Xalqımız
oktyabrın 9-da yarım əsrlik yolu on ildə qət etmiş
siyasətə səs verdi
Respublikamızda keçirilmiş prezident seçkiləri xalqın nümayiş etdirdiyi seçici fəallığı, ölkə əhalisinin böyük əksəriyyətinin məhz cənab İlham Əliyevə səs verməsinin əsas səbəbləri və səsvermədən on gün sonra reallaşdırılan andiçmə mərasimi barədə sətirləri qələmə alarkən xalqımız və xüsusən, biz təhsil sistemi əməkdaşları üçün mühüm olan daha bir hadisə ilə üzləşdik.
Cənab Prezident İlham Əliyev oktyabrın 24-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Bu strategiyanın milli təhsilimizin inkişafında hansı rolu oynayacağı tamamilə başqa yazının mövzusudur və təbii ki, mütəxəssislərimiz o barədə əhatəli söz açacaqlar. Bu məqamda yığcam şəkildə qeyd etmək istədiyimiz fakt isə ondan ibarətdir ki, cənab dövlət başçımızın Prezident kimi üçüncü dəfə and içməsindən sonra təsdiqlədiyi ilk strateji əhəmiyyətli sənəd məhz təhsil sistemi ilə bağlı oldu. Fikrimizcə bu, təsadüfi deyil. Biz təhsil işçiləri belə düşünürük ki, cənab Prezidentin ölkəmizə rəhbərlik edəcəyi növbəti beş il ölkənin ümumi inkişafını təmin etməklə yanaşı milli təhsilimizin daha böyük uğurlar qazanmasını təmin edəcəkdir.
İndi isə seçki və onun nəticələri barədə fikirlərimizi davam etdirək. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı yeni əsrə və üçüncü minilliyə möhtəşəm ictimai-siyasi və sosial - iqtisadi uğurlarla başlamışdır. Dövlətimizin uğurları nə qədər çox olsa da, beynəlxalq aləmdə ən çox qabardılan və yüksək qiymətləndirilən nailiyyətimiz cəmiyyətin daha da demokratikləşdirilməsi, seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsi və ölkə vətəndaşlarının seçib-seçilmək hüququnun yüksək səviyyədə təmin olunmasıdır. 2013-cü il prezident seçkiləri ərəfəsində bu həqiqətləri beynəlxalq təşkilatların ölkəmizə səfər edən rəsmiləri söyləyirdilərsə, seçkidən sonra səsvermə prosesini izləmiş əcnəbi müşahidəçilərin hamısı dönə-dönə dilə gətirdilər. Həmin müşahidəçilərin 1400-ə yaxın olması isə o demək idi ki, seçki praktikası üzrə Azərbaycan həqiqətləri artıq dünyanın bütün guşələrində eşidilib.
Bu seçki xalqımız və dövlətimiz üçün bir neçə cəhətdən əlamətdar oldu. Birinci ona görə ki, seçki keçirilən ay Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasına ikinci dəfə sədrlik edirdi. İkinci əlamətdar məqam isə ondan ibarət idi ki, seçkyə hazırlıq prosesini müşahidə etmək və bilavasitə səsverməni izləmək üçün ölkəmizə gəlmiş əcnəbi müşahidəçilər Bakıdan öz ölkələrinə göndərdikləri istənilən informasiyanı məhz Azərbaycanın rabitə peyki vasitəsiylə göndərirdilər. Əcnəbi və yerli müşahidəçilərin fikrincə Azərbaycan nəinki bundan əvvəlki seçkidə, hətta müstəqillik dövründə keçirdiyimiz seçkilərin heç birində bu qədər seçici fəallığı nümayiş etdirməmişdi. Yəni 2013-cü ilin prezident seçkiləri Azərbaycan tarixinə təkcə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması ilə deyil, həm də sadaladığımız bu məqamlarla yazıldı.
Maraqlıdır ki, seçkidən 10 gün sonra təşkil olunan andiçmə mərasimi də xalqımız üçün hədsiz dərəcədə əlamətdar olan bir dövrə təsadüf edirdi. Belə ki, andiçmədən əvvəlki gün Azərbaycan xalqı öz Dövlət Müstəqilliyi Gününü qeyd edirdi. Biz burada belə bir rəmzi məna görürük ki, prezident seçkiləri, seçkilərin nəticələri dövlət müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymətdir. Cənab dövlət başçımızın oktyabrın 19-da keçirilən andiçmə mərasimində söylədiyi kimi “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir”.
Bizim fikrimizcə, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini mövcud iqtidarın siyasətinə verməsi bir daha onu göstərdi ki, son on il ərzində cənab İlham Əliyevin xalqa verdiyi bütün vədlər yüksək səviyyədə icra edilmişdir . Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Bu, belə də olmalı idi. Çünki Heydər Əliyev siyasi kursu, xüsusən, həmin kursu böyük yaradıcılıqla davam etdirən cənab İlham Əliyev son on ildə Azərbaycanı bütün risklərdən, təhlükələrdən qoruya bilmişdir. Son on il ərzində bölgədə və dünyada baş vermiş hadisələr heç kəsin yadından çıxmayıb və çıxmayacaq. Bizim hamımızın yaxşı xatirindədir. Müxtəlif toqquşmalar, müharibələr, inqilablar, siyasi, iqtisadi, maliyyə böhranları - bütün bunlar bizim respublikamızın ətrafında da baş verən hadisələr idi. Prezident İlham Əliyev öz siyasəti və qətiyyəti ilə Azərbaycan xalqını və Azərbaycan dövlətini həmin bəlalardan müdafiə edə bilmişdir. Yəni son on il ərzində də Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşamışdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi təhlükəsizlik, sabitlik olmadan heç zaman, heç bir inkişafdan söhbət gedə bilməz.
Məhz cənab İlham Əliyevin yeritdiyi uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Son 10 il ərzində bir neçə mötəbər təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Onların arasında İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar vardır. Cənab Prezident qətiyyətlə və dönə-dönə qeyd etmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunun üçün zəruri şərait də yaradılmışdır. Belə ki, artıq bizim hərbi büdcəmiz 20 dəfədən çox artmışdır. Bu gün respublikamızdakı hərbi sənaye müəssisələrində 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Bundan başqa, beynəlxalq aləmdəki ekspertlərin fikrincə iqtisadi inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır.
Cənab Prezidentin andiçmə mərasimində söylədiyi kimi son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onlardan 900 mini daimi iş yeridir. Eyni zamanda həmin müddətdə ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulmuşdur və bu sərmayənin təxminən yarısı xarici sərmayədir. Dövlətin məqsədyönlü tədbirləri nəticəsində yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalmışdır. Ən başlıcası, sosial infrastrukturun yaradılması üçün böyük vəsait ayrılır. Məsələn, son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilmişdir, tarixi abidələrimiz bərpa edilmişdir. Yəni dövlətin həyata keçirdiyi bütün tədbirlər, atılan bütün addımlar xalqın həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədiylə reallaşdırılır.
Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyevin neft strategiyası tam şəkildə reallaşdırılıbdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2006-2007-ci illərdə istifadəyə verilmişdir. İndi də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi icra edilir. Bu dövrdə Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar qazandıran digər təşəbbüs və ideyaları ilə yanaşı neft kapitalının insan kapitalına çevrilməsi barədə çağırışı ölkə əhalisi, xüsusən təhsil ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Həmin ideyanın reallığa çevrilməsi məqsədiylə ilk hədəf olaraq təhsil sektorunun inkişaf etdirilməsi vəzifəsi ortaya qoyulmuş və bu sahədə kifayət qədər uğurlar qazanılmışdır. Təbii ki, istənilən uğurun əldə edilməsi üçün ilk növbədə mükəmməl idarəetmə və maddi-texniki baza vacibdir. Bu iki amili təmin etmək məqsədiylə cənab dövlət başçımız on ildə təhsillə bağlı 20-ə qədər Dövlət Proqramını təsdiq etmiş və icrasına nail olmuşdur. Bundan başqa bilavasitə Prezidentin təşəbbüsü ilə dövlət büdcəsindən ən çox vəsait ayrılan iki sahədən biri məhz təhsil sektorudur.
Bu barədə söz açarkən xüsusilə qeyd etməli olduğumuz məqamlardan biri də paytaxt təhsilinin müasirləşdirilməsi və dünya təcrübəsi səviyyəsinə qaldırılması məqsədiylə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasıdır. Yəni bizim idarəmiz də bilavasitə son on ildə ərsəyə gəlmiş yeniliklərdəndir. Cənab Prezidentin müvafiq sərəncamı əsasında yaradılmış bu qurumun fəaliyyəti və əldə etdiyimiz nailiyyətlər barədə ekspertlər, təhsil mütəxəssisləri, kütləvi informasiya vasitələri dövri olaraq əhatəli şəkildə söz açdığına görə biz bəzi məqamları yığcam olaraq qeyd etməklə kifayətlənməyi məqsədəuyğun sayırıq. Məsələn, biz son yeddi ildə demokratik idarəetmənin mühüm tərkib hissələrindən olan məktəblərin özünüidarəsinə geniş imkan yaratmışıq. Bu isə dünya təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində atılan addımlardandır. Eləcə də dövlət başçımızın apardığı siyasəti davam etdirərək məktəblərdə tez-tez rast gəlinən əsassız və yersiz yoxlamalara son qoyulmuşdur. Cənab Prezidentin dövri olaraq tövsiyə etdiyi başqa bir məsələ-yeni elmi texnologiyaların və innovasiyaların pedaqoji prosesə tətbiqi işinin təkmilləşdirilməsi də mütəxəssislərimizin və məktəb rəhbərlərinin daimi diqqət mərkəzindədir. Bu tendensiya müəllimlərin yaradıcı fəaliyyətə istiqamətləndirilməsini təmin edir.
İdarəmiz yaradıldıqdan sonra həyata keçirilən çoxsaylı tədbirlər nəticəsində məzunlarımızın ali məktəblərə qəbul imtahanı zamanı qazandığı göstəricilər ildən-ilə yüksəlir. Respublika üzrə ümumi qəbul göstəricisi Bakı məktəblərinin xüsusi çəkisinin artması hamı tərəfindən maraqla qarşılanır. İdarəmizin yarandığı ilə nisbətən sonuncu qəbul imtahanlarında bu sahədə əldə etdiyimiz göstərici 21, 85 faiz çox olmuşdur. Belə ki, 2006-cı ildə məzunlarımızın 34,79 faizi, 2013-cü ildə isə 56, 64 faizi tələbə adını qazanmışdır. Fənn olimpiadalarındakı göstəricilərimiz də bu deyilənləri təsdiq edir. Diqqət yetirək, 2006-cı ildə Bakı məktəblilərinin 48 nəfəri ümumrespublika olimpiadalarının qalibi olmuşdusa, 2013-cü ildə qaliblərimiz artıq 102 nəfər idi.
Yuxarıda qeyd etdiyimiz kimi Prezident İlham Əliyev son on ildə ölkə təhsilinin səviyyəsini qaldırmaq üçün çoxsaylı tədbirlər reallaşdırmışdır. Həmin tədbirlərdən biri də məktəblərin və müəllimlərin fəaliyyətini stimullaşdırmaq məqsədiylə reallaşdırılan müxtəlif yarış- müsabiqələrdir. Son 6 ildə həmin müsabiqələrdə fəal iştirak edən Bakı məktəblərindən 127-si “Ən yaxşı ümumtəhsil müəssisəsi”, 270 müəllimimiz isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. Beynəlxalq aləmdə belə bir qayda var ki, təhsil müəssisələrinin qazandığı uğurlar və təhsil sistemindəki yeniliklər dövri olaraq ölkə ictimaiyyətinin diqqətinə çatdırılır. Biz də həmin məqsədlə milli təhsil tariximizdə ilk dəfə olaraq 2010-cu ildə BŞTİ-nin fəaliyyətini əks etdirən “Təhsil, zaman və biz” adlı möhtəşəm bir sərgi təşkil etdik. Həmin sərginin təhsil ekspertləri, paytaxt ictimaiyyəti və kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilməsi heç kəsin yadından çıxmayıb. Eləcə də həmin sərgidən bir il sonra zamanın tələbinə cavab verərək hazırladığımız “İKT-nin tətbiqi - bilik, təcrübə, texnologiya” adlı sərgi də ölkə miqyasında özünəməxsus əks-səda vermişdi.
BŞTİ təhsil tariximizdə növbəti bir ilkə 2011-ci ildə imza atmışdır. Bizim həmin il “Buta- Palace” sarayında keçirdiyimiz “Məzun- 2011” adlı tədbirdə təhsildə uğurları ilə fərqlənən məzunlarımız qızıl və gümüş medallarla təltif olunmuşdular. Həmin tədbir əsl təhsil və məzun bayramına çevrilmişdi. Sonrakı il Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil etdiyimiz “Məzun-2012” adlı tədbir də həm yaratdığımız ənənənin yaşadılması baxımından, həm də şagirdlərimizin təhsilə marağının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Bu bir faktdır ki, ümumi təhsil prosesinə nəzarətin gücləndirilməsi ilə yanaşı bu qəbildən olan tədbirlər də təhsilin səviyyəsinin qaldırılması baxımından uğurlu addımlar kimi qiymətləndirilir.
Bir məsələni də xüsusilə qeyd etmək zərurəti var. Belə ki, ulu öndər Heydər Əliyev deyirdi ki, bizim gənclər hansısa bir fənni nisbətən az bilsə və ya tam öyrənə bilməsə, bəlkə o qədər də qınanmazlar. Ancaq bizim gənclər milli tariximizi mütləq dərindən öyrənməlidirlər. Biz fəxrlə deyə bilərik ki, BŞTİ bu istiqamətdə kifayət qədər tədbirlər reallaşdırır. Məsələn, idarəmizin “Azərbaycan tarixi” aylığı çərçivəsində keçirilən tədbirlərin yekununa həsr olunmuş “Tariximizi öyrənək, irsimizi qoruyaq” adlı ümumbakı miqyaslı toplantıda çoxsaylı fikirlər, təkliflər və təşəbbüslər səsləndirilmişdi. Eləcə də, aşağı sinif şagirdləri arasında keçirilən “İntellektə gedən yol” müsabiqəsi də dövlət başçımızın qarşıya qoyduğu vəzifələrin icrasına xidmət edirdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsində müasir Azərbaycanın banisi və memarı olan ümummilli liderimiz Heydər Əliyevin mənəvi irsinin təbliği və öyrədilməsi məqsədiylə ənənəvi olaraq bütün tədris ilini əhatə edən müxtəlif səpkili tədbirlər keçirilir. Bu il həmin tədbirlərin yekun mərhələsi ulu öndərin ad günü ərəfəsinə təsadüf etmişdi. Bilavasitə o məzmunlu tədbirlərdən biri də “Mən Azərbaycanlıyam” müsabiqəsi idi. Geniş auditoriyası olan həmin müsabiqə şagirdlərimizin yadından heç zaman çıxmayacaq. Onu da qeyd edim ki, bu il aprelin 30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirdiyimiz “Təhsil, tərəqqi və texnologiya” sərgisi paytaxt təhsilinin ümumi mənzərəsini ortaya qoyan ən dəyərli tədbirlərimizdən biri idi.
Sonda bir daha xatırladım ki, paytaxt təhsilinin bütün təmsilçiləri oktyabrın 9-da Azərbaycanın gələcəyinə yekdilliklə səs verdikləri kimi həmin gələcəyi quran siyasəti bundan sonra da eyni mütəşəkkilliklə dəstəkləyəcəklər.
Nailə
RZAQULİYEVA,
Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri,
əməkdar
müəllim
Xalq qəzeti.- 2013.- 27 oktyabr.- S. 4.