Bakını istiqlalımıza qovuşduran qəhrəmanlıq

 

Qafqaz İslam Ordusu – 95

 

Tarix ötənlərin haqsızlıqlarının vurduğu yaraları sağalda-sağalda irəliləyir. Buna bəzən illər, bəzən də əsrlər lazım gəlir. Lakin, gec-tez ədalət yerini tutur. 95 il əvvəl bu günlərdə və aylarda məmləkətimizdə və onun ürəyi Bakıda baş verənləri xatırlamaq yetər ki, bu həqiqətə bir daha inanasan.

O zaman yer üzünü yenidən bölüşdürmək azarı ilə şər qüvvələr ölkələri və xalqları nəhəng od-alov qazanına tökəndə dövlətçiliyini bərpa etməyin doğuş ağrıları içərisində çapalayan Azərbaycan da misilsiz qan-qadadan keçməli olmuşdu. Qanlı imperiyalar o vaxt dünyanın “neft çəlləyi” sayılan Bakını əldə saxlamaq, onu qənimət götürmək, bu mümkün olmayanda isə məhv etmək qəsdi ilə əllərindən nə gəlmişdisə əsirgəməmişdilər. Nəhayət, dünya yenidən bölüşdürüləndən sonra Bakıya və Azərbaycanın pay-bölüş edilmiş quzeyinə sahib çıxan “qırmızılaşmış” imperiya baş verənlərin üstünə qatı bir pərdə çəkərək 70 il hər şeyi tərsinə təfsir və təqdim etdi. Tarixin silinməz-pozulmaz yaddaşı isə hər şeyi olduğu kimi, öz adıyla qoruyub saxladı. Zamanı gələndə həqiqət aşkarlandı, ədalət hökmünü verdi.

 

Həqiqətin qısa tarixçəsi

 

Rusiyanın radikal inqilabi qüvvələri imperiyanı yenidən təşkil etmək üçün Dünya müharibəsinə başı qarışmış monarxist rejimi devirməklə kifayətlənməyib saxtaxalqlaradünyaya azadlıq” şüarı altında diktatura da qurmuşdular. Köhnə hakimiyyətin tərəfdarlarının və müttəfiqlərinin müqaviməti isə “yeni dünyanın cəngavərləri” kimi meydana atılmış bolşeviklərin amansız mübarizəsini – vətəndaş müharibəsini alovlandırmışdı. Rusiya imperiyasının ucqar əyalətinə çevrilmiş Cənubi Qafqazda milli qüvvələr ələ düşmüş fürsətdən yararlanaraq müvəqqəti yerli idarəçilik qurmuşdular.

Rusiya Dövlət Dumasının yerli təmsilçilərindən Tiflisdə təşkil olunmuş Zaqafqaziya Komissarlığı və Seymi daxilixarici dayaqlar qazana bilməyib buraxılanda – 1918-ci il mayın son günlərində Qafqazın 3 böyük xalqı olan gürcülər, ermənilər, azərbaycanlılar daldalanıb dövlət müstəqilliklərini və milli cümhuriyyətlərini elan etmşdilər. Gürcülər çarizmin Qafqazda mərkəzə çevirdiyi Tiflisi paytaxt kimi götürmüş, ermənilər Zaqafqaziya Seymindəki azərbaycanlı deputatların iltifatını göydə qaparaq hakimiyyətlərini qədim türk qala şəhəri İrəvana köçürmüşdülər. Bir əsrlik milli əsarətdən sonra dövlətçiliyimizin qaranquşu kimi pərvazlanmış Azərbaycan Xalq Cümhuriyyəti isə 20 gün sonra rus işğalına qarşı qəhrəmanlıqla şəhid olmuş Cavad xanın şəhəri Gəncəyə uçub qonmuşdu.

 Yeni elan olunmuş Azərbaycan dövlətinin zəruri paytaxtı isə bütün ölçüləri ilə məmləkətin ən böyük sənaye-ticarət və mədəniyyət mərkəzi kimi formalaşmış (orta əsrlərdə Şirvanşahların iqamətgahlarından biri, Bakı xanlığının və quberniyasının inzibati mərkəzi olmuş) Bakı olmalı idi. Həmin aylarda və günlərdə isə yağı-yabançılar bu şəhərin və ətraf məntəqələrin başında tərs dəyirmanlar fırlatmış, onun küçələrini dinc soydaşlarımızın qanına boyamışdılar. Rusiyada baş vermiş bolşevik çevrilişindən ötən 10 ayda Bakı dünyanın ən ziddiyyətli nöqtəsinə – “Qordi düyünü” və “nifaq alması”na dönmüşdü.

Qədim dövrlərdən “Odlu diyarkimi tanınan Abşeron yarımadası və Bakı Rusiyanın işğalından sonra çarizmin açıq qapı siyasəti nəticəsində dünya kapitalının maraq hədəflərindən biri idi. XIX əsrin ikinci yarısında şəhər sürətlə inkişaf edərək XX əsrin əvvəllərində imperiyanın cənubunda ən mühüm məntəqə olmuşdu. Neftin sənaye üsulu ilə çıxarılmasının mənimsənilməsi, Xəzərdə sənaye-ticarət gəmiçiliyinin inkişafı, imperiya mərkəzinə və Avropaya qovuşan dəmir yolunun çəkilməsi, Qara dənizə çıxan ilk neft kəmərinin işə düşməsi bu kiçik qalanı tarixən qısa müddətdə dünya miqyaslı şəhərə çevirmişdi.

Hakim dairələrin ruslaşdırıma siyasəti və geniş infrastruktur yaranması nəticəsində Bakı həm də beynəlmiləlləşmişdi. Əsrlər boyu min bir yolla Azərbaycanın həyat üçün ən əlverişli ərazilərini ələ keçirmək ermənilərin sənaye-ticarət burjuaziyasının nümayəndələri bu kapital şəhərində mühüm mövqelərə yiyələnmişdilər. “Böyük Ermənistan” xülyasının siyasi həyatda dirçəldiyi həmin dövrdə Bakı erməni daşnak ideologiyasının və Azərbaycanın milli maraqlarına qəsdlərin də mərkəzi idi.

Beləliklə, müvəqqəti olaraq Rusiyanın əlindən çıxmış Bakı onu yenidən işğal etmək niyyətini gizlətməyən bolşeviklərin, Qafqazın hakim xalqı olmaq uğrunda birləşən çeşidli erməni qüvvələrinin, dünyanın neft mərkəzinə yiyələnmək istəyən xarici imperializminmilli haqlarına sahib çıxmaqda olan yerli xalqın mübarizəsinin toqquşduğu bənzərsiz, əlahiddə bir əraziyə çevrilmişdi. Bu çarpışmalarda ermənilər “təzə” və “köhnə” ruslarla, xarici ağalarla asanlıqla birləşərək xalqımızın amansız qənimi olmuşdular.

Həmin 10 ayda Bakıda hadisələr şiddətlə mürəkkəbləşmiş, soydaşlarımız qanlı qırğına məruz qalmış, məmləkətin ürəyi onun bütöv orqanizmindən ayrı salınmışdı. Bolşeviklərin “azadlıq və qardaşlıq” xülyasına aldanmış bəzi azərbaycanlılar da bu oyunlarda milli maraqları qoruya bilməmişdilər. Bolşevik inqilabından dərhal sonra Bakıda da sovet hakimiyyəti yaratmaq üçün bolşevik lideri Lenin Azərbaycanın qatı düşməni S.Şaumyanı qanunsuz olaraq “Qafqazın fövqəladə komissarı” təyin edərək Bakıya göndərmişdi.

“Sovetləşmə” oyunları Müsavat Partiyası və Müsəlman Milli Komitəsinin şəhərdə böyük nüfuzuna ilişib qalanda Leninin razılığı və qanlı komissarın rəhbərliyi ilə milli qüvvələrə ciddi dərs vermək, yerli xalqın iradəsini qırmaq üçün 1918-ci il martın son, aprelin ilk günlərində Şaumyanın ətrafında cəmləşmiş müxtəlif erməni silahlı qüvvələri Bakıda 12 min azərbaycanlını vəhşiliklə qətlə yetirmişdilər. Sonrakı günlərdə silahlı erməni quldurları Bakıya yaxın əyalət şəhərləri Şamaxıda, Dəvəçidə, Qubada da kütləvi qırğınlar törətmişdilər. Bununla “Bakı Kommunası” adlandırılan sovet diktaturasını möhkəmləndirmək istəyən bolşevik-daşnak qüvvələr şəhərdə nüfuzlarını tamamilə itirmişdilər. Sonrakı aylarda İranda qalmış çar hərbi qüvvələri buradakı ingilis qoşun kontingenti ilə dilbir olaraq “qanlı kommuna”nı iflasa uğratmışdılar. Şaumyan və əlaltıları Həştərxana qaçanda isə ingilis-eserlərin əlinə keçib Xəzərin o tayında güllələnmişdilər.

Bu o aylar və günlər idi ki, Azərbaycan Xalq Cümhuriyyətini elan etmiş Milli Şuramilli hökumət Gəncəyə sığınıb qalmışdı. Bakıya aparan yolları əvvəl bolşeviklərin, sonra isə rus-eser, erməni-daşnak, ingilis hərbi qüvvələri kəsmişdilər. Ermənilərin törətdiyi milli qırğınlar yerli əhalinin xeyli hissəsini qaçqın-köçkünə çevirmişdi. Bakıda soydaşlarımız hüquqsuz, müdafiəsiz, ümidsiz vəziyyətə düşmüşdülər. Milli hökumət isə, nəyin bahasına olursa-olsun, Bakıya gəlməli, xalqımızın pozulmuş taleyini nizama salmalı idi.

 

Bakı çağırırdı...

 

Belə bir mürəkkəb tarixi şəraitdə istiqlaliyyətini elan etmiş xalqımızın beyninimilli hakimiyyəti onun cisminə can verən ürəklə – paytaxtla qovuşdurmaq üçün Gəncədə Milli hökumət zəruri, təxirəsalınmaz tədbirlər həyata keçirmişdi. Hakimiyyəti qorumaq və cümhuriyyətin ərazisində bərqərar etmək üçün güclü silahlı qüvvələrə ehtiyac var idi. Osmanlı dövlətinə xəyanət edib İrandaQafqazda türk-müsəlman əhaliyə divan tutan Andronikin, I Dünya müharibəsi cəbhələrindən çıxarılıb Azərbaycana və Ermənistana gətirilmiş quldur dəstələri, hər yerdə silahlandırılmış azğın erməniləri zərərsizləşdirmək üçün də təcili güclü ordu yaradılmalı idi.

Bütün bunlara isə nə vaxt, nə qüvvə, nə də vəsait çatmırdı. Zaqafqaziya Seyminin razılığı ilə formalaşdırılmış Müsəlman Korpusu gücsüzlüyündən düşmənlərin fitnə-fəsadların törətdikləri qanlı fəlakətlərin qarşısını ala bilməmişdi. Korpusun Bakıdakı qüvvələri şəhərdə qarşıdurma olmaması adı ilə Lənkərana uzaqlaşdırılmışdı. Qışda Şəmkir stansiyasında rus ordusu eşelonundan zorla alınmış silah-sursatdan istifadə edib nizami ordu bölmələri yaratmaq üçün kifayət qədər milli zabit yox idi. Mövcud durum araşdırılandan sonra AXC rəhbərləri qardaş Türkiyədən hərbi yardım almaq qərarına gəlmişdilər.

I Dünya müharibəsində Qərbin müttəfiq dövlətlərinin səlib yürüşünə qarşı bütün qüvvəsi ilə mübarizə aparan Türkiyə olduqca çətin vəziyyətdə olsa da Rusiyada baş verən inqilabdan sonra Qafqazdakı durumla daha ciddi məşğul olmağa başlamışdı. Zaqafqaziya Seymi ilə fəal danışıqlar aralan Osmanlı rəhbərliyi tezliklə elan olunan Qafqaz cümhuriyyətləri ilə də sülh və əməkdaşlıq mövqeyi tutmuşdu. Lakin ermənilərin hər yerdə riyakar və xəyanətkar hərəkətləri, xüsusən də birləşmiş erməni silahlılarının Bakıda və ətraf bölgələrdə kütləvi qırğınlar törətməsi, Qarabağ və Naxçıvanı ələ keçirmək üçün hərbi təcavüz etməsi Türkiyə dövlətini əks tədbirlər görmək məcburiyyətində qoymuşdu.

Azərbaycan və Türkiyə hökumətləri yaranmış vəziyyəti nəzərə alaraq 1918-ci il iyunun 4-də sülhdostluq müqaviləsi bağlamışdı. Müqavilə ilə Osmanlı dövləti Azərbaycanın müstəqilliyini tanımış və ona hərbi yardımı öz üzərinə götürmüşdü. Müqaviləyə əsasən, AXC rəhbərlərindən M.Rəsulzadə və M.Hacınski tezliklə Batumda Türkiyə nümayəndələri ilə görüşüb qardaş ölkədən hərbi yardım istədilər.

Əslində, erməni-daşnak dəstələrinin qırğınlarının qarşısını almaq üçün milli istiqlal mübarizəsinin liderləri hələ 1918-ci ilin əvvəllərində Osmanlı rəhbərliyinə müraciət etmişdilər. N.Şeyxzamanlı İstanbula kömək üçün gedəndən sonra Türkiyənin hərbi naziri Ənvər Paşa I Dünya müharibəsində qəhrəmanlıq göstərən ordu komandanı, qardaşı Nuru Paşanı vəziyyəti öyrənmək üçün martın 2-də Azərbaycana göndərmişdi. Nuru Paşa İran — Naxçıvan — Qarabağdan keçərək mayın 25-də Gəncəyə çatmış və dərhal fəaliyyətə başlamışdı. O, Müsəlman Korpusunu böyüdüb orduya çevirmək üçün səfərbərlik keçirilməsini, milli ordunu formalaşdırmağa kömək etmək və Bakıya yürüşü zəfərlə başa vurmaq üçün Türkiyədən hərbi qüvvələr gətirilməsini zəruri bilmişdi.

İyunun 16-da AXC rəhbərliyinin Gəncəyə köçürülməsindən sonra əlbir fəaliyyətlə 10 gün sonra Müsəlman Korpusu general Əlağa Şıxlinskinin rəhbərliyi ilə Əlahiddə Azərbaycan Kopsununa çevrilmişdi. Nuru Paşanın təklifi ilə Mürsəl Paşanın komandan olduğu Osmanlı ordusunun 5-ci Qafqaz firqəsi Gürcüstandan keçməklə Gəncəyə gətirilmişdi. Əlavə qüvvələrlə birlikdə tezliklə tarixə Qafqaz İslam Ordusu adı ilə düşmüş hərbi birləşmə yaradılmışdı. Bu zəfər ordusu dərhal GöyçayYevlax istiqamətlərdən Bakıya yan almışdı.

Bakıda əlləri soydaşlarımızın qanına batmış erməni-rus bolşevik rəhbərləri isə həmin günlərdə AXC-nin hərbi qüvvələrini yerindəcə məhv etmək, Türkiyənin hərbi yardımının qarşısını almaq üçün Lenindən hərbi-maliyyə köməyi alaraq Gəncəyə hücum planlaşdırılmışdı. Moskva Bakını əldən verməmək üçün nə lazımdırsa etmişdi. Türkiyəyə təzyiq üçün Almaniya ilə danışıq aparılmış, ona Bakı neftindən pay vəd edilmişdi. Lenin Gürcüstan hökumətini türk qoşunlarını Azərbaycana buraxmamağa çağırmışdı, Bakıya çoxlu silah, pul göndərmişdi və s. Lakin bütün bunlar Azərbaycan – Türkiyə qardaşlığının yeni bir səhifəsini açan və sonrakı tarix üçün gur məşəl yandıran Qafqaz İslam Ordusunun Bakı yürüşünü əngəlləyə bilməmişdi. M.Rəsulzadənin “Bakını almaq, almaqalmaq lazımdır” çağırışı bu yürüşün hökmünə çevrilmişdi.

 

Bütün yollar

 

Bakıya aparırdı...

 

Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi altında Gəncəyə divan tutmağa gələn bolşevik-daşnak qüvvələrini qabaqlayaraq onları Göyçay, Qaraməryəm, Kürdəmir, Şamaxı, Salyan, Binəqədi döyüşlərində əzib tökmüşdü. Birləşmiş qüvvələr Bakıya çəkilib güclü müdafiə istehkamları qurmuşdular. “Bakı kommunası”nın süqutundan sonra şəhərin müdafiəsini Sentrokaspi diktaturası, ingilis qarnizonu və erməni-daşnak silahlı dəstələri inadla davam etdirmişdilər.

Beynəlxalq təzyiqlər Bakının azad edilməsini 1 ayadək ləngitsə də bu müddətdə qalibiyyətli hücum üçün ciddi hazırlıq görülmüşdü. Sentyabrın əvvəllərində 15-ci firqə də Türkiyədən Bakı ətrafına gəlib, Qafqaz İslam Ordusuna qoşulmuşdu. Binəqədi döyüşündən sonra düşmən qüvvələr taqətdən düşmüşdü.

Şəhərdə söz sahibi olan ingilis generalın Denstervil sentyabrın əvvəlində qaçılmaz məğlubiyyəti etiraf etmişdi. Nuru Paşanın hazırladığı dəqiq əməliyyat planı ilə Bakıya həlledici hücum sentyabrın 14-də başlanmış, bütün şiddəti ilə davam etmişdi. Səhərisi xarici diplomatların da qatıldığı danışıqlarda müqavimət göstərmək lüzumsuz sayılmışdı. Qafqaz İslam Ordusunun alay və bölmələri bir neçə istiqamətdən şəhərə daxil olub müstəqil dövlətin yeni paytaxtına əmin-amanlıq gətirmişdi.

AXC hökumətinin baş naziri Fətəlixan Xoyski Nuru Paşaya təbrikində bildirmişdi: “...Komandanız altında bulunan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin... türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edirəm”. Xalqımız isə şanlı türk oğulllarını duz-çörəklə, qurbanlar kəsməklə qarşılayıb bağrına basmışdı.

 

Qardaşlıq salnaməsi

 

Qafqaz İslam Ordusunun Bakıya zəfər yürüşünün qalibiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin daha 2 il 4 ay yaşamasına, istiqlalımızın dünyaya tanıtdırılmasına, xalqımızın müstəqil yaşamağa qadirliyini sübuta yetirməyə tarixi şərait yaratdı.

I Dünya müharibəsində Osmanlı dövlətinin məğlubiyyəti ilə Türkiyə hərbi birləşmələri Azərbaycanı tərk etsə də, onun köməyi ilə formalaşmış milli ordu ölkədə sabitliyi bərpa etdi. Osmanlı dövlətinin o vaxtkı baş naziri Tələt Paşanın, hərbi nazir Ənvər Paşanın, Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın, onun köməkçisi Mürsəl Paşanın adları Azərbaycan xalqının istiqlal tarixinin şərəf kitabına əbədilik yazıldı. Türkiyə dövlətinin Azərbaycan xalqını soyqırımlardan qorumaq, onun istiqlalına dayaq qurmaq üçün çətin şəraitdə atdığı addımlar, həyata keçirdiyi tədbirlər yeni dövr ümumtürk həmrəyliyi üçün ən gözəl örnəkdir.

Azərbaycanın həqiqi suverenliyinə 70 il son qoymuş rus-sovet rejimi tarixə gömüləndən sonra bir sıra tarixi həqiqətlər kimi, 1918-1920-ci illərdə baş verən hadisələr də xalqımıza bəlli oldu. 70 il ayrı-ayrı ürəklərdə yaşamış tarixi qəhrəmanlıq və qürur hissləri milyonların qəlbində göyərdi.

Bakının ən hündür yerində salınmış Türk Şəhidliyi – burada həkk olunmuş 1130 şəhidin adı azadlığımız və müstəqilliyimiz üçün axıdılan qanların sahiblərini nişan verir. Bu şəhidlik istiqlaliyyətimizi qəhrəmanlıqla möhürləmiş bir zəfər yürüşünün daş salnaməsidir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2013.- 8 sentyabr.- S. 5.