Sumqayıt
yüksəliş yollarında inamla irəliləyir
Qocaman Xəzərin zümrüd boyunbağısına bənzədilən Sumqayıt şəhəri son illərdə sürətli inkişaf yolunda inamla irəliləyir. İlin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş şura iclasında səhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə konkret faktlar əsasında danışmış, dövlət qayğısının fərəhli nəticələrini diqqətə çatdırmışdır. O, oktyabrın 6-da Nazirlər Kabinetinin geniş iclasında dövlət başçısı İlham Əliyevin nitqinin əsas aspektlərinə toxunmuş və demişdir ki, nailiyyətlər nə qədər sevindirici olsa da, onlara görə qətiyyən arxayınlaşmaq olmaz, biz gərək daha da irəliyə gedək və Sumqayıtın inkişafını tezliklə Bakı standartlarına çatdıra bilək.
Sonra icra hakimiyyətinin başçısı demişdir ki, sumqayıtlılar Azərbaycan Prezidenti seçkilərində fəal iştirak etmişlər və şəhər seçicilərinin böyük əksəriyyəti ölkənin gələcək inkişafına, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi və iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən səmərəli surətdə davam etdirilməsinə səs vermişdir.
Hesabat dövründə şəhərin inkişafından danışan E.Əzizov qeyd etmişdir ki, bu müddət ərzində sənaye sektorunun müəssisələri tərəfindən məhsul istehsalının həcmi 16 faiz artaraq 356,3 milyon manat təşkil etmişdir. Sənaye sahəsində çalışan işçilərin orta aylıq əməkhaqqı 470 manatdır ki, bu da keçən ilin müvafiq dövründəkini 34,2 faiz üstələyir. Şəhərdə iri sənaye parkları - “Gilan tekstil”, “Sağlam qida”, kimya sənaye parkı fəaliyyətə başlamışdır. Fərəh doğuran haldır ki, Sumqayıt sənaye parkının şəbəkəsi durmadan genişlənir. 9 ay ərzində şəhərdə 3758 daimi iş yeri açılmışdır.
Şəhər icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Sahib Quliyev mövzunu davam etdirərək 2013-cü ilin 9 ayı ərzində Sumqayıtın inkişafının yekunlarını dəlillərlə ətraflı təhlil etmişdir. O demişdir ki, yanvar-sentyabr aylarında şəhərin iqtisadi və sosial inkişafına təqribən 60 milyon manat sərmayə qoyulmuşdur, iqtisadiyyatda özəl sektorun payı 78 faiz təşkil etmişdir. Kimya və metallurgiya sənayesində, habelə yüngül sənayedə istehsal olunan məhsulun həcmi xeyli artmışdır. Məruzəçinin sözlərinə görə, pensiyaçılar və ünvanlı sosial yardıma ehtiyacı olan ailələr diqqətdən kənarda qalmamışlar. Eyni zamanda, əhalinin içməli su, təbii qaz, elektrik enerjisi, habelə rabitə, nəqliyyat xidmətləri və digər xidmətlərlə təminatı xeyli yaxşılaşmışdır. İki parkın - Heydər Əliyev və Nəsimi parklarının yenidən qurulması, habelə şəhərin abadlaşdırılması və yaşıllaşdırılması, onun infrastrukturunun inkişaf etdirilməsi işi davam etdirilir. Məruzədə təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə görülmüş işlər barədə də məlumat verilmişdir. Müzakirələrdə çıxış edən bir sıra qurumların rəhbərləri və ictimaiyyət nümayəndələri qazanılmış müvəffəqiyyətləri vurğulamış, Sumqayıtın simasının sürətlə dəyişməsindən məmnunluqlarını ifadə etmişlər. Onlar xüsusi qeyd etmişlər ki, şəhərin inkişaf etdirilməsi və onun sakinlərinin rifahının yüksəldilməsi sahəsində aparılan işlər sumqayıtlıların dərin hörmətini və məhəbbətini qazanmış dövlət başçısı İlham Əliyevin xidmətidir. Natiqlər bu diqqət və qayğıya görə respublika rəhbərinə böyük minnətdarlıqlarını bildirmişlər.
Sonda yığıncağın iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 25 oktyabr.- S. 8.