Qubadlı rayonu: 9 ayın nəticələri uğurludur
Qubadlı Rayon İcra Hakimiyyətindəcari ilin doquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilmişdir.
Rayon ictimaiyyətinin bütün təbəqələrindən nümayəndələrin təmsil olunduqları tədbirdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov məruzə ilə çıxış etmişdir. Çıxışına 9 oktyabrda keçirilən prezident seçkilərinin uğurla başa çatması və Prezident İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə təbriklə başlayan başçı Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının proqram xarakterli nitqində irəli sürülmüş müddəa və göstərişləri bir daha diqqətə çatdırmışdır. Natiq bildirmişdir ki, Nazirlər Kabinetinin yığıncağı prezident seçkiləri ərəfəsinə təsadüf etdiyi üçün ölkə başçısı cari ilin 9 ayının yekunları ilə bərabər Azərbaycan Respublikasında son 10 ildə görülən işləri də təhlil edərək göstərmişdir ki, bu illər dinamik iqtisadi və sosial inkişaf, mədəni yüksəliş, beynəlxalq nüfuzun artması cəhətdən hər bir dövlətin arzu etdiyi möhtəşəm irəliləyiş illəri olmuşdur.
2013-cü ilin 9 ayının Azərbaycan üçün uğurlu olduğunu və qarşıda duran bütün vəzifələrin icra edildiyini vurğulayan başçı bu uğurların Qubadlı rayonunun həyatında da öz parlaq ifadəsini tapdığını qeyd etmişdir. Bildirmişdir ki, hesabat dövründə rayonda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Qubadlıdan olan və Bakı şəhərində yataqxanalarda və Quba rayonunun Nügədi kəndi ərazisində məskunlaşan 43 ailə Dövlət Proqramı çərçivəsində Müşfiqabad qəsəbəsində inşa edilən yeni şəhərciyə köçürülmüşdür. Ümumilikdə isə rayon üzrə 145 ailə yeni mənzillə təmin olunmuşdur.
Məruzəçi demişdir ki, hazırda rayonun əhalisi 35 min 300 nəfərdir. Əhali respublikanın 42 şəhər və rayonunda məskunlaşmışdır. Onların böyük əksəriyyəti, yəni 22 min 400 nəfəri, yaxud 63 faizi Sumqayıt şəhərində, qalan 12 min 900 nəfəri, yaxud 37 faizi respublikanın müxtəlif şəhər və rayonlarında yaşayır.
Başçı qeyd etmişdir ki, köçkünlərin daha çox məskunlaşdığı Sumqayıt şəhərində 8 məskunlaşma obyektində 6 min 80 kvadratmetr dam örtüyü yumşaq dam örtüyü materialı ilə, 2 məskunlaşma obyektində isə 560 kvadratmetr dam örtüyü dəmir şifer materialı ilə təmir edilmişdir. “Şəfa” sanatoriyasında köhnə klub binasının idman zalına çevrilməsi üçün əsaslı yenidənqurma işləri və Sarıqaya yaşayış massivində Kondisionerlər zavodunun keçmiş istirahət mərkəzinin həyətində məskunlaşan 18 məcburi köçkün ailəsi üçün sanitar qovşaqlar və hamamın tikintisi başa çatdırılmışdır. Eyni zamanda, həmin istirahət mərkəzində məskunlaşan ailələrin təbii qazla təminatı üçün 950 metr qaz xətti istifadəyə verilmişdir.
M. İsaqov demişdir ki, ötən dövr ərzində abadlıq-təmir işlərinə də xüsusi diqqət yetirilmişdir. Belə ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən Xıdırlı kənd tam orta məktəbinə gedən yolun 700 metr, Ceyranbatan bağ massivində yerləşən Çardaqlı kənd tam orta məktəbinə gedən yolun bir kilometrə yaxın məsafəsı təmir edilərək asfalt örtük çəkilmişdir. Xələc kənd tam orta məktəbinə gedən yola asfalt örtük, “İnşaatçılar” qəsəbəsindəki 8 saylı yataqxananın həyətində 1000 kvadratmetr sahəyə çınqıl tökülməklə asfalt-beton örtük döşənmişdir. Bundan əlavə, İnşaatçılar qəsəbəsində köçkünlərin məskunlaşdığı əraziyə gedən yola və Aşağı Mollu kənd tam orta məktəbinə gedən yola çınqıl döşənərək təmir işləri aparılmışdır. Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində aparılan işlər də davam etdirilmişdir. Çaytumas məktəb-liseyində əlavə korpus inşa edilmiş, burada 6 əlavə sinif otağı və ikinci mərtəbədə akt zalı istifadəyə verilmişdir. Çardaqlı kənd tam orta məktəbində də şagird sıxlığını nəzərə alaraq əlavə 4 sinif otağı tikilmişdir. Hər iki məktəbdə tikilmiş əlavə sinif otaqları istilik sistemi ilə təchiz edilmişdir.
Məruzəçi hesabat dövründə rayonun icra strukturlarının iş şəraitinin daha da yaxşılaşdırılması istıqamətində görülən işlərdən bəhs edərək bildirmişdir ki, bu müddətdə rayon icra hakimiyyəti üçün ayrılmış yeni binada əsaslı təmir və yenidənqurma işləri aparılmış, burada əlavə bir mərtəbə inşa edilərək orada 150 nəfərlik akt zalı və rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün zal inşa edilmişdir. Binanın ətrafındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işləri bu ərazinin görkəmini büsbütün dəyişmiş və insanların istirahət etdikləri bir məkana çevrilmişdir. Rayon icra hakimiyyətinin əsaslı təmir edilən köhnə binasında son tamamlama işləri görülür. Yaxın vaxtlarda burada rayon Maliyyə və Təhsil şöbələrinin normal fəaliyyəti üçün əlverişli iş şəraiti yaradılacaqdır.
Rayon təhsil sistemində pedoqoji prosesin keyfiyyətinin yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir.
2012-2013-cü tədris ili 99,09 faizlə yekunlaşmışdır. Mərkəzləşdirilmiş buraxılış imtahanlarının yekununa görə rayon təhsili respublikada öncül təhsil sahəsi kimi fərqlənmişdir. Bu uğur öz təsirini ali məktəblərə qəbul zamanı da göstərmişdir. Belə ki, cari ildə rayon məktəblərini bitirən 339 nəfərdən 286 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 165 nəfəri tələbə adını qazanmışdır. 29 nəfər məzun yüksək balla ali məktəblərə qəbul olmuşdur. 5 nəfər məzun xarici universitetlərdə təhsil alırlar.
Ötən 9 ay ərzində Mərkəzi Xəstəxananın poliklinika şöbəsində və 2 tibb məntəqəsində əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşması üçün müvafiq işlər görülmüşdür.
2013-cü ilin ötən 9 ayı ərzində rayon mədəniyyət və turizm şöbəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, görüşlər, toplantılar, konsertlər təşkil edilmişdir ki, bu tədbirlər içərisində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin təntənə ilə qeyd edilməsi daha yaddaqalan olmuşdur.
Gənclərlə iş və idmanın inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. Cari ildə 6 idmançının beynəlxalq yarışlarda iştirakına rayon icra hakimiyyəti tərəfindən kömək edilmişdir. 3 idmançı dünya çempionu, 4 idmançı isə Avropa çempionu adını qazanmışdır.
Başçı sonda əminlik hissi ilə bildirmişdir ki, cənab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çıxışdan irəli gələn vəzifələri özlərinə fəaliyyət proqramı kimi qəbul edən qubadlılar bundan sonra da üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinə var qüvvə ilə çalışacaqlar.
Məruzə ətrafında çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlər barəsində məlumat vermiş, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışmış, təkliflər irəli sürmüşlər. Bildirilmişdir ki, rayon əhalisi bundan sonra da qarşıya qoyulan vəzifələri vaxtında yerinə yetirəcək, ölkənin inkişafı, xalqın rifahı naminə əzmlə çalışacaqlar. Yığıncağın gedişində bir neçə gün əvvəl başa çatan Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunlarına və nəticələrinə də münasibət bildirmiş, cənab İlham Əliyevə göstərilən ümumxalq etimadı qanunauyğun hal kimi qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, rayonun seçiciləri böyük mütəşəkkilliklə seçki kompaniyasında iştirak etmiş, elliklə dövlət başçısına səs vermişlər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 25 oktyabr.- S. 9.