Azərbaycan dili ilə bağlı dövlət proqramı icra olunur

 

Dövlət başçısının 9 aprel 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Sərəncamın “Dövlət Proqramının icrasına dair Tədbirlər Planı” bəndində həyata keçiriləcək tədbirlər və onların konkret icraçıları müəyyənləşdirilmişdir.

Sərəncamla bağlı görülmüş işlər barədə məlumat almaq üçün Dövlət Proqramının icrası üçün məsul qurumların nümayəndələrindən təşkil olunmuş işçi qrupu sədrinin müavini, professor Həbib Zərbəliyevə müraciət etdik:

— Həbib müəllim, sərəncamın imzalanmasından dörd aydan artıq vaxt keçir. Bu müddət ərzində hansı işlər görülmüşdür?

— Dövlət Proqramının icrasında əsas yük Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzərinə düşür, onun əlaqələndirilməsini də AMEA həyata keçirir. Ona görə də AMEA-nın Humanitarİctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullanın rəhbərliyi ilə Dövlət Proqramının icrasının təmin edilməsi üçün ilk növbədə işçi qrupu yaradıldı. İşçi qrupunda Dövlət Proqramının icrasına məsul olan bütün dövlət qurumları təmsil olunmuşdur. İyulun 4-də Kamal Abdullanın sədrlik etdiyi işçi qrupu ilk iclasını keçirdi. İclasda Azərbaycan dilinindilçiliyinin inkişafına göstərdiyi diqqət və qayğını və bunun nəticəsi olan Dövlət Proqramının  əhəmiyyətini xüsusi vurğulayaraq dilin yalnız dilçilərin inhisarında deyil, cəmiyyətin bütün üzvlərinin inhisarında olduğunu qeyd edən Kamal Abdulla qarşıda duran əsas məsələlər və işçi qrupunun üzərinə düşən vəzifələr barədə məlumat verdi. Bütün bunlar mətbuatda işıqlandırılmışdır, ona görə də mən onları təkrarlamaq istəmirəm. Yalnız onu qeyd etmək istərdim ki, biz hələ Dövlət Proqramının icrasının başlanğıc mərhələsindəyik, ona görə də indi söhbət təşkilati işlərdən gedə bilər.

Bununla belə, həmin əsas məsələləri ümumi şəkildə xatırlada bilərsinizmi?

Bildiyiniz kimi, Dövlət Proqramı 2013-2020-ci illəri əhatə edirorada hər bir tədbirin həyata keçirilməsi müddəti müəyyənləşdirilmişdir. Dövlət Proqramında göstərilmiş məsələlərin hamısı əsasdır və biz onları həyata keçirməyə borcluyuq. Burada isə söhbət icrası əsasən yaxın illərə - 2013-2015-ci illərə nəzərdə tutulmuş məsələlərdən gedir. Bunlar, dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi, Azərbaycan dilinin dövlət dili kimi inkişafında, onun təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmasında, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksikqrammatik qaydalarınınn pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xətt yaradılması, Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanması, AMEA-nın  Nəsimi adına Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi, ölkədə qədim dünya dillərinin və mədəniyyətlərinin öyrənilməsi üçün yeni layihələr hazırlanması və həyata keçirilməsi və s. məsələlərdir. Biz ilk iclasımızda sadaladığım və sadalamadığım bəzi digər məsələlər ətrafında fikir mübadiləsi apardıq, eyni zamanda işçi qrupunun reqlamentini, növbəti görüşdə müzakirə edəcəyimiz məsələləri müəyyənləşdirdik.

Bu məsələlər barədə də bir qədər məlumat verməyinizi xahiş edərdim.

  İşçi qrupunun ikinci iclasında məhz həmin məsələlər müzakirə olundu. Onlardan biri qloballaşma dövrünün tələblərinə uyğun olaraq AMEA Nəsimi adına Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi məsələsi idi. Bununla bağlı Dilçilik İnstitutunun direktor əvəzi, professor Fəxrəddin Veysəlli institutun maddi-texniki bazasının müasirləşdirilməsi üçün zəruri texniki vasitələrin alınıb quraşdırıldığı, eləcə də əməkdaşların şəraitinin ciddi şəkildə yaxşılaşdırıldığı barədə məlumat verdi və institutun yeni strukturunun layihəsini təqdim etdi. Layihədə Azərbaycan dilinin öyrənilməsi ilə məşğul olan şöbələrinin vahid bir mərkəzdə birləşdirilməsi, qədim dilləri və müasir Azərbaycan dilində gedən prosesləri öyrənmək üçün yeni şöbələr yaradılması, nəzəri və tətbiqi dilçilik, roman-german dilləri üzrə şöbələrin genişləndirilməsi təklif olunurdu. Məsələn, Müasir Azərbaycan dilində gedən proseslər şöbəsi adlandırılması təklif olunan şöbənin strukturunda, Dövlət Proqramında nəzərdə tutulduğu kimi, kütləvi informasiya vasitələrində,  küçə adları, afişareklamlarda Azərbaycan dilinin normalarının pozulması hallarını müəyyən etmək və müvafiq tədbirlər görmək məqsədilə monitorinq sektoru, Azərbaycan dilinin normalarının pozulması ilə  bağlı daxil olan  məlumatları toplamaq və təhlil etmək üçün qaynar xətt və analitik təhlil sektoru, televiziyaradio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilnmənsi üçün treninq sektoru yaradılması nəzərdə tutulmuşdur.

Bu layihə bəyənildimi?

— Əslində, daha çox Dilçilik İnstitutunun daxili işi olan bu məsələni müzakirəyə çıxarmaqda məqsəd işçi qrupunun və dəvət olunmuş mütəxəssislərin rəyini öyrənmək, təkliflərini dinləmək idi. Doğrudan da bu məsələ ətrafında geniş müzakirə aparıldı, rəylər bildirildi, təkliflər irəli sürüldü. Məsələn, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev Azərbaycan dili ilə bağlı şöbələrin vahid bir struktura daxil edilməsinin tərəfdarı olmadığını bildirdi. Mən Azərbaycan dili ilə bağlı şöbələrin bir-biri ilə daha yaxşı əlaqəsinin təmin edilməsi, ortaq problemlər üzərində işin daha yaxşı təşkil olunması, operativliyin təmin edilməsi üçün daha çevik bir struktur vahidinin vacib olduğunu bildirdim və layihəni dəstəklədim. Başqa təkliflər də səsləndi. Əlbəttə, Dilçilik İnstitutunun rəhbərliyi bütün rəy və təklifləri araşdıracaq, onlardan faydalanmaqla mükəmməl struktur müəyyənləşdirəcəkdir.

Daha hansı məsələlərə baxıldı?

Dövlət Proqramı mahiyyətinə görə, nəhəng bir sənəddir. Orada qarşıya qoyulmuş məsələləri mərhələlərlə həyata keçirmək tələb olunur. Ona görə də biz ilk növbədə, bir qədər əvvəl dediyim kimi,icracı əsasən yaxın illərə nəzərdə tutulmuş məsələlərdən başlamışıq. Bununla yanaşı, icrası sonrakı illərə  müəyyənləşdirilmiş bir sıra məsələlər üzrə də təşkilati işlər aparılır. Həmin məsələləri nəzərinizə çatdırmaq istərdim: Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanması; ölkədə tədrisin digər dillərdə aparıldığı ümumtəhsil müəssisələrində dövlət dilinin tədrisinin təmin edilməsi; ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə nitq mədəniyyəti fənninin tədris olunmasının təmin edilməsi; türk dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli tətbiqi sahəsində işlərin intensivləşdirilməsi; ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması; Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi; küçə adları, afişareklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirilməsinin təmin edilməsi; kütləvi informasiya vasitələrində dövlət dilinin təbliğınin gücləndirilməsi; televiziyaradio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, “dəyirmi masalar, konfranslar, televiziyaradio verilişlərinin təşkil edilməsi. Bütün bu məsələlər üzrə ölkənin elm və təhsil müəssisələrinin aparıcı mütəxəssislərindən ibarət müvafiq monitorinqtreninq qruplarının tərkibi müəyyənləşdirilmişdir. Biz onları da müzakirə etdik. İşçi qrupu təklif olunan qrupların tərkibinə müsbət münasibət bildirdi. Yay tətilindən sonra monitorinqtreninq qrupları artıq işə başlaya biləcəklər. Əlbəttə, onlar ilk növbədə, fəaliyyət planı və onun necə həyata keçirilməsi mexanizmi üzərində işləyəcək, müvafiq qurumlarla işin mexanizmireqlamentini müəyyənləşdirəcəklər.

— Həbib müəllim, qədim dillər və sivilizasiyaların öyrənilməsi istiqaməti üzrə işlərin vəziyyəti nə yerdədir?

Bu, dilçiliyimiz üçün çox mühüm olan bir məsələdir. Azərbaycan dilçiliyi yalnız Azərbaycan dili, türkologiya sahəsində araşdırmalar aparmaqla kifayətlənə bilməz. Ona görə də Dövlət Proqramı qarşımıza bütövlükdə Azərbaycan dilçiliyinin inkişaf etdirilməsi vəzifəsini qoyur. Dilçiliyimizin inkişafı ilə dilimizin inkişafına bir müstəvidə yanaşmaq lazımdır, bunlar bir-biri ilə bağlı məsələlərdir. Heç bir dil, heç bir dilçilik özünə qapanıb qala bilməz. Dilçilyimizin qabaqcıl dünya dilçiliyi, dilçilərimizin dünyanın tanınmış dilçiləri sırasına çıxması üçün, əlbəttə, dünya dilçiliyinin, dünya dillərinin, o cümlədən qədim, klassik dillərin öyrənilməsi də çox vacibdir. Son iki onillik ərzində elmi ədəbiyyatda qədim şumer dili, mədəniyyəti, mifologiyası  barədə elmi əsası olmayan, arqumentlərə söykənməyən, müəlliflərin dumanlı gümanları, bəzən də fantaziyaları əsasında yazılmış bir sıra məqalələr dərc olunmuşdur. Onlara elmi şəkildə cavab verə biləcək mütəxəssislər olmadığından Azərbaycan dilçliyi belə məqalələrə münasibətdə  susqundur, ona görə də oxucular belə yazılarda göstərilənləri əsasən həqiqət kimi qəbul edirlər. Bəzi başqa qədim dillərlə bağlı da belə yazılar mövcuddur. Əslində, bu qəbildən olanelmi əsərlər” bütövlükdə dilçiliyimizin üzərinə kölgə salır. Dövlət Proqramında qədim dillərin və sivilizasiyaların öyrənilməsi ilə bağlı nəzərdə tutulmuş məsələlərin reallaşdırılması həm dilçiliyimizin coğrafiyasını genişləndirər, həm də belə “tədqiqat”ların qarşısına sədd çəkər.Bu istiqamətdə müəyyən işlər artıq görülmüşdur. İndi qədim latın və yunan dillərini öyrənəcək şəxslər və elmi mərkəzlərin müəyyənləşdirilməsi üzərində gedir. Hesab edirik ki, hər iki dil üzrə elmi təcrübəsi olan, kamil mütəxəssislər seçilməlidir, çünki təcrübəli mütəxəssislər üçün bu dilləri öyrənmək və sonra Azərbaycanda öz elmi məktəblərini yaratmaq daha asan olar. Bunun ardınca biz sanskrit, pəhləvi və bir sıra digər qədim dillər üzrə mütəxəssislər hazırlanması üçünmüvafiq işlər görməyi planlaşdırmışıq.

— Yaxın vaxtlarda hansı işlərə başlamaq nəzərdə tutulur?

 — Əvvəlcə, əlbəttə, müzakirəsini hələ yekunlaşdırmadığımız məsələləri sona çatdırmalıyıq. Sonra isə ilk növbədə dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ-hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlanması və milli transliterasiya standartlarının hazırlanması məsələlərini gündəliyə çıxarmağı düşünürük.

— Azərbaycan dilinin normalarını pozan radioteleviziya aparıcılarına, qəzet müxbirlərinə qarşı hansısa tədbir görülməsi ilə bağlı sənəd hazırlanması nəzərdə tutulurmu?

Bu yaxınlarda məndən müsahibə almış qəzetlərdən birində mənə istinadən Azərbaycan dilinin normalarını pozmuş şəxslərin cəzalandırılacağı barədə məlumat getmişdi. Bildirmək istəyirəm ki, mən həm peşəkar dilçi, həm də elmi və bədii əsərlərin tərcüməsi ilə məşğul olan, Azərbaycanın dövlət və hökumət rəhbərlərinin bir sıra xarici ölkələrin dövlət və hökumət rəhbərləri ilə rəsmi görüşlərinin tərcüməsini edən peşəkar tərcüməçiyəm. Yəni hər sözün yükünü, siqlətini, sətiraltı incəliklərini kifayət qədər yaxşı bilir, yarada biləcəyi effektin məsuliyyətini dərk edirəm. Başqa sözlə, mən kiminsə “dilin normalarını pozduğuna görə cəzalandırılacaq” kimi əsası olmayan bir ifadə işlətməkdən çox uzağam. Bu ifadə jurnalistin şəxsi təxəyyülünün məhsuludur. Əlbəttə, məsələn, televiziyaya radio proqramının aparıcısı dilin normalarını müntəzəm olaraq pozursaona bildirilən iradlara etinasız yanaşırsa, o halda ona qarşı müəyyən inzibati tədbir görülməlidir. Bunun üçün isə  normativ-hüquqi sənəd olmalıdır."Dövlət Proqramının icrasına dair Tədbirlər Planı"nın elə ilk bəndi də normativ-hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutur. Gündəlikdə duran mühüm məsələlərdən biribudur. Bununla yanaşı, hesab edirəm ki, dilimizin təmizliyinin qorunması üçün əsas diqqəti maarifləndirmə işinə yönəltməliyik.

 

Əsmər ƏLİYEVA,

 

AMEA Rəyasət Heyətinin Humanitarİctimai Elmlər Bölməsinin mütəxəssisi

 

Xalq qəzeti.- 2013.- 1 sentyabr.- S. 4.