Lerik: Zəhmətsevər
insanların məskəni
Bu uca dağlar diyarı indi ilin bütün fəsillərində turistlərin üz tutduğu və gözəlliklərindən ilham aldığı bir məkana çevrilib. Hərəkət üçün rahat yolları, dincəlmək üçün lazımi şəraiti, baxıb gözə-könülə köçürmək üçün əsrarəngiz mənzərələri var. Məncə, Lerik başabaş zövq mənbəyi, möcüzələr ünvanı, sevinc-fərəh düşərgəsidir. Ömrün çeşidli qayğılarından sıyrılıb Lerikə gələn hər kəs burada keçirdiyi günləri, saatları qənimət sayır. Kim inanmırsa, buyurub bu qonaqpərvər yurda təşrif gətirsin, necə deyərlər, hər şeyi öz gözləri ilə görsün.
Lerik həm də ilboyu zəhmət çəkib zarıncı olmayan soydaşlarımızın məskənidir. Ucqar relyefin çətinlikləri, təbiətin sərt sınaqları bu adamların əlini iş-gücdən heç vaxt soyutmur. Necə deyərlər, öyrəncəli olublar. Elə bir ucdan günü-dirriyi yaxşılaşdırmaq, rahatlıq yaratmaq, təbii gözəllikləri cilalayıb daha da cazibədar şəkildə sərgiləmək sanki leriklilərin boyuna biçilib.
Rayon icra hakimiyyətində növbəti işgüzar tədbir - 2013-cü ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı növbəti şura iclası da elə bir növ hünərə baxış səciyyəsi daşıyırdı. Tədbirdə idarə, müəssisə, təşkilat, hüquq-mühafizə orqanları və bələdiyyə qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri açan icra hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə keçirilən növbəti prezident seçkilərinin fərəhli nəticələrini ətraflı şərh etdi, cənab İlham Əliyevin yenidən mütləq üstünlüklə dövlətimizin başçısı seçilməsini reallığın möhtəşəm qələbəsi adlandırdı. Ölkə Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında Prezidentin toxunduğu məsələləri diqqətə çatdıran natiq qazanılmış uğurlarda Lerik rayonunun da öz payının olmasını urğuladı. Burada aparılan quruculuq-abadlıq işlərinin, yolların, təhsil və səhiyyə ocaqlarının tikintisinin bundan sonra da səylə davam etdiriləcəyinə, ərazidə infrastrukturun bütünlüklə günün tələbləri səviyyəsində qurulacağına inamını bildirdi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr, həmçinin 2013-cü ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov məruzə etdi.
Məruzədə bildirildi ki, keçən doqquz ayda və ümumilikdə 2003-2013-cü illər üzrə rayonda bir sıra uğurlara imza atılıb. 40-a yaxın məktəb, 9 səhiyyə müəssisəsi, 3 uşaq bağçası, inzibati idarə binaları, turizm-istirahət mərkəzləri, iaşə obyektləri, şadlıq sarayları, ticarət mərkəzləri, kərpic zavodu, broyler fabriki, çörək zavodu, su sexləri inşa edilib, 38 yaşayış məntəqəsi qazlaşdırılıb, elektrik xətlərində təmir işləri aparılıb, kəndlərdə artezian quyuları qazılıb, yaşayış məntəqələrinə su xətləri çəkilib, yollar asfatlaşdırılıb və ya əsaslı təmir olunub. Ərazilərdə infrastruktur yeniləndirilib. 26 kilometrlik Lerik-Qosmalian-Kəlvəz yolu tamamilə yenidən qurulub, 32 kilometrlik Noda- Şingədulan-Xanagah yolunun tikintisi ilə bağlı ilkin olaraq 2 milyon vəsait ayrılıb, tikinti işlərinə start verilib.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına uyğun olaraq ötən vaxt ərzində rayonda 4123, o cümlədən bu il 680, ümumilikdə isə doqquz il ərzində 8877 yeni iş yeri yaradılıb. Açılmış iş yerlərinin 40 faizdən çoxu daimi xarakterlidir.
Məruzədə 60 tədbir üzrə yeni Dövlət Proqramının layihəsinin hazırlandığı bildirildi, qarşıdakı 5 ildə Lerik rayonunun daha böyük iqtisadi uğurlara nail olacağı vurğulandı.
Rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, Nüvədi ərazi icra nümayəndəsi İntiqam Əsədov, DSMF rayon şöbəsinin müdiri Malik Mirzəyev məruzə ətrafında çıxışlar etdilər. Onlar təmsil etdikləri sahələrdə görülmüş işlərdən danışdılar və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini bölüşdülər.
Şura iclasının qərar layihəsi oxundu, ayrı-ayrı sahələr üzrə əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verildi, qarşıdakı vəzifələr müəyyənləşdirildi.
Toplantının yekununda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
Əli Nəcəfxanlı
Xalq qəzeti.- 2013.- 29 oktyabr.- S. 4.