Qubadlının
tarixinə yeni nəzər
Qubadlının işğalından 20 il ötdü. Qədim türk torpağı olan bu diyarın tarixi çox qədim dövrlərə gedib çıxır. Bu vaxta kimi Qubadlının dəqiq elmi tarixi yazılmamışdı. Ona görə də Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu bu istiqamətdə ciddi tədqiqatlara söykənən “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiyanı çapdan buraxmışdır. Layihənin rəhbəri, elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Y.M.Mahmudovdur.
Beş fəsildən ibarət olan monoqrafiyanın müəllifləri tarixi sənədlər əsasında bu torpağın keçmişı və bu günü ilə bağlı maraqlı, diqqətçəkən faktları dəqiqliklə araşdıraraq oxuculara çatdırmışlar.
Kitabın titul vərəqlərində ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikası dövlət başçısının portretləri verimişdir. Monoqrafiyanın giriş məqaləsində deyilir: “...Problemlərdən biri Vətənimizin ayr-ayrı bölgələrinin, xüsusilə də 1988-1994-cü illər ərzində erməni faşistləri tərəfindən işğala məruz qalmış ərazilərimizin tarixinin daha dərindən və hərtərəfli tədqiq olunmasıdır. Bu baxımdan, Qubadlı bölgəsinin tarixinin tədqiq edilməsi xüsusi aktuallıq təşkil edir.
Monoqrafiyanın geniş və əhatəli faktlarla zəngin olan birinci fəsli “Qubadlı bölgəsi qədim və orta əsrlər dövründə” adlanır. Qeyd olunur ki, qədim oğuz- türk yurdu olan Zəngəzurun Qubadlı rayonu coxsaylı tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Bu abidələr Qubadlının qədim yaşayış məskəi olduğunu bir daha təsdiq edir. Müəlliflər birinci fəsildə Qubadlının tarixi keçmişi ilə bağlı bir sıra yeni faktlar ortaya çıxarmışlar.
“Qubadlı bölgəsi XVIII əsrin ortaları-XX əsrin əvvəllərində” adlı kitabın II fəsli də maraqlı faktlarla zəngindir. Bu fəslin materialları tarixi faktlara əsaslanaraq Qubadlı bölgəsində çarizmə, erməni daşnaklarına qarşı aparılan mübarizənin real mənzərəsini yaradır.
Xalq Cumhuriyyəti və sovet hakimiyyəti illərində Qubadlının keçdiyi tarixi yol kitabın III və IV fəsillərində öz əksini tapmışdır. V fəsil isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, Qubadlının bu müharibədə iştirakı və sonrakı dövrü əhatə edir.
Kitab monumental tədqiqat əsəri kimi təkcə Qubadlının deyil, bütövlükdə Zəngəzurun tarixinə qiymətli töhfədir. Onun qiymətli cəhəti bir də ondadır ki, bu tariximizə yeni elmi baxışdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 8 sentyabr.- S. 7.