Təhsilə
qayğı bəhrələr verir
Sumqayıt şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında ötən dərs ilinin yekunlarından və qarşıda duran vəzifələrdən ətraflı danışılmışdır. Bir çox göstəricilər üzrə irəliləyişə nail olunduğu bildirilmiş, eyni zamanda, müəyyən vacib məsələlərə diqqətin artırılması zərurəti vurğulanmışdır.
Təhsil şöbəsi müdirinin əvəzi Vaqif Ələkbərov məruzəsində bildirdi ki, ötən bir il ərzində daha da güclənən, qüdrətlənən ölkəmizdə təhsil sahəsinin inkişafına da xüsusi diqqət göstərilmişdir. -Son dövrlərdə şəhərimizdə 5 məktəb binası tikilmiş, 6 məktəb əsaslı təmir olunmuş, 7 məktəb yanında 2200 yerlik əlavə tədris korpusu tikilmişdir. Üç məktəbdənkənar müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Yeni dərs ili ərəfəsində 6 məktəbdə əsaslı təmir işləri aparılır.
Təhsil müəssisələrinin maddi bazasının möhkəmləndirilməsi ilə bağlı son 2-3 il ərzində xeyli əhəmiyyətli işlər görülmüşdür. Diqqət və qayğının nəticəsidir ki, ötən dərs ilində bütün göstəricilər üzrə nəticələrimiz əvvəlki dərs ilinin nəticələrinə nisbətən yüksək olmuşdur. Belə ki, əla qiymətlərlə oxuyan şagirdlərimizin sayı 7226 nəfərə çatmış, müqayisədə 935 nəfər artmışdır. Dərs ilini “4” və “5” qiymətlərlə başa vurmuş şagirdlərin sayı 15,109-a çatmışdır. Nəticədə şəhər üzrə təhsilin keyfiyyət göstəricisi 4 faiz artmışdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş buraxılış imtahanlarında tam orta təhsil üzrə müvəfəqqiyyət göstəricisi 90,7 faiz, ümumi orta təhsil üzrə 79,3 faiz olmuşdur ki, bu da respublika üzrə ən yüksək nəticələrdəndir. Məzunlarımızın 98,3 faizi tam orta təhsil haqqında attestat, 99 faizi ümumi orta təhsil haqqında şəhadətnamə almışdır.
Gənc nəslin milli-mənəvi, vətənpərvəlik tərbiyəsini yaxşılaşdırmaq məqsədilə son illərdə şəhər icra hakimiyyətinin təşəbbüsü və yaxından dəstəyi ilə keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş müxtəlif tədbilər - məktəblərin “Şahin” komandalarının hərbi-vətənpərvərlik paradı, “Şəhər günü”, “Kitab bayramı”, tarixçilərin konfransı, yaşayış massivləri üzrə gənclər arasında idman yarışlarının keçirilməsi və sair tədbirlər artıq ənənə şəklini almışdır. Ulu öndərin anadan olmasının 90 illiyinə həsr edilmiş “Azərbaycanın dövlətçilik tarixi” mövzusunda məktəblilərin elmi-tədqiqat işlərinin müsabiqəsi keçirilmişdir. Çoxsaylı qonaqların, elmi ictimaiyyətin nümayəndələrinin qatıldığı konfrans yüksək səviyyədə təşkil edilmişdir.
Respublika və beynəlxalq miqyaslı müsabiqələrdə Sumqayıt məktəbliləri uğurla çıxış edirlər. 47 ölkənin qatıldığı “Ətraf mühitin mühafizəsi” üzrə VII Beynəlxalq İNEPO layihəsində şəhərimizin məktəblərinin, gimnaziya və liseylərinin hazırladıqları layihələr dörd bürünc və üç gümüş medala layiq görülmüşdür.
Prezidentin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində şəhərimizin 5 məktəbi və 4 müəllimimiz qalib gəlmişdir. Ölkə üzrə qalib elan edilən 50 məktəbdən 5-inin Sumqayıtı təmsil etməsi fərəh doğurur. Ümumiyyətlə, müsabiqənin keçirilməyə başlandığı vaxtdan 17 məktəbimiz (onlardan üçü iki dəfə) və 38 müəllimimiz bu şərəfli adı qazanmışdır. Bundan başqa, “Sabahın alimləri” beynəlxalq layihə müsabiqəsinin respublika mərhələsində 16 nəfər Sumqayıt məktəblisinin işləri III dərəcəli diploma layiq görülmüşdür.
Fənn olimpiadalarının respublika turunda Sumqayıt məktəbliləri yenə də uğurla iştirak etmişlər. 27 təmsilçimizdən iki nəfəri 1-ci, üç nəfəri 2-ci, yeddi nəfəri 3-cü, dörd nəfəri mükafata layiq 4-cü yerləri tutmuşdur ki, bu da rayon və şəhərlər arasında ən yüksək nəticə hesab olunur.
Hər il olduğu kimi, bu il də şəhərimiz üzrə ali məktəblərə qəbul imtahanlarının nəticiləri xeyli yüksək olmuşdir. İlkin məlumata əsasən, bu il ali məktəblərə sənəd vermiş məzunlarımızın 54,3 faizi müxtəlif universitetlərin tələbəsi adını qazanmışdır ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,3 faiz çoxdur. Beləliklə, son illərdə şəhər üzrə qəbul faizinin artımı davam etmişdir. Yeni tipli məktəblərimiz qəbul imtahanlarında yüksək nəticələr göstərərək respublika üzrə ən yaxşı məktəblər sırasında yer almışdır. Ali məktəblərə qəbul TETG və TTEL-də 100 faiz, “İstedad” liseyində 94 faiz, “Təfəkkür” liseyində isə 82 faiz təşkil etmişdir. 1, 11 və 18 nömrəli məktəblərin göstəriciləri daha yüksək olmuşdur.
Qəbulda 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildəki 92 nəfərdən 98-ə çatmışdır.
Xüsusi fərəh hissi ilə qeyd edirik ki, bu il qəbul imtahanlarında sumqayıtlı məzun Flora Qafarova ən yüksək - 700 bal toplamışdır. İki şagird - Yaxşı Şəfiyeva və Elçin Həsənli tam orta təhsili qızıl medalla başa vurmuş, qəbul imtahanlarında müvafiq olaraq 680 və 675 bal toplayaraq ümidləri doğrultmuşlar.
Artıq 3 ildir ki, şəhər Təhsil Şöbəsində yaradılaraq tətbiqinə başlanılmış “Elektron davamiyyət” sistemi vəziyyətə operativ nəzarət etməyə imkan verir.
Sonra qəbul imtahanlarında 650 baldan yuxarı nəticə göstərmiş məzunlara hədiyyələr verildi. Banuçiçək Cabbarova onların adından çıxış edərək bundan sonra da etimadı doğruldacaqlarını söz verdi. Ölkə üzrə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” adına layiq görülənlər də mükafatlandırıldı.
Məruzə ətrafında çıxışlar oldu . Təhsil Nazirliyinin nümayəndəsi Ənvər Abbasov və şəhər icra hakimiyyəti başçısının müavini Elgün Həbibullayev təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik etdilər, onlara yeni uğurlar dilədilər.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 8 sentyabr.- S. 7.