Tədris terapevtik klinika- etibarlı tibb mərkəzi

 

Səhhətimdə problem yaranmışdı. Müayinə və müalicə üçün ilk ağlıma gələn səhiyyə müəssisəsi  Tədris terapevtik klinika oldu. Tərəddüd etmədən sağlamlığımı ölkəmizin yeganə ali tibbi təhsil ocağının - Azərbaycan Tibb Universitetinin həkimlərinə etibar etməyi düşündüm.

Bu möhtəşəm klinikaya daxil olan kimi başa düşdüm ki,  doğru qərar vermişəm. Girişdə pasiyentləri qarşılayan gülərüz personal, səliqə-sahman burada göstəriləcək tibbi xidmətin keyfiyyətindən xəbər verirdi. Klinikanın peşəkar mütəxəssislərinin apardığı müayinələr və təyin olunan müalicə ilə səhhətimdə yaranmış problemlər qısa müddətdə aradan qaldırıldı.

Məni heyrətləndirən əsas məsələ sanki konveyer şəklində qurulan iş rejimi, müayinələrin sürəti və operativliyi oldu. Sonradan öyrəndim ki, tamamilə avtomatlaşdırılmış klinikada aparılan müayinələr pasiyentlərə verilən ştrix koda müvafiq olaraq məlumatlar bazasında toplanılır və qeydiyyat bölməsinə ötürülür. Pasiyent isə çox rahat şəkildə müayinə nəticələrini bir mərkəzdən əldə edə bilir. Hətta bu məlumatları klinikadan çox uzaqda belə veb səhifə üzərindən almaq mümkündür.

Bir sözlə, gördüyüm mənzərədən qürur hissi keçirdim. Ona görə ki, nəhayət, müstəqil vətənimizin dünya standartlarına cavab verən belə bir universitet klinikası var. Öz təəssüratlarımı bölüşmək və şahidi olduğum tibbi xidmət keyfiyyətini işıqlandırmaq üçün Tədris terapevtik klinikanın direktoru, əməkdar elm xadimi, professor Surxay Musayevlə görüşmək qərarına gəldim. Gərgin iş cədvəlində məni qəbul etməyə vaxt tapan direktor minnətdarlığımı təvazökarlıqla qarşılayaraq bildirdi ki, Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikası tədris, elmi-tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən müasir tibb mərkəzidir. Klinika dövlət başçısının 11 sentyabr 2007-ci il tarixli sərəncamına əsasən inşa edilərək, 2010-cu il oktyabrın 1-də istifadəyə verilmişdir. Bu, bir daha təsdiq etmişdir ki, milli səhiyyənin inkişafı, insanların sağlamlığı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Professor S.Musayev daha sonra vurğuladı ki, əslində bu, universitetin 3-cü klinikasıdır. Bundan əvvəl Stomatoloji və Onkoloji klinikalar fəaliyyətə başlamışdır. Onu da xatırlatmaq lazımdır ki Tədris terapevtik klinikanın, eləcə də yaxın vaxtlarda istifadəyə veriləcək Tədris cərrahiyə klinikasının yaradılmasının təşəbbüskarı millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovdur. Məhz onun gərgin və məqsədyönlü fəaliyyəti, bütün kollektivi səfərbər etməsi sayəsində bu klinikaların təşkilinin  vaxtında və yüksək keyfiyyətlə icrasına nail olunmuşdur.

Professor S.Musayev söhbətinə davam edərək bildirdi ki, tibb elminin ən son nailiyyətlərini özündə əks etdirən qabaqcıl texnologiya, avadanlıq və bütün müasir imkanlara malik adıçəkilən klinika az vaxt ərzində ümidləri doğrultmuşdur. Burada 30-dan çox tibb elmləri doktoru, 200-dən çox tibb elmləri namizədi, o cümlədən 19 professor, 49 dosent, 9 əməkdar elm xadimi, 11 əməkdar həkim, bütövlükdə 300-dən çox yüksək ixtisaslı həkim və digər mütəxəssislər çalışırlar. Onlar paytaxtımızdan, ölkəmizin  bölgələrindən gələn pasiyentlərə yüksək səviyyəli diaqnostika və müalicə xidmətləri  göstərirlər. Dünyanın qabaqcıl klinikalarında və elm mərkəzlərində təcrübə keçmiş, püxtələşmiş bu mütəxəssislər indiyədək yüzlərlə ağır xəstəyə yenidən həyat bəxş etmişlər.

Xatırladaq ki, ümumi sahəsi 25 min kvadratmetr olan 15 mərtəbəli klinika 400 çarpayılıq stasionar və konsultativ - diaqnostik poliklinika şöbəsinə malikdir. Burada hər gün 300-350 xəstəyə konsultativ diaqnostik və müalicəvi yardım göstərilməsinə imkan var.

Bildirildi ki, fəaliyətə başladığı gündən bu möhtəşəm klinikanın bir devizi var: müasir texnologiya və elmi yanaşmaya əsaslanan dəqiq müayinə və diaqnoz, keyfiyyətli müalicə. Klinika tamamilə kompyuterləşdirilmişdir. Burada dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir tibbi avadanlığın mövcudluğu terapevtik, pediatrik, nevroloji xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikası və reabilitasiyasını qabaqcıl, mütərəqqi müalicə üsulları ilə aparmağa imkan verir. Bütün bu proseslər isə böyük təcrübəyə malik tibbi personal tərəfindən yüksək peşəkarlıqla həyata keçirilir.

 

Reanimasiya və intensiv terapiya şöbəsində həyati vacib funksiyaları dayanmış, yaxud kəskin pozulmuş və ya pozulması gözlənilən, yəni böhran vəziyyətində olan ağır xəstələrə 24 saat xidmət göstərilir. Burada uşaqlar və böyüklər üçün ayrı-ayrı reanimasiya və intensiv terapiya otaqları fəaliyyət göstərir. Müasir süni tənəffüs aparatlarına, defibrillyatorlara malik şöbədə 25 çarpayı var. Hər  çarpayıya isə müasir tənəffüs aparatı və monitorlar yerləşdirilmişdir. Şöbədə sutka ərzində bütün laborator testlərin icrası və instrumental müayinələrin aparılması üçün də hər cür şərait yaradılmışdır.

Fizioterapiya kabinetində yuxarı tənəffüs yollarının, dayaq hərəkət, mərkəzi və periferik sinir sistemlərinin, mədə-bağırsaq traktının iltihabı xəstəlikləri, sümük-əzələ sisteminin zədələnmələri, arteriya venaların, LOR-üzvlərin xəstəlikləri, qadın xəstəlikləri müayinə və müalicə edilir. Naftalan yaxması dayaq hərəkət, periferik sinir sisteminin travma və xəstəliklərinin fəsadları, daxili üzvlərin xəstəlikləri, qadın cinsiyyət üzvlərinin xroniki və iltihabi xəstəlikləri, polimielit, yanıqlar  diger fizioterapevtik prosedurlar zamanı tətbiq edilir.

Konsultativ diaqnostik poliklinika şöbəsində bütün daxili xəstəliklər, uşaq xəstəlikləri, nevrologiya, endokrinologiya, nefrologiya, kardiologiya, allerqologiya, revmatologiya və digər istiqamətlərdə hərtərəfli müayinə reallaşdırılır.

Klinikanın mərkəzi laboratoriyasında dünya universitetlərinin referens laboratoriyalarında istifadə olunan ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar mövcuddur. Həmin cihazlarda ölkəmizdə ilk dəfə olaraq Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi “CLSI” standartlarına uyğun biokimyəvi analizlər aparılır, patogen mikroblar “VİTEK-2” avtomatik sistemlə identifikasiya olunur və antibiotiklərə həssaslığı müəyyənləşdirilir. Sepsis törədiciləri isə ən qısa müddətə “Bact-Alert” avtomatik sistemlə ayırd olunur. “EUROİMMUN” istehsalı olan reaktivlərlə qida, tənəffüs və pediatrik allergiyaların səbəbi aşkarlanır, immunoflüoressent metodla isə autoimmun və onkoloji xəstəliklərə erkən diaqnoz qoyulur. Ən müasir, xüsusi peşəkarlıq tələb edən mürəkkəb molekulyar-genetik analizlər Türkiyə universitetlərində təhsil almış yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Pasiyentlər dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə  www.amuclinic.com saytına daxil olaraq laborator analizlərinin nəticələrini əldə edə bilərlər.

Klinik biokimya, klinik mikrobiologiya, immunologiya   allerqologiya,  hematologiya və ümumi klinik analizlər və molekulyar genetika bölmələrində xəstəliklərin diaqnozu müasir metodlar tətbiq olunmaqla, dünya standartlarına uyğun şəkildə təyin edilir. Bir sıra mürəkkəb, xüsusi peşəkarlıq tələb edən müayinələr isə ölkəmizdə ilk dəfə olaraq ATU-nun yüksək ixtisaslı alimlərinin rəhbərliyi altında reallaşdırılır.

Məlumat verildi ki, tezliklə sekvenləşdirmə və elektroforez sistemlərinin də işə salınması ilə klinikada bütün irsi xəstəliklərin diaqnozunu müəyyənləşdirmək, ən mürəkkəb genetik tədqiqatları reallaşdırmaq mümkün olacaqdır. Bu sistemlərin köməyilə insana və mikroorqanizmlərə məxsus nuklein turşularının, proteinlərin identifikasiyasını aparmaq, mutasiyaları, genetik rekombinasiyaları, genotipləri təyin etmək, həmçinin bir sıra gen mühəndisliyi tədqiqatlarını həyata keçirmək mümkün olacaqdır.

Mərkəzi laboratoriyanın əməkdaşları bildirdilər ki, ölkənin yeganə universitet klinikası olaraq burada əsas  vəzifə  xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də yüksək ixtisaslı kadrların hazırlanmasıdır.  Mütəxəssislər bu işin məsuliyyətini dərindən dərk edirlər.

Şüa diaqnostikası şöbəsi ilə tanışlıq zamanı öyrəndik ki, burada rentgen, mammoqrafiya və kompyuter tomoqrafiyası kabinetleri fəaliyyət göstərir. Rəqəmsal rentgen aparatları qəbuledicilərinin yüksək həssaslığı, görüntülərin keyfiyyəti, alınmış təsvirlərin ölçülərinin dəyişdirilməsi, aparatların masa hissəsinin ayrı-ayrı istiqamətlərdə hərəkəti ən mürəkkəb xəstəliklərin vaxtında və dəqiq diaqnozunun qoyulmasına imkan verir. Şüalanma dozasının avtomatik tənzimlənmə sistemi isə pasiyentin aldığı radiasiya dozasını minimuma endirir. Rentgenoloji təsvirlərin kompyuterin yaddaşında saxlanılması, yəni arxivləşdirmə sistemi müalicənin effektivliyinə  zəmin yaradır. Mammoqrafiya aparatı süd vəzisinin dəqiq müayinəsini həyata keçirir. Bu cihaz vasitəsilə, hətta süd vəzi xərçənginə dair 8-10 il sonraya proqnoz vermək mümkündür.

Klinikada istifadə olunan kompyuter tomoqrafiya cihazı bütün orqanlarda patologiya və anomaliyaların dəyərləndirilməsində son dərəcə vacib məlumatlar verə bilir. Xüsusi injector vasitəsilə vurulan venadaxili kontrast maddə sayəsində qaraciyərin arterial, venoz və parenximatoz fazaları əldə edilir.

Klinikada fəaliyyət göstərən  angioqrafiya şöbəsində Türkiyədə təhsil almış invaziv kardioloq və radioloqlar çalışır. Bu şöbədə ürək, beyin və periferik orqanların damarları ən müasir səviyyədə müayinə edilir, lazım gəldikdə mürəkkəb angioplastika əməliyyatları icra olunur. Endoskopiya bölməsində qida borusu, mədə və bağırsaq patologiyaları xəstəyə ən minimal narahatlıq verməklə dəqiq müəyyən edilir, endoskopik cərrahi müdaxilələr, həmçinin mədəaltı vəzin, öd yollarının stendlənməsi kimi çətin əməliyyatlar xaricdə təhsil almış mütəxəssis tərəfindən uğurla həyata keçirilir.

Funksional kardiologiya şöbəsində ürək funksiyaları, elektroensefaloqrafiya və elektromioqrafiya kabinetlərində beyinin və sinir-əzələ sisteminin fəaliyyəti, ultrasonoqrafiya kabinetlərində daxili orqanların vəziyyəti peşəkar mütəxəssislər tərəfindən müayinə edilir. Habelə efferent terapiya mərkəzində quraşdırılmış müasir dializ aparatları ilə böyrəklərinin funksiyaları itirilmiş şəxslərə ən yüksək səviyyədə yardım göstərilir.

Klinikada müalicə işi ilə yanaşı, tədris prosesi də yüksək səviyyədə təşkil olunmuşdur. Burada 16 klinik kafedra yerləşmişdir. Bir gündə 2140 tələbəni qəbul edə bilən multimedia sistemi ilə təchiz olunmuş 8 mühazirə zalı, bir gündə 1000-ə qədər tələbəni qəbul edə bilən, kompyuterləşdirilmiş 70 dərs otağında universitetin 3-6-cı kurs tələbələrinə terapiya, pediatriya, nevrologiya, klinik farmakalogiya, fizioterapiya, şüa diaqnostikası və klinik biokimya fənləri tədris olunur. Bundan əlavə, klinikada rezidentura və doktorantura xətti ilə yüksək ixtisaslı kadrların hazırlanması həyata keçirilir.

Klinikada 250 kompyuteri, HİS (xəstəxana idarəetmə sistemi), LİS (laboratoriya idarəetmə sistemi) və PAKS sistemini özündə birləşdirən şəbəkə bütün tibbi sənədləşmə prosesini sürətlə reallaşdırmaq,  arxivləşdirmək, görüntüləri və laborator müayinələrin nəticələrini müalicə həkimlərinə, eləcə də dünyanın hər hansı ölkəsindəki mütəxəssisə ötürmək imkanına malikdir. Bu, o deməkdir ki, xəstənin müayinəsinin nəticələrini yazılı və ya film şəklində xarici ölkələrə aparmağa ehtiyac qalmır. Klinikada rəqəmsal avadanlıq və böyük yaddaşa malik serverler imkan verir ki, dünyanın istənilən ölkəsində xəstənin kodunu yığmaqla bütün məlumatları əldə edəsən. Burada dünyanın müxtəlif ölkələrinin nüfuzlu klinikaları, görkəmli alim və tibb mütəxəssisləri ilə video-bağlantı yaratmaq, müzakirələr, məsləhətləşmək də mümkündür.

Bütün tədris otaqları, iş kabinetləri, palatalar sürətli internet xəttinə qoşulmuşdur. Tədris prosesinin əyaniliyini artırmaq məqsədilə akademik Ə. Əmiraslanovun təşəbbüsü ilə ABŞ-dan gətirilmiş, yüzlərlə mürəkkəb xəstəliyi və onların çoxsaylı fəsadlaşmalarını modelləşdirmək imkanına malik “robot pasiyentlər-simulyatorlar” quraşdırılmış Tibbi treninq mərkəzi də yaradılmışdır.

Beləliklə, Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikası yüksək səviyyəli şəraiti, peşəkar, nüfuzlu mütəxəssisləri ilə insanların xidmətindədir. Hər bir şəxs əvəzolunmaz nemət olan sağlamlığını sözügedən klinikaya etibar edə bilər...

 

Vaqif  BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 13 sentyabr.- S. 6.