Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa təsisatlarının mühüm tərəfdaşıdır

 

Avropanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə yüksəlir. Artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması mümkünsüzdür. Çox mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malikdir. Bundan başqa, ölkəmiz Asiya ilə Avropa arasında həm də təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir dövrdə nəqliyyat, təhlükəsiz enerji dəhlizləri daha çox əhəmiyyət daşımağa başlayır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, bunları hasil edən dövlətdir. Eyni zamanda, nəhəng qaz potensialımız da mövcuddur. Buna görə də Azərbaycanın regionun ən mühüm dövlətinə çevrilməsi təbiidir.

Neftin və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin etmək məqsədilə çoxşaxəli boru nəqliyyat infrastrukturunun yaradılması mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni neft strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərinin yenidən qurulması, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft  və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz ixrac boru kəmərlərinin tikilərək istifadəyə verilməsi Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çatdırılmasında önəmli rol oynamışdır. Xüsusən də Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizi ölkənin tranzit potensialının daha da güclənməsinə əlverişli şərait yaradır.

 Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ölkəmizin enerji təhlükəsizliyi məsələsində həlledici rol oynadı. Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və fasiləsiz ixracında əvəzedilməz rol oynayan BTC Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, illik ötürücülük qabiliyyəti 60 milyon ton olan BTC sutkada 1,2 milyon barel neftin Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyətə başlaması ilə respublikamız Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. “Şahdəniz” yatağında qazın istismarının genişlənməsi isə ölkənin daxili tələbatını tam ödəməklə yanaşı, beynəlxalq bazarlara da daşınmasını təmin etdi. Bu, dövlətimizin iqtisadi qüdrətinin durmadan artmasının bariz nümunəsidir.  Hazırda respublikada hasil olunan təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən yuxarıda adını çəkdiyimiz “Şahdəniz” strukturundan əldə edilir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı sayılan “Şahdəniz” 1999-cu ildə kəşf olunmuşdur. Xarici tərəfdaşlarla birlikdə işlənilən “Şahdəniz” yatağı dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab edilir. Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaza “Cənub qaz dəhlizi” layihəsi üçün əsas mənbə kimi baxılır. “Şahdəniz-2" layihəsi üzrə qazın ixracına 2017-ci ildən başlanılması planlaşdırılır.

Azərbaycanın müstəqillik illərində qaz ehtiyatlarının kəşfi sahəsində əldə etdiyi uğurlar təkcə “Şahdəniz”lə yekunlaşmır. Müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin öz gücü ilə kəşf etdiyi ilk qaz yatağı olanÜmid”, əslində çox düzgün  adlandırılmışdır. İlkin hesablamalara görə, “Ümidstrukturunun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Bundan başqa, buraya “Babək” strukturundakı 400 milyard kubmetr qaz və 80 milyon ton kondensatı, həmçinin ilkin hesablamaları aparılan “Abşeron” yatağındakı 350 milyard kubmetr qaz və 45 milyon ton kondensatı, “Naxçıvan” perspektiv strukturundakı 300 milyard kubmetr qaz və 40 milyon ton kondensatı, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərinlikdə yerləşən 360 milyard kubmetr qaz ehtiyatını da əlavə etsək kifayət qədər böyük rəqəmin alındığını görərik. Bu isə ölkəmizin böyük qaz ixracatçısı kimi dünya bazarlarına yol axtarmasına zəmin yaradır.

 

Qeyd edək ki, yaxın illərdə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə çatacağı nəzərdə tutulur. Bu isə regionunAvropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunun qarşıdakı illərdə daha da artacağına zəmanət verir. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda Azərbaycanın təbii qazının bu bazarlara nəqli xüsusilə böyük əhəmiyyət kəsb edir.

 “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində hasilat birinci mərhələyə nisbətən az qala ikiqat çox olacaqdır. Bu, yataqdan çıxarılan qazın ixracı üçün müvafiq infrastrukturun yaradılması zərurətini ortaya qoymuşdur. Təbii ki, hazırda “Şahdəniz-1" qazını Səngəçaldan Ərzurumadək aparan kəmərin artacaq həcmləri qəbul etmək üçün gücü kifayət deyil. Üstəlik, ”Şahdəniz-2" qazını Avropadakı istehlakçılara da çatdırmaq üçün əlavə xətlər  gərəkdir.

2018-ci ildə əldə ediləcək həmin qazın nəqli üçün zəruri olan bu məsələ indi öz uğurlu həllini tapmaqdadır. Başqa sözlə, “Cənub qaz dəhlizi”nin marşrutu müəyyən olunmuşbuna müvafiq də işlər aparılır. Əlbəttə, ilk növbədə, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gücü artırılacaqdır. Bu həmin kəmərdir ki, Azərbaycanın ərazisi ilə 443 kilometr, Gürcüstanın ərazisi ilə 248 kilometr uzanaraq “Şahdəniz” qazını Gürcüstan-Türkiyə sərhədinə qədər nəql edir.

CQBK Bakı-Tbilisi-Ərzurum xəttinin əsas hissəsini təşkil edir. O, Azərbaycanın 13 rayonundan  - Abşeron, Qaradağ, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, TovuzAğstafadan keçir. Yeni həcmləri qəbul etmək üçün Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq kəmərə paralel olaraq yeni bir xətt tikiləcəkdir.

Gürcüstan sərhədinədək uzanan bu yeni kəmərin uzunluğu 387 kilometr olacaqdır. Onun başlanğıcında bir ərsinləmə, marşrutu boyu isə 5 siyirtmə stansiyasının tikintisi planlaşdırılmışdır. CQBK-nın Gürcüstan hissəsində isə ölkənin Türkiyə ilə sərhədində qısa  kəmər, bir ərsinləmə, iki kompressor, bir təzyiqazaltma və bir təzyiqölçmə stansiyaları inşa ediləcəkdir. Beləliklə, genişləndirilmiş CQBK “Cənub qaz dəhlizi”nin güclü bir qoluna çevriləcəkdir.

“Şahdəniz-2"dən əldə olunan qazın ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropa ölkələrinə satılacaqdır. Azərbaycan qazını Avropaya aparan yollar da məhz Türkiyədən keçəcəkdir. Azərbaycanla Avropa arasında körpü yaratmaq rolu TANAP-ın  - Trans Anadolu Qaz Boru Kəmərinin üzərinə düşür. Keçən ilin iyun ayında Azərbaycan Respublikası və Türkiyə arasında TANAP üzrə hökumətlərarası müqavilə imzalamışdır.

Bu il iyunun 21-də Azərbaycan nümayəndə heyətinin  Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə görüşündə səsləndirilən belə bir fikir də diqqət çəkir: “Azərbaycan enerji təhlükəsizliyi sahəsində artıq Avropa təsisatlarının mühüm tərəfdaşı hesab olunur. TANAP layihəsinin elan edilməsi ”Cənub qaz dəhlizi" layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır. Azərbaycan Avropada uzunmüddətli proqnozlaşdırılan qaz bazarını özü üçün müəyyən edəcəkdir. Avropa isə uzun müddət, onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaqdır.  Bu sahədə sıx tərəfdaşlıq, xüsusən də “Cənub qaz dəhlizi”nin yaradıldığı bir vaxtda  atılan addımlar bu layihənin uğurlu reallaşması üçün çox vacibdir".

TANAP-ı haqlı olaraq BTC-dən sonra regionda ən böyük layihə adlandırırlar. Bu kəmər Türkiyəni önəmli enerji dəhlizinə çevirəcəkdir. TANAP layihəsində iştirak payının 80 faizi ARDNŞ-ə, qalan 20 faizi isə Türkiyənin BOTAŞ və TPAO şirkətlərinə məxsusdur. Kəmərin tikintisinin 2018-ci ilin əvvəllərində başa çatacağı nəzərdə tutulur.

“Şahdəniz” qaz-kondensat yatağının işlənməsində və istismarında tərəfdaşlıq edən şirkətlərdən 3-ü TANAP-a qoşulmaq niyyətindədir. Bunlar “Şahdəniz” layihəsinin əməliyyatçısı BP, tərəfdaşlardan “Statoyl” və “Total” şirkətləridir. BP və “Statoyl” hər biri layihədə 12, “Total” isə 5 faiz payla iştirak etməyi nəzərdə tutmuşlar. Hazırda bu fikrin reallaşması üçün danışıqlar aparılır.

Kəmərin uzunluğu təxminən 2000 kilometr olacaqdır.  TANAP Gürcüstan-Türkiyə sərhədindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan və neçə-neçə digər bölgədən keçəcəkdir. 56 düymlük bu boru xəttinin Avropaya çıxış nöqtələri Yunanıstan və Bolqarıstan sərhədləri olacaqdır. Türkiyənin özünün daxilində isə kəmər Əskişəhər və Trakya bölgələrinə çıxacaq. TANAP böyük qazötürmə qabiliyyətinə malik olacaqdır.   Bu layihə iki qardaş dövlətin enerji sahəsində bundan əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə vüsət alan, “Petkim”lə davam etdirilən əməkdaşlıq və tərəfdaşlığını daha da möhkəmləndirəcəkdir.  TANAP layihəsi həyata keçiriləndən sonra dünyanın yeni enerji qaynağına çevriləcəkdir.

TANAP həm də Azərbaycanla Avropa ölkələri arasında bir körpü olacaqdır. Yəni, Avropaya istiqamətlənən yanacağı TAP-a (Trans Adriatik Qaz Boru Kəməri) məhz TANAP ötürəcəkdir. Qazın Avropaya nəqli üçün TAP intensiv qiymətləndirmə nəticəsində bir neçə kəmərin sırasından seçilmişdir. Bu kəmər başlanğıcını Türkiyə-Yunanıstan sərhədindən götürəcək və Albaniyanın ərazisindən, Adriatik dənizindən keçərək İtaliyaya çatdırılacaqdır. İtaliyada və Yunanıstanda kəmər həmin yerlərdə mövcud olan qaz infrastrukturu ilə birləşəcəkdir.

Hazırda “Şahdəniz” konsorsiumu qaz satışı üzrə İtaliya və Yunanıstanda bir sıra şirkətlərlə şərtlərini razılaşdırmışdır. Bundan əlavə, Bolqarıstanda da satışı həyata keçirmək üçün danışıqlar aparılmışdır.  Gələcəkdə TAP-dan ayrılan “qollar” Azərbaycanın qaz ixracını daha da şaxələndirəcək. Əsrlər boyu dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın şöhrəti indi həm də qaz ixracatçısı kimi artacaqdır.

Sonda onu da qeyd edək ki, hazırda Azərbaycanda neftdən əldə olunan gəlirlərin ilk növbədə ölkədə güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi vacib sayılır. Bu da təsadüfi deyil. Çünki müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan amilinin prioritetə çevrilməsi yönümündə qurur. Son illər Azərbaycan da elm və təhsil sahəsində həyata keçirilən davamlı islahatlar isə yaxın illərdə insan kapitalına əsaslanan informasiyalı cəmiyyətin gerçəkləşəcəyinə şübhə yeri qoymur.

 

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 8 sentyabr.- S. 2.