Nizami rayonu təhsil
işçilərinin konfransı keçirilmişdir
Ölkəmizin təhsil işçiləri yeni tədris ilini qarşılamağa hazırlaşır. Bu münasibətlə ölkənin bütün şəhər və rayonlarında təhsil işçilərinin ənənəvi konfransı keçirilir, ötən tədris ilində qazanılmış nailiyyətlər bir daha nəzərdən keçirilir, qarşıda duran vəzifələr müəyyənləşdirilir.
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində yeni tədris ilinin başlanması münasibətilə konfrans keçirildi. Tədbir iştirakçıları öncə rayonun qabaqcıl orta ümumtəhsil məktəblərinin və liseylərinin ötən tədris ilində qazandıqları nailiyyətləri əks etdirən foto-stendlərə baxdılar.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov mərasimi giriş sözü ilə açaraq yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə rayonun bütün pedaqoji işçilərini və bu il ölkəmizin ali məktəblərinə yüksək balla qəbul olunaraq tələbə adını qazanmış gəncləri təbrik etdi. Qeyd olundu ki, ötən tədris ili paytaxtın Nizami rayonunun məktəbləri üçün son dərəcə uğurlu olmuşdur ki, bu da ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının məntiqi nəticəsidir. Elə builki qəbul imtahanlarının nəticələrinə əsasən yüksək bal toplayaraq ölkəmizin, eləcə də xarici dövlətlərin nüfuzlu ali məktətəblərə qəbul olunanların sayının əvvəlki ilə nisbətən xeyli artması da rayon təhsilinin yüksək səviyyəsindən xəbər verir.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2012-2013-cü tədris ilinin yekunları və növbəti dərs ilinə hazırlıqla bağlı görülən işlərə dair geniş məruzə ilə çıxış etdi. Ümummilli liderimiz Heydər Əliyevin “Təhsil həyatımızın ən mühüm, ən gərəkli sahəsidir” fikrini xatırladan məruzəçi qeyd etdi ki, son ildə ölkəmizdə təhsillə bağlı 16 vacib sənəd qəbul olunmuş, 3 mindən artıq yeni məktəb tikilib istifadəyə verilmiş, köhnə binalar əsaslı şəkildə təmir edilmişdir. Qeyd olundu ki, ötən müddət ərzində dövlət qayğısı sayəsində Nizami rayonunda da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm işlər görülmüş, yeni məktəb binaları və əlavə tədris korpusları inşa edilərək şagirdlərin istifadəsinə verilmişdir.
Hazırda Nizami rayonunda 23 orta məktəb, 2 lisey, 1 özəl türk liseyi, 24 məktəbəqədər tərbiyə müəssisəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran G.İsrafilova bildirdi ki, ötən tədris ilində rayonun orta məktəb və liseylərini 2109 şagird bitirmiş, ali məktəblərə sənəd vermiş 1872 nəfərdən 1168-i tələbə adına layiq görülmüşdür. Bu il rayonun 98 məzunu 600-dən yuxarı bal toplamış, 33 nəfərin əldə etdiyi nəticə isə daha yüksək-650 baldan çox olmuşdur. Bununla yanaşı, ötən tədris ilində rayon üzrə 14 nəfər şagird orta məktəbi qızıl medalla bitirmişdir.
Məruzəçi daha sonra 2007-2008-ci tədris ilindən başlayaraq ölkəmizdə ənənəvi olaraq keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində Nizami rayonunun əldə etdiyi yüksək nailiyyətlərdən bəhs etdi. Qeyd olundu ki, ölkə üzrə ən yaxşı ümumtəhsil məktəbinin 5-i və 100 ən yaxşı müəllimdən 8-i məhz Nizami rayonunun payına düşmüşdür. G. İsrafilova, həmçinin ayrı-ayrı fənn olimpiadalarında, müxtəlif bilik və idman yarışlarında rayon məktəblilərinin əldə etdikləri uğurlardan geniş bəhs etdi. Bütün bu uğurlara görə rayonun təhsil işçilərini və şagirdləri təbrik etdi, onlara yeni nailiyyətlər arzuladı.
Rayonun təhsil sistemində əldə olunmuş uğurları ölkəmizdə pedaqoji sahəyə göstərilən yüksək dövlət qayğısının nəticəsi kimi dəyərləndirən çıxışçılar yeni tədris ili ərəfəsində müəllim və şagirdlərlə, eləcə də tələbə adını qazanıb müstəqil həyata qədəm qoyan gənclərlə keçirilən bu görüşə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, buna cavab olaraq şagirdlərin təlim-tərbiyəsi, savadlı gənclərin yetişdirilməsi istiqamətində daha böyük səylə çalışacaqlarına söz verdilər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fəttah Heydərov, Sədaqət Vəliyeva, Flora Qasımova, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova və başqaları Nizami rayonu üzrə təhsil sahəsində əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirdilər, tələbə adını qazanmış gənclərə uğurlar arzuladılar, onlara dəyərli məsləhət və tövsiyələrini çatdırdılar.
Axırda təhsil sahəsində yüksək nailiyyətlər qazanmış pedaqoji işçilərə, eləcə də şagirdlərə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olundu.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 14 sentyabr.- S.
9.