Azərbaycan boksçularının tarixi nailiyyəti: dünya çempionatında 2 qızıl və 1 bürünc medal

 

Rinq ustalarımız mərdlik sevən və planetin ən ali idman məclisi Olimpiya oyunları proqramında xüsusi yeri olan boksun Azərbaycanda inkişafının bütün tarixi ərzində heç vaxt dünya çempionatında belə böyük müvəffəqiyyət qazana bilməmişdilər.

İndi isə onlar Qazaxıstanın keçmiş paytaxtı Almatıda yenicə finişə çatmış və final görüşlərini nəhəng idman sarayının tribunalarından bu ölkənin Prezidenti Nursultan Nazarbayevinmaraqla izlədiyi çempionatda ölkəmizi iki qızıl və bir bürünc medalla sevindirməyi bacardılar. İdman həvəskarlarımızın  ürəyindən olan tarixi nailiyyətdir!

Qəhrəmanlarımız  təkcə Azərbaycana deyil, bütün dünyaya yaxşı tanışdır. Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) indi böyük fəxrlə ikiqat dünya çempionu adı daşıyır. Cavid Çələbiyev (56 kq) öz idman həyatında ən böyük hünər göstərmiş, dünya rinqində tayı-bərabəri olmamış, Məcidov kimi onun da qələbəsi şərəfinə Qazaxıstan paytaxtında Azərbaycanın əzəmətli dövlət himni səsləndirilmiş, milli bayrağımız ən yüksəyə ucaldılmışdır. Teymur Məmmədov (94 kq) çempion ola bilməsə də, hər halda, öz mükafatlar kolleksiyasına daha bir medal, bu dəfə bürünc mükafat əlavə etmişdir.

Əlbəttə, bütün yarışlarda, xüsusən də dünya çempionatlarında yarımfinalda və finalda qazanılan qələbələr daha böyük əhəmiyyət kəsb edir. Bizim qaliblərdən də ikisi təkcə finalın astanasında deyil, həlledici döyüşdə də rəqibinə heç bir ümid yeri qoymadı. Məhəmmədrəsul son iki görüşdə italyan Roberto Kamarelli üzərində qələbə qazanıb London Olimpiadasında bu rəqiblə döyüşdəki məğlubiyyətin əvəzini çıxdı, qızıl savaşında isə rinq sahibi İvan Dıçkonu üçüncü raundda sarsıdıcı zərbə ilə nokauta göndərib möhtəşəm qələbə ilə hamını heyran etdi. Cavidin fəxri kürsünün zirvəsinə yolu məsafənin son metrlərində qazaxıstanlı Kayrat (bu adı eşidəndə keçmiş SSRİ futbol çempionatlarında “Neftçi” ilə “Kayrat”ın maraqlı və prinsipial görüşləri yada düşür) Yeraliyev və rusiyalı Vladimir Nikitin üzərində qələbələrdən keçdi. Yarımfinalda təkcə Məmmədov büdrədi. Amma bu uğursuzluğu Teymura çox da irad tutmaq olmaz. O, dünya çempionatında ölkəsi İtaliyaya yeganə qızıl medal qazandıran Klemente Russoya layiqli müqavimət göstərdi.

Beləliklə, Bakıda dünya çempionatı-2011-in qalibi, ötən il İngiltərə paytaxtında XXX Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov tədricən finişə yaxınlaşmaqda olan 2013-cü ili ikiqat dünya çempionu kimi yola salacaq. Cavid Çələbiyev də dünya çempionatı rinqində gurultulu qələbəsini heç vaxt unutmayacaq, iki il əvvəl paytaxtımızda dünya çempionatının gümüş, ötən il London Olimpiadasının bürünc mükafatçısı olmuş Teymur Məmmədov bu il daha bir dünya çempionatında fərqlənmişdir. Onların hər üçünün 2016-cı ildə uzaq Rio-de Janeyroda keçiriləcək XXXI Olimpiadaya vəsiqə qazanmaq, sonra da əfsanəvi Pelenin vətəni Braziliyadan medalla qayıtmaq arzuları da, şübhəsiz, çox böyükdür.

Bizöz növbəmizdə cəsur rinq ustalarımızın bu məqsəd uğrunda mübarizədə baş rollardan birini oynayacaqlarına ümid etməkdə haqlıyıq. Azərbaycanda dövlətin böyük qayğı və diqqəti sayəsində idmanın bütün növləri kimi, boksun da inkişafı üçün yaradılmış ideal şərait sayəsində bu növdə dünya çempionlarımızın sıraları genişlənir, medallarımızın sayı daha da artır. Azərbaycan yığmasının Almatıda Qazaxıstan (4 qızıl, 2 gümüş, 2 bürünc medal) və Kubadan (2 + 2+1) sonra komanda hesabında üçüncü yeri tutması  çox şeyə sübutdur.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 29 oktyabr.- S. 6.