Təbriz” , “Ukrayna”, “Araz” və digər mehmanxanalar qonaqları qəbul edir. “Nəqşi Cahan”, “Xəyal”, “Azəri”, “Qarabağ”, “Qala”, “Gülüstan” restoranları, “İstanbul”, “Gənclik” kafelərində və digər yeməkxanalarda qonaqlar xüsusi zövqlə hazırlanan milli, ləziz, dadlı xörəklərdən ləzzət alırlar.
Biz Ordubad şəhərində və rayonun digər kəndlərində olduq. Gözəlliklər məskəni Ordubad füsunkar təbiəti, zəngin florası, faunası, saf dağ havası, iqlimi, buz kimi sərin çeşmələri, möcüzəli bulaqları ilə fərqlənir. Nadir dərman bitkiləri və ətirli meyvələri ilə ad çıxarıb. Bol məhsullu meyvə bağları, Ordubadın şaftalısı, armudu, üzümü və qaysısı çox şirəli və şirin olduqlarına görə məşhurdur. Bu meyvələrin dünyada misli-bərabəri yoxdur. Qonaqpərvər, saf ürəkli, təmiz məhəbbətli əhalisi olan Ordubad tarixən bura gəlib-gedən səyyahları, qonaqları valeh etmişdir.Ordubad təbii sərvətləri, gözəl təbiəti ilə yanaşı, keyfiyyətli ipəyi ilə də tanınmışdır.
Orta əsr şəhər quruluşunu tamamilə qoruyub saxlayan Ordubad 1977-ci ildə qoruq şəhəri elan edilmişdir. Qoruq şəhəri əsasən 5 böyük zonadan ibarətdir: “Ambaras”, “Kürdatal” , “Üçtürləngə”, “Mingis”, “Sərşəhər”. Ordubadın yaşayış evlərinin memarlıq üslubuna Azərbaycanın digər zonalarının heç birində rast gəlinmir. Hazırda şəhərdə 34 çeşmədən istifadə olunur. Bütün çeşmələr bir-biri ilə yeraltı yollar vasitəsilə bənd edilmişdir.Ordubadda çeşmələrin yer səthindən 3-10 metr dərinlikdə yerləşdirilməsi, şəhərdə kanalizasiya qurğularının mövcudluğu, hamamlar onun mədəni səviyyəsini təsdiq edən faktlardır. Ordubad rayon tarix-diyarşünaslıq muzeyini, Azərbaycan ədəbiyyatında tarixi-romantik janrın əsasını qoyan yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyini, akademik Yusif Məmmədəliyevin - Azərbaycan Elmlər Akademiyasının ilk prezidentlərindən birinin, Azərbaycan neft-kimyasının banisi, parlaq yaradıcı şəxsiyyətin elmi fəaliyyəti sayəsində Azərbaycanın İkinci Dünya müharibəsi zamanı Hitler faşizminin darmadağın edilməsinə əvəzsiz töhfə vermiş bir insanın doğulduğu ev-muzeyi ziyarət etdik.
Ordubad torpağı təkcə əsrarəngiz gözəlliyi ilə deyil, həm də məşhur adamları, sənətkarları, dünya şöhrətli alimləri ilə də seçilib fərqlənmişdir. Məşhur astronom, alim, riyaziyyatçı, şair, dövlət xadimi Nəsirəddin Tusi Məhəmməd ibn Həsənin törəmələri hazırda Ordubadda yaşayırlar. Məşhur dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri olmuş Hatəm bəy Ordubadi də Tusi nəslinə mənsub olmuşdur. XIX əsrdə Nəcəf şəhərində yaşamış ayətullah Məhəmməd Əli Qələvi Ordubadinin ərəb dilinin qrammatikasına aid yazdığı bir neçə cildli kitab bütün şərq aləmində məşhurdur.
Ordubad torpağının yetirmələri olan diplomat İbrahim Əbilov Türkiyədə səfir işlədiyi illərdə Mustafa Kamal Paşa Atatürklə yaxından dostluq etmişdir. 1923-cü ildə Türkiyədə vəfat etmiş İ.Əbilovu M.K.Atatürk mumyalatdıraraq türk bayrağına bükdürüb türk əsgərinin müşayiəti ilə Azərbaycana yola salmışdır.
Ordubadlıların elm sahəsində xidmətləri böyük olmuşdur. Ordubaddan 365 nəfərdən çox alim, 150-dən çox elmlər doktoru, professor, 220-dən çox elmlər namizədi və xarici ölkə universitetlərinin elmi adını alan alimlər Azərbaycanın fəxridirlər.Ordubadlılar elmlə ciddi çalışdıqları kimi digər sahələrdə, xüsusilə əkin-biçin işlərində də zəhmətsevərdirlər.
Ətirli, dadlı, ləziz meyvəli bağlar, sərvətli dağlarla əhatə olunmuş Ordubadın Gilançay, Aza və digər kəndlərinə getdik. Orada bizi Zahirə adlı bir xanım ordubadlılara məxsus olan xüsusi qonaqpərvərliklə qəbul etdi.Hazırda Şərq aləminin canlı muzeyi hesab olunan Ordubad öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyaraq nəsillərdən-nəsillərə ötürür.Biz Gilançay yoluna çatanda öncə gəlib Aza körpüsündə dayandıq. Əsrlərin şahidi qədim körpünü, ətrafı və buradan görünən Araz çayını seyr etdik.
Naxçıvanlı dostumuz İslam adlı gənc polis nəfəri şəxsi avtomobili ilə qonaqları sual doğuran bütün Naxçıvan həqiqətləri ilə tanış etdi.Biz insanlarla söhbət etdikcə onlarda dövlətimizə, yerli rəhbərliyə bir bağlılıq, məhəbbət, sədaqət duyulurdu. Naxçıvanlıların fəhləsi,kəndlisi, sənətkarında da bir ziyalılıq hiss olunurdu. Qəribədir ki, burda hər kəs siyasətçidir. Naxçıvanlılar prezident seçkilərində həmişə olduğu kimi hamılıqla yekdillik nümayiş etdirərək cənab İlham Əliyevə səs verdilər.
Ulu öndərimizin memarı olduğu müstəqil Azərbaycanımızın bir parçası sayılan Naxçıvan öz əzəməti, əyilməz vüqarı ilə insanlara nümunədir.Qədim və müasir Naxçıvan yaşayır, inkişaf edir, gəncləşir və günü-gündən gözəlləşir. Heydər Əliyev nurundan bəhrələnən, İlham Əliyev zəkasından ilham alan xalqa, Naxçıvan rəhbərliyinə, qurub-yaradanlara, ziyalılara, şəxsən Ali Məclisin sədri, hörmətli Vasif Talıbova böyük ehtiram və minnətdarlıq hisslərimizi bildiririk.
Səyahətimiz başa çatsa da, qonaqlar qayıtmağa tələsmirdilər. Onlar Naxçıvan əhalisinə qibtə ilə baxırdılar. Gözəl yurdumuz Naxçıvandan ayrılmaq məqamı gəlib çatdı.Naxçıvan Beynəlxalq Hava Limanında həmişə olduğu kimi, qələbəlikdir. Naxçıvanın yeni növrağını, gözəlliyini, şan- şöhrətini, həyat tərzini, insanların yekdilliyini, qurub-yaratmaq əzmini görməyə gələnlərin sayı günü-gündən çoxalır.
Səadət
SEYİDOVA,
I dərəcəli
hüquqşünas, ədliyyə
kapitanı
Xalq qəzeti.- 2013.- 25 oktyabr.- S. 7