Şamaxı: böyük uğurlara imza atılıb
Şamaxıda 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında proqram xarakterli, dərin məzmunlu giriş və yekun nitqləri söyləmiş, 2013-cü ilin doqquz ayı ərzində respublikamızda görülmüş işləri, əldə olunmuş uğurları və qarşıda duran əsas vəzifələri geniş təhlil etmişdir.
Sonra doqquz ayda ölkə iqtisadiyyatının inkişafından danışan natiq ötən dövr ərzində regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlərin həllinin xüsusi diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırdı.
Daha sonra ölkədə prezident seçkilərinin nəticələrindən danışan icra hakimiyyətinin başçısı qeyd etdi ki, Şamaxı rayonunda da prezident seçkiləri yüksək siyasi fəallıq, şəffaflıq və demokratik şəraitdə başa çatdırıldı. Şamaxı seçiciləri də bir daha ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun, ən əsası bu kursu uğurla davam etdirən cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini parlaq şəkildə nümayiş etdirdilər.
Sonra məruzəçi 2013-cü ilin ötən doqquz ayı ərzində Şamaxıda əldə olunmuş uğurları sadaladı. Qeyd etdi ki, cari ilin doqquz ayında rayonda 121 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 milyon manatdan və yaxud 6 faizdən çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 3,7 milyon manata çatmışdır. Həmçinin doqquz ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 37,9 milyon, tikinti-quraşdırma işlərinin həcmi 36,7 milyon manat təşkil etmişdir. Ötən doqquz ayda pərakəndə əmtəə dövriyyəsi 110,3, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 23 milyon manat olmuşdur. 2013-cü ilin doqquz ayında rayon üzrə 327 daimi iş yeri açılmışdır.
Bildiyimiz kimi, Şamaxının iqtisadiyyatında kənd təsərrüfatı sahəsi xüsusi yer tutur. Belə ki, görülən tədbirlər nəticəsində bu ilin doqquz ayı ərzində bu sahədə 40,9 milyon manatlıq məhsul istehsal edilmişdir. Hazırda rayonun kənd və qəsəbələrində payızlıq əkin kampaniyası uğurla davam etdirilir. İndiyədək 5000 hektara yaxın sahədə taxıl əkini aparılmışdır.
Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlət başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlər tərəfindən ilin doqquz ayında 80 hektar yeni üzümlük salınaraq bu gəlirli sahə 1610 hektara çatdırılmışdır. Bu il üzümçü fermerlər tərəfindən rayon üzrə 3945 ton keyfiyyətli məhsul istehsal edilməsi də bu sahənin inkişafından xəbər verir.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev məruzəsində burada aparılan tikinti-quruculuq işlərinə xüsusi yer ayırdı. Bildirdi ki, cari ilin doqquz ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir. Bu baxımdan 2013-cü il bizim üçün əlamətdar bir ildir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin may ayında rayona tarixi səfər etmişdir. Həmin səfər çərçivəsində genişləndirilərək güclü idman bazasına çevrilən Şamaxı Olimpiya İdman Mərkəzi, əsaslı təmir edilərək müasir standartlara uyğun yenidən qurulan Şamaxı Astrofizika Rəsədxanası, tarixi keçmişinə və milli-dini dəyərlərimizə layiq əsaslı bərpa olunan Şamaxı Cümə məscidi və Şamaxı Uşaq İncəsənət Təhsil Mərkəzi üçün tikilmiş yeni bina şamaxılıların istifadəsinə verilmişdir.
Ümumiyyətlə, ötən müddət ərzində rayonun abadlaşdırılması və əsas sosial problemlərin həlli istiqamətində xeyli iş görülmüşdür. Belə ki, şəhərin Bakı istiqamətindəki giriş hissəsində xüsusi layihə əsasında inşa olunmuş, ətrafında geniş yaşıllaşdırma və abadlıq işləri aparılmış Qala divarları hazırda qədim Şamaxımıza xüsusi yaraşıq verir. Qala divarlarının daxilində yeni Etnoqrafiya muzeyi yaradılmış və orada rayonun tarixi keçmişini əks etdirən xeyli eksponatlar toplanılmışdır.
Bu il Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına Şamaxı-Avaxıl avtomobil yolunun 23,5 kilometri çəkilib başa çatdırılmışdır. Həmçinin 53 kilometrlik Şamaxı-Padar-Çöl yolunun artıq 17 kilometrinə asvalt-beton örtük vurulmuşdur. Hazırda həmin magisrtal yolun Göylər-Şamaxı hissəsində 5 kilometrə yaxın məsafəyə asfalt-beton örtük vurulmuşdur. İndi bu işlər daha sürətlə aparılır. Şamaxı-Çuxuryurd-Qızmeydan yolunun 13-cü kilometrində təmir işləri davam etdirilir. Məlumat üçün bildirək ki, bu yolun tikintisi Şamaxı-Quba yolunun başlanğıcı hesab olunur. Bundan əlavə Göylər-Birinci Çaylı və Quşçu yoliunun təmir işlərinə də başlanılmışdır.
Heydər Əliyev, S.Ə.Şirvani və Şirvan küçələri tamamilə yanidən qurulmuşdur. Həmin küçələrdə bütün bardür və piyada səkiləri yenidən çəkilmiş, ictimai, inzibati, fərdi mənzillərin və ticarət obyektlərinin dam örtükləri dəyişdirilmiş, fasad hissələri yenidən üzlənmiş, işıq, telefon xətləri, işıqlandırma dirəkləri yenisi ilə əvəz edilmişdir. Ümumilikdə Şəhriyar, Şərifzadə, Əzizbəyov, Rəsul Rza, Gənclər,S.Ə.Şirvani, Azadlıq, C.Cabbarlı, M.F.Axundov, H.Məmmədov, Ü.Hacıbəyov, Azərbaycan, 20 Yanvar, Gənclər, Mahmudağa küçələrinə 66,6 min kvadratmetr asfalt-beton örtük vurulmuşdur.
Ötən müddət ərzində şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin daha da sürətləndirilməsi və bu sahədə yol verilən narazılıqların aradan qaldırılması məqsədilə həyata keçirilən operativ tədbirlər öz bəhrəsini verməkdədir. İşin sürəti və keyfiyyəti artmışdır. İndiyədək şəhərin müxtəlif küçələrində 70 kilometr kanalizasiya və 65 kilometr isə su xətti çəkilmişdir.
Şamaxı şəhər 1 saylı uşaq bağçası-körpələr evinin tikintisi başa çatmaq üzrədir, Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhərin 20 Yanvar küçəsində inşa olunan beş mənzilli yaşayış binası istifadəyə verilmişdir. Muğanlı kəndində sürüşmə nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Meysəri kəndi ilə həmsərhəd ərazidə 63 ədəd evin işığı bu günlərdə yandırılacaq. Qeyd olunan müddət ərzində rayonun İkinci Çaylı, Hacılı, Böyük Xınıslı və Muğanlı kəndlərinin hər birində 80 şagird yerlik məktəb binaları istifadəyə verilmişdir. Həmçinin Mədrəsə qəsəbəsində 380 yerlik, Talışnuru, Hacıqədirli, Şərədil kənd məktəbləri üçün 80 yerlik yeni məktəb binalarının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmışdır.
Fikir verirsinizmi, xeyli iş görülüb. Bütün bunları sadalayan Asif Ağayev eyni zamanda Şamaxının istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli bir zona olduğunu da qeyd etdi. Göstərdi ki, məhz buna görə də rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayı ilbəil artır. Hazırda “Şərədil” istirahət mərkəzində 5 ulduzlu otel, “Fəxriguşə” istirahət mərkəzinin bazasında və Pirqulu zonasında müasir standartlara cavab verəcək yeni turizm obyektləri tikilir.
Hesabat məruzəsində rayonun qaz, işıq sahəsində görülən işlərə də diqqət ayrıldı. Mədəni həyatında qazanılmış uğurlar sadalandı.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər də Şamaxıda son doqquz ayda qazanılan uğurları sadalamaqla yanaşı, qarşıda duran vəzifələrdən danışdılar.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 25 oktyabr.- S.
10.