Azərbaycanın
maliyyə imkanları artır
Son 10 il ərzində Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində dünyanın ən sürətli iqtisadi inkişafı təmin olunmuşdur. Ölkədə yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşmüşdür, 1 milyon 100 mindən çox yeni iş yeri açılmışdır. Orta maaş beş dəfə, orta pensiya isə səkkiz dəfə artmışdır. Bundan başqa, Azərbaycanın ilk milli peykinin orbitə çıxarılması da ötən 10 ilin uğurları sırasındadır. Bütün dünyada maliyyə böhranı tüğyan etdiyi halda, Azərbaycanda aparılan düzgün iqtisadi siyasət nəticəsində ölkəmiz bu ağır imtahandan da üzüağ çıxdı. Ölkə iqtisadiyyatının sürətli inkişafı ÜDM-in 3 dəfə artımında ifadə olunmuşdur.
Bu istiqamətdə dünya dövlətlərinin təcrübəsinə nəzər yetirsək, yəqin ki, 10 il ərzində iqtisadiyyatını 3 dəfə artırmağa nail olmuş ikinci ölkə tapmaq çox çətindir. Əgər biz Azərbaycan dövlətinin büdcəsinin artım tempinə də nəzər salsaq, burada da möhtəşəm bir tərəqqinin əldə olunmasının şahidi olarıq. Son 10 ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artmışdır. Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə də maraq doğurur. Son 10 ildə ölkə iqtisadiyyatına 140 milyard dollar vəsait qoyulmuşdur ki, bunun da 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür.
Daxili investisiyaların da həcmi artmaqdadır. Son 10 ildə
ölkədə dövlət büdcəsi 20 dəfə
artmış, 48 milyard dollardan çox valyuta ehtiyatı
toplanmışdır. Müqayisə üçün
qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar, valyuta ehtiyatları 1,6 milyard
dollar olmuşdur. Bu ilin dövlət büdcəsinin
gəlirləri 19 159 000 min manat, xərcləri isə 19 850
000 min manatdır. Azərbaycan investisiya cəlbediciliyini
də yüksək səviyyədə qoruyur. Belə ki,
təkcə ötən il iqtisadiyyata
qoyulan investisiyaların həcmi 22 milyard dollardan çox
olmuşdur. Bunun 13 milyard dolları daxili, 9
milyard dolları xarici investisiyalardır.
Yaxşı sərmayə mühiti,
proqnozlaşdırılan siyasi vəziyyət, sabit
sosial-iqtisadi durum və əlbəttə ki, regional əlaqələr
hər bir ölkənin uğuru üçün ilkin şərtlərdəndir. Yeri gəlmişkən,
diqqəti mühüm bir fakta da yönəltmək istərdik.
Azərbaycan Mərkəzi Bankının yaydığı son
məlumata əsasən, adı çəkilən qurumun sərəncamında
olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-ci ilin
yarım ili ərzində 1 025,6 milyon
ABŞ dolları (8,8 faiz) artmışdır.
2003-cü
ildə adambaşına düşən ümumi daxili məhsulun
(ÜDM) həcmi 873 manat olubsa, 2012-ci ilin yekununda bu göstərici
5885 manat təşkil edib. Başqa sözlə,
adambaşına ÜDM 7 dəfəyə yaxın
artıb.ÜDM-in ümumi məbləği isə 7,147 milyard
manatdan 54 milyard manata çatıb. Bunun təxminən
53 faizi qeyri-neft sektorunun payına düşür. Vaxtilə ticarət şəbəkəsində olan
xarici istehsallı məhsulların demək olar ki,
böyük bir qismi yerli müəssisələrdə istehsal
edilməyə başlanıb.
Bunun nəticəsidir ki, Beynəlxalq Valyuta Fondunun nəzərində
Azərbaycan son 10 ildə ən sürətlə inkişaf edən
ölkədir.
Respublika ÜDM-in artım tempinə görə,
MDB-də 4-cü yeri tutur.
Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyinin
təmin edilməsi məsələsinə xüsusi həssaslıqla
yanaşır.
Əgər 2003-cü ildə ölkədə 1,45
milyard manat dəyərində kənd təsərrüfatı
məhsulu istehsal edilmişdisə, 2012-ci ilin yekunlarına
görə, aqrar istehsalın həcmi 4,845 milyard manata
yaxın olub. Adambaşına düşən kənd
təsərrüfatı məhsulu göstəricisi isə 177
manatdan 528 manata çatıb.
Əhalinin hər nəfərinə düşən gəlirin
məbləği də əhəmiyyətli dərəcədə
artıb. Son
10 ildə bu mühüm göstərici üzrə artım 5,4 dəfə olub və 3784 manata
çatıb. Qeyd olunan artımda əhalinin
SSRİ dövründən qalmış əmanətlərinin
qaytarılması da mühüm rol oynayıb. Dövlət büdcəsindən bu məqsədlə
1 milyard manata yaxın vəsait ayrılıb ki, bu da postsovet məkanında
ən əlverişli şərtlərlə əmanətlərin
qaytarılmasına imkan verib və vətəndaşların
bank sektoruna inamını gücləndirib. Banklara etimadı artıran həm də Azərbaycanda
Əmanətlərin Sığortalanması Fondunun
yaradılmasıdır. Artıq ölkə
vətəndaşları heç bir narahatlıq keçirmədən
banklara əmanət yatırır. Əgər
2003-cü ildə əhalinin əmanətlərinin ümumi məbləği
252 milyon manat təşkil etmişdisə, ötən ilin
yekununda bu göstərici 5,113 milyard manat olub. Bir sözlə, Azərbaycan vətəndaşı
həm yaxşı yaşamağa, həm də
yığıma pul tapır.
Bu ilin
yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları
13 faiz artmış və 13,3 milyard dollara
çatmışdır. Bu dövrdə ölkədə
bank sisteminin inkişafı və maliyyə
dayanıqlığı istiqamətində də tədbirlər
həyata keçirilmişdir. 2013-cü ilin 9 ayında Mərkəzi
Bank bank sisteminə etimadın qorunması, sektorun maliyyə
dayanıqlığının artırılması istiqamətində
tədbirləri davam etdirmiş, risk əsaslı yeni nəzarət
çərçivəsinin formalaşdırılması
üzrə səyləri gücləndirmişdir. Hesabat dövründə bank aktivlərinin keyfiyyətinin,
likvidlik və gəlirlilik göstəricilərinin
yaxşılaşması müşahidə olunmuş, bank
sektoru üzrə kapital adekvatlığı yüksək səviyyədə
qalmışdır.
Hesabat dövründə maliyyə vasitəçiliyi
daha da genişlənmişdir. İlkin statistikaya
görə bank aktivləri 14 faiz, kredit qoyuluşları isə
17 faizdən çox artmışdır. Əhalinin əmanətləri
ilin əvvəli ilə müqayisədə təxminən 20
faiz artaraq 6,1 milyard manata
çatmışdır.
Cari ilin 9 ayında Azərbaycan İpoteka Fondu vasitəsilə
kredit təşkilatları tərəfindən 2000-dən
çox şəxsə ümumilikdə 80 milyon manat məbləğində
ipoteka krediti ayrılmışdır. Fondun kredit portfeli 500
milyon manata, ipoteka krediti alanların sayı isə 13 min nəfərə
çatmışdır. Güzəştli
ipotekaya çıxış imkanları genişləndirilmiş,
“Elektron ipoteka” sistemi yaradılmışdır.
Hesabat dövründə ödəniş sistemlərinin
sabitliyi və təkmilləşdirilməsi istiqamətində
də mühüm tədbirlər həyata
keçirilmişdir. Bu ilin 9 ayında Milli Ödəniş Sistemi vasitəsilə
ödənişlərin həcmi 90 milyard manata çataraq
ümumi daxili məhsulu 2,3 dəfə
üstələmişdir. Kart infrastrukturunun inkişafı
davam etdirilmiş, ödəniş kartlarının sayı 5,3 milyon ədədə, bankomatların sayı
2,4 minə, POS-terminalların sayı isə 36 minə
çatdırılmışdır.
Mütəxəssislərin fikrincə, bütün bu
uğurlar dövlətin maliyyə resurslarının dövlət
və icmal büdcə vəsaiti ilə idarə olunması
istiqamətində aparılmış məqsədyönlü
siyasətin növbəti illərdə də davam etdirilməsinə
əminlik yaratmışdır.
İqtisadiyyatın maliyyə dayanıqlığı və
xarici sərmayənin ölkəyə cəlb edilməsi
baxımından dövlətin valyuta ehtiyatlarının həcmi
ciddi əhəmiyətə malikdir. Məhz bu səbəbdəndir
ki, Azərbaycan hökuməti valyuta ehtiyatlarının
artırılması siyasətinin
davamlılığını təmin etmişdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları
ÜDM-in 70 faizinə bərabərdir. Halbuki
2003-cü ildə bu göstərici cəmi 22 faiz idi. Həmçinin qeyd etmək lazımdır ki,
ölkəmizin valyuta ehtiyatları onun xarici borcundan 8 dəfə
çoxdur.
Strateji
valyuta ehtiyatının 13,3 milyard ABŞ
dolları və yaxud 25,5 faizi Mərkəzi Banka, digər 74,5
faizi və ya 34,8 milyard ABŞ dolları isə Neft Fonduna məxsusdur.
Hazırda Azərbaycanın valyuta ehtiyatları
3 illik mal və xidmətlərin idxalına imkan verəcək
həcmdədir. Strateji valyuta ehtiyatının
çoxluğu, heç şübhəsiz, ölkəmizin
maliyyə dayanıqlığını və xarici
investisiyaların cəlb edilməsində etibarlı tərəfdaş
imicini gücləndirir. Həmçinin
ölkəmizin muharibə şəraitində olması valyuta
ehtiyatlarının əhəmiyyətini daha da artırır.
Valyuta ehtiyatlarının artım dinamikasına diqqət
etdikdə görmək olar ki, 2011-2012-ci illərdə neft
hasilatının azalmasına baxmayaraq, bu sahədə
artım davam etmişdir. Bu isə onu deməyə əsas verir ki,
zaman keçdikcə ölkəmiz öz maliyyə-kredit siyasətinin
həyata keçirilməsində daha çox təcrübə
qazanır.
Ölkənin maliyyə imkanlarının genişlənməsi
və strateji valyuta ehtiyatlarının həcminin artması
Beynəlxalq Kredit Reytinq agentlikləri tərəfindən də
yüksək qiymətləndirilmişdir. 2012-ci ildə
“Standard and Poors” Beynəlxalq Reytinq Agentliyi ölkəmiz
üçün uzunmüddətli müstəqil kredit
reytinqini “BBB-” olaraq müəyyən etmiş, reytinq üzrə
proqnozunu isə “sabit” olaraq dəyərləndirmişdir.
“Moody’s” Azərbaycanın uzunmüddətli
kredit reytinqini “Ba1”dən “Baa3” səviyyəsinə qədər
yüksəltmişdir. Reytinq üzrə
proqnoz isə “sabit” olaraq müəyyənləşdirilmişdir.
“Fitch Ratings” Azərbaycanın xarici və daxili
valyutada uzunmüddətli suveren reytinqini “BBB-” səviyyəsində,
reytinq proqnozunu isə “sabit” qiymətləndirmişdir. Göründüyü kimi, hazırki reytinq qiymətləndirmələrində
Azərbaycan investisiya mühiti normal olan və həmçinin
maliyyə dayanıqlığı yüksək qiymətləndirilən
ölkə kimi səciyyələndirilir. Həmçinin
bu reytinq dərəcələri xarici investorların ölkəyə
çağırışı kimi də qiymətləndirilə
bilər.
Nazirlər
Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Avratlantik məkana inteqrasiya
kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya
layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə
yolunda atdığı ardıcıl addımlarla Cənubi
Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan
respublikamızın bütün sahələrdə dinamik
inkişaf etdiyi bir daha təsdiqlənmişdir. Bu
dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması,
qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə
artması, inflyasiyanın optimal həddə
saxlanılması, ən əsası isə ölkənin
maliyyə imkanlarının daha da genişləndirilməsi
hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin
əyani göstəricisidir.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev demişdir: “...Azərbaycan
iqtisadiyyatı bu il uğurla inkişaf edir və bu dinamik
inkişaf əminəm ki, gələcək illərdə də
özünü göstərəcəkdir. Çünki
bu günə qədər aparılan islahatlar və əldə
edilmiş nəticələr deməyə əsas verir ki,
bundan sonra da Azərbaycanın uğurlu inkişafı təmin
ediləcəkdir. Bütün makroiqtisadi göstəricilər
yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz
ayda 5,4 faiz artmışdır. Hesab edirəm
ki, indiki zəmanədə, xüsusilə dünyada hələ
də davam edən böhran şəraitində bu, kifayət
qədər yüksək göstəricidir və bizə imkan
verir ki, öz investisiya proqramlarımızı da uğurla
icra edək...”.
Ölkəmizin
maliyyə imkanlarının getdikcə artmasına toxunan
dövlətimizin başçısı
vurğulamışdır ki, bu ilin doqquz ayında ölkə
iqtisadiyyatına 17,7 milyard dollar investisiya
qoyulmuşdur ki, onun da 10,5 milyard dolları daxili
investisiyalardır. Bu da Azərbaycan kimi ölkə
üçün çox yüksək göstəricidir və
əgər biz bu templəri ilin sonuna qədər saxlaya bilsək,
bu il ölkə iqtisadiyyatına təqribən
25 milyard dollara yaxın investisiya qoyuluşu gözlənilir...
İnvestisiyaların cəlb edilməsi Azərbaycanda
uzun illər hökm sürən sabitliyin nəticəsidir. Xarici və
daxili investorlar ancaq sabit olan ölkələrə investisiyalar
qoyurlar. Azərbaycana yatırılan sərmayə
də artıq çoxşaxəli sərmayədir. Əgər əvvəlki illərdə – 1990-cı
illərdə daha çox neft-qaz sektoruna sərmayə
qoyulurdusa, indi turizm, xidmət, yüksək texnologiyalar, sənaye
parklarının yaradılması sahələlərinə də
böyük diqqət göstərilir. Beləliklə,
Azərbaycana xarici və daxili investisiyaların qoyulması
ölkə iqtisadiyyatının inkişafına daha da
böyük təkan verəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, biz
öz vəsaitimizdən qənaətlə istifadə etməliyik
və büdcəmizi elə tutmalıyıq ki, Azərbaycanda
valyuta ehtiyatları daim artsın. Bu, bizim
üçün həm iqtisadi və siyasi təhlükəsizlik
məsələsidir, eyni zamanda, biz gələcək nəsillər
haqqında da düşünməliyik və
düşünürük. Gələcək
nəsillər üçün elə güclü iqtisadiyyat
qurmalıyıq ki, Azərbaycanın perspektiv inkişafı
ilə bağlı heç bir problem olmasın. Ona görə maliyyə sahəsində
düşünülmüş,
ölçülüb-biçilmiş addımlar və vəsaitdən
qənaətlə istifadə olunması strateji xarakter
daşıyır. Valyuta
ehtiyatlarımızın artması Azərbaycanın həm
dayanıqlı inkişafını təmin edir, həm də
xarici tərəfdaşlarla münasibətlərimizi daha da
yüksək səviyyəyə qaldırır.
Əlipənah
BAYRAMOV
Xalq qəzeti.- 2013.- 27 oktyabr.- S. 2.