Binəqədi rayonunda dərs ilinin
yekunları və qarşıda duran vəzifələrə
həsr olunmuş tədbir keçirilmişdir
Binəqədi rayonunda təhsil işçilərinin 2012-2013-cü dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir.
Tədbirdə bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlar rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılmışdır. İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər təhsil sistemində əldə edilən uğurlardan söz açdı və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışdı. Bu siyasətin uğurlu nəticələrinin Binəqədi rayonunun həyatında da əksini tapdığını vurğuladı: “İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan mühüm addımlar bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaradır. Həm də ən önəmlisi odur ki, millətin gələcəyi olan təhsilin tərəqqisi Azərbaycan dövlətinin xüsusi diqqət göstərdiyi sahədir. Ümummilli liderin siyasi kursu layiqincə davam etdirilərək övladlarımızın yüksək səviyyəli təhsil almasına, onların qazandığı bilik və təcrübə ilə müstəqil Azərbaycanın tərəqqisinə töhfə vermələri üçün lazımi şərait yaradılmışdır”.
Daha sonra 2012-2013-cü dərs ilinin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov bildirdi ki, bu il rayonun 32 orta ümumtəhsil məktəbini bitirərək ali məktəblərə sənəd verən 2367 məzundan 1337-si tələbə adını qazanıb. Respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 190 nəfər 500-700 arası bal toplayıb. 21 məzun isə 650-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Həmçinin bu məzunlardan dünyanın müxtəlif dövlətlərinin nüfuzlu ali təhsil müəssisələrinə daxil olanlar da vardır. Keçən tədris ilində “Ən yaxşı ümumtəhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələrində respublika üzrə qalib olan 50 məktəbdən (Bakı şəhəri üzrə 19) 1-i, 98 müəllimdən isə (Bakı şəhəri üzrə 37) 7-si Binəqədi rayonunun payına düşüb.
Konfransda çıxış edən Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov “Bilik günü” münasibəti ilə bu il tələbə adını qazanan məzunları və rayonun pedaqoji kollektivini təbrik etdi, yeni tədris ilində onlara uğurlar arzuladı. Natiq ötən dərs ilinin Binəqədi rayonu üçün uğurla nəticələndiyini bildirdi.
Sonra “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanan 30 saylı tam orta məktəbin direktoru və qabaqcıl müəllimləri, “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanan müəllimlər mükafatlandırıldı.
Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələr rayon icra hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırıldı. Sonda rayon icra hakimiyyətinin başçısı tələbə adını qazanan gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzuladı. Bu il ən yüksək balla ali məktəblərə qəbul olunan məzunlar da onlara göstərilən böyük diqqət və qayğıya görə minnətdarlıq etdilər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 14 sentyabr.- S.
4.