Lənkəran: Tərəqqinin
üfüqləri daha da
genişlənir
Bu gün ölkə miqyaslı abadlıq yürüşünün önündə gedən rayonlardan biri də “cənub mirvarisi” Lənkərandır. Elə rüb, elə ay olmur ki, burada hansısa mühüm sosial-mədəni obyektin açılışı, yolun əsaslı təmiri, nailiyyətin təqdimatı olmasın. Gözəl diyar dövlət qayğısından yetərli qədər nəsibini alır. Əsas amil də odur ki, öncəlik məhz əhalinin firavanlığına verilir. Bu isə dövlətimizin qüdrətinə adamların inamını daha da gücləndirir. İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclasının ümumi ruhu bu fikirləri başabaş təsdiqləmişdir.
ŞİH başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov məruzəsində bu barədə ətraflı danışdı. O bildirdi ki, ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Lənkəranın da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərmiş və rayonda bütün sahələr üzrə müsbət nəticələr əldə olunmuşdur.
Ən əlamətdar hadisə Prezident İlham Əliyevin Lənkərana səfəri olmuşdur. Həmişə olduğu kimi, dövlət başçısının bu səfəri də yeni açılışlarla, xoş xatirəyə çevrilən görüşlərlə müşayiət olunmuşdur. Cənab Prezidentin xeyir-duası ilə ilk dəfə dünya standartları səviyyəsinə uyğun içməli su xətti işə salınmışdır. Yaraşıqlı xarici görünüşə və mühüm sosial-mədəni əhəmiyyətə malik Gənclər Mərkəzinin, on minlərlə insanın çoxillik arzusu olmuş Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun asfaltlanmadan sonra açılışı, yenidən qurulmuş Mərkəzi Rayon Xəstəxanası ilə tanışlıq bu səfərin ən yaddaqalan anları olmuş və lənkəranlılara böyük sevinc bəxş etmişdir.
Ötən müddətdə rayonda 1903 yeni iş yeri açılmışdır ki, bunun da 1539-u daimi iş yerləri olmuşdur.
Məruzəçi nəqliyyat, telekommunikasiya və poçt sahələrində görülmüş işlər barədə məlumat vermiş, İKT-nin imkanlarından daha səmərəli istifadə məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətində operativ idarəetmə mərkəzinin yaradıldığını və 9 ərazi icra nümayəndəliyinin bu şəbəkəyə qoşulduğunu diqqətə çatdırmışdır.
Cari ilin 9 ayı ərzində də rayonda genişmiqyaslı quruculuq-abadlıq işləri davam etdirilmişdir. Şəhərin Şəhidlər Xiyabanı küçəsi tamamilə yenidən qurulmuş və dörd zolaqlı yol istifadəyə verilmişdir. Küçədəki körpü genişləndirilmiş, hər iki tərəfdə yeni səkilər tikilmiş, müasir işıqlandırıcılar quraşdırılmışdır.
Göyşaban dairəsindən Ürgə kəndinə qədər olan ərazidə yaşıl təpələrdən ibarət mənzərəli təbiət guşəsi yaradılmış, Göyşaban kəndi ərazisindəki Qala kompleksi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirə parkı, Əfqanıstan veteranları parkı əsaslı şəkildə yenidən qurulmuşdur. Ümumilikdə şəhər ərazisində 316 ədəd yeni küçə işıqlandırıcıları quraşdırılmış, uşaqlar üçün oyun meydançaları yaradılmışdır.
Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilmişdir.
Cari ilin 9 ayında rayonda təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün ardıcıl iş aparılmışdır. Dərs ilinin əvvəlində Vilvan kəndində 640 şagird yerlik yeni orta məktəb, şəhər 5 saylı uşaq bağçası üçün 110 yerlik bina tikilib istifadəyə verilmişdir. Hazırda Bəliton və Darquba kənd tam orta məktəbləri üçün binaların tikintisi davam etdirilir. Şəhər 2 saylı orta məktəbin əsaslı təmiri başa çatmaq üzrədir.
Mərkəzi Rayon Xəstəxanasının bütün müəssisələrində əhaliyə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə kompleks işlər görülmüşdür. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən ayrılmış vəsait hesabına Mərkəzi Rayon Xəstəxanası əsaslı şəkildə təmir olunmuş və istifadəyə verilmişdir. Lənkəran şəhərində rayonlararası Narkoloji xəstəxana üçünsə 18 çarpayılıq yeni bina tikilib istifadəyə verilmişdir.
Eyni zamanda, bu il rayonda 110 yerlik uşaq bağçası və uyğunlaşdırılmış binalarda yerləşən 11 məktəb üçün yeni binaların tikintisi, 1 məktəbin əsaslı təmiri, 15 çoxmərtəbəli yaşayış binalarında bərkitmə-gücləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur. İlin sonuna qədər rayonun daha 8 yaşayış məntəqəsinin qazlaşdırılması başa çatdırılacaq.
Prezidentin sərəncamı ilə ayrılmış 2,6 milyon manat vəsait hesabına Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Digər sərəncamla Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun təmiri üçün 2 milyon manat vəsait ayrılmış və sərəncamın icrasına başlanılmışdır.
Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Hirkan-Mamusta-Siyavar yolunun 7, Hirkan-Xanbulan-Biləsər yolunun 10 və Veravul-Qaraağaclı yolunun 4 kilometrlik hissəsinin əsaslı təmiri nəzərdə tutulmuşdur.
İclasda xüsusi vurğulandı ki, ilin ən mühüm hadisəsi növbəti prezident seçkiləri oldu. Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da dünya standartları səviyyəsində demokratik və şəffaf seçki keçirildi. Mütləq əksəriyyət birmənalı olaraq cənab İlham Əliyevə səs verməklə gələcək xoşbəxtliyini, firavan həyatını Heydər Əliyev siyasi kursunun qələbəsində gördüyünü təsdiqlədi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əvvəlcə oktyabrın 9-da keçirilən prezident seçkilərində möhtərəm İlham Əliyevin qazandığı parlaq qələbə münasibəti ilə hər kəsi təbrik etdi. Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da əhalinin prezident seçkilərinin xoş təəssüratları ilə yaşadığını vurğulayan icra başçısı bildirdi ki, Azərbaycan xalqı yenidən Heydər Əliyev siyasi kursunun davamına səs verdi.
-Son 10 il ərzində Azərbaycanın daxili və xarici siyasətində qazanılan uğurlar ölkəmizdə demokratik, hüquqi, güclü və qüdrətli dövlətin yaradıldığını təsdiqləyir. Fərəhlidir ki, Lənkəranda da seçici fəallığı çox yüksək oldu. Elliklə əsl siyasi iradə, qətiyyət ifadə olundu. Rayonumuzda seçkiləri müşahidə edən ATƏT-in uzunmüddətli müşahidəçilər qrupu xalqımız üçün taleyüklü siyasi tədbirin tam obyektiv və şəffaf keçdiyini öz hesabatlarında açıqlamışdır.
T.Qaraşov daha sonra qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi ilə bağlı idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verdi.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 27 oktyabr.- S. 6.