Balakən: İnkişaf və müasirləşmə yeni mərhələyə qədəm qoyur
İndi haqqında söz açdığım bu cənnətmisal diyarı görmək istəyənləri dəvət edirəm, Balakənə gedək. O yerə ki, tərəqqisi, inkişafı, müasirləşməsi, müsbətə doğru dəyişilməsi aybaay deyil, günbəgün sürətlənir. Bəlkə kimsə inanmayacaq, bu gün Balakən Azərbaycanın ən inkişaf etmiş rayonlarından biridir. Buradakı kiminsə inanmamasına olan eyham da təsadüfi deyil . Çünki indi Azərbaycanın zəif inkişaf edən rayonu, demək olar ki, yoxdur. Ancaq Balakəndəki inkişafı heç yerdə görməmişəm. Buradakı tərəqqi simfoniyası elə məsuliyyətli şəkildə ortaya qoyulub və elə səmimiyyətlə ifa olunur ki, onun səsi abadlıqsevər insanların hər birinin ürəyini riqqətə gətirir, onu məmnun edir. İnanıram ki, əvvəllər belə deyildi, - desəm, ifrata varmış olmaram. İndi Balakəndə hamı öz yurdu, torpağı ilə fəxr edir.
Təxminən on gün əvvəl rayon mərkəzindəki Heydər Əliyev parkında keçirilən tədbir zamanı saçının ağlığını Balakən dağlarının qarına bənzətdiyim, bir vaxtlar haqqında səmimi bir yazı qələmə aldığım, bu gün təqaüddə olan Abbas Abbasovla görüşdüm. Çoxdan idi ki, Abbas müəllimlə ötən günləri yada salmırdıq, söhbətləşmirdik. Bəlkə elə ona görə idi ki, indiki söhbətimiz daha maraqlı, hər ikimiz üçün arzulanan bir səviyyədə oldu. Bir cümləsi isə əsl yazı sərlövhəsi idi: - Görürsən, oğul, Balakən həmin Balakən deyil.
Bu rayonda dostlarım çoxdur. Amma onlar arasında mənə ən yaxın olanı Ramazan Abalovdur. Yaradıcı adamdır. Balakənə hər gələndə mütləq onunla görüşürük. Özümə doğma bilirəm. Toyunda da olmuşam, evində də. Mənim üçün Balakənin ən gözəl yerlərini, ən unudulmaz, yaddaqalan günlərini lentə alan da Ramazandır. Dünəni üstündə sabahını quran, yəni tarixi ənənələrə istinadən inkişaf edən, sabahını bu gün yaradan Balakənin gecələri barədə bir təəssürat yazmışdım. Həmin yazı belə adlanırdı: “Elə bil işığa düşüb bu şəhər...” O zaman Ramazan mənə bu yazının mövzusuna uyğun çox dəyərli, deyərdim ki, uğurlu yaradıcılıq nümunəsi olan bir foto vermişdi. Şəkildə gənc ana öz körpəsinin əlindən tutaraq onu körpünün o biri başındakı işığa doğru aparırdı. Fikrimcə, körpü indi yaşadığımız zaman idi, o biri başdakı işıq isə gələcəkdəki daha firavan günlərimiz. Baxdım, çox duyğulandım. Şəkilə baxanda ürəyimdən nələrin keçdiyini duyan Ramazan dedi: – Qardaş, bu şəkillə onu demək istəmişəm ki, Balakən indi işığa doğru gedir. Balakən gələcəkdə çox möhtəşəm bir abadlığa, rahatlığa, gözəlliyə qovuşacaq.
İndi aradan xeyli vaxt keçib. Ramazanın həmin sözlərini xatırlayıram. Doğrudan da, Balakən işığa doğru gedirmiş.
Maraqlıdır, tək mən deyiləm, Balakənin bu günü barədə söz açanların hamısı ilk növbədə Heydər Əliyev prospektində həyata keçirilən yenidənqurma və abadlıq işlərini yada salır. Bu prospekt, sözün həqiqi mənasında, müasir dövrün tələbləri əsasında tamamilə yenidən qurulub, evlərin fasadları nağılvari bir gözəlliklə, fəqət müasir dizayn və memarlıq nümunələri ilə başdan-ayağa dəyişdirilib, prospektin işıqlandırma sistemi heç bir Avropa şəhərinin işıqlandırılmasından əsla geridə qalmayacaq bir tərzdə, yeni avadanlıqların tətbiq olunması ilə müasirləşdirilib. Bu prospektdən hər dəfə keçəndə yeni bir şeir oxumuş kimi, qəlbə yatan musiqi eşitmiş kimi məmnun oluram. Doğrudur, həmin hisslərin yaranmasında gənclik illərimizin ən dəyərli xatirələrini özündə yaşadan bir ünvanın da xüsusi rolu var. Amma, həmin ünvan olmasa belə, Balakəndəki Heydər Əliyev prospekti özü-özlüyündə hədsiz dərəcədə zəngin təəssürat yaradacaq bir ünvandır.
Hər dəfə yanından keçəndə mənə həyatdan vaxtsız köçmüş qələm dostumuz Adil Qaçayoğlunu xatırladan beşmərtəbəli binanın müasir üslubda üzlənməsi prospektə xüsusi yaraşıq verir. Balakənə hər gəlişimdə bir vaxtlar Adilin yaşadığı binaya uzaqdan da olsa baxmamış, onun ruhuna salam verməmiş ötmürəm.
Balakənin bu günü barədə söz açarkən tikinti- quruculuq, abadlıq işlərindən əvvəl bu diyarın Qafqazın əsas turizm ünvanlarından birinə çevrilməsindən, heç zaman görünməyən bir yol təsərrüfatının yaradılmasından, rayonda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artmasından, sənaye müəssisələrinin sayının gündən-günə çoxalmasından, səhiyyə, təhsil və mədəniyyət sahələrində əldə olunmuş uğurlardan danışmamaq mümkün deyil. Təkcə xidmət sahələrinin - əhaliyə elektrik enerjisi, təbii qaz, içməli su, istilik verilməsi, telekommunikasiya, rabitə, nəqliyyat xidmətlərinin göstərilməsi ayrıca bir yazının mövzusudur. Yeri gəlmişkən, əvvəllər bu məzmunlu - yəni, ayrı-ayrı sahələri əhatə edən yazıları dönə-dönə qələmə almışıq. Bu yazıda isə Balakənin ümumi mənzərəsinin müxtəlif ştrixlərini qabartmaq istədik.
Məsələn, Balakəndə olarkən bizi ən ucqar kəndlərə və ya tədbir keçirilən istənilən ünvana məmnunluqla çatdıran sürücü Raminin yolda danışdığı bir məsələ “Balakən sürətlə inkişaf edir” və ya “Balakəndə tikinti-quruculuq işləri daha da intensiv xarakter alır” kimi ifadələrdən qat-qat böyük informasiya yükünə malik idi. Ramin dedi ki, İlqar müəllim, neçə il əvvəl biz sürücülərin qazancının böyük hissəsi maşınların təmirinə gedirdi. Çünki yollar bərbad, küçələr nahamar, kənd yolları isə dözülməz vəziyyətdə idi. İndi Balakəndə elə bir yol yoxdur ki, maşını “incitsin” və ya nasazlıq yaratsın. Elə şəhərdəki kimi istənilən yerə rahat və qısa zamanda gedə bilirik. Maşın da xarab olmur. Mənim dilim var, danışıram. Maşınların da dili olsaydı bu şəraiti yaradanlara bəlkə on qat artıq razılıq edərdilər.
Köhnə tanışlarımdan başqa biri isə yeni iş yerlərinin yaradılmasından razılıq edirdi: - Əvvəllər balakənli cavanların böyük əksəriyyəti iş dalınca Bakıya, Sumqayıta və ya başqa şəhərlərə gedirdilər. İndi az qala, hər kənddən üç-dörd cavanın geriyə qayıtdığı barədə xəbərlər eşidirik. Ona görə qayıdırlar ki, indi Balakəndə işləmək üçün, normal əməkhaqqı almaq üçün yaxşı imkanlar var. Hətta eşidirəm ki, başqa rayonlardan da gəlib Balakəndə işləyənlər var. Bir sözlə, rayon, şəhər o zaman inkişaf edə bilər ki, sakinlərə işləmək imkanı yaradılsın. Balakəndə bu məsələ öz həllini yüksək səviyyədə tapır.
Nə zamansa balakənlilərə arzu kimi, əlçatmaz xəyal kimi görünən başqa bir məsələnin kökündən həll edilməsi barədə eşitdiklərimiz də kifayət qədər təqdir olunmalı fakt idi. Qocaman müəllim Abbas Abbasov dedi ki, Balakənə sutkada 3 saat elektrik işığı verilən vaxtlar var idi. O da gecələr. İndi isə gün ərzində 24 saat elektrik enerjisi verilməyən heç bir kənd yoxdur. Bu isə ən əvvəl müasir kəndin dünya ilə ayaqlaşması deməkdir. İndi elektrik enerjisi olmadan nəyə nail olmaq mümkündür ki?
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevlə söhbətimizdə də bu məsələlər ətrafında xeyli danışdıq. İslam müəllim dedi ki, bu gün Balakəndə hansısa sahənin daha çox inkişaf etdiyini söyləmək o qədər də asan deyil. Çünki, bütün sahələr inkişaf edir. Ancaq elə faktlar var ki, onları mütləq yada salmaq zərurəti yaranır. Məsələn, şəhərimizdəki Heydər Əliyev parkında aparılan geniş abadlıq-quruculuq işlərinin nəticəsində parkın ümumi sahəsi 22 hektara çatdırılıb. Demək olar ki, Azərbaycan rayonları arasında ən böyük istirahət parkı Balakəndədir. Bu isə şəhər sakinlərinin və qonaqlarımızın adı çəkilən ünvanda sərbəst istirahət etməsinə imkan yaradır. Eyni zamanda, burada möhtəşəm yerli və respublika miqyaslı tədbirlərin keçirilməsi də mümkündür. Dövlət başçımızın iştirakı ilə açılışı olmuş Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binası, 260 yerlik tamaşa zalı da daxil olmaqla 3 min 244 kvadratmetrlik Mədəniyyət Mərkəzi, Katex kəndindəki soyuducu anbar kompleksi və digər obyektlər Balakəndə bu gün həyata keçirilən tikinti-quruculuq işlərinin səviyyəsinin göstəricisi kimi qiymətləndirilir. Ancaq rayon ərazisinin 95 faizinin qazlaşdırılması, əksər kəndlərə qaz çəkilməsi, içməli su, kanalizasiya layihələrinin icrası, şəhərin 24 saat içməli su ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, xidmət sahələrinin fəaliyyətinin müasirləşdirilməsi , turizm obyektlərinin dünya turizm təcrübəsi əsasında yenidən qurulması, bu sahəyə aid yeni ünvanların yaradılması və digər tədbirlər Balakəni daha da müasirləşdirir.
İslam müəllim qeyd etdi ki, bütün bunlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində mümkün olub. Ona görə də biz qarşıdakı müddətdə həmin proqramın bütün müddəalarını layiqincə yerinə yetirəcəyik. Bu isə adi bir söz, vəd vermək deyil. Bu, Balakən camaatının iradəsinin ifadəsidir.
... Son dörd-beş il idi ki, Balakənə daxil olanda da, bu şəhərdən çıxanda da xırda qəzetlərdən birində Balakən haqqında yazılmış tənqidi materialın sərlövhəsi yadıma düşürdü: “Qırmızı şəhər”. Söhbət sakinlərin yetişdirdiyi xurmaya alıcı tapılmadığına görə məhsulun ağaclarda qalmasından gedirdi. Yığıb təhfil verməyə bir anbar, baza da yox idi. İndi Balakəndən çıxanda qəlbən məni narahat edən həmin sərlövhə yadıma düşmədi. Çünki İslam müəllimlə söhbətimizdə eşitmişdim ki, Katexdə tikilən soyuducu anbar kompleksində ümumilikdə 4 min 500 ton meyvə tutumu olan 12 saxlama kamerası var. Yəni, fermerlərin yetişdirdiyi xurma məhsulları daha ağacda qalmayacaq. Əziyyət çəkmiş adamın zəhmətinin itməməsi isə insanı məmnun edir. Elə Balakəndə həyata keçirilən bütün tədbirlər də bu istiqamətdədir. Heç kəsin zəhməti itməməlidir və itməyəcək...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 8 sentyabr.- S. 6.